XƏBƏR LENTİ
20 Aprel 2024
19 Aprel 2024
18 Aprel 2024



“Olimpiadaya həsr olunmuş pullar idman və incəsənətin sıx vəhdətini əks etdirir”
İdman 18:00 / 12.01.2022
Olimpiya oyunları təkcə idman nailiyyətləri ilə deyil, habelə bir çox maraqlı hadisələrlə tarixin yaddaşına köçür. Bundan başqa həmin oyunlar ərəfəsində olimpiadaya həsr olunmuş metal pullar, markalar, köynəklər, şərflər hazırlanır. Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Jak Roqq Olimpiya pulları ilə bağlı belə bir fikir söyləyib: "Olimpiadaya həsr olunmuş pullar idman və incəsənətin sıx vəhdətini əks etdirir”.
Gəlin olimpiadaların şərəfinə hazırlanmış pulların tarixinə nəzər salaq.
İlk metal pulun buraxılması b.e.ə. 480-ci ilə təsadüf edir
Antik dövrün tanınmış filosofu Aristotelin məlumatına görə, Olimpiya oyunlarına həsr olunmuş ilk metal pul b.ə.ə 480-cı ildə buraxılıb. 75-ci Olimpiadada yunanlı Anaksias qatırçapma yarışında qalib gəlib və bu qələbənin şərəfinə yeni pul hazırlanıb. Həmin il dovşan ili olduğundan pulun bir üzündə dovşan, digər üzündə isə arabaya qoşulmuş qatır həkk edilib.
Qədim Yunanıstan və Aralıq dənizi ətrafı ölkələr Olimpiya oyunları, onların qalibləri və bu oyunların himayəçisi baş allah Zevsin şərəfinə mütəmadi olaraq dövriyyəyə metal pullar buraxıblar. B.e.ə. V əsrdə Himera dövlətində qalib gəlmiş atletin, b.e.ə. 375 və 350-ci illərdə isə Pamfiya dövlətində nizəatan və güləşçinin təsviri həkk olunmuş gümüş pullar hazırlanıb. B.e.ə. 105-ci ildə keçirilmiş Olimpiya oyunlarına aid buraxılmış pulun üst tərəfində Zevsin, arxasında isə Olimpiya nimfasının təsviri verilib.


İlk qızıl pul sərkərdənin
xatirəsinə həsr olunub


Makedoniya çarı II Filip b.e.ə. 356-cı ildə keçirilmiş Olimpiya yunları qaliblərinin şərəfinə pul buraxdırıb. Pulun bir üzəində Zevsin, digərində isə atçapan süvarinin şəkli həkk edilib. II Filippin oğlu məşhur sərkərdə Aleksandr Olimpiya mövzusuna həsr olunmuş müxtəlif seriyalı pullar hazırlatdırıb. Qeyd edək ki, antik dövrdə olimpiadaya həsr olumuş pullar yalnız gümüşdən hazırlanıb.
Olimpiya oyunları və həmin yarışların qalibləri ilə bağlı pulların dövriyyəyə buraxılmasına qədim Romada da biganə qalmayıblar. Üst tərəfində imperator Neranın şəkli təsvir olunmuş pulun arxasında "Olimpius” sözləri yazılıb. 242-ci ildə keçirilən Olimpiya oyunlarında Roma imperatoru III Qordianin Makedoniyalı İsgəndərin xatirəsinə qalibləri ilk dəfə olaraq qızıl medalla təltif edib.


Qədim ənənə XX əsrdə də davam etdirilib

Olimpiadaya həsr olunmuş pulların buraxılması ənənəsi 1952-ci ildə Finlandiyada bərpa olunub. Belə ki, XV Yay Olimpiya Oyunlarında 500 marka dəyərində hazırlanmış gümüş sikkələrin üzərində bir-birinə hörüklənmiş beş halqa həkk olunub. Həmin pulların satışından Finlandiya Milli Olimpiya Komitəsinin büdcəsinə bir milyon dollar gəlir daxil olub.
1956-cı ildə Melburnda (XVI) və 1960-cı ildə Romada (XVII) keçirilmiş Olimpiya oyunlarına həsr olunmuş pullar buraxılmayıb.
Olimpiadaların şərəfinə pulların ardıcıl olaraq dövriyyəyə buraxılması 1964-cü ilə təsadüf edir. Həmin ildə İnsburqda IX Qış, Tokioda isə XVIII Yay Oyunları təşkil edilib. Maraqlıdır ki, olimpiadaya aid pulları oyunlara ev sahibliyi etməyə namizədliyi olmayan Mərkəzi Afrika Respublikası, Bolqarıstan və digər dövlətlər də buraxmağa başlayıblar.


Pulun üzərində şəhərin
əvəzinə ölkənin adı yazılıb


Pulların tərtibatında kobud səhvlərə də yol verilirdi. Belə ki, 1972-ci ildə Münhendə keçiriləcək oyunlardan qabaq buraxılmış pulların üzərində "Almaniyada 1972-ci il Olimpiya Oyunları” sözləri yazılıb. Olimpiya oyunlarının keçirilməsi hüququ şəhərə verildiyindən bu yazılış qanuni sayılmayıb. XX Yay Olimpiya Oyunlarının şərəfinə Mərkəzi Afrika Respublikası qızıl və gümüş, Fici imperiyası qızıl, Qvineya Respublikası isə gümüş pul hazırlayıb. Bu pullardan Almaniya Milli Olimpiya Komitəsinin büdcəsinə 5 milyon avrodan çox gəlir gəlib.


Pulların
bəzisi yalnız
kolleksiyaçılar
üçün hazırlanıb


Kanadada XXI Yay Oyunlarına həsr olunmuş, üzərində "B.e.ə. 776-1976-cı il” sözləri yazılmış, ilahə Afina və Olimpiya atletinin təsviri verilmiş, hər birinin dəyəri 100 ABŞ dolları olan gümüş və qızıl pullar hazırlanıb. Gümüş pullar 60 milyon, qızıl pullar isə bir milyon nüsxə ilə buraxılıb. Olimpiadaya aid digər 916 əyarlı qızıldan olan cilalanmış pul isə yalnız kolleksiyaçılar üçün nəzərdə tutulub.
1980-ci ildə Moskvada təşkil olunmuş XXII Yay Olimpiya Oyunları ilə əlaqədar Sovet İttifaqında ilk dəfə 5 və 10 rubl dəyərində gümüş, 100 rubl dəyərində qızıl, 150 rubl dəyərində isə ağ qızıldan pullar buraxılıb.
1984-cü ildə Los-Ancelesdə keçirilən XXIII Yay Olimpiya Oyunlarına həsr olunmuş və üzərində müxtəlif idman növlərinin təsviri verilmiş mis və nikel tərkibli pullar hazırlanıb.
1996-cı ildə Atlantanın ev sahibliyi etdiyi XXVI Yay Olimpiya Oyunlarına həsr olunmuş pulları Ukrayna Milli Bankı buraxıb. 2000-ci ildə Sidneydə təşkil olunmuş XXVII Olimpiya Oyunlarında qızıl, gümüş və bürünc pullar dövriyyəyə buraxılıb. 2004-cü ildə Yunanıstanın paytaxtı Afinada keçirilən XXVIII Olimpiya Oyunlarına aid pullar Berlində buraxılıb. 10 avro məbləğində 12 dənə gümüş pulun üzərində antik və müasir idmanın müxtəlif növləri əks etdirilib. Qızıl pulların (100 avro dəyərində üzərində) isə Yunanıstanın tarixi yerləri və əyinlərinə ağ uzun köynək (tunik) geyinmiş, əllərində məşəl tutan iki qadın həkk olunub.

Turin şəhərinin
simvolu


İtaliyanın Turin şəhərində keçirilən XX Qış Olimpiadasına həsr olunmuş pullar İsveçrədə hazırlanıb. 5 və 60 avro məbləğində olan gümüş və qızıl pulların üzərində Turinin görməli yerləri və bir sıra qış idman növləri əks etdirilib. Bundan başqa, Rusiya Federasiyasında da XX Qış Oyunlarına aid 3 rubl dəyərində gümüş, 50 rubl məbləğində qızıl pul buraxılıb. Pulların üzərində "Rusiya bankı”, arxasında isə xizək, hokkey çubuğu, fiqurlu konkisürmə və Turin şəhərinin simvolu olan Mole Antonelliana qülləsi təsvir edilib.
Müasir Olimpiya pullarının hamısı müəyyən nominal dəyərlərlə buraxılır. Antik dövrün Olimpiya pullarının nominalı isə bəlli deyil.


Anar Əhmədov

17368 oxunub

InvestAZ