XƏBƏR LENTİ
29 Mart 2024
27 Mart 2024
26 Mart 2024
25 Mart 2024



Şahmat üzrə beynəlxalq dərəcəli hakim və peşəkar rəssam
Maraqlı 10:03 / 28.12.2021
İncəsənət insan hisslərini təsvir edən vasitədir. Burada insanın göstərdiyi yüksək bacarıq və məharət nəzərdə tutulur. İncəsənət insanın idealarını birləşdirən ümdə dəyərdir.
İncəsənətin ayrılmaz hissəsi olan rəssamlıq sənətində real aləmin təsviri, rəngi, məkan, əşyaların maddi forması, işıq və hava mühiti və s. kimi obyektiv surətdə mövcud olan əlamətlər canlandırılır.
Rəssamlığı seçən insanlar isə adətən özləri də qəribə xarakterli olurlar. Rənglər kimi onların da təbiəti müxtəlif çalarlıdır. Bu insanlar zəngin daxili aləmə, həssas qəlbə malik olurlar. Hər dəfə rənglərin çoxçalarlı dünyasına səyahət edəndə orada özlərini tapır, hisslərinə, duyğularına hakim kəsilən rənglərdən möcüzələr yaradırlar. Bu, sadəcə, ilahi bir vergidir. Elə Bəxtiyar Rüstəmov da təbiətən rəssam kimi doğulub. Yaşadığı aləmin gözəlliyini, xalqın qüdrətli sənətkarlarının portretlərini rənglərin dili ilə canlandırmaq onun sənət dünyasında özünəməxsus yer tutur.

Əməkdar müəllim, Əməkdar bədən tərbiyəsi və idman xadimi, şahmat üzrə beynəlxalq dərəcəli hakim, riyaziyyat üzrə elmlər doktoru, professor, peşəkar rəssam Bəxtiyar Rüstəmovun adı Azərbaycan idman tarixinə qızıl hərflərlə yazılıb. Azərbaycan peşəkar rəssamlıq sənətində özünəməxsus yeri olan B.Rüstəmov 1960-cı il yanvarın 9-da Azərbaycan Respublikasının Ağdam rayonunun Gülablı kəndində anadan olub. 1982-ci ildə Azərbaycan Dövlət Universitetinin fizika fakültəsini, 2004-cü ildə isə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasını fərqlənmə diplomu ilə bitirib.
1982-ci ildə Azərbaycan Dövlət Universitetinin fizika fakültəsini bitirərək təyinatla Azərbaycan Milli Elmlər Akademiyasının Bioloji Tədqiqatlar Elmi Mərkəzində baş laborant, sonralar isə Təbii Ehtiyatların Kosmik Tədqiqatları İnstitutunda mühəndis işləyib. 1987-ci ildən "Ehtiyyat Əmək Qüvvələri” Könüllü İdman Cəmiyyətində şahmat üzrə baş məşqçi vəzifəsində çalışıb. 1983-1985-ci illərdə Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutunun nəzdində iki illik ingilis dili şöbəsini əla qiymətlərlə bitirib. 1986-1996-cı illərdə "Baku” qəzetində şahmat güşəsinin redaktoru, 1987-ci ildən Azərbaycan Televiziyasında "Şahmat məşqçilərinin televiziya məktəbi” verilişində, sonralar isə "Şahmat klubu” verilişində aparıcı olub. 1987-ci ildən ADBTİA-nın "Tətbiqi idman növləri” kafedrasında çalışır. 1994-cü ildən akademiyanın Elmi Şurasının katibi və 1997-ci ildən Olimpiya Akademiyasının elmi katibidir. 2012-2016-cı illərdə Azərbaycanda ilk dəfə olaraq yaradılmış "Şahmatın nəzəriyyəsi və metodikası” kafedrasının müdiri vəzifəsində işləyib. Hazırda ADBTİA-nın Elmi Şurasının katibidir.
Bəxtiyar Rüstəmov uşaq yaşlarından şahmatla məşğul olmağa başlayıb. 1982-ci ildə şahmat məsələlərinin əyani həlli üzrə Azərbaycan çempionu, 1985, 1987, 1991-ci illərdə şahmat məsələlərinin tərtibi üzrə Azərbaycan çempionu, şahmat üzrə keçmiş SSRİ çempionatının yarımfinal yarışlarının iştirakçısı olub. 1993-cü ildə Azərbaycan Respublikasının idman ustası, 1997-ci ildə isə şahmat üzrə beynəlxalq dərəcəli hakim adına layiq görülüb.
O, 1992-2004-cü illərdə Azərbaycan Şahmat Federasiyasının Baş katibi olub. Şahmat məsələlərinin tərtibi üzrə də uğurlar qazanıb. Onun bəstələdiyi şahmat məsələləri dünyanın bir çox şahmat jurnalında, o cümlədən Almaniya, Şotlandiya, Çexiya, Rusiya, Belarus və s. dövlətlərdə nəşr edilib. Bütün bunlarla yanaşı, o, məşqçilik fəaliyyəti ilə də məşğul olub. Azərbaycan şahmatçılarının müvəffəqiyyətində onun da əməyi var. Onun yetirmələrindən P.İsmayılova və M.Şükürova beynəlxalq usta adını qazanıb. P.İsmayılova həmçinin 10 yaşınadək qızlar arasında dünya çempionu olub. Bəxtiyar Rüstəmovun yetirmələrindən S.Davidov, T.Fərzəliyev Avropa və dünya birinciliklərinin iştirakçısı, bir sıra beynəlxalq şahmat turnirlərinin qalib və mükafatçısı olub. O, 7 idman ustası hazırlayıb. Bütün bunlara görə 2003-cü ildə o, Azərbaycan Respublikasının Əməkdar məşqçisi adına layiq görülüb. 2005-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası tərəfindən ona "Tətbiqi İdman növləri” kafedrası üzrə dosent elmi adı verilib. 2007-ci ildə Bakı Dövlət Universitetinin Tətbiqi riyaziyyat fakültəsində "Yanan bərk yanacaqda əmələ gəlmiş çatların artmasının riyazi modelləşdirilməsi” mövzusunda dissertasiya müdafiə edərək, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru elmi dərəcəsi alıb.

Bəxtiyar Rüstəmova 2010-cu ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə Azərbaycan Respublikasının Əməkdar müəllimi fəxri adı verilib. 2013-cü ildə AMEA-nın Riyaziyyat və mexanika İnstitutunda "Yanan deformasiya olunan bərk cismin dağılması” mövzusunda doktorluq dissertasiyası müdafiə edərək riyaziyyat üzrə elmlər doktoru alimlik dərəcəsini alıb. 2014-cü ildə Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası tərəfindən ona "Şahmatın nəzəriyyəsi və metodikası” kafedrası üzrə professor elmi adı verilib. 2017-ci ildə bədən tərbiyəsi və idmanın inkişafındakı yüksək xidmətlərinə görə MDB ölkələri Parlamentlərarası döş nişanı ilə mükafatlandırılıb.
B.Rüstəmov 11 fevral 2021-ci il tarixində ADBTİA-nın 90 illiyi münasibətilə Azərbaycanda bədən tərbiyəsi və idman sahəsində kadr hazırlığındakı xidmətlərinə görə Prezident İlham Əliyevin Sərəncamı ilə "Əməkdar Bədən Təbiyəsi və İdman Xadimi” adına layiq görülüb. O, 100 əyani elmi, elmi-metodiki əsərin, o cümlədən 7 dərslik, 2 dərs vəsaiti, 1 metodiki vəsait, 9 tədris proqramın müəllifidir.
Təsviri sənət tarixinin bir-birindən maraqlı səhifələrində bu sahədə yaradıcılıqla məşğul olanların rənglərə bir-birindən fərqli münasibətlərinə şahidlik etmək mümkündür. Belə imzalar dünya rəssamlığında olduğu kimi, milli bədii məkanımızda da kifayət qədərdir. Elə bu səbəbdən də təsviri sənətimizin rəngkarlıq məkanı duyulası dərəcədə cəlbedici və duyğulandırıcı görünməkdədir. Çoxları rənglərə münasibətini lokal şəkildə, açıq-aydın biçimdə sərgiləyir, bəziləri isə ürəyinin duyğularını rənglərin alt qatında hifz olunmuş bir görkəmdə ifadə edir. Belə əsərlərin çox vaxt zahiri görkəmi "aldadıcı” olur, lap aysberq kimi. Elə bu gün əsərləri barəsində söz açmaq istədiyimiz Bəxtiyar Rüstəmov belə yaradıcı insanlardandır.
Bu il dekabrın 18-də şahmat üzrə beynəlxalq dərəcəli hakim Bəxtiyar Rüstəmovun "Art-Debüt” adlı fərdi sərgisinin açılışı olub. B. Rüstəmovun ilk fərdi sərgisində 11 yağlı boya, 12 qrafika, 9 kağız üzərində akril ilə işləmə və 2 ağacoyma işi təqdim olunub. Müxtəlif mövzuların vəhdətini təşkil edən sərgidə Bəxtiyar Rüstəmov yüksək peşəkarlıq və titizliklə ərsəyə gətirdiyi əsərlərində insanları düşündürməyi bacarıb.

Uşaq yaşlarından yaradıcılıqla məşğul olan müəllif əsərlərini dünyada tüğyan edən koronavirus pandemiyası zamanı ölkəmizdə tətbiq olunan sərt karantin rejimi zamanı ərsəyə gətirib. Bəxtiyar Rüstəmov bunu fürsət bilərək daxilində cəmlənmiş düşüncə və fikirlərini kətan üzərinə böyük həssaslıqla köçürüb. Gözəllik duyğusu, işıqlı rənglərin çoxluğu, həyatsevərlik və xeyirxahlıq kimi mövzuların yer aldığı sənət əsərlərində vətənpərvərlik mövzusu da xüsusi çəkiyə malikdir. Janr müxtəlifliyi və işlənmə texnikası baxımından maraq doğuran əsərlər onun zəngin dünyagörüşünün və gərgin əməyinin bəhrəsidir. Bəxtiyar Rüstəmov insanların obrazını qeyri-adi formada çəkən peşəkar rəssamdır. Fırça ustasının obrazlara, palitranın orjinallığına və müxtəlif janrların yaradıcı sintezinə özünəməxsus yanaşması var.
Sərginin keçirilməsində məqsəd təbiətin qorunması, vətənə məhəbbət hissinin aşılanması, milli adət-ənənələrin təbliği, estetik və bədii zövqün formalaşması, yaradıcılığın, obrazlı düşüncənin inkişaf etdirilməsindən ibarətdir.
Peşəkar rəssam Bəxtiyar Rüstəmovun əsərlərində əks olunan vətənpərvərlik ideyası bugünkü və gələcək nəsillərin yolunda bir örnəkdir. Bu münasibətlə onu təbrik edir, uğurlarının davamlı olmasını arzulayırıq


Dilqəm Quliyev,
"İdmançı” qəzetinin
baş redaktoru

72338 oxunub

InvestAZ