XƏBƏR LENTİ
28 Noyabr 2021
26 Noyabr 2021
24 Noyabr 2021
22 Noyabr 2021
20 Noyabr 2021
19 Noyabr 2021
18 Noyabr 2021
17 Noyabr 2021



Cüdoçularımız “Böyük dəbilqə” turnirini 2 medalla başa vurdular
İdman 10:08 / 18.10.2021
Oktyabrın 16-17-də Fransanın paytaxtı Parisdə cüdo üzrə "Böyük dəbilqə” turniri keçirilib. 46 ölkədən 281 (164 kişi, 117 qadın) cüdoçunun iştirak etdiyi yarışda Azərbaycan idmançıları da qüvvələrini sınayıblar. Komandamız yarışda 9 (8 kişi, 1 qadın) idmançı ilə təmsil olunub. Cüdoçularımız turniri 1 qızıl və 1 bürünc medalla başa vurublar.
İlk yarış günündə 60 kq çəki dərəcəsində mübarizəyə başlayan Balabəy Ağayev fransalı Jolan Florimont və yaponiyalı Genki Koqaya qalib gələrək yarımfinala yüksəlib. Bu mərhələdə monqolustanlı Sumiyabazar Enxtaivana şans verməyən cüdoçumuz finala vəsiqəni təmin edib. Balabəy Ağayev həlledici qarşılaşmada rusiyalı Ramazan Abdulayevlə üz-üzə gəlib. Rəqibini ipponla məğlub edən idmançımız mötəbər yarışın qızıl medalına sahib olub.
Balabəy Ağayevin bu qələbəsi Azərbaycan cüdosu tarixində bir ilk olub. Belə ki, Paris turniri "Böyük dəbilqə" adlandırıldığı 2009-cu ildən bu yana ölkəmizin təmsilçiləri bu yarışda qalib ola bilməmişdilər.
Digər cüdoçumuz Hidayət Heydərov (73 kq) Fransa təmsilçisi Enzo Gibellidə, ardınca almaniyalı Aleksandr Qablerdən üstün olub. O, dörddəbir finalda tacikistanlı Somon Mahmadbekovla bacara bilməyib. Təsəlliverici görüşdə rusiyalı Denis Yartsevi üstələyən təmsilçimiz üçüncü yer uğrunda görüşdə yerli idmançı Giyom Şen ilə üz-üzə gəlib. Hidayət Heydərov rəqibini ipponla məğlub edib və nüfuzlu yarışın bürünc medalına layiq görülüb.
İlk yarış günündə tatamiyə çıxan yığmamızın digər üzvləri İbrahim Əliyev, İsmayıl İbrahimov (hər ikisi 66 kq), Telman Vəliyev (73 kq) və qadın cüdoçumuz İçinxorlu Muntsxedev (57 kq) isə yarışla erkən vidalaşıblar.
Yarışın sonuncu günündə komandamızın daha 3 cüdoçusu "Böyük dəbilqə” turnirində mübarizəyə başlayıb. 81 kq-da Murat Fətiyev, 90 kq-da Məmmədəli Mehdiyev və 100 kq-dan yuxarı çəkidə Uşangi Kokauri tatami üzərinə çıxıb. Hər üç idmançımız mübarizəyə 1/8 finaldan start verib. M.Fətiyev ilk görüşündə Tim Qramkova (Almaniya), M.Mehdiyev Aleksis Matyöyə (Fransa) ipponla uduzaraq turnirlə vidalaşıb.
U.Kokauri isə startda Emre Sanala (Fransa) ipponla qalib gəlib. 1/4 finalda Mbaqnik Ndiayedən (Seneqal) də güclü olan U.Kokauri yarımfinala vəsiqə qazanıb. O, finala gedən yolda İnal Tasoyevlə (Rusiya) üz-üzə gəlib. Rəqibinə cərimə xalları ilə uduzan Uşangi Kokauri bürünc medal uğrunda mübarizə aparıb. Ağır çəkili cüdoçumuz həlledici görüşdə niderlandlı Yur Speykersə məğlub olaraq 5-ci yerlə kifayətlənib.
Beləliklə, Azərbaycan cüdoçuları Böyük Dəbilqəni 1 qızıl, 1 bürünc medalla 4-cü yerdə başa vurublar.


1728 oxunub

InvestAZ