Tokio-keçiriləcək XXXII Yay Olimpiya Oyunlarının açılış mərasimində Azərbaycan komandasının bayraqdarı cüdo üzrə yığma komandamızın üzvü, Rio Olimpiadasının gümüş mükafatçısı, Avropa çempionu, dünya çempionatının gümüş medalçısı Rüstəm Orucov olacaq. 29 yaşlı idmançımız olimpiadalar tarixində bu günə qədər Azərbaycan komandasının bayraqdarı olmuş üçüncü cüdoçudur. Ona qədər isə bu şərəfə 1996-cı ildə Nazim Hüseynov, ondan 16 il sonra isə Elnur Məmmədli nail olub. Rüstəm Orucov həm də yığma komandamızın tarixinə 8-ci bayraqdar kimi düşəcək.
Bu günlərdə komandamızın Tokio-2020-də bayraqdarı olacaq Rüstəm Orucovla əlaqə saxladıq. Cüdoçumuz olimpiadaya hazırlıq prosesi və digər məsələlər barədə "Olimpiya dünyası” qəzetinə danışdı.
- Rüstəm, artıq üçüncü dəfədir ki, dördilliyin zirvə yarışında ölkəmizi təmsil edəcəksiniz. Yarış ərəfəsi özünüzü necə hiss edirsiniz?
- Artıq üçüncü Olimpiada olacaq ki, mən bu mötəbər yarışda iştirak edəcəyəm. Bu idman tədbirində müəyyən qədər təcrübə toplaya bilmişəm. Hazırda təlim-məşq toplanışındayıq. Hər şey qaydasındadır. Hesab edirəm ki, Tokioda mənə göstərilən etimadı doğrulda biləcəyəm.
- Olimpiadaya hazırlıq necə gedir? Ümumiyyətlə, Olimpiya Oyunlarına son hazırlıq prosesinizi necə və harada keçəcəksiniz?
- Hazırda Xorvatiyanın Poreç şəhərində təlim-məşq toplanışındayıq. Bundan əvvəl isə paytaxtda, dəniz qırağında və Şahdağda təlim-məşq toplanışında olduq. Hazırlığımız plan üzrə gedir. Əvvəl dağ, sonra dəniz qırağında məşqlər etdik. Xorvatiyadakı hazırlığımızı başa vurduqdan sonra iyulun 7-də Bakıya qayıdacağıq. Bundan bir həftə sonra isə Yaponiyaya gedəcəyik. Biz olimpiadanın başlamasından iki həftə əvvəl Tokioya yollanacağıq ki, oranın ab-havasına adaptasiya olunaq. Bildiyiniz kimi, Yaponiya ilə aramızda 5 saatlıq fərq var. Cüdo yarışlarının olimpiadanın ilk günündə start götürəcəyini nəzərə alsaq, uyğunlaşma bizim üçün çox əhəmiyyətlidir.
- Bir müddət əvvəl koronavirusa yoluxmuşdunuz. Hətta virusdan sağaldıqdan sonra sizinlə müsahibə götürəndə bu virusun bəzi mənfi təsirləri sizi hələ də narahat edirdi. Bəs hazırda bu mənfi hallar aradan qalxıbmı?
- Bəli mən də koronovirusa yoluxmuşdum. Xəstəliyi ağır keçirdiyimə görə bir müddət məşqlərdən kənarda qaldım. Baxmayaraq ki, xəstəlikdən sağalmağımdan artıq üç ay vaxt keçib, amma özümə hələ indi gəlirəm. Koronavirusdan sağalandan sonra heç bir yarışda iştirak etməmişəm. Buna görə də hələ bilmirəm ki, formamı tam bərpa etmişəm, ya yox. Olimpiya Oyunları virusdan sonra ilk yarışım olacaq. Burada öz gücümün hansı səviyyədə olduğunu görəcəyəm. Amma məşqlərə baxanda görürəm ki, hər şey qaydasındadır. Artıq nəfəsalmam, fiziki hazırlığım və texnikam öz yerindədir. İnanıram ki, hər şey yaxşı olacaq.
- Olimpiya yığmamızın Tokio-2020-də bayraqdarı seçildiniz. Sizdən əvvəl iki cüdoçumuz müxtəlif olimpiadalarda bayraqdar olub. Sizcə, bayraqdarlarla bağlı uğursuz sindromu aradan qaldıra biləcəksinizmi?
- Bayraqdar olmağım mənim üçün olduqca xoş xəbər oldu. Düzünü desəm, Tokio Olimpiadasında bayraqdar olacağımı gözləmirdim. İkinci dəfədir ki, Azərbaycan komandasının bayraqdarı seçilirəm. İlk dəfə Minsk-2019 II Avropa Oyunlarında komandamızın bayraqdarı olmuşam. İkinci dəfə, özü də belə bir yarışda Olimpiya komandamızın bayraqdarı seçilməyim həqiqətən də sürpriz oldu. Bu, çox şərəfli, eyni zamanda, məsuliyyətlidir. Bu şərəfli missiyanı mənə layiq gördükləri üçün minnətdarlığımı bildirirəm. Olimpiadanın bayraqdarı olmaq arzularımdan biri idi. Bu arzum da həyata keçdi. Tokio Olimpiadasına təkcə bayraqdar olmaq üçün deyil, himnimizi səsləndirməyə və bayrağımızı yüksəklərə qaldırmağa gedirəm. Hazırlıqlarımız yüksək səviyyədə davam edir. İnanıram ki, Tokioda öz sözümü layiqli mübarizəmlə deyəcəyəm. Deyirlər ki, böyük yarışlarda bayraqdar olan idmançılarımız növbəti yarışda uğursuz çıxış edirlər. Qeyd etdiyim kimi, ikinci dəfədir ki bayraqdar seçilirəm. İlk dəfə bayraqdar olduğum yarışda gümüş medala sahib çıxıdm. Yəni bu sindromu Minskdə bir dəfə qırmışam. Çalışacağam ki, olimpiadada bayraqdarlarla bağlı uğursuzluq sindromunu ikinci dəfə qırım.
- Bunun üçün özünüzü psixoloji olaraq necə hazırlayırsınız?
- İnanırsınız, koronavirusdan sonra psixoloji cəhətdən çox geriləmişdim. Düşünürdüm ki, birdən olimpiadada formada olmaram, nəfəsim çatmaz və ya özümü tam hazır hiss etmərəm. Amma mənə deyiləndə ki, sən Tokioda bayraqdar olacaqsan hər şeyi unudub, yenidən həvəsləndim. Özümü bu yarışa köklədim. İndi özümü daha güclü hiss edirəm. Yarışa sayılı günlər qalıb. Tezlikə hər şey bilinəcək.
- Tokio-2020-də əsas rəqibləriniz kimlərdir? Ən çox hansı cüdoçulardan ehtiyat edirsiniz?
- Olimpiadada bütün rəqiblər güclü olur. Çünki dünyanın ən güclü cüdoçuları bu yarışda qüvvələrini sınayırlar. İki olimpiadada iştirak etdiyimdən müəyyən qədər təcrübəyə malikəm. Bəzən reytinqdə səndən çox aşağı olan rəqib elə güləşir ki, sanki ölüm-dirim savaşına çıxıb. Ona görə də olimpiadada hər görüşə xüsusi motivasiya ilə çıxmaq və hər görüşə final mübarizəsi kimi baxmaq lazımdır.
- Olimpiada üçün hansısa bir "gizli silah” adlandırdığınız xüsusi fəndiniz varmı?
- Özüməməxsus fəndlərim var. Yəqin ki, keçirdiyim görüşlərə baxan azarkeşlər də bu fəndləri yaxşı bilirlər. Buna əslində gizli silah deməzdim. Amma bu fəndlərin üzərində işləyirəm. Çalışıram ki, hazırlığımı daha da artırım. Yaxşı bir deyim var ki, min cür fənd edəndən deyil, bir fəndi yüksək səviyyədə edəndən qorx.
- Rio-2016-da olduğu kimi, bu dəfə də sizdən medal gözləyirik. Tokio-2020-dəki şanslarınızı necə qiymətləndirirsiniz?
- Olimpiadadakı rəqiblərim o qədər də çox dəyişilməyib. Ötən il 73 kq çəki dərəcəsində güləşdiyim cüdoçuların demək olar ki, 80 faizi Tokio-2020-də də güləşəcəklər. Rəqiblərimin siyahısında təxminən 6-7 nəfər gənc cüdoçu var. Digər cüdoçular isə Rio-2016-da güləşdiyim idmançılardır.
Azər Əlizadə
37695 oxunub