XƏBƏR LENTİ
09 Dekabr 2024
08 Dekabr 2024
06 Dekabr 2024
05 Dekabr 2024
04 Dekabr 2024
02 Dekabr 2024
01 Dekabr 2024
30 Noyabr 2024
29 Noyabr 2024
28 Noyabr 2024
27 Noyabr 2024
26 Noyabr 2024
25 Noyabr 2024



Olimpiadaya vəsiqə qazanan güləşçimiz uğur qazanmağın sirrini açıqladı
Müsahibə 16:18 / 27.06.2024

Adı: Murad
Soyadı: Məmmədov
Təvəllüdü: 12.08.1995
İdman növü: güləş (yunan-Roma)
Çəkisi: 60 kq
Nailiyyətləri: Avropa çempionu (2024), Avropa çempionatının gümüş və bürünc mükafatçısı (2018, 2022), dünya çempionatının gümüş və bürünc medalçısı (2021, 2023).
Paris-2024-ə lisenziyanı Türkiyənin İstanbul şəhərində keçirilən lisenziya xarakterli dünya Olimpiya təsnifat turnirində qazanıb.


Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanan idmançılardan biri də yunan-Roma güləşçimiz Murad Məmmədovdur. Yeniyetmələr arasında respublika yarışlarında məşqçilərin ümidlərini doğruldan idmançımız tezliklə beynəlxalq arenalarda da özünü sübut edə bilib. Yeniyetmə və gənclər arasında dünya, Avropa çempionatları və bir sıra mötəbər yarışlarda qazandığı titullar onun şöhrətini bir qədər də artırdı. Murad Məmmədov bu gün böyüklər arasında keçirilən yarışlarda da uğurla çıxış edərək, qələbələr qazanır. Bu il Rumıniyada Avropa çempionatının qalibi olan güləşçimiz müxtəlif illərdə qitə çempionatlarının gümüş (2018) və bürünc (2022) medallarına da sahib çıxıb. Murad bundan başqa 2021-ci ildə Norveçdə keçirilən dünya çempionatında bürünc, 2023-cü ildə isə Serbiyada gümüş medal qazanıb.
Pəhləvanımız ötən ay İstanbulda keçirilən Dünya Olimpiya Təsnifat Turnirində 60 kq çəki dərəcəsində bütün rəqiblərinə qalib gələrək, Paris Olimpiadasına lisenziya qazanıb. Bu günlərdə olimpiyaçımız "Olimpiya dünyası” qəzeti və "Olimpnews.az” saytına müsahibə verib. Müsahibimiz idmana gəlişi və Paris Olimpiadasına hazırlıq prosesi barədə danışıb. Həmin müsahibəni oxuculara təqdim edirik.

- Murad, istərdik bir qədər idmana gəlişin barədə danışasan. Həmin illəri necə xatırlayırsan?

- Ailədə 4 qardaş olmuşuq. Çox dəcəl olduğumuza görə, atam biz idmana yazdırdı. Beləcə, mənim böyük idmana gəlişim başladı. Bu günə qədər yunan-Roma güləşi üzrə iştirak etdiyim respublika, dünya, Avropa və beynəlxalq yarışlarda bir sıra nailiyyətlər qazanmışam.

- Paris-2024-ə lisenziyanı son anda əldə etdin. Bu o deməkdir ki, Olimpiya Oyunlarında mübarizə daha gərgin keçəcək. Bu barədə təəssüratların necədir?

- Düzdür, olimpiadaya lisenziyanı son yarışda, Türkiyədəki Dünya Olimpiya təsnifat turnirində qazandım. Amma bunu olimpiadada mübarizənin gərgin keçəcəyi ilə əlaqələndirmirəm. Lisenziya üçün sonuncu şans olsa belə yarışda dörd görüş keçirdim və hər birində rahat şəkildə qalib gəldim. Ümid edirəm ki, Olimpiya Oyunlarında da özümü doğruldacağam.

- Olimpiadaya hazırlıq prosesi necə keçir. Yarışlara qədər əsas hazırlıq prosesiniz harada nəzərdə tutulub?

- Olimpiadaya hazırlıq prosesi çox yaxşı keçir. Gərgin məşqlər edirik. Hazırda Göygöldə təlim-məşq toplanışındayıq. Bizimlə bərabər amerikalı mütəxəssis də buradadır, bizə məşq keçir. Bundan sonra isə Vladiqafqazda təlim-məşq toplanışının təşkil olunacağı gözlənilir. Həmin hazırlıqdan sonra Azərbaycana qayıdaraq, oyunlara qədər ölkəmizdə hazırlıq keçəcəyik. Bu hazırlıq prosesindən sonra isə Parisə yollanacağıq.

- Olimpiya Oyunlarında ilk dəfə mübarizə aparacaqsan. Özündən hansı nəticəni gözləyirsən?

- Bəli, ilk dəfə Olimpiya Oyunları həyəcanını yaşayacağam. Amma buna baxmayaraq, özümə inanıram. İlk dəfədən də Allahın köməkliyi ilə yaxşı nəticə qazanacağıma ümid edirəm.

- Olimpiadaya özünü psixoloji cəhətdən necə hazırlayırsan?

- Çalışıram ki, bu yarışa adi bir turnir kimi yanaşım. İnsan "Olimpiya” sözünü belə dilinə gətirəndə daxilində bir həyəcan, gərginlik keçirir. Yəni bəzən bu Oyunların ab-havası idmançını sıxa bilər. Bunun üçün də düşünürəm ki, bu yarışa adi bir turnir kimi baxıb, mübarizə aparmalıyam. Hesab edirəm ki, bu, bir qədər həyəcanımı azaldacaq.

- Sənin üçün Paris-2024-də ən çətin rəqiblər kimlərdir?

- Düzdür, olimpiadaya lisenziya qazanan bütün rəqiblər güclüdür. Amma mənim üçün əsas rəqiblər Qırğızıstan və Yaponiyadan olan idmançılardır. Çalışacağam ki, ən güclü olmaq üçün onlara da qalib gələrək, fəxri kürsünün ən yüksək pilləsinə qalxım.

- Uğur qazanmağın sirlərini nədə görürsən?

- Düzgün rejim və məşqdə. Əslində, buna sirr deməzdim. Çünki bütün peşəkar idmançılar bunu yaxşı başa düşürlər. Əgər məşqçinin verdiyi tapşırıqlara düzgün şəkildə əməl etsən, öz rejimini qursan uğur səninlə olacaq.


Azər Əlizadə




7798 oxunub

InvestAZ