XƏBƏR LENTİ
28 Mart 2024
27 Mart 2024
26 Mart 2024
25 Mart 2024



Olimpiya Hərəkatının qısa tarixi
Maraqlı 11:26 / 20.06.2021
1894-cü il Parisdə keçirilən Beynəlxalq idman konqresində Beynəlxalq Olimpiya Komitəsi (BOK) təsis edilib. BOK-un tərkibinə 14 ölkə üzv seçilib. İclasda Beynəlxalq Olimpiya Hərəkatının ali rəhbər orqanı olan BOK-un məqsəd və vəzifələrini özündə əks etdirən Olimpiya Xartiyası qəbul olunub.
1896-cı ildə aprelin 6-da Afinada ilk müasir Olimpiya oyunları həyata vəsiqə alıb. Afina-1896 Olimpiadasının ilk çempionu atletika idman növü üzrə üçqat tullanma yarışlarının iştirakçısı, sonralar məşhur Tarzan rolunun ifaçısı kimi tanınan (ABŞ) Ceyms Konnoli olub.
1900-cü il Parisdə keçirilən II Olimpiya Oyunlarında qadın idmançıların iştirakına icazə verilib. Qadınlar arasında ilk Olimpiya çempionu adına Böyük Britaniya təmsilçisi, tennisçi Şarlotta Kuper layiq görülüb.
1906-cı ildə Pyer de Kubertenin təşəbbüsü ilə Olimpiya Hərəkatında əvəzsiz xidmətləri olan təşkilatlar üçün Olimpiya kuboku təsis edilib.
1908-ci ildə Londonda keçirilən III Olimpiya Oyunlarında Rusiya idmançıları iştirak ediblər. Olimpiya çempionu adına yarışların fiqurlü konkisürmə idman növü üzrə iştirakçısı Nikolay Panin-Kolomenkin (Sankt-Peterburq) layiq görülüb.
1913-cü ildə Pyer de Kubertenin təşəbbüsü ilə Olimpiya bayrağı və Olimpiya emblemi təsdiq olunub. Üzərində beşrəngli (yaşıl, qırmızı, sarı, qara və göy) Olimpiya emblemi təsvir olunmuş bayraq Antverpen Olimpiya Oyunlarında qaldırılıb.
1916-cı ildə Berlində təşkil edilməsi nəzərdə tutulan VI Olimpiya Oyunları I Dünya müharibəsinə görə keçirilməyib.
1920-ci ildə sayca VII Olimpiya Oyunlarında ədalətli yarış prinsiplərinə əməl edilməsi barədə təntənəli andın mətni səsləndirilib. İdmançılar adından həmin andı oxumaq belçikalı qılıncoynadan Viktor Buana nəsib olub.
1928-ci ildə Amsterdamda Olimpiya məşəli alovlandırılıb.
1932-ci il Los-Anceles Oyunlarında idmançıların yarışlarda rahatlığı və istirahətini təmin etmək üçün Olimpiya kəndi inşa olunub.
1936-cı ildə Berlində keçirilən Olimpiya Oyunlarında məşəl estafeti həyata vəsiqə alıb. XI Yay Olimpiadasından etibarən məşəl estafetinin startı Yunanıstanın qədim Olimp şəhərindən verilib. Qədim ənənələrə uyğun olaraq məşəl güzgüyə düşən günəşdən alınan od vasitəsilə alovlandırılıb.
XII (1940, Tokio) və XIII (1944, Lodon) Olimpiya Oyunlarının keçirilməsi II Dünya müharibəsi səbəbindən baş tutmayıb.
1952-ci il Helsinki Olimpiadasında sovet idmançıları iştirak ediblər. SSRİ qeyri-rəsmi komanda hesabında ABŞ yığmasından sonra 2-ci yeri tutub.
Azərbaycan Olimpiya oyunlarında Helsinki-1952 Olimpiya Oyunlarına SSRİ yığmasının tərkibində qatılıb. Bu oyunlarda Azərbaycanın 5 idmançısı yarışlara qatılıb. 52 kq çəki dərəcəsində təmsilçimiz Rəşid Məmmədyarov sərbəst üsulla güləş yarışlarında ikinci yeri tutaraq, gümüş medala layiq görülüb. Bu, Azərbaycan idmançılarının olimpiadada qazandıqları ilk medal hesab olunur.
1956-cı ildə Melburn Olimpiya Oyunları iki müxtəlif ölkədə təşkil edilib. Bütün idman növləri üzrə yarışlar Melburnda keçirilsə də, Avstraliyada heyvanlara karantin qoyulduğuna görə, atçılıq idmanı üzrə yarışların Stokholm şəhərində keçirilməsi qərara alınıb.
1961-ci ildə Beynəlxalq Olimpiya Akademiyası təsis edilib.
1964-cü Tokio Olimpiya Oyunlarında SSRİ gimnastı Larisa Latınina Olimpiya oyunları tarixində misli görünməmiş nailiyyətlərə imza ataraq, 9 qızıl, 5 gümüş və 4 bürünc medal qazanıb. Bu, Olimpiya oyunları tarixində şəxsi hesabda əldə edilən ən böyük medal kolleksiyası hesab olunur.
1968-cı ildə keçirilən Mexiko Olimpiadasında ABŞ atleti Alfred Orter (disktullama) dörd dəfə dalbadal Olimpiya çempionu adına layiq görülən idmançı elan edilib.
1972-ci il Münhen Olimpiadasında Olimpiya Hərəkatı tarixində terror aktı törədilib. Fələstin ekstremistlərinin dəhşətli cinayətkar əməlləri nəticəsində onlarla adam qətlə yetirilib.
1975-ci ildə Olimpizmin inkişafında yüksək xidmətləri olan şəxslərin mükafatlandırılması üçün Olimpiya ordeni təsis edilib.
1976-cı ildə Olimpiya oyunları boykota məruz qalıb. Bir sıra ərəb və Afrika ölkələri aparteid rejimi ilə əlaqə saxlayan Yeni Zellandiya təmsilçilərinin iştirakına qarşı çıxaraq olimpiadaya qatılmayıblar.
1980-ci il iyulun 19-da Moskvada XXII Olimpiya Oyunları start götürüb. Ev sahibləri 80 medal qazanmağa müvəffəq olublar. Bir sıra kapitalist ölkələri, o cümlədən ABŞ, AFR sovet qoşunlarının Əfqanıstana yeridilməsinə etiraz əlaməti olaraq yarışlara qatılmaqdan imtina ediblər.
BOK-un Moskva sessiyasında ispaniyalı Xuan Antonio Samaranç Beynəlxalq Olimpiya Komitəsinin prezidenti seçilib.
1984-cü il Moskva-1980 Olimpiadasının boykot edilməsinə cavab olaraq SSRİ və bir sıra sosialist ölkələri Los-Anceles Olimpiya Oyunlarına qatılmaqdan imtina ediblər. ABŞ yarışlarda yeni Olimpiya rekordlarına imza ataraq medal kolleksiyasını bir az da zənginləşdirib.
1988-ci ildə keçirilən Seul Olimpiadasında dünyanın aparıcı ölkələrinin 16 il davam edən boykotuna son qoyulub.
1992-ci il XXV Yay Olimpiya Oyunları İspaniyanın Barselona şəhərində keçirilib. SSRİ dağıldıqdan sonra Beynəlxalq Olimpiya Komitəsi istisna olaraq müstəqillik əldə etmiş 12 respublikanın - MDB ölkələrinin olimpiadada iştirakına icazə verib. MDB-nin tərkibinə daxil olan respublikalar Olimpiya yarışlarında öz milli bayraqları altında çıxış ediblər.
1996-cı ildə keçirilən Atlanta (ABŞ) Olimpiadasına Azərbaycan suveren ölkə kimi qatılıb. Sərbəst güləş üzrə yarışlarda idmançımız Namiq Abdullayev müstəqil Azərbaycan Respublikasının təmsilçisi kimi Olimpiya oyunlarının gümüş mükafatçısı adına layiq görülüb: 44 il əvvəl Helsinki-1952 Olimpiadasında olduğu kimi, bu dəfə də əldə edilən gümüş medal sərbəst güləş üzrə yarışlarda qazanılıb.
Ukrayna Olimpiya yarışlarına müstəqil ölkə kimi qatılıb. Olimpiya çempionu adını qazanmaq güləşsi Vyaçeslav Oleynikə nəsib olub.
2000-ci ildə Sidney Olimpiya Oyunlarında ABŞ yığması inamlı qələbə nümayiş etdirərək 97 medalla fəxri kürsünün ən yüksək pilləsində qərar tutub.
2004-cü ildə 108 ildən sonra Olimpiaya oyunları öz qədim beşiyi Yunanıstan və onun paytaxtı Afinaya qayıdıb. .
Azərbaycanı sərbəst güləş üzrə yarışlarda təmsil edən Fərid Mansurov Afinada keçirilən XXVIII Yay Olimpiya Oyunlarında fəxri kürsünün ən yüksək pilləsinə qalxaraq qızıl medalla mükafatlandırılıb.
2008-ci ildə Çinin paytaxtı Pekində XXIX Yay Olimpiya Oyunları keçirildi. Asiya ölkəsi olan Çin Olimpiya oyunlarının yüksək səviyyədə təşkili və keçirilməsi, eyni zamanda idmançıları tərəfindən olimpiadada yüksək nəticələrin əldə edilməsinə görə tarix yazdı.
İdmançılarımız Pekindən vətənə 7 medalla (1 qızıl, 2 gümüş, 4 bürünc) qayıtdılar. Cüdo yarışlarında təmsilçimiz Elnur Məmmədli fəxri kürsünün ən yüksək pilləsinə qalxaraq Azərbaycanın himninin səslənməsinə və bayrağı qaldırılmasına nail oldu.
2010-cu ilin aprel ayında dünya Olimpiya hərəkatına ağır itki üz verdi. Müasir olimpizmin banisi, Beynəlxalq Olimpiya Komitəsinin fəxri prezidenti, beynəlxalq Olimpiya Hərəkatının inkişafı və təbliğində müstəsna xidmətləri olan Don Xuan Antonio Samaranç dünyasını dəyişdi.

20118 oxunub

InvestAZ