XƏBƏR LENTİ
04 Mart 2021
03 Mart 2021
02 Mart 2021
26 Fevral 2021
25 Fevral 2021
23 Fevral 2021
19 Fevral 2021
16 Fevral 2021



Güclü zərifləri rinqə aparan yol
Maraqlı 13:39 / 03.02.2021

Müasir dövrümüzdə qadın idmanı sürətlə inkişaf edir. Hazırda qadınların yüksək dərəcəli yarışlarda iştirak etməsi, hətta qeyri-ənənəvi idman növlərində belə yüksək nailiyyətlər qazanması heç kəsi təəccübləndirmir. Halbuki idman növlərinin əksəriyyəti bir zamanlar onlar üçün əlçatmaz hesab olunurdu. Dövrümüzün ən hərəkətli və sürətli idman növlərindən biri hesab olunan boksu buna misal çəkmək olar. Bəzi idmansevərlər tərəfindən birmənalı qarşılanmayan qadın boksu hazırda inkişaf zirvəsindədir. Mütəxəssislərin fikrincə, boks bəzi insanlarda özünə qarşı pərəstiş, nifrət, tərif, qınaq hissləri oyadır. Bir sözlə, o, insanlarda müxtəlif hisslər oyatsa da, heç kəsi özünə laqeyd qoymur. XXI əsrdə qadınlar rahat şəkildə kişilər üçün xarakterik olan boksla sərbəst məşğul olurlar. Zərif cinsin nümayəndələri artıq çempion adı uğrunda mübarizə aparır, Olimpiya Oyunlarında çıxış edir, hətta əks cinsin nümayəndələri ilə də birgə mübarizəyə qoşulurlar. Lakin zaman keçməsinə baxmayaraq, hər kəsi maraqlandıran bir sual aktuallığını qoruyub saxlayır: "Boks qadın idman növüdür?” Bu suala hər kəsin özünəməxsus cavabı var.
"Olimpiya dünyası” qəzeti bu sayında zəriflərin rinqə gedən yolundan bəhs edən yazını oxuculara təqdim edir.


Səhnələşmiş
döyüş


Qadınlar kişilərə xas olan yumruq döyüşünə XVIII əsrdə başlayıblar. Qadın boksunun yaranma tarixi 1720-ci ilə təsadüf edir. Həmin dövrdə Londonda Klerkenurlladan olan Elizabet Uilkinson xüsusilə tanınırdı. Belə ki, qadın döyüşçü yumruqlarla yanaşı, təpik vurmaq, itələmək, bir sözlə, qələbə qazanmaq üçün hər bir üsuldan istifadə edirdi. O, həm qadınlar, həm də kişilər ilə döyüşürdü. Amma buna baxmayaraq, qadın boksu cəmiyyətdə birmənalı qarşılanmırdı. Həmin dövrün qəzet və jurnallarının məlumatlarına görə, yumruq ilə döyüşən qadınlar aşağı təbəqəyə aid olunurdular. Onlara cəmiyyətdə hörmət edilmirdi. Lakin "yumruq atan xanımlar” bununla qürur duyurdular. Maraqlıdır ki, zərif cinsin nümayəndələrinin rinqlə tanışlığı məşqçilikdən başlayır. Belə ki, Viqmur adlı qadın İngiltərə çempionatında həyat yoldaşının vaxta nəzarətçisi (sekundant), italiyalı Antonella Minervi isə peşəkarlar arasında keçirilən boks yarışlarında hakim qismində çıxış edib. Amerikalı Ellen Eton isə boks yarışlarının təşkilində, sponsorların cəlb olunmasında nüfuz qazanıb.
1876-cı ildə məşhur Nyu-York teatrının səhnəsində ilk dəfə qadın döyüşü keçirilib. Əslində, bu addım insanların teatra marağını artırmaq üçün atılmışdı. Rouz Harland və Nelli Saunders adlı iki rəqqasənin döyüşü insanlar arasında əsl çaşqınlıq yaratmışdı. Həmin döyüşdə hər iki xanım 100 dollar əldə etmişdi. Bu, o dövr üçün kifayət qədər yüksək məbləğ hesab olunurdu. Döyüşçü xanımlara qarşılaşmadan sonra gümüş boşqab hədiyyə edilmişdi. Cəmiyyətdə səs-küy yaradan bu hadisə "The New York Times” qəzetinin də əsas xəbərinə çevrilmişdi. Xəbərlə tanış olan hakimiyyət nümayəndələri bu hadisəyə kəskin reaksiya vermişdilər.

Zərif simalara nüfuz edən amansız zərbələrin fəsadları qəzetdə əksini tapmışdı. Reaksiyalar daha da sərtləşdi və qadınlar boksdan uzun müddət kənarda qaldılar.
Lakin döyüşçü xanımların yumruq davası bununla bitmədi. Çıxış yolu yalnız qeyri-qanuni döyüşlərin təşkilində idi. Qadınlar gizli də olsa, yenidən rinqə qayıtdılar. Cəmiyyət yenə də onlara qarşı mövqeyini dəyişmədi - vəhşi və yüngül təbiətli qadınlar. Qadınların döyüşlərindən zövq alanların sayı tezliklə artmağa başladı. Azarkeşlər arasında hər təbəqədən olan insanlara rast gəlmək olurdu. XIX əsrin əvvəllərində səhiyyə nümayəndələri qadınlara yarışda iştirak etməyə qadağa qoydu. Buna səbəb kimi qadın bədəninin həssaslığı və yüksək fiziki təzyiqə tab gətirməməsi göstərilirdi.
Amma "qadın boksu” amili bütün təzyiqlərə baxmayaraq özünü tapa bilmişdi. Beləliklə, cəmiyyət qadınları rinqdə də qəbul etməyə başladı.
Dünyanın ən böyük idman tədbiri olan Olimpiya Oyunlarının proqramı tədricən genişlənirdi. Olimpiadada iştirak edən idman növlərinin sayı da artmaqda davam edirdi. Boks da proqrama salınan idman növləri sırasında öz növbəsini gözləyirdi. Nəhayət, 1904-cü ildə boks Sent-Lüisdə keçirilən Olimpiya Oyunlarının proqramına daxil edildi.
Təşkilat Komitəsi kişi boksunu proqrama qəbul etsə də, qadın boksuna bu imkanı yaratmadı. Okeanın o tayında keçirilən Oyunlarda iştirak etmək üçün komitəyə müxtəlif ölkələrdən olan 11 xanım idmançı müraciət məktubu ünvanlamışdı. Lakin onların məktubu müsbət qarşılanmadı. Nəticədə xanımlar planetin ən mötəbər yarışında sadəcə tamaşaçı qismində iştirak etməli oldular.

İkinci oyanış

XIX əsrin ortalarında Amerikada qadın boksunun "ikinci oyanışı” baş verdi. Qeyri-qanuni döyüşlər ikinci Dünya müharibəsi dövründə də davam edirdi. Qadağalara məhəl qoymayan cəsur xanımlar gizli döyüşlərdə iştirak edərək, pul qazanırdılar. Amma belə döyüşlər qanunsuz keçirildiyi üçün cinayət tərkibli hesab olunurdu. Döyüş məkanları aşkar edildikdə isə həm iştirakçılar, həm də təşkilatçılar güc strukturları tərəfindən cəzalandırılırdı.
1954-cü ildə Amerikanın milli televiziyası ilk boksçu qadın barədə reportaj yayımladı. Bu cəsur qadın Böyük Britaniya vətəndaşı olan Barbara Battrik idi. Xanım Battrik kübar və zəngin Britaniya ailəsində dünyaya gəlmişdi. O, kiçik yaşlarında qonşuluqda yaşayan oğlanlar ilə birgə boksun sirlərinə yiyələnirdi. Zamanla Battrik bu növə böyük sevgisinin və bacarığının olduğunu hiss edirdi. Qadın boksu 1940-cı illərdə Britaniya ərazisində fəaliyyətdə olsa da, bu, rəsmi xarakter daşımırdı. Barbara Battrik böyüdükdən sonra Avropaya səyahət edir və hər kəsə öz bacarığını nümayiş etdirirdi. O, yalnız qadınlarla deyil, həmçinin kişi boksçularla da sparrinq məşqləri keçirirdi.
1954-cü ildə Amerika telekanalları Kanada ərazisində keçirilən Barbara Battrik və Co An Heq adlı amerikalı qadının döyüşünü nümayiş etdirdilər. Amerikada qadın boksuna olan qadağa hələ də qüvvədə olduğu üçün görüşlər yalnız şou xarakteri daşıyırdı. Dörd raundun nəticəsinə görə, C.Heq Barbara Battrik ilə qarşılaşmada qələbə qazandı. Bu, B.Battrikin karyerası ərzində ilk məğlubiyyəti idi. Lakin bu məğlubiyyət xanım döyüşçünü həvəsdən salmadı. O, qadın boksu tarixində təkcə idmançı kimi deyil, həmçinin Beynəlxalq Qadın Boks Federasiyasının (WIBF) da təsisçisi kimi yadda qalıb.

Boks tarixində ilk qadın hakim

1975-ci ildə Yeva Şeyn boks yarışlarına ilk dəfə hakimlik lisenziyası alıb. O, peşəkar boks tarixinə ilk qadın hakim kimi adını yazdırıb. Y.Şeyn həmçinin kişilər arasında təşkil olunan peşəkar döyüşləri də idarə edirdi. Xanım hakim karyerası ərzində 50 döyüş idarə edib. Hətta onlardan birinin çempionluq turniri olduğu da deyilir. Lakin qadağalar səbəbi ilə qadın boksunun inkişafına dair atılan ehtiyatlı və kiçik addımlar bəhrəsini vermirdi. ABŞ-ın bir çox ştatlarında bu idman növünə hələ də qadağalar tətbiq olunmuşdu. Qadınların həvəskar rinqdə döyüşməsinə baxmayaraq, onların Olimpiya Oyunlarında və digər beynəlxalq turnirlərdə iştiraklarına icazə verilmirdi.


Güclü ataların zərif davamçıları

Qadın boksunun inkişafında əsas təkan XX əsrin 80-ci illərinin sonunda baş verdi. 1988-ci ildə İsveç rəsmi olaraq Olimpiya Oyunlarında qadın döyüşlərinin keçirilməsinə qoyulan qadağanı ləğv etdi. Bu, rəsmi olaraq böyük boks üçün atılan ilk kiçik addım idi. Zərif cinsin nümayəndələri arasında boks növünə maraq o qədər böyük idi ki, qadınlar bunun üçün hətta məhkəmələrə müraciət edir, azad şəkildə sevdikləri idman növü ilə məşğul olmağı əlaqədar qurumlardan tələb edirdilər. Nəhayət ki, uzun sürən mübarizədən sonra onlar bu istəklərinə nail oldular. 90-cı illərdə İsveçdən sonra bir neçə ölkə qadın boksuna qoyulan qadağanı aradan qaldırdı.
Peşəkar qadın boksuna diqqət üç məşhur boksçunun - Məhəmməd Əlinin qızı Leyla Əli, Co Freyzerin qızı Ceki Freyzer Layd və Corc Formenin qızı Frida Formen daxil olduqdan sonra daha da artdı. Onlar qadın boksunda iki layiqli rəqibin döyüşdüyünü hər kəsə sübut etdilər. Bu döyüşlər qadın boksunun yeni səviyyəyə çatması demək idi. 1995-ci ildə qadınlara ilk dəfə olaraq, "Qızıl əlcək” turnirində iştirak etmək icazəsi verildi.
Peşəkar qadın boksunun başlanğıc nöqtəsi 1996-cı il hesab olunur. Kristina Martin hakimlərin yekdil qərarı ilə Deydre Qoqartini məğlub etdi və məhz bu döyüş ilk rəsmi qadın peşəkar döyüşü kimi tarixə düşdü. XXI əsrdə qadınlar Avropa və dünya çempionatlarında, müxtəlif turnirlərdə iştirak edirlər.
Olimpiya Oyunlarında isə qadınlar rəsmi olaraq 2012-ci ildən (London-2012) mübarizə aparırlar.
Bununla da, qadınlar öz zəfərlərini qeyd etdilər. Bu, zərif cinsin nümayəndələrinin uzun illər məhkəmə zallarında və hakimiyyətlə apardığı mübarizənin nəticəsi idi.
Müasir qadın boksu günü-gündən məşhurlaşır və inkişaf edir. Təbii ki, bu, qadınların öz hüquqları uğrunda amansız mübarizəsi nəticəsində mümkün olub. Bu gün də ictimaiyyət arasında qadın boksuna idman növü kimi fərqli yanaşma var. Gözəl xanımların simasında zərbə izlərini müşahidə etmək bəziləri üçün xoş deyil. Lakin bu fikirlərin qadınları bu istəkdən daşındırmağa gücü çatmır. Xanımlar mənəvi cəhətlə yanaşı, fiziki cəhətdən də kişilərdən geri qalmadıqlarını sübut etdilər.

Hazırladı:

Türkay Niftəliyeva

2349 oxunub

InvestAZ