XƏBƏR LENTİ
27 Aprel 2024
24 Aprel 2024
23 Aprel 2024
22 Aprel 2024
21 Aprel 2024



İnna Rıskal: “Azərbaycanda olmasam da, ürəyim həmişə sizinlədir”
İdman 14:42 / 22.11.2020

"Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev başda olmaqla, bütün Azərbaycan xalqını bu möhtəşəm qələbə münasibəti ilə təbrik edirəm. Bizə bu qələbə sevincini yaşatdığı üçün Ali Baş Komandanımıza və Azərbaycanın qüdrətli Ordusuna minnətdarlığımı bildirirəm”
Bu sözləri "Olimpiya dünyası” qəzetinə əfsanəvi voleybolçu, Mexiko-1968 və Münhen-1972 Yay Olimpiya Oyunlarının qalibi İnna Rıskal deyib.
Qarabağın hər zaman əzəli Azərbaycan torpağı olduğunu qeyd edən 76 yaşlı veteran voleybolçu ölkəmizin bu haqq mübarizəsində qələbə qazanaraq öz ərazi bütövlüyünü təmin etdiyini bildirib.
"Etiraf edim ki, sentyabrın 27-də düşmənlərimizin Azərbaycana yenidən hücum etəsini və işğal olunmuş torpaqlarımızda müharibənin başladığını eşidəndə gərginlik keçirdim. İllərdir Azərbaycan torpaqlarını zəbt edən Ermənistanın yenidən ölkəmizə hücum etməsini, dinc sakinləri raket atəşinə tutmasını əsl vəhşilik hesab edirəm. Lakin ermənilərin törətdiyi təxribatlara baxmayaraq, Azərbaycan 30 il düşmən tapdağında olan torpaqlarını azad edərək, tarixi qələbə qazandı. Qarabağ hər zaman Azərbaycanın əzəli torpağı olub. Buna bir çox sübutlar var. Xatırlayıram ki, gənc vaxtlarımda Qarabağda mütəmadi olaraq, təlim-məşq toplanışlarında və yarışlarda iştirak edərdik. Çox sevinirəm ki, Azərbaycan tarixi torpaqlarına yenidən qovuşdu. Düzdür, müharibəni qələbə ilə başa vursaq da, şəhidlərimizin olması hər birimizi məyus edir. Doğma torpaqları uğrunda canından keçən igidlərimizə Allahdan rəhmət diləyir, yaralı hərbçilərimizə isə tezliklə şəfa tapmalarını arzulayıram. Əminəm ki, düşməndən təmizlədiyimiz doğma torpaqlarımızda tezliklə beynəlxalq yarışlar təşkil olunacaq, gözəl tədbirlər keçiriləcək. İnanıram ki, Azərbaycan günü-gündən daha da çiçəklənəcək və xalqımız yalnız qələbə sevincləri yaşayacaq”, - deyə İnna Rıskal bildirib.
Yeniyetmə yaşlarından Bakının "Neftçi", 16 yaşından isə SSRİ yığma komandasının heyətində çıxış edən əfsanəvi voleybolçu bu qələbəni Azərbaycanda qeyd etmək istədiyini, lakin səhhətinin buna imkan vermədiyini deyib:
"Azərbaycan mənim vətənimdir və mən vətənimi çox sevirəm. Mən bakılıyam, valideynlərim də burada dünyaya gəliblər. Təbii ki, illərdir gözlənilən qələbə sevincini Azərbaycan xalqı ilə birgə yaşamağı çox istərdim. Lakin səhhətimdə olan bəzi problemlərə görə, uzun zamandır heç bir yerə gedə bilmirəm. Amma xalqımız bilsin ki, həmişə olduğu kimi, bu gün də Azərbaycanımla, xalqımla qürur duyuram. Azərbaycanda olmasam da, ürəyim həmişə sizinlədir. Ölkəmiz hər zaman tolerant bir dövlət olub. Burada müxtəlif dinlərə mənsub olan millətlər xoşbəxt və firavan yaşayıb. Buna görə də, hər kəs Azərbaycan Prezident İlham Əliyevə minnətdar olmalıdır. Çünki ölkə başçısı hər bir millətin vətəndaşı üçün Azərbaycanda rahat yaşam şəraiti təşkil edib. Azərbaycan həqiqətən də, çox güclü bir dövlətdir. Ölkəmizin bir çox beynəlxalq yarışlara yüksək səviyyədə evsahibliyi etməsi, xalqımızın qonaqpərvərliyi və ölkəmizin gündən-günə inkişaf etməsi hər zaman yarış iştirakçıları tərəfindən yüksək qiymətləndirilib”.
Qeyd edək ki, 1944-cü ildə Bakıda anadan olan İnna Rıskal 1966 və 1972-ci illərdə "Neftçi" klubunun tərkibində SSRİ çempionatının bürünc, 1967-ci ildə Azərbaycan yığma komandası ilə SSRİ çempionatının gümüş medallarına sahib olub. Əfsanəvi voleybolçu müxtəlif illərdə Olimpiya Oyunlarının 2 qızıl və 2 gümüş medalına layiq görülüb. İnna Rıskalın aktivində həmçinin Avropa və dünya çempionatlarının qızıl medalları da var.
2000-ci ildə İ.Rıskalın soyadı voleybolun vətəni sayılan Holyoke (ABŞ, Massaçusets ştatı) şəhərində yerləşən Voleybol şöhrəti zalına daxil edilib. O, keçmiş SSRİ-dən bu şərəfə layiq görülən ilk voleybolçudur.



38194 oxunub

InvestAZ