XƏBƏR LENTİ
19 Aprel 2024
18 Aprel 2024
17 Aprel 2024



Gəncə terrorunda “qanadı sınmış” mələklər
Gündəm 17:17 / 27.10.2020

Gecə xoşbəxt ailə kimi yatıb, səhər isə kimsəsiz uşaq kimi oyanmağın necə bir hiss olduğunu, yəqin ki, heç birimiz anlamarıq. Amma onlar bu dəhşəti yaşadılar. Özü də erməni terrorçularının sayəsində. Düşmənin günahsız körpələrə və dinc sakinlərə raket atəşi açması 4 uşağın hər iki valideynini itirməsi, mülki insanların dünyadan köçməsi və onlarla insanın xəsarət alması ilə nəticələndi. Gəncədə baş verən insanlığa sığmayan bu qanlı terror hadisələri yalnız həmin uşaqların dərdi deyil, bütün Azərbaycan xalqının ağrı-acısıdır. Ailələrin məhv olduğu, isti yataqların bir anda soyuq məzarlara çevrildiyi həmin o terror hadisələri haqda hələ çox danışılacaq. Erməni terrorçuları mülki əhalini raket atəşinə tutmaqla körpələrin gələcəyini, valideynlərin isə arzularını əlindən aldı. Bu terror aktı nəticəsində körpələrin isti beşikləri qara torpaqla əvəz olundu.
Həmin körpələrə valideynlərinin mələk olması xəbərinin verilməsi isə heç bir insanlığa sığmır.
"Olimpiya dünyası” qəzeti olaraq, erməni silahlı qüvvələrinin mülki insanlara qarşı törətdiyi vandalizmi gündəmdə saxlamaq üçün bu dəfə də Gəncədəki terror aktına xüsusi yer ayırmışıq. Budəfəki sayımızda Gəncədən olan millət vəkili Müşfiq Cəfərov, Gəncə şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Həmid Nəsirov və dağıntılar zamanı hər iki valideynlərini itirən körpə balaların yaxınları ilə əlaqə saxladıq. Uşaqların yaxınlarının ürəkdağlayan sözlərini dinlədikcə biz də sözün əsl mənasında bir daha həmin hadisələrin şahidi olduq. Hadisələrin canlı şahidləri isə bu ağrını nəinki unutmaq, hətta bu ağrı-acını ömürlük olaraq ürəklərində daşıyacaqlarını bildirdilər.


"Düşmən istəyinə
nail olmadı”


Müşfiq Cəfərov (Millət vəkili):
- Ermənistan cəbhədəki uğursuzluğunu pərdələmək üçün Azərbaycanın böyük şəhərlərində terror hadisələri törətdi. Düşmənin öz xalqı qarşısında sözü olmadığı üçün, təsəlli məqsədilə silahını Azərbaycanın mülki əhalisinə çevirir. Mingəçevir və Gəncəyə raket atılması mənfur düşmənimizin əsl simasını bir daha dünyaya göstərdi. Ermənistanın cəzasız qalması isə onun daha çox cinayət törətməsinə səbəb olur. Dünya ölkələrinin beynəlxalq ictimaiyyət qarşısında müəyyən öhtəlikləri var ki, Ermənistan bunları heçə sayır. Münaqişə zonasından kənar bölgələri raket atəşinə tutan Ermənistanın məqsədi Azərbaycana təzyiq göstərmək və əhalini ruhdan salmaqdır.
Gəncəyə ilk raket atəşi oktyabrın 4-də açılıb. Nəticədə 3 mülki şəxs həyatını itirdi, bir sıra yaşayış məskənləri dağıdıldı. Oktyabrın 10-da Moskvada humanitar atəşkəs imzalansa da, düşmən oktyabrın 10-dan 11-ə keçən gecə növbəti dəfə Gəncədə mülki insanların yaşadığı əraziləri raket atəşinə tutdu və 3 yaşayış binası tamamilə məhv oldu. Həmin binada bir çox insanın həyatı, arzuları və ümidləri puç oldu. Oktyabrın 17-də Gəncə şəhəri yenə düşmənin hədəfinə çevrildi. Atılan raket mərmisi nəticəsində 15 nəfər həyatını itirdi, 50-dən çox insan isə yaralandı.
Ümumiyyətlə, Gəncəni hədəf alan raket zərbələri hərbi obyektlərə deyil, yaşayış məntəqələrinə tuşlanmışdı. Hazırda bərpa işləri aparılır, vətəndaşlara dəyən zərər hesablanıb, təmin olunur. Ən böyük müsbət hal isə insanların əhval ruhiyyəsinin olduqca yüksək olması ilə bağlıdır. Hər kəs qələbəyə köklənib. Evlərini itirənlərə həm dövlət, həm də vətəndaş qayğısı var. Bu qayğı təkcə Gəncəylə məhdudlaşmır, bütün Azərbaycanı əhatə edir. Ölkəmizdə olan şirkətlər də həmçinin vətəndaşlara maddi-mənəvi dəstək olur. Gəncə terroru nəticəsində valideynlərini itirən uşaqlar müəyyən şirkətlər və iş adamları tərəfindən himayə olunur. Bütün bunlara əsaslanıb deyə bilərəm ki, düşmən istəyinə nail olmadı, xalqımızın əhval ruhiyyəsinə təsir edə bilmədi.


"Düşmən yenə də günahsız insanları hədəf aldı”

Həmid Nəsirov (Gəncə şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi):
- Rəşadətli Ordumuzun uğurlu hərbi əməliyyatları nəticəsində torpaqlarımızın bir hissəsi işğaldan azad edilib. Erməni silahlı qüvvələri isə cəbhədə Ordumuzla bacarmadığı üçün qisasını dinc əhalidən almağa çalışır. Onlar öz xislətinə uyğun olaraq mülki vətəndaşları hədəfə almaqla insanların iradəsini zəiflətməyə çalışırlar. Lakin buna baxmayaraq, Gəncə sakinləri qorxmur, torpaqlarımızın işğaldan azad olunması uğrunda öz qətiyyətini nümayiş etdirirlər.
Qeyd edim ki, 4-17 oktyabr tarixində Ermənistan silahlı qüvvələri tərəfindən Gəncə şəhərinə 13 raket zərbəsi endirilib. Onlardan 6-sı partlayıb, 7-si isə zərərsizləşdirilib. Bu terror hadisələri zamanı ümumilikdə 26 şəxs həlak olub, 133 nəfər isə yaralanıb. Vəfat edənlərdən 7-si uşaqdır, 4 uşaq isə hər iki valideynini itirib. Oktyabrın 11-də olan partlayış zamanı çoxmənzilli bina, oktyabrın 17-də olan terror hadisəsi nəticəsində isə 20-dən artıq ev tamamilə dağılıb, digər evlərə isə ciddi ziyan dəyib. İlkin araşdırmaya əsasən, 135-ə yaxın ailə Gəncə Şəhər İcra Hakimiyyəti tərəfindən kirayə evlər və yaşayış sahələri ilə təmin edilib. Eyni zamanda bu terror hadisəsində zərər çəkmiş insanlar Gəncə Şəhər İcra Hakimiyyəti tərəfindən gündəlik tələbat vasitələri və geyimlə təmin olunublar. Onu da əlavə edim ki, terror hadisəsi zamanı hər iki valideynini itirmiş Sevil və Hüseyni Gənclər və İdman Nazirliyi öz himayəsinə götürüb. Qeyd edim ki, oktyabrın 11-də olan terror hadisəsində Gəncə şəhər stadionunun inzibati binasına da zərər dəymişdi. Artıq binanın pəncərələri və şüşələri təmir olunub. Partlayış zamanı həmçinin, 3 veteran futbolçu da müxtəlif xəsarətlər alıb. Onların səhhəti hazırda yaxşıdır.
Bir sözlə, Gəncə terroru öz qəddarlığı və amansızlığı ilə bir daha ermənilərin insanlığa qarşı ən böyük təhlükə olduğunu bütün dünyaya nümayiş etdirdi. Düşmən məhz Xocalı soyqırımında olduğu kimi, yenə də günahsız insanları hədəf aldı. Biz idman ictimaiyyətinin nümayəndəsi kimi dinc əhaliyə qarşı baş verən bu terror hadisələrini şiddətlə qınayırıq. Ümid edirik ki, onlar bu insanlığa sığmayan vəhşi əməllərinə görə mütləq cəzalandırılacaqlar.


"Heç kəsə övlad itkisi
arzu etmirəm”


Adil Əliyev (Hər iki valideynini itirən Sevil və Hüseyn Əliyevlərin babası):
- Mənə bu baradə danışmaq həqiqətən də çox çətindir. Heç kəsə övlad itkisi arzu etmirəm. Həmin gün gecə saatlarında böyük oğlum mənə zəng etdi və həlak olan oğlum, yəni Anargilə gəlməyimi istədi. Hadisədən xəbərsiz idim. Əvvəlcə nəvələrimdən birinin xəstələndiyini düşündüm və ondan zəng etməyinin əsl səbəbini öyrənməyə çalışdım. Nəhayət, oğlum mənə nə baş verdiyini dedi. Özümüzü ələ alıb, həyat yoldaşımla birlikdə hadisə yerinə gəldik. Həmin əraziyə çatanda dəhşətə gəldim. Orada olan binalardan əsər-əlamət belə qalmamışdı. Raket atılan zaman evdə oğlum Anar, onun həyat yoldaşı Nurçin və 16 yaşlı qızları Sevil var idi. 8 yaşlı nəvəm Hüseyn isə həmin gün ana babaları ilə birlikdə idi. Sevilin valideynləri ilə eyni otaqda olmaması, onun yüngül xəsarətlər alaraq xilas olmasına səbəb oldu. Oğlumu və gəlinimi tapanda isə hər kəsin ürəyi parçalandı. Belə ki, oğlum həyat yoldaşına sarılaraq, dünyasını dəyişmişdi. O, həyat yoldaşını dağıntılar altında axtarıb tapmışdı. Gəlinimin boyun nahiyəsi, qolu və ayağı sınmışdı. Oğlum isə heç bir xəsarət almamışdı. Onun yalnız ürək tərəfində qara bir ləkə var idi. Ola bilər ki, hava çatışmazlığından ürəyi partlamışdı. Bu çox ağır dərddir. Günahsız oğlum və onun həyat yoldaşı həlak oldu, nəvələrim isə valideynsiz qaldılar.


"Qızımın ürəyi hələ də
döyünürdü”


Sevil Babazadə (Hər iki valideynini itirən 2 yaşlı körpə Nilay Əliyevanın nənəsi):
- Həmin gün mən öz evimdə idim. Düşünürəm ki, o dəhşətli səsi bütün Gəncə sakinləri eşitdi. Təbii ki, hər kəs həmin an yaxınlarını axtarır, zəng edib vəziyyətləri ilə maraqlanırdı. Qızım Günay həyat yoldaşı Adil və qızı Nilay qaynanası ilə birgə yaşayırdı. Hadisədən sonra onlara zəng etdim, lakin zəngimə cavab verən olmadı. Telefonlarına zəng çatmaması məni bir az sakitləşdirdi. Düşündüm ki, yəqin qorxub həyətə çıxıblar. Təxminən 20 dəqiqəyə hadisə yerinə çatdım. Binanı o vəziyyətdə görəndə sanki dünya başıma fırlandı. Artıq hamısının həlak olduğunu anlayırdım. Orada olan insanlar mənə bir qız uşağını dağıntılar altından çıxardıqlarını dedilər. Düzünü deyim ki, əvvəl onlara inanmadım. Oradan kiminsə sağ çıxa biləcəyini düşünmürdüm. Hadisə yerinə çatanda xilasedicilər artıq Nilayı və atasını tapmışdılar. Qızımı isə gözümün önündə dağıntıların altından çıxardılar. Həmin dəqiqələr həyatımın ən dəhşətli anları idi. Qızımın ürəyi hələ də döyünürdü. Onu dərhal təcili yardım vasitəsi ilə xəstəxanaya apardılar. İki gün ümidlə ayılacağını gözləsək də, ürəyi dayandı. Bu ağrını sözlə ifadə etmək mümkün deyil. Övlad acısı ən ağır dərddir. Həmin hadisədə körpə nəvəm Nilayın sağ qalması həqiqətən də möcüzə idi. Çünki o gecə Nilay da valideynləri ilə eyni otaqda idi. Terror hadisəsində nitqində problem yaranan Nilay psixoloji dəstək nəticəsində artıq danışa bilir. Lakin çox dəcəllik edir, valideynlərini istəyir. Ona anasının və atasının başqa yerə getdiklərini və qayıdacaqlarını demişik. O, çox böyük stress yaşayır və psixoloji müalicə alır. Həqiqətən də, mənə ana kimi necə çətindirsə, Nilay üçün də ikiqat çətindir. Çünki iki yaşlı uşaq bir gecədə anasını, atasını və nənəsini itirdi. Bu dəhşətdir. Sanki hələ də yuxu görürəm. İnana bilmirəm ki, gecə danışdığım qızımı 3 saatdan sonra gözümün qarşısında dağıntılar altından çıxardılar. Mən bunu Gəncə soyqırımı adlandırardım. Axı dinc sakinlərin, körpələrin günahları nə idi ki, onların üzərinə gecə raket atılsın. Gecə ailəsi ilə birgə yatıb, səhəri valideynlərsiz oyanmaq çox ağırdır. Hazırda Nilay mənimlə yaşayır. Çalışıram ki, bacardığım qədər ona rahat həyat qurum.



"Yuxuda ermənilərin onun
atasını öldürdüyünü görmüşdü”

Xəyal Şahnəzərov (Hər iki valideynini itirən 3 yaşlı körpə Xədicə Şahnəzərovanın əmisi):
- Raket zərbəsindən əvvəl ailəmi və anamı bir müddət Bakıya, bacımgilə göndərmək qərarına gəldim. Qardaşım Röyalı da ailəsini Bakıya yollaması üçün təkid edirdim. O isə təklifimi qəbul etmədi. "Raketin bizim evə düşəcəyini haradan bilirsiniz?”,- dedi. Zərbə endirilən vaxt evimdə idim. Möhkəm səs eşitdim və həyətə çıxdım. Elə həmin vaxt dostum zəng edib, raket mərmisinin Röyalgilin evlərinin yaxınlığına düşdüyünü dedi. Dərhal hadisə yerinə getdim. Evlərinin darmadağın olduğunu görəndə dəhşətə gəldim. Ev demək olar ki, yox olmuşdu. Xilasedicilər onları dağıntıların altında axtarırdılar. Lakin qardaşımgilin ev əşyalarını kənarda görəndə, özlərini də evdə deyil, kənarda axtarmalı olduğumuzu anladım. Dəhşət və təşviş içində onları axtarmağa başladım. İlk olaraq həyat yoldaşını, daha sonra isə qardaşımı tapdım. Kiçik qızları Mədinəni və böyük qızları Xədicəni isə qonşunun həyətindən tapdıq. Lakin təəssüf ki, yaşyarımlıq Mədinə artıq dünyasını dəyişmişdi. Xədicənin sağ qalması isə həqiqətən də, möcüzə idi. Bilirsiniz, qeyri-adi olan budur ki, Xədicə bu hadisənin olacağını sanki hiss edirdi. Belə ki, bir neçə gün əvvəl yuxuda ermənilərin onun atasını öldürdüyünü görmüşdü. Nənəsi isə bunun sadəcə, bir yuxu olduğunu və ona qorxmamasını demişdi. Bir gündə bütün ailə üzvlərini itirmək 3 yaşlı uşaq üçün çox ağırdır. Baş verənləri anlamayan Xədicənin gözləri əzizlərini axtarır, dili isə yalnız ana deyir. Hazırda psixoloji cəhətdən dəstək olmaq və müalicəsini davam etdirmək üçün onu Bakıdakı xəstəxanalardan birinə gətirmişik. Çünki həmin hadisədən sonra kiçik bir səs belə, Xədicəni qorxudur. İnanıram ki, müalicə prosesindən sonra o, tezliklə öz ağrılarını unudacaq. Lakin valideynlərinin və bacısının ölümü ona bir ömür boyu ağrı verəcək. Biz bu ağrını nə qədər çalışsaq da, ona unutdura bilməyəcəyik.

Azər Əlizadə,
Türkay Niftəliyeva

45023 oxunub

InvestAZ