XƏBƏR LENTİ
19 Mart 2024
18 Mart 2024
17 Mart 2024
15 Mart 2024
14 Mart 2024



Zəngilan 27 ildən sonra işğaldan azad olundu
Mədəniyyət 16:15 / 27.10.2020


Bu gün biz torpaqlarımızın azad olunması xəbərlərini eşidərək, qürurlanır, bu vətənin övladı olmağımızla fəxr edirik. Cənab Ali Baş Komandan İlham Əliyevin Qarabağın işğaldan azad olunması barədə verdiyi xoş müjdələr biri-birini əvəz edir. Bəli, biz əminliklə deyə bilərik ki, bu gün müzəffər Ordumuzun döyüş meydanında rəşadəti qarşısında ermənilər tab gətirə bilmir. Doğma torpaqlarında müharibə aparan ölkəmiz hazırda ərazi bütövlüyünü qarış-qarış bərpa edir. Oktyabrın 20-də bütün Azərbaycan xoş bir xəbərə sevindi. Ali Baş Komandan İlham Əliyev xalqa müraciət edərək Zəngilanın işğaldan azad olunduğunu sevinclə bildirdi. Hər birimiz sevindik. Lakin ən çox sevinən 27 il dədə-baba yurdundan didərgin düşən zəngilanlılar oldu. Onların sevincini heç bir sözlə ifadə etmək olmur.
Vətən müharibəsi başlanan gündən "Olimpiya dünyası” qəzeti öz səhifələrini bu mövzuya həsr edir. Bu sayımızda Zəngilan barəsində topladığımız məlumatları çoxsaylı oxucularımıza təqdim edirik.
XIX əsrin əvvəllərində Qafqazın Rusiya tərəfindən işğalından sonra yeni inzibati ərazi bölgüsü aparılıb. Bölgü nəticəsində Zəngəzur qəzası Gəncə quberniyasına tabe edilib, Sisyan, Qafan, Mehri, Zəngilan, Qubadlı və Laçın buraya daxil olunub. Zəngilanın ərazisi şərqdən Həkəri çayından Mehri dağ silsiləsinə qədər olan ərazini əhatə edir.
1920-ci ilin 28 aprel işğalından sonra bolşeviklərin köməyi ilə qədim türk torpaqları hesabına ilk dövlətlərini quran ermənilər Zəngəzur qəzasını işğal ediblər. Bu zaman bolşevik Rusiyasının təkidi ilə Zəngəzur Azərbaycanın əlindən alınaraq, Ermənistana birləşdirilib. Nəticədə, qəzanın yuxarı hissəsi Ermənistanın, Laçın, Qubadlı və Zəngilan bölgələri isə Azərbaycanın tərkibində qalıb.
Zəngilan rayonu 1930-cu ildə yaradılmışdır. Rayonun sahəsi 707 kvadrat kilometr, əhalisi 35 mindən çox olub. Ərazisinə bir şəhər, bir qəsəbə, 83 kənd daxildir.
İşğal ərəfəsində rayon ərazisində onlarla milli və dini-tarixi abidə olunmuşdur.


"Zəngli ilanlar
məskəni” yoxsa "zəngin alan”?


XIV əsrdə yaşamış məşhur coğrafiyaşünas və tarixçi Həmdullah Qəzvininin yazdığına görə, Zəngilanın əsası hicri tarixinin 15-ci ilində, yəni 636-cı (637) ildə qoyulub. Deməli, Zəngilanın təqribən 1400 ilə yaxın yaşı var.
Bəs qədim keçmişi olan Zəngilan toponimi özündə hansı mənanı kəsb edir? Bu barədə müxtəlif fikirlər mövcuddur. Əslən zəngilanlı olan coğrafiya elmləri namizədi Məhəmməd Cabbarovun qeydlərində göstərilir ki, vaxtilə İranda Bəxtiyarlılar deyilən tayfalar yaşamış, onlardan biri "Zəngi” adlanmışdır. XVI-XVII əsrlərdə müxtəlif ölkələrdən əhali qruplarının köç salıb, Azərbaycanda məskunlaşdıqları dövrlərdə zəngilər miqrasiya edərək, rayonumuzun ərazisində qərarlaşıblar. Tayfanın adına əlavə edilən "lan” sözü, çox güman ki, məskunlaşma ilə əlaqədardır.
"Zəngəzurun zəngilanlı ziyalıları” kitabının müəllifi Əli Sobulunun yerli əhalinin, ağsaqqalların fikirlərindən bəhrələnərək qələmə aldığı ehtimallarda rayonun adı orta əsrlərin sonlarında viran edilmiş, Gilan şəhərindən köçənlərlə əlaqələndirilir. Müəllif yazır ki, deyilənə görə, oradan bir tayfa indiki Zəngilan ərazisinə köç ediblər. Onlar bir-birinə "sən gilanlı?” - deyə müraciət etmişlər. Bu söz sonradan dəyişikliyə məruz qalmış, "S” hərfi "Z” hərfi ilə əvəzlənmiş, nəticədə Zəngilan sözünün formalaşmasına səbəb olmuşdur. Başqa bir ehtimala görə isə "zən” sözü şərq dillərindən birində "yeni, təzə” deməkdir. Buradan da yeni "Gilan” ifadəsi yaranır. Yazıçı-jurnalist Akif Kərimlinin Zəngilan barəsində 10-dan artıq kitabında da bu toponim barəsində məlumat yer alıb. Ümumilikdə, təxminən 20-dən artıq kitabda digər iki ehtimal isə ilan sözü ilə bağlıdır. Onlardan birində Zəngilan sözünün "ilanla zəngin yer” mənası verdiyi, digərində isə guya ərazidə olan ilanlar zəng cingiltisinə oxşar səs çıxardıqları üçün bu yerin zəngli ilanlar məskəni adlandırıldığı qeyd edilir. Digər bir araşdırma da daha inandırıcı ehtimal da vardır. Məlum olduğu kimi, rayona Zəngilan adı 1930-cu ildə verilmişdir. İlk adı Pirçivan olan rayon mərkəzi isə yalnız 1957-ci ildən Zəngilan adlandırılmışdır. Sözün mənşəyini rayon inzibati ərazi vahidi kimi formalaşanadək mərkəz funksiyasını yerinə yetirmiş "kənd Zəngilan”ın tarixində və coğrafiyasında axtarmaq lazımdır. Daimi axarı olan Oxçu çayının kənarında qərarlaşan kənd münbit torpaqlarda yerləşir. Yaşlı sakinlərin dediklərinə görə, Oxçuçayın suyunu mənfur qonşularımız mis molibden mədənlərinin, Qacaran, Qafan şəhərlərinin çirkab tullantılarının lil qatı ilə çirkləndirib. Nəticədə zəhərlənən, indiki dövrdən fərqli olaraq, keçmişdə çay balıqla zəngin olmuş, bağlar, əkinlər məhsuldarlılığı ilə diqqət cəlb etmişdir. Odur ki, qədim İpək Yolunun üzərində yerləşən bu kəndi zəngin "alan” kimi tanımış və adlandırmışlar. "Alan” hal-hazırda da işlədilən türk sözüdür. Mənası "ərazi”, "sahə” deməkdir. Vurğulamaq lazımdır ki, rayonumuzun adını "Zəngalan” kimi ifadə edənlər də az deyil. "Zəngin ərazi” ifadəsi həqiqətən reallığa uyğundur.


Zəngilan necə işğal olunmuşdu?

XX əsrin sonu Azərbaycan xalqının tarixinə faciələrlə dolu bir dövr kimi yazıldı.
Zəngilan müharibə alovunun qasırğasını 1990-cı ildən daha tez-tez hiss etməyə başladı. Ermənilər dəmir yolunu bağlayıb, qatarları saxlayır, adamları girov götürürdülər. 1992-ci ilin əvvəlindən isə rayonun sərhəd kəndləri döyüş zonasına çevrildi. Yerli əhali gizləyib saxladıqları ov tüfəngləri ilə torpaqlarımızı qoruyurdular. Ermənilər isə xarici havadarların köməyilə mükəmməl silahlanmışdılar. Zəngilanın işğalı artıq 1992-ci ildə faktiki olaraq reallaşmışdı. 1992-ci ilin yanvar ayının sonunda ermənilərin Zəngilana mütəşəkkil hücumları başlayır. Fevralın 1-də Günqışlaq, Qazançı, Dərəli və Vejnəli kəndinə basqın edirlər. Artıq döyüşlər intensiv xarakter almışdı. Aprelin 9-da erməni silahlı birləşmələri Qazançı, Seyidlər, Dərəli, Ağkənd, Pirveyis, Günqışlaq kəndlərinə soxulur. Evlərə od vururlar. Beləliklə, bu kəndlər ermənilərin nəzarəti altına keçir. İki həftə sonra Qazançı və Dərəli kəndləri azad edilsə də, Seyidlər kəndi mühasirədə qalır. Bundan sonra ermənilərin növbəti hücumu iyunun 29-na təsadüf edir. Çox ağır və qanlı döyüşlər iki saat çəkir. Artıq iyulun 6-da düşmən rayon mərkəzini atəşə tutur. Bütün yayı Zəngilanın kəndləri və rayon mərkəzi düşmən atəşinə məruz qalır. Bir müddət fasilədən sonra oktyabrın 20-də ermənilərin döyüş təyyarələri rayon mərkəzini bombalayır. Dekabrın 10-da Seyidlər kəndi yenidən ermənilər tərəfindən işğal olunur. Beləliklə də, 1992-ci ilin sonunda Zəngilanın 13 yaşayış məntəqəsi, bir çox strateji yüksəklikləri düşmənin əlinə keçir. Bununla da rayonun işğalının əsası qoyulur. Vəziyyət getdikcə gərginləşirdi. 1993-cü ildə isə döyüşlər ara vermirdi. Yaz aylarında ermənilərin hücumları daha da intensivləşir. Martın 2-də Aşağı Göyəli və Canbir kəndləri işğal olunur. İki gün sonra Şayıflı və ətraf kəndlərə düşmən hücumları genişlənir. Rayon mərkəzi atəş altında qalır. Belə bir şəraitdə çətinliklərə baxmayaraq mərd əhali təslim olmur, düşmən hücumları dəf edilirdi. İyulun 19-da Qızıldaş qəsəbəsi döyüş meydanına çevrilir. Avqustun 25-də erməni hərbi birləşmələri genişmiqyaslı hücuma keçərək, daha 5 kilometr irəliləyir. Oktyabrın sonuna yaxın rayon tam mühasirə vəziyyətinə düşür. Oktyabrın 25-26-da Sığırt və Bartaz yüksəklikləri işğal olunur. Bununla da Zəngilanın mühasirəsi başa çatır. Doğma yurdunu tərk edən təxminən 34 min əhali İran sərhədinə-Araz çayının kənarına toplaşır. Gursulu Araz çayını isə keçmək mümkün olmur. Xalqımızın xilaskarı, ümummilli lider Heydər Əliyev bu dəfə də xalqın köməyinə gəlir. O, İran hökuməti ilə danışıqlar aparır və Araz çayı üzərindəki bənddə suyu bağlayırlar. Yalnız bundan sonra əhali çayı keçib, xilas olur.
Hazırda Zəngilan rayonunun məcburi köçkünləri Bakıda və respublikamızın 43 rayonunda müvəqqəti məskunlaşıb.


İşğaldan əvvəl
rayonda idmana
böyük maraq olub


"Olimpiya dünyası” qəzeti olaraq Zəngilan idman tarixi barəsində məlumat verməyi özümüzə borc bildik. 27 il əvvələ qədər Zəngilanın idmanın həyatında baş verən bir sıra hadisləri və idman sahəsini əhatə edən nəticələri bir araya topladıq.
Belə ki, Zəngilanda ilk rəsmi idman tədbiri rayon Komsomol Gənclər Təşkilatı tərəfindən 1941-ci ildə idmanın gimnastikası növü üzrə keçirilib. İdman yarışında Məmmədbəyli kəndinin "Bakraboçi” kolxozunun komandası I yerə layiq görülmüşdür. 1951-ci ildə Məhsul Kənd Könüllü Bədən Tərbiyəsi və İdman Cəmiyyətinin yaradılması respublikada, o cümlədən Zəngilanda idmanın inkişafında yeni mərhələ olub. Xüsusilə 1960-70-80-ci illərdə rayonda futbolun inkişafı özünün pik nöqtəsinə çatmışdır. Respublika birinciliyinə vəsiqə uğrunda yarışan rayon yığması respublikanın futbol mütəxəssislərinin diqqət mərkəzində olmuşdur. O dövrdə komandada Şahmar Həsənov, Salam Cavadov, Nizami Məhərrəmov, Fazil Təhməzov və digər futbolçular heyətin əsasını təşkil etmişlər.
İşğala qədər rayonda idmanın futbol, voleybol, atletika, şahmat və yunan-Roma güləşi növü geniş yayılmış və inkişaf etmişdir. Zəngilanlı idmançılar təmsil olunduqları idman yarışlarında daim yüksək bacarıq və əzmkarlıqları ilə seçilmişlər. Məlumat üçün bildirək ki, rayonun işğalı ilə "Məhsul” Kənd könüllü İdman Cəmiyyəti rayon şurasının 1500 nəfərlik stadionu, 10 sadə idman qurğusu, 13 voleybol və 5 basketbol meydançası düşmənlər tərəfindən zəbt edilib. Xeyli idman inventarı və cəmiyyətin nəzdnində olan "İdman servis” firmasının "Süsən” mağasının ərzaq məhsulu və idman inventarı düşmənin əlinə keçmişdir.


Zəngilan
idmanı bu gün

İşğaldan sonra rayon əhalisi məcburi olaraq respublikanın 43 rayonuna səpələniblər. Rayonun hər sahədə geriləmələri idmandan da yan keçməyib. Bu hal təbii olaraq bütün sahələrə olduğu kimi, idman sahəsinə də ciddi zərbə vurub. Lakin qısa zaman kəsiyindən sonra yeniyetmə və gənclərimizin idmanla məşğul olması üçün müəyyən işlər görülmüş, bu istiqamətdə ciddi nailiyyətlər əldə olunmuşdur. Bu gün rayon sakinləri məskunlaşdığı şəhər və rayonlarda idmanın futbol, voleybol, atletika, taekvondo, kikboksinq, şahmat, karate-do, cüdo, yunan-Roma və sərbəst güləş növləri daha geniş məşğul olurlar. Hər il adı çəkilən idman növləri üzrə rayon birincilikləri, turnir və açıq rayon birincilikləri təşkil olunur, respublika əhəmiyyətli idman tədbirlərində zəngilanlı idmançıların iştirakı təmin olunur. Eyni zamanda rayon Təhsil Şöbəsinin nəzdində futbol, voleybol və atletika idman növlərinin təlimini həyata keçirən Uşaq-Gənclər İdman Məktəbi və Şahmat Uşaq-Gənclər İdman məktəbləri fəaliyyət göstərir.
Zəngilanlı idmançılar arasında kifayət qədər uğur qazanan idmançıların da sayı az deyil. Azərbaycan şahmatında böyük nüfuza malik olan Məmmədyarovlar məhz zəngilanlı ailənin nümayəndələridir. Cüdo üzrə üçqat Avropa çempionu, Olimpiya Oyunlarının iştirakçısı Elçin İsmayılov, güləş üzrə Avropa və dünya çempionu Orxan Əhmədov, II Avropa Oyunlarının qalibi Asiman Qurbanlını misal göstərmək olar. Şəhriyar Məmmədyarov, Türkan və Zeynəb Məmmədyarova bacıları Azərbaycan yığma komandasının üzvləri, beynəlxalq qrossmeysterləridir. Bundan başqa Siyavuş Bayramov (karate), Nurlan Qədimov (kikboksinq), Bəhruz Rüstəmov (şotakan karate-do) və digər idmançılar zəngilanlı ailəsində böyüyüb, boya-başa çatıblar.
Artıq Zəngilan işğaldan azad olunmuş rayonlarımız sırasındadır. 27 ildən sonra oktyabrın 20-də rəşadətli Azərbaycan Ordusu Zəngilan rayonunu düşməndən azad etdi. Bununla da Müstəqil Azərbaycanın zəfər salnaməsində yeni bir səhifə açıldı. Artıq uzun illər doğma yurdundan didərgin düşən zəngilanlılar torpaqlarına geri qayıda biləcəklər. Tezliklə həmin ərazilər abadlaşacaq, əvvəlki kimi həyat axarına düşəcək. Həmin kəndlərdə idman da yeni mərhələyə qədəm qoyacaq. İnanırıq ki, Zəngilanın müxtəlif idman növləri üzrə yığma komandaları formalaşacaq. Rəqib komandalar səfər görüşlərini, təlim-məşq toplanışlarını Zəngilanda keçirəcəklər. Bunun üçün artıq heç bir maneə yoxdur. Çünki Zəngilan Qarabağdır, Qarabağ Azərbaycandır!

Anar Əhmədov

121587 oxunub

InvestAZ