XƏBƏR LENTİ
19 Aprel 2024
18 Aprel 2024
17 Aprel 2024



ADBTİA idman və sağlam həyat tərzinin təbliğində aparıcı rol oynayır
İdman 13:40 / 15.09.2020
Təhsil elmin bazası olduğu kimi, elm də təhsilin hərəkətverici qüvvəsidir. Elmlə təhsili bir-birindən ayırmaq mümkün deyil. Elm və təhsilin bağlılığının səbəbi hər ikisində bilik, məzmun və praktik bacarığın formalaşdırılmasındadır. Təhsili insan dünyaya göz açdığı gündən alır, elmə isə artıq qazanılmış olduğu biliklərin sonda gəldiyi nəticəsinə əsaslanmaqla sahib olur. Bütün elmlərin bünövrəsinin təhsillə qoyulduğu ideyası hər zaman dəstəklənib. Təhsilsiz elm, elmsiz təhsil ola bilməz.
Bu gün müstəqil respublikamızda elmin, təhsilin maddi-texniki bazası inkişaf etdirilir, yeniləşir, ən müasir, qabaqcıl texnologiyalar ölkəmizə gətirilir, onların əhalinin geniş kütlələri tərəfindən mənimsənilərək ümumi işin səmərəsi üçün tətbiq edilməsi istiqamətində tədbirlər həyata keçirilir.
Müasir dünyada elm və təhsilin inteqrasiyası mühüm trendlərdən biri kimi çıxış edir. Beləliklə, bu gün təklif olunan inteqrasiyanın iki istiqaməti - təhsildən elmə və elmdən təhsilə yeni deyildir, əksinə, onlar kifayət qədər yaxşı sınaqdan keçirilib. Şübhəsiz ki, informasiyanın artım sürəti yeni idrak metodlarını da diktə edir. Ona görə də bu gün elmlə təhsilin inteqrasiyası fonunda metodoloji yanaşmalar dəyişməlidir. Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında ixtisasından və xüsusiyyətlərindən asılı olaraq vahid tədris planlarının hazırlanması sahəsində (2015-2020-ci illər) də xeyli işlər görülmüşdür.
ADBTİA-nı idman və sağlam həyat tərzinin təbliğində aparıcı rol oynayan, ən müasir tələblərə cavab verən, elmi və praktiki təcrübə əsasında idman təhsilini təmin edən və beynəlxalq standartlara cavab verən ali təhsil müəssisəsinə çevirməkdir. Akademiyada düşünülmüş və ardıcıl islahatlar başlanılmış, tədrisin təkmilləşdirilməsi məqsədilə ilk növbədə maddi-texniki bazanın gücləndirilməsi işləri aparılmışdır. Akademiyada keçirilmiş elmi tədbirlər, beynəlxalq və respublika səviyyəli konfranslar, "Elmi xəbərlər” jurnalının fəaliyyəti, fakültə tələbə elmi cəmiyyətlərinin fəaliyyəti, universitet əməkdaşlarının qazandıqları elmi-tədqiqat qrantları, beynəlxalq elmi əməkdaşlıq, dərc edilmiş elmi işləri əhatə edir.
Elmi fəaliyyətin inkişaf etdirilməsi, onun keyfiyyət səviyyəsinin yüksəldilməsi və ölkəmizin elmi nüfuzunun dünyada gücləndirilməsi məqsədi ilə Azərbaycan Respublikasının Təhsil Nazirliyi və bir neçə şirkəti arasında əməkdaşlıq haqqında müqavilələr imzalanıb. Bu müqavilələrə əsasən, ADBTİA-da daxil olmaqla Azərbaycanın 20 ali təhsil müəssisəsi və elmi təşkilatları "Thomson Reuters” informasiya agentliyinin məlumat bazalarına tam çıxış əldə edib.
Akademiyanın təxminən 4600 tələbəsi hər il müəyyən biliklərin və praktiki bacarıqların inkişafını tələb edən müxtəlif fənlər keçir.



Gənclərin elmi fəaliyyətə cəlb edilməsi üçün
bir sıra tədbirlər görülüb


2016/2017-ci tədris ilində Akademiyada Multimedia Mərkəzi yaradılmışdır. "İdman Jurnalistikası” Magistr ixtisasının yeni yaradılmasında əsas məqsəd bu sahədə beynəlxalq səviyyədə rəqabətə davamlı kadrların yetişdirilməsidir.
Respublikanın və xarici ölkələrin aparıcı elmi təşkilatları və ali təhsil müəssisələri ilə elm və təhsil sahəsində əməkdaşlığa dair beynəlxalq (13) və regional (12) səviyyəli (14) müqavilə və ya memorandum imzalanıb.
Beynəlxalq əməkdaşlıqla yanaşı, regional əməkdaşlıq, o cümlədən 12 istehsalat müəssisələri ilə əlaqələr daha da inkişaf etdirilib. Bütün bunları nəzərə alaraq, cari tədris ilinin əvvəllərində Elmi Şurasının qərarı ilə ADBTİA-da Elmi tədqiqatların ekspertizası üzrə Etik komitə yaradılıb. Etik komitə daimi fəaliyyətdə olan orqandır və elmi tədqiqatların etik-hüquqi cəhətdən idarə olunmasına xidmət edir. Elmi tədqiqatların keyfiyyətinin yüksəldilməsi məqsədi ilə 2018-ci ildə akademiyanın elmi jurnalının restrukturizasiyası və müasir nəşriyyat standartlarına cavab verməsi istiqamətində işlər aparılmışdır. Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında əsasən 3 elmi istiqamət üzrə elmi-tədqiqat işləri aparılır:

I. Bədən tərbiyəsində kütləvilik və sağlam həyat tərzinin formalaşdırılması (o cümlədən, məktəblilərin və gənclərin fiziki aktivliyi, adaptiv bədən tərbiyəsi, idmanın qeyri-infeksion xəstəliklərin profilaktikasında rolu, sağlam həyat tərzinin təşviqində innovativ yanaşmalar)
II. Peşəkar idmançıların hazırlıq sisteminin təkmilləşdirilməsi (o cümlədən, idmançıların fərdi göstəricilərinin yaxşılaşdırılmasına yönəlmiş texnologiyalar və anti-dopinq, idman məşqində innovativ yanaşmalar və metodikalar, idmanda tibbi-bioloji təminat və reabilitasiya)
III. Bədən tərbiyəsi və idman fəaliyyətinin təşkili (o cümlədən, idman iqtisadiyyatı, idman menecmenti, peşəkar idman tədbirlərinin təşkili məsələləri, kadr hazırlığında innovativ yanaşmalar və metodikalar, tədrisdə yeni texnologiyaların tətbiqi, diplomdan sonrakı təhsilin təkmilləşdirilməsi, idmanda kommunikasiyalar).
İdman tibbi və reabilitasiya kafedrasında, tibb elm sahəsi üzrə əsasən 5 mövzudan elmi tədqiqat işləri aparılmış və mühüm nəticələr əldə edilmişdir. Hazırda ADBTİA-da elmi tədqiqat işi ayrılmış ümumi maliyyələşmə və ödənişli əsaslarla kadr hazırlığından daxil olan vəsait hesabına aparılır. 2018-ci il 25-26 aprel tarixlərində akademiyada "Təhsildə yeniliklərə, idmanda nailiyyətlərə imza ataq!” devizi altında "Müasir idmanda dəyərlər, ənənələr və innovasiyalar” mövzusunda tələbə və magistrantların elmi-praktiki konfransı keçirilmişdir. Bununla yanaşı, 3-4 iyul tarixlərində "Müasir dövrdə bədən tərbiyəsi və idmanın inkişaf perspektivləri” mövzusunda ADBTİA-nın professor-müəllim heyətinin elmi-praktiki konfransı keçirilmişdir.
ADBTİA-nın elm sahəsində beynəlxalq nüfuzunun artırılması istiqamətində məqsədyönlü və ardıcıl işlər aparılıb. Belə ki, Beynəlxalq təcrübənin öyrənilməsi məqsədilə 2016-cı ilin mart-avqust aylarında akademiyanın Strateji Planlaşdırma üzrə İşçi Qrupunun üzvləri Belarus Dövlət Bədən Tərbiyəsi Universiteti, Acıbadəm Universiteti, Hacəttəpə Universiteti (42 438 tələbə), Mərmərə Universiteti (51 000 tələbə), İstanbul Universiteti (178 901 tələbə), Ankara Universiteti (66 555 tələbə), Sofiyada "Vassil Levski” Milli İdman Akademiyası, Köln Alman İdman Universiteti (6,000 tələbə), Şeffield Hallam Universiteti (31,500 tələbə) və Lyublyana Universitetinə (42,922 tələbə) səfər etmişlər. Səfər zamanı idman tibbi, idman menecmenti və idman jurnalistikası da daxil olmaqla bədən tərbiyəsi və idman sahəsində mütəxəssislərin hazırlanması üzrə təhsil modelini öyrənmək üçün müxtəlif görüşlər keçirilmişdir. Tədris və elmi-tədqiqat laboratoriyalarının işinin təşkil edilməsinə və onların müasir təhsil prosesində rolunun öyrənilməsinə xüsusi diqqət yetirilmişdir.

Təhsil elmin bazası
olduğu kimi, elm də təhsilin
hərəkətverici qüvvəsidir


Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında 2017-ci ildən üç yeni magistr ixtisasları - İdman Tibbi və Reabilitasiya, İdman Menecmenti və İdman Jurnalistikası yaradılmışdır. Həmin ixtisaslar üzrə akademiyanın tədris proqramının hazırlanması üçün Köln Alman İdman Universiteti ilə birgə iş barədə ilkin razılıq əldə edilmişdir. Köln Alman İdman Universitetinin professor-müəllim heyətinin akademiyanın tədris prosesinə cəlb edilməsi üzrə növbəti addımların müzakirəsi üçün 2-5 iyun 2016-cı il tarixlərdə akademiyada Alman İdman Universitetinin vitse-prezidenti, professor Kristofer Bruerlə bir neçə görüş keçirilmişdir. Professor Bruerin Gənclər və İdman Naziri və Təhsil Naziri ilə görüşləri zamanı akademiyada daha çox Köln Alman İdman Universitetinin təhsil modelinə istinad etmək məqsədəuyğun hesab edilmişdir.
Bununla yanaşı, "İdman menecmenti”, "İdman jurnalistikası” ixtisaslarının inkişaf etdirilməsi məqsədi ilə Birləşmiş Kralığın Şeffild Hallam Universiteti ilə çox yaxında əməkdaşlıq edilir. Akademiyanın Xarici Əlaqələr üzrə sabiq müşaviri Şəmsiyyə Mustafayeva Şeffild Hallam Universitetində işgüzar səfərdə iştirak etmişdir. Universitetin professor Martin Smith Villiam da akademiyada 1 həftəlik işgüzar səfərdə olmuşdur.

"İdman Jurnalistikası” proqramının inkişaf etdirilməsi məqsədi ilə Birləşmiş Krallığın Dan Mason media mərkəzinin rəhbəri olan Dan Masonla sıx əməkdaşlıq edilir. O, akademiyada bir neçə dəfə uzun müddətli işgüzar səfərlərdə olmuş və proqramın hər tərəfli inkişaf etməsi üçün dəstəyini göstərməkdə davam etdirir. Bununla yanaşı həmdə Akademiyada "İdman Jurnalistikasının” proqram direktoru kimi çalışır.
İdman təşkilatlarının təcrübəli menecerləri və bu sahədə öz karyerasına yeni başlayan mütəxəssislər üçün M.V.Lomonosov adına Moskva Dövlət Universiteti İqtisad fakültəsi ilə birgə "İdman menecmenti” ixtisası üzrə ixtisasartırma kurslarının keçirilməsi barədə razılıq əldə olunmuşdur.
ADBTİA-da Böyük Britaniyanın Şeffild Hallam Universiteti ilə birgə idman menecmenti və idman jurnalistikası magistr ixtisasları üzrə kurikulum keçrilib. Eyni zamanda, bu ölkənin Qlazqo Universiteti və London Kollec Universiteti ilə birgə idman tibbi və reabilitasiyası üzrə magistr proqramı hazırlanmışdır. Qeyd olunan proqramlar ingilis dilində və modullar əsasında tədris edilir.
Təhsil elmin bazası olduğu kimi, elm də təhsilin hərəkətverici qüvvəsidir. Hazırda ADBTİA-da 478 (2020-ci il sentyabr ayına olan vəziyyətdə) mütəxəssis çalışır ki, onlardan da 48 nəfər fəlsəfə doktoru (onlardan 18 nəfəri bədən tərbiyəsi və idman sahəsi üzrədir), 9 nəfəri isə elmlər doktorudur (onlardan bir nəfəri bədən tərbiyəsi və idman ixtisası üzrə pedaqogika üzrə elmlər doktorudur (D.Q.Quliyev)). Ölkədə bədən tərbiyəsi və idman sahəsi üzrə elmi dərəcəsi olan alimlərin təxminən 60 faizi ADBTİA-da çalışırlar. ADBTİA-da Azərbaycanda tədqiqat və işləmələrlə məşğul olanların sayı 2015-ci il kimi 48-ə, 2020-ci ildə isə 41-ə çatmışdır. Maraqlıdır ki, bu sayın 30 nəfəri elmi-tədqiqat təşkilatlarına və 40 nəfəri isə idman akademiyasına aid edilir. Yeri gəlmişkən, 2016-2020-ci illər arasında ADBTİA-da tədqiqat və elmi işlərlə məşğul olanların sayı 3,1 dəfə artdığı halda, başqa təhsil ocaqların bədən tərbiyəsi və idman fakültələrində bu göstərici 2 dəfə azalmışdır. (buna əsas, universtetlərin nəzdində bədən tərbiyəsi və idman kafedraların fəaliyyətin dayandırılmasıdır).
İdman akademiyasında alimlik dərəcəsi olan tədqiqatçıların sayı 60 ildə ölkə üzrə cəmi 47 nəfər (1930-1990-cı illərdə) müdafiə etmişdilərsə, 30 ildə (1991-2018-ci illərdə) isə 27 nəfər alimlik dərəcəsini almışlar. Beləliklə, akademiyada elmin rolu müstəqillik illərində daha üstün sürətlə böyüyür.

Bu sahədə dərc olunmuş elmi işlər, təşkil olunmuş beynəlxalq və milli tədbirlər, həyata keçirilmiş proqram və layihələr, innovasiya sahəsində fəaliyyətin nəticələri öyrənildikdən sonra akademiyada ilk dəfə olaraq doktoranturanın yaradılması barədə qərar qəbul etmişdi. Təhsil Nazirliyi və Gənclər və İdman Nazirliyi isə bu işdə hərtərəfli dəstək göstərmişdi. Beləliklə, 2020-ci ildə ilk dəfə olaraq ADBTİA-da doktorantura və magistratura şöbəsi yaradıldı.
Akademiyada son beş ildə doktorontura üzrə təhsil alanların sayı 9, xaricdə təhsil alanların sayı 1, doktoranturaya yeni qəbul olunan dissertantların sayı 1, doktoranturanı bitirənlərin sayı 9, fəlsəfə üzrə müdafiə edənlərin sayı 2, fəlsəfə üzrə müdafiəyə hazırlaşanların sayı 5, elmlər doktoru üzrə 2, magistratura üzrə əyani şöbədə təhsil alanların sayı isə 18-dir. Akademiya əməkdaşlarının elmi fəaliyyətinin əsas göstəricisi kimi elmi-tədqiqat işlərinin yekununa aid elmi məqalələrin beynəlxalq elmi ictimaiyyət tərəfindən birmənalı şəkildə nüfuzlu hesab edilən xarici elmi jurnallarda dərc olunur.
Akademiyada son beş ildə 1571 elmi-metodik əsər çap edilib. Onlardan respublika səviyyəli elmi jurnallarda 981, xaricdə 18, indekslənən jurnallarda isə 8 məqalə çap olunub. Çap olunan monoqrafiyaların sayı 32, dərsliklərin sayı 8, dərs vəsaitlərinin sayı 32, proqram və metodik vəsaitlərin sayı 375-dir. Respublika səviyyəli nəşrlərdə 42, beynəlxalq səviyyəli nəşrlərdə isə 21 tezis çap olunub. Bundan əlavə Akademiya əməkdaşları tərəfindən xarici universitetlərdən olan alimlərlə birgə elmi tədqiqat işləri aparılıb və birgə məqalələr çap etdirilib.
İdman akademiyasında yeni elmi modelin qurulması prosesində bakalavr və magistr ixtisaslarının istiqamətləri ilə əsaslı şəkildə uzlaşdırılır. Məsələn, 1999-2019-cu tədris illərində magistraturanı bitirən 425 məzunundan 315 nəfəri kişi 110-nu qadın olmuşdur. Onlardan 323-ü "Fiziki tərbiyənin nəzəriyyəsi və metodikası”, 88-i "Bədən tərbiyəsi və idmanda tibbi bioloji təminat və reabilitasiya”, 6-sı "İdman jurnalistikası”, 3-ü "İdman menecmenti”, 5-i isə "İdman tibbi və reabilitasiya” ixtisaslaşmaları üzrədir. Magistraturada 407 Azərbaycan Respublikasının, 8 Türk Cümhuriyyətinin və 10 İran İslam Respublikasının vətəndaşları təhsil almışdılar. Magistr dissertasiyalarının 354-ü Azərbaycan, 57-si rus, 14-ü isə inglis dilində yazılmışdır.
Təhlillər göstərir ki, hələlik "Fiziki tərbiyənin nəzəriyyəsi və metodikası” ixtisasları magistraturada dominant mövqeyə malik olub 64,3 faiz təşkil edir, qalan 33,4 faiz isə yuxarıda qeyd edilən başqa istiqamətlərdir. Akademiyada "Fiziki tərbiyənin nəzəriyyəsi və metodikası” elmlər üzrə mütəxəssislərin hazırlanması yekunda "Bədən tərbiyəsi və idmanda tibbi bioloji təminat və reabilitasiya”, "İdman jurnalistikası”, "İdman menecmenti”, "İdman tibbi və reabilitasiya” sahələrinin sürətli inkişafını təmin edir.
Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında kadr potensialının daha da gücləndirilməsi doktorantların hazırlanması işinə gələcəkdə daha çox töhfə verəcək.
Təhsilin keyfiyyətinin yüksəldilməsi elmi-tədqiqat işləri ilə bilavasitə bağlıdır. Bu baxımdan ali məktəb müəllimlərinin bu sahədəki fəaliyyətlərinə xüsusi önəm verilir. Qabaqcıl ölkələrdə elmi-tədqiqat işləri başlıca olaraq universitetlərdə və tədris müəssisələrində aparılır.
Qabaqcıl Avropa universitetlərində elmi tədqiqat aparmayan müəllim, elmi ictimaiyyətin üzvü olaraq qəbul edilmir. Nəşr yoxdursa, deməli tədqiqat yoxdur. Elmi tədqiqat fəaliyyəti olmayanlar, müəllimlik məsləyindən kənarlaşdırılır.

45575 oxunub

InvestAZ