XƏBƏR LENTİ
29 Mart 2024
27 Mart 2024
26 Mart 2024
25 Mart 2024



İrina Kindzerska: “Olimpiya Oyunlarının təxirə salınması xəbəri məni ağlatdı”
Müsahibə 15:08 / 08.06.2020

Artıq uzun müddətdir ki, koronavirus infeksiyası pandemiyaya çevrilib və milyonlarla insanı qorxu içərisində saxlayır. Azərbaycan da daxil olmaqla bir sıra ölkələrdə koronovirusa qarşı mübarizə məqsədi ilə karantin rejimi elan olundu. Dövlətimiz tərəfindən tətbiq olunan sosial izolyasiya tədbirləri bir sıra sahələrə olduğu kimi, idman sahəsinə də təsirsiz ötüşmədi. Belə ki, idman zalları bağlandı, planetin ən nüfuzlu yarışları isə təxirə salındı. Bəs, görəsən idman yarışlarının təxirə salındığı və idman zallarının bağlandığı vaxtlarda legioner idmançılarımız karantin rejimini harada və necə keçirirlər, onlar bu rejimə necə əməl edirlər? Bu məqsədlə cüdo üzrə milli komandamızın əsas simalarından biri olan İrina Kindzerska ilə əlaqə saxladıq. Əslən Ukraynadan olan qadın cüdoçumuz karantin rejimini hazırda öz ölkəsində ailəsinin yanında keçirir. Dünya və Avropa çempionatlarının bürünc, IV İslam Həmrəyliyi Oyunlarının gümüş medalçısı olan ağır çəkili cüdoçumuz söhbət əsnasında karantin dövründə fiziki səviyyəsini necə saxlamasından, Olimpiya Oyunlarının təxirə salınmasından və başqa mövzulardan danışdı. İrina Kindzersakanın olimpnews.az saytına və "Olimpiya dunyasi.com” saytına verdiyi səmimi müsahibəni oxucularımıza təqdim edirik.

- İrina xanım, yaranan pandemiya vəziyyəti ilə bağlı nə düşünürsünüz?

- Təbii ki, bütün dünyada ölən və virusdan əziyyət çəkən insanları görmək çox acınacaqlıdır. İşdən yorulan insanlar karantinin ilk həftələrində istirahətə kökləndilər. Lakin pandemiya hər bir sahəyə ziyan vurdu və xeyli sayda insan işsiz qaldı. Ailəsinə, övladına qazanc gətirə bilməyən insanların gözlərində qorxu və acizlik var. Bəziləri isə ailəsinə çörək pulu gətirmək üçün virusa yoluxmağa belə razıdırlar və bu həqiqətən dəhşətlidir. İnsanlar gələcəkdə nəyin olacağını bilmədikləri üçün daha da təşvişə düşürlər. Virusa yoluxanların sayının nə zaman azalacağını və gələcəkdə bizi nəyin gözlədiyini təsəvvür edə bilmirəm. İnternetdə pandemiyanın ikinci dalğasının olacağı ilə bağlı məlumatlar yayılıb. Hətta bunun bir neçə il davam edəcəyi deyilir. Hesab edirəm ki, koronavirus pandemiyası bitdikdən sonra insanların əvvəlki həyat rejiminə qayıtması çox çətin olacaq. Lakin ümid edirəm ki, yaxın gələcəkdə xəstəlik bitəcək və xoşagəlməz bir hal kimi yaddaşımızda qalacaq.

- Olimpiya Oyunlarına lisenziya qazanmağa çox yaxın idiniz. Lakin pandemiya bir anda hər şeyi alt-üst etdi. Olimpiadanın təxirə salınması qərarını necə qarşıladınız?

- Etiraf edim ki, Olimpiya Oyunlarının təxirə salınması xəbəri məni ağlatdı. Bu, mənə həqiqətən də çox pis təsir etdi. Beləki, idmançılar mütamadi olaraq məşq edib, idman dünyasının ən önəmli yarışına həyəcanla hazırlaşırdılar. Yarışların təxirə salınması xəbəri isə hazırlıq səviyyəmizi və fiziki formamızı daha bir il dəyişilməz saxlamalı olmağımız mənasına gəldi. Bu isə həqiqətən də çətindir.

- Bəs karantin dövründə hazırlıq səviyyənizin aşağı düşməməsi üçün nə edirsiniz?

-Yaşadığım Kiyev şəhərində artıq bir müddətdir ki, məşq zalları istifadəyə verilib. Yəni həm idmançıların həm də digər insanların rahat şəkildə zala yollanıb məşq etmək imkanı var. Lakin karantin rejiminin daha ciddi olduğu müddətdə məşqlərimin yüksək səviyyədə və effektli keçməsi üçün həyat yoldaşım və məşqçim böyük əmək sərf etdi. Bu müddətdə o, mənimlə birgə evimizin yanında yerləşən meydançada məşq edir, səhvlərimi aradan qaldırmağa kömək olurdu. Etiraf edim ki, məşq zamanı fikrimin dağılmaması üçün o, hətta hər hansısa bir fəndi yerinə yetirmək üçün vaxt təyin edirdi. Çünki məşqsiz evdə qalmaq, karantin bitdikdən sonra fiziki səviyyəni itirmək deməkdir. Sonra isə əvvəlki formaya qayıtmaq çox çətin olacaq. Peşəkar idmançılar üçün karantin rejimi çətin bir dövrdür və müddətdə fiziki səviyyəni qoruyub saxlamaq mütləqdir.

- Sizə ən böyük dəstək olan həyat yoldaşınız da idmançıdır?

-Bəli. Azərbaycanlı olan həyat yoldaşım Həmid Əliyev, idman karyerası dövründə həm cüdo, həm də sambo üzrə güləşirdi. O, bir çox beynəlxalq yarışların mükafatçısıdır. Hazırda isə həyat yoldaşım idman karyerasını bitirib və cüdo üzrə uşaqlardan ibarət qruplara məşqçilik edir.

- İrina xanım, maraqlıdır, karantin dövründə asudə vaxtınızı necə keçirməyə üstünlük verirsiniz?

- Vaxtımın əsas hissəsini yarışlarda və məşqlərdə keçirdiyim üçün karantin rejimini ailəmlə vaxt keçirmək üçün bir fürsət kimi qiymətləndirirəm. Əsasən həyat yoldaşımla bəslədiyimiz itimizi gəzintiyə aparırıq. Təmiz havada gəzməyi çox sevirəm. Həyata keçirməyə vaxt tapa bilmədiyim ev işləri ilə məşğul oluram. Həmçinin ailəmi sevindirmək üçün yeni kəşf etdiyim təamları hazırlayıram və kitab oxuyuram.

- Qeyd etdiniz ki, ailəniz üçün dadlı təamlar hazırlamağı sevirsiniz. Bəs karantin sizin qida rasionunuza necə təsir edib?


- Demək olar ki, o qədər də təsir etməyib. Hər zamanki qidalardan istifadə edirəm. Lakin hərdən rasiona daxil olmayan dadlı təamlardan da yan keçmirəm (gülür).

- Bəzi idmançılar sosial şəbəkələrdə azarkeşləri ilə məşq prosesini bölüşürlər...

- Bilirsiniz, mən sosial şəbəkələrdən çox az istifadə edirəm. Təbii ki, orada azarkeşlərimlə həyatımın nümayiş etməyə ehtiyac duyduğum anlarını paylaşıram. Lakin məşq zamanı fikrin başqa yerdə olursa, bu artıq bütün prosesin pozulmasına gətirib çıxardır. Bundan əlavə həyat yoldaşım və ya məşqçim məşq zamanı telefonu tez-tez götürməyimə icazə vermir. Düşünürəm ki, idmançı üçün bir amil önəmli olmalıdır. O, ya fikrini cəmləyib həqiqətən bütün gücü ilə məşq edir və ya sosial şəbəkələrdə səhifəsini reklam edir və izləyiçi toplayır.

Türkay Niftəliyeva

54793 oxunub

InvestAZ