XƏBƏR LENTİ
10 Avqust 2020
09 Avqust 2020
08 Avqust 2020
07 Avqust 2020
06 Avqust 2020



Tanqonun ritmləri altında...
İdman 15:13 / 04.12.2019

Ənənəvi "Novxanı-chess” beynəlxalq şahmat turnirinin başlanılmasına bir gün qalmış iştirakçıların qeydiyyatı aparılırdı. Munir Validli də ilk dəfə olaraq bu yarışda iştirakını rəsmiləşdirməkdən ötrü Novxanıya gəldi. Əvvəldən planlaşdırdığı kimi reytinq əmsalına uyğun olaraq güclü şahmatçıların təmsil olunduğu "A” kateqoriyasında deyil, "B” kateqoriyasında çıxış edəcəkdi. Elə yenicə blankı doldurmuşdu ki, döşəmədə sürtünmə səsinə arxaya çevrildi. Təxminən 30-32 yaşlı gənc bir qız cəld addımlarla çemodanını sürüyərək yaxınlaşıb Munirin yanında dayandı. Munir azacıq kənara çəkilib onu özündən qabağa buraxdı. O, gülümsəyərək təşəkkürünü bildirib sənədlərini təşkilat komitəsinin nümayəndələrinə təqdim etdi. Daha sonra həmin qız oteldə ona ayrılmış otağa qalxmadan bara yaxınlaşdı və nəsə sifariş edərək keçib divanda əyləşdi. Bir neçə dəqiqə keçmişdi ki, barmen buz əlavə edilmiş kokteyli gətirib qızın qabağına qoydu. Kokteyli içə-içə o, telefonda uzun-uzadı danışaraq hərdən ucadan gülürdü.

Bayaqdan bunları müşahidə edən Munir ani olaraq fikirləşdi ki, xarici görünüşü supermodel təsiri bağışlayan qızın gözəlliyinə söz ola bilməz. Tanrı sanki ondan heç nə əsirgəməyib. Amma deyəsən, ünvanı səhv salıb. Gözəllik müsabiqəsində iştirak etmək əvəiznə, şahmat turnirinə gəlib. Yəqin, həm də yaxşı şahmatçıdır. Ətrafa nəzər salanda Munir gördü ki, orada olanların az qala hamısı həmin qıza baxır.

Nəhayət, o, qalxdı və yığılmış saçlarını açdı. Sarı, uzun, gur saçları kürəyini tutdu. Sonra liftə tərəf istiqamətləndi. Yerişi də çox incə idi.

Səhərisi gün turnirin təntənəli açılışından sonra birinci tura start verildi. Cəmi doqquz tur oynanılacaqdı. Xarici ölkələrdən xeyli şahmatçı gəlmişdi. Təbii ki, Azərbaycan şahmatçıları sayca üstünlük təşkil edirdi. Yarış yüksək səviyyədə təşkil olunmuşdu. Turnir otelin birinci mərtəbəsində keçirilirdi. İştirakçılara asudə vaxtın çox qalması, eləcə də səyahət, əyləncə proqramları nəzərə alınaraq turlar saat 11-də başlanırdı.

Munir ilk turda kobud səhvə yol verərək tez uduzdu. Və dərhal da, həmin o qızın stoluna yaxınlaşdı. Stolun kənarındakı məlumat vərəqində yazılmışdı: Vanda Ruziska, Çexiya Respublikası. Reytinq əmsalı da kifayət qədər yaxşı idi. Çexiyalı şahmatçının stolunun ətrafında gəzənlər, ayaq saxlayıb baxanlar heç də az deyildi.

Munir daha tez-tez Vandaya "baş çəkir”, oyununu izləyirdi. Qız da hərdən başını qaldırıb qəribə baxışları ilə onu süzürdü. Onun yanan, oynaq gözləri var idi. Arabir yerindən qalxıb zaldan çıxanda, geyimi belini daha da incə göstərirdi. Gah plastik qabda su, gah da bir fincan kofe ilə qayıdıb oyununa davam edirdi.

Munir təzəcə stoldan aralanmışdı ki, Vandanın rəqibinin saatını dayandıraraq əlini ona tərəf uzatdığını gördü. Beləliklə, Vanda yarışa qələbə ilə başladı.

Munir hiss edirdi ki, Vandanı gözdən qaçırmayanlar, onunla tanışlığa can atanlar çoxdur. Əslində belə bir istək Munirdə də yaranmışdı.

Vanda isə yenə də kokteylini içdikdən sonra otağına qalxdı və axşamtərəfinə qədər gözə dəymədi. Saat 17:00-də növbəti turun püşkü divardan asıldı. İştirakçılar məlumat guşəsinin ətrafına toplaşıb püşkü nəzərdən keçirməyə başladılar. Tanış şahmatçılarla çay içərək söhbət edən Munir gözlərini liftə tuşlamışdı. Elə bu zaman Vanda pilləkənlərlə düşərək birbaşa giriş qapısına yönəldi. Bilinirdi ki, altdan çimərlik forması geyinib və dənizə gedir. Dəniz kənarında yerləşən otelin sahillə arası 70-80 metr olardı. Yenə çoxlarının baxışları ona dikilsə də, Vanda cəld addımlarla gözdən itdi.

Yerli şahmatçıların oteldə qalmağı nəzərdə tutulmamışdı. Amma kim istəsəydi, endirimli qiymətlə oteldə də otaqla təmin oluna bilərdi.

Munir daha Vandanın qayıtmasını gözləməyib bir neçə yerli şahmatçı ilə şəhərə qayıtdı.

İkinci turda Munir heç-heçə təklifini həvəslə qəbul etdi və tələsik blanklara imza ataraq Vandanın oynadığı stola səmt aldı. Stolun ətrafı yenə də gediş-gəlişli idi. Munir də o tərəf bu tərəfə keçərək bir neçə dəfə yaxınlaşıb oyunu izləyirmiş kimi Vandanın başının üstündə durdu və ona lap yaxından baxdı. Vandada qadın cazibədarlığına aid olan hər şey vardı. Onun bədənində zəriflik, gözlərində ehtiras gizlənmişdi. Arada başını qaldırıb yenə də gülümsəyirdi.

Daha sonra Munir bufetə yaxınlaşıb portağal şirəsi sifariş etdi. Bir qədər keçmişdi ki, Vanda zaldan çıxdı və onun yanından keçərkən ayaq saxlayıb dedi:

- Sən bura şahmat oynamağa gəlmisən, yoxsa mənim oyunuma baxmağa? O qədər başımın üstündə dayandın ki, çaşdırdın məni, çətinliklə heç-heçə etdim.

Ani olaraq duruxan Munir ayağa qalxdı və ona da əyləşməyi xahiş etdi. Vanda ofisianta dondurma və kokteyl istədiyini bildirdi. Onlar təbii ki, söhbətə şahmatla başladılar. Məlum oldu ki, Vanda Bakıya ilk dəfədir gəlir. Məqsədi həm Azərbaycanı görmək, həm də şahmat reytinqini artırmaqdır. Munir də məlumat verdi ki, "Novxanı” beynəlxalq turniri hər il keçirilsə də, birinci dəfədir ki, bu yarışa qoşulur. Məzuniyyətdə olduğu üçün vaxt fürsətindən yararlana bilib. Oyun praktikasını yaxşılaşdırmaq və elə də yüksək olmayan reytinq əmsalını artırmaq niyyətindədir. Söhbətin bu yerində Vanda yumorundan da qalmadı:

- Hər turda mənim başımın üstündə dayanmaqla çətin ki, reytinqini artırasan.

- Sənin oyununa baxmıram, sənə baxıram.

- Onda lap pis, - deyə Vanda güldü. Amma əslinə qalsa, sənin kimi həvəskar şahmatçı olmaq daha yaxşıdır. Ruhi rahatlığını təmin etmək, fikirlərini, qəlbini lüzumsuz qayğılardan, həyəcanlardan qorumaq çox vacibdir. Texnologiyanın inkişafı yeni həyat tərzi gətirmişdir. İndiki nəsil robotlaşır. Peşəkar şahmatçılar da həmçinin. İnternet zamanında hər şey asanlaşıb. Məncə, keçmişdə şahmat daha maraqlı olub. Şahmatçılar da fərqli təsir bağışlayıblar. O ki, qaldı mənə. Şahmatla uşaqlıqdan məşğul oluram. Hazırda daimi məşqçim yoxdur. İndi qız idmançılarının çoxu öz fərdi məşqçiləri ilə roman yaşayır. Əgər daimi məşqçin varsa, əksər hallarda bu baş verir. Şahmatda da belədir. Razısan mənimlə?

Munir çiyinlərini çəkdi.

- Şadam ki, məni anlayırsan, - deyə Vanda söhbətinə davam etdi: - Universitet bitirmişəm, kimyaçıyam. Bura Bakını görmək arzusunda olan anamla gəlməliydim. Son məqamda anamın mənə qoşulması alınmadı. Bu turnirdən sonra Moskvada da nəzərdə tutduğum yarışda iştirak edib Praqaya qayıdacağam. İndi isə Bakı ilə tanışlığa başlamaq üçün getmək istəyirəm.

Vanda Munirin israrlı xahişinə baxmayaraq sifarişinin pulunu özü ödədi. Munir də şəhərə qayıdacağını bildirib dedi:

- İcazə ver, yerli şahmatçı kimi bələdçilik edim. Gəzintinin maraqlı keçməsi, təəssüratın zəngin olması üçün köməyim yerinə düşər.

Vanda əvvəl tərəddüd etsə də, sonradan razılaşdı. Qərara aldılar ki, bir saatdan sonra görüşsünlər.

Orta boylu, cüssəsi böyük olmayan Munirin xoşagələn sifəti var idi. Danışığı, baxışları, təbəssümü, geyimi ilə diqqəti cəlb edirdi. Yaşı qırxı keçsə də, gəncliyinə xas yaraşıqlı xarici görünüşü qalmışdı.

Bakı ilə tanışlıq istənilən turist, qonaq üçün "İçərişəhər”dən başlanır. Munir də ənənəni pozmadı. Birbaşa "Qız qalası”na getdilər. Xeyli gəzintidən sonra axşamtərəfi Munir qonağını "Karvansara” restoranına dəvət etdi. Sifarişin pulunun bərabər ödəniləcəyi barədə Vanda əvvəlcədən şərt kəsdi.

Qırmızı şərab içmək istədiyini bildirən Vanda dedi:

- Qırmızı şərab göz xəstəliklərinin qarşısını alır, görmə qabiliyyətini yüksəldir. Eynək taxdığın üçün bu məsləhəti yadda saxla. Gözlərin isə çox mənalı görünür. Elə eynəyin arxasından da. Mən çox hallarda gözlərə baxanda qəlbləri, duyğuları görürəm. Ağıllı baxışların var. Yaxşı, gəl içək.

Munir isə onun özünə məxsus sehrindən, cazibəsindən heç nə içəcəyinin fərqində də deyildi.

- Mən gözlənilməz tryukları sevirəm. Hətta bu tryuklar uğursuz olsa belə, yenə çəkinmirəm, risk edirəm. Bu da valideynlərimdən mənə irsən keçib. Şahmat oynayanda da, imkan yarananda risk edirəm. Çünki heç-heçələri sevmirəm. Ya qələbə, ya da məğlubiyyət. Hə, tez-tez gülümsə, dünyanın gözəlliklərini görəcəksən, - deyib bokalını Munirə tərəf uzatdı: - Yaşasın xoş hisslər, deyib-gülmək, əyləncələr, bir də şahmat!..

Vanda Munirə tost deməyə imkan vermirdi.

- Məni dəli hesab eləmirsən? Eləsən də olar. Hamıya ağıllı görünməkdən zəhlətökən şey yoxdur.

Hər ikisi bir-birinə qoşulub güldülər.

- Sən gözəlsən, istedadlısan, çoxları sənə həsəd aparır. Turnirdə hamının gözü səndədir. Hətta televiziyalardan gələnlər, jurnalistlər də heç kimə əhəmiyyət vermədən sənə yaxınlaşıb müsahibə götürmək istəyirlər. Sanki səndən başqa qadın şahmatçı yoxdur. Uğurlar hələ qabaqdadır. Deməli, tezliklə səni qrossmeyster görəcəyik, - deyə nəhayət Munir də ilk tostunu dedi.

- Təkcə istedad uğur qazanmağa, şöhrətin yüksəkliklərinə qalxmağa kifayət etmir. İnadkarcasına çalışmaq də lazımdır. Şanslı adamların həyat yolu isə başqadır.

- Əgər həyatda bir şeyi həddən artıq çox, dəlicəsinə istəsən, bu arzu mütləq gerçək olacaq. Əsas odur ki, belə istək, inam, enerji olsun. Onda arzularına çatacaqsan, - deyə Munir fikrini tamamladı.

- Nə isə, fəlsəfə açdıq deyəsən. Planımda var ki, varlı ərəb şeyxinin oğluna ərə gedim. Arzudan söhbət açmısan, bu da mənim istəyim. Amma görürəm ki, Bakıda da varlılar çoxdu. Seçimimi dəyişə də bilərəm, - mənalı tərzdə Munirə baxıb gülən Vanda yenə də yumorunu davam etdirdi.

Ani pauzadan sonra: - Axına qoşulmaq, özünü taleyin ixtiyarına buraxmaq hamısından yaxşıdır. Bilmirik ki, həyatın sonrakı axarı bizi hansı səmtə aparacaq, - bayaqdan çox çılğın, şən təsir bağışlayan Vanda bir az ciddiləşdi və kofeyə keçməyin məqamı çatdığını dedi.

.... Restorandan çıxıb Novxanıya qayıtdılar. Vanda sahildə gəzmək həvəsində olduğunu bildirdi. Ətrafda adamlar heç də az deyildi. Əksəriyyəti də şahmatçılar idi. Arada dondurma yeyib yenə də gəzməyə başladılar. Artıq dəniz kənarında sükut var idi. Elə bir sükut ki... Yalnız suyun zəif səsini hiss etmək olurdu. Bir az keçmişdi ki, meh də duyuldu. Bu gözəllikdən zövq aldığını gizlətməyən Vanda ayaq saxlayıb üzünü Munirə çevirdi:

- Restoranda milli rəqsləriniz çox xoşuma gəldi. Mənim ən çox sevdiyim rəqs isə tanqodur. İstəyirəm ki, sabah məni tanqo oynanılan bir yerə aparasan. Özüm də oynayaram. Əminəm ki, rəqs etməyimi bəyənəcəksən.

Onun gözləri yenə də "oynayırdı”.

Munir mütləq belə bir rəqs məkanı tapacağına söz verdi. Daha sonra onlar xudafizləşib ayrıldılar.

Üçüncü turda oyunu tez bitirməklə qələbə qazanan Vanda otelin girişindəki kafedə Muniri gözləməyə başladı. Munir isə bu dəfə daha inamlı oynamasına baxmayaraq uzun sürən oyunda yenə də heç-heçə ilə kifayətləndi. Vandanı qələbə münasibəti ilə təbrik edən Munir:

- Başının üstündə duranlar, sağa-sola keçənlər yenə də çox idi, - deyə söz atdı.

- Hə, məni çox qıcıqlandırırlar. Belə davam etsə, hakimlərə etirazımı bildirməyə məcburam. Odur, bax, televizionşiklər də gəldilər. Özü də bizə yaxınlaşırlar. Bəlkə, bir şey fikirləşəsən. Nə çəkilişə, nə də müsahibə verməyə həvəsim yoxdur.

Munir tez yerindən qalxıb onları qarşılayaraq söhbət etməli oldu. Bundan sonra operator kənardan bir neçə kadr götürüb aralandı.

Günortadan sonra Munir Bakı ilə tanışlığı davam etdirməyi, axşam isə tanqo rəqsinə görə nəzərdə tutduğu restorana getməyi təklif etdi. Dəvətdən məmnun qalan Vanda paltarını dəyişmək üçün otağına qalxdı.

Munir isə dənizə tərəf getdi. Dəniz kükrəyib coşur, dalğalar bir-birini qova-qova sahilə cumur, sonra da parçalanıb damlalara çevrilir, havaya qalxaraq narın qumluğa səpələnirdi. Bu, Xəzri küləyiydi...

Munir qayıdıb divanda təzəcə əyləşmişdi ki, liftdən çıxan Vanda yenə də hamının diqqətini özünə cəlb etdi.

- Paltar sənə çox yaraşır. Son dəbdə marka malı olduğu kənardan bilinir. Əl çantası da paltara uyğundur. Bir sözlə, çox cəlbedici görünürsən, - deyə Munir onu diqqətlə, başdan ayağa qədər süzdü.

- Tanqoya uyğun paltardır. Axı, rəqsdə geyimin əhəmiyyəti çox vacibdir. Heyf ki, hava küləklidir. Gecə də küləyin səsini eşidirdim. Dalğalar böyük idi. Hətta mənə elə gəlirdi ki, dalğalar sahili aşıb otelə çatacaq. Buna baxmayaraq dan yeri qızaran kimi çıxıb sahili gəzməyə başladım. Hə, qayıdaq yenə tanqoya. Ümumiyyətlə, tanqoya münasibətin necədir?

- Əlbəttə, bir rəqs növü kimi tanqonu sevməyən tapılmaz. Təbii ki, mənim də xoşum gəlir. Təəssüf ki, bacarmıram.

- Hələ turnirin başa çatmasına bir həftə qalır. İstəsən, öyrədə bilərəm səni. Bu rəqs incə ruhlu insanlar üçündür. İncə ruhla sevənlərin rəqsidir. Tanqoda yer, göy, ətraf gözünə görünmür. Bu rəqsdə ürəyi isidən bir hərarət var. Təlatüm, məftunluq, füsunkarlıq var. Dillə deyilə bilməyən sözlər baxışlarla, hərəkətlərlə çatdırılır tanqoda.

- Təəssüf edirəm ki, mən bu rəqsin duyğularını yaşamamışam.

- Yoxlayarsan, öyrənərsən. Peşman olmazsan. Görəcəksən halının necə dəyişdiyini. Özünü tanımayacaqsan sanki...

Onlar şəhəri xeyli gəzib-dolaşdılar. Artıq restorana getməyin vaxtı idi. Munir əvvəlcədən Meksika mətbəxli restoranı nəzərdə tutmuşdu. Bu restoranda tanqo rəqsi də ifa olunurdu.

... Çox da böyük olmayan restoran demək olar ki, dolmuşdu. İnzibatçı onları stola qədər ötürdü. Əyləşən kimi saçlarını çiyninə tökən Vanda yenə də tanqodan danışmağa başladı:

- Bu rəqsin təsir gücünün adamı heyran etməsinə əmin olacaqsan. Tanqo qəlbə yatan qeyri-adi rəqsdir. Kövrək, ülvi duyğular tərənnüm edir. Buna görə də rəqsin cazibə dairəsindən çıxmaq olmur. Tanqo məndə sanki pozitiv adrenalin yaradır. Ovqatım olmayanda, yorulanda tanqo rəqslərinə baxıram. Telefonumda da var. Şahmatla məşğul olduğum saatlarda hərdən taym-aut götürüb özümü tanqoya həsr edirəm. Dərhal gərginliyim keçir, hər şey qaydasına düşür.

Musiqi proqramı gitara və royalda solo ifalarla başladı. Bir qədər sonra restoranın cütlüyünün oynadığı tanqoya Vanda az qala nəfəsini dərmədən, gözlərini qırpmadan baxdı. Daha sonra fikrini bildirdi:

- Hiss olunur ki, elə də peşəkar deyillər. Əslində görüntü yaratdılar. Yəqin nə bacardılar, onu da göstərdilər. Gərək tanqo dünyasının sehrinə düşdüyünü anlayasan. Tamaşaçı tilsimlənmiş vəziyyətə düşməlidir. Bu tilsimdən, sehirdən çıxa bilməməlidir. Ürək fərəhlə, sevinclə döyünməlidir. Tanqoda hərəkətlər durna qatarı kimi ard-arda düzülür. Bu durna qatarından birini ayırsan, yəni, hərəkəti düz yerinə yetirməsən, qatarın səfi pozular, sapı qırılmış dənələr kimi dağılar. Bu baxımdan tanqo çox mürəkkəb rəqsdir. Gərək ritmi tutasan, hərəkətləri düzgün, ardıcıllıqla yerinə yetirəsən. Əks halda bu rəqsdən zövq ala bilməzsən. Bir azdan əsl tanqo görəcəksən.

Musiqi proqramında fasilə yaranan kimi Vanda birdən ayağa qalxıb səhnəyə yaxınlaşdı və tanqo oynamaq istədiyini bildirdi. Daha sonra cütlüyün yaranması üçün mikrofonla zala müraciət etdi. Əvvəlcə yerindən tərpənən olmadı. Vanda yerinə qayıtmaq istəyirdi ki, stolların birindən orta yaşlı, saqqallı və geyimindən əcnəbi olduğu bilinən bir adam onun yanına gəldi.

Onsuz da cazibədar təsir bağışlayan Vanda rəqs zamanı daha da valehedici idi. Saqqallı adam Vanda ilə ayaqlaşa bilmirdi. Amma hər bir halda tanqo rəqsindən ən azından anlayışı olduğu hiss edilirdi.

Rəqs bitən kimi alqış səsləri zalı bürüdü. Nəinki şam yeməyinə gələnlər, hətta restoranın işçiləri, musiqiçilər də heyran qalmışdı. Hamı maraqlı nəzərlərlə ona baxırdı. Vanda yerində əyləşdikdən sonra stola yaxınlaşıb gül verənlər də oldu. Onun gözləri gecələr bərq vuran ulduzlar kimiydi.

- Mən hələ də özümə gələ bilməmişəm. Ən gözəl hisslərin, duyğuların təsiri altındayam. Özündən xəbərin yoxdur, parıltın ətrafa yayılıb, - deyə Munir qədəhlərə şərab süzdü.

- Eh, alqışları çox görmüşəm. Mənə verilən çiçəklər də heç vaxt başımı gicəlləndirməyib. Belə hallarda insanları məftun etməkdən sərxoş oluram. Bir də şahmatda ümidsiz vəziyyətdən çıxanda, yaxud gözlənilməz qələbə qazananda... Nağıllar şəhəri Parisə turnirə getmişdim. Şahmat qaldı bir tərəfdə, rəqsim hamını təəccübləndirdi. Gözləmirdilər şahmatçıdan bu cür rəqs etməyi. Hətta mənə xüsusi mükafat da verdilər. Maraqlı təkliflər də oldu. Bax, belə... Bəlkə də rəqs ulduzu ola bilərdim. Amma şahmatı da çox sevirəm. Mən tanqodan enerji, güc alıram. Bu, yaşamaq üçün çox lazımdır. Şahmatçı üçün də lap vacibdir.

- Məncə, ən yaxşı enerjini insana sevgi verir.

- Sevgi? Anam deyir ki, yaddan çıxar bu sözü. İndi bu reallığa uyğun gəlməyən sözdür. Məhəbbət də vərdişdir, alışmaqdır.

- Bəs, sən necə düşünürsən?

- Onu deyə bilərəm ki, sevgi çox incə münasibətlərdir. Belə münasibətləri romanlarda oxuyub, filmlərdə seyr etmək olar. Digər tərəfdən də yaxşı ki, sevginin sirri açılmır. Əks halda maraqsız olardı sevgi də. Kim deyə bilər ki, biz öz duyğularımızın ağasıyıq?! Nə ömrümüz, nə də yaşantılarımız bizlik deyil.

- Gəl, tanqo mövzusundan uzaqlaşmayaq, - deyə Munir güldü və söhbəti dəyişmədən növbəti sağlığa keçdi: - Sən gözəl keyfiyyətlərdən ibarət bir buketsən. Odlu qızsan. Tanqo da sənə yaraşır. Çünki odlu insanların rəqsidir. Sən rəqs edəndə, bilirsən ani olaraq nə düşündüm? Tanqo adamın sevdiyinə yaxın olmaq istəyini o qədər artırır, şirinləşdirir ki...

İlk dəfə olaraq Munir Vandanın qoluna və saçlarına toxundu.

Vanda bunu gözləyirmiş kimi, Munirin əlindən tutaraq sözlərinə davam etdi:

- Təsadüfi deyil ki, bu ehtiraslı Argentina rəqsi dünyanın hər yerində sevilir. Axı, qadının tamamilə kişinin təsiri altına düşməsini, bütünlüklə özünü onun iradəsinə tabe etdirməsini, nəhayət, xüsusi bir incəliklə ona təhvil verməsini başqa hansı rəqsdə görə bilərsən?! Başqa heç bir rəqsdə bunları duymaq mümkün deyil... Rəqs mütəxəssislərinin ümumi fikri belədir ki, yalnız bu rəqs qadının bütün cazibədarlığını ortaya qoyur...

- Necə gözəl hisslərə toxunursan.

- Onda qoy, fikirlərimin bu yerində sağlığımı da deyim. Heç vaxt hisslərini aşkarlamaqdan qorxma. Yersiz qürur, yaxud mənasız ehtiyatlanmaq bütün gözəl duyğuların qənimidir. Yəqin fikirləşirsən ki, mən qəribə qızam, hə? Bəs, dünya, həyat qəribəliklərlə dolu deyil?! İçək, hissləri duya bilənlərin sağlığına!

Əslində əvvəl-əvvəl Vanda Munirə özünü taleyin axarına buraxan, çox da ciddi olmayan, əhlikef bir qız təsiri bağışlamışdı. Amma Munir bu gün yanıldığını başa düşdü. Qarşısında düşünən, xəyallar quran, ağıllı, istedadlı, şıltaqlıq da yaraşan gözəl bir xanım əyləşmişdi.

... Onlar Novxanıya çatanda çox gec olduğundan Munir şəhərə qayıtmayıb oteldə qaldı. Romantik, maraqlı söhbətlər otel nömrəsində də davam etdi.

- Gözəllik müsabiqələrində niyə iştirak etmirsən? Qalib olacağına şübhə etmirəm. Ya istəmirsən, ya da şahmat mane olur.

- Çoxdan bir dəfə iştirak etmişəm. Amma ilk üçlüyə daxil ola bilmədim. Başa düşdüm ki, belə müsabiqələri kim təşkil edib maliyyələşdirirsə, onun namizədi də qalib olur. Ona görə də bir daha müsabiqələrə qatılmadım.

- Hə, elədir. Kombinatorların işidir belə məsələlər. Hər bir halda istənilən gözəllik, rəqs müsabiqəsinin qalibi olmağa layiqsən. Şahmatı da bura əlavə etsək...

- Bakıda təşkil edə bilsən, yəqin ki, qalib ola bilərəm.

Hər ikisi güldülər və bir-birinə sarıldılar. Sükutu birinci Vanda pozdu:

- Həyat ona görə maraqlıdır ki, kimsə gələcəkdə onu nələr gözlədiyini bilmir. Sirli dünyada yaşayırıq. Hərdən qəribə duyğular məni bürüyür. Bu duyğuların içində nələri düşünmürəm?.. Məsələn, indi səninlə ünsiyyətdə olmaq qəlbimdə heyranlıq, şəfqət doğurur. Dəqiqələrlə dinmədən üz-üzə baxmaq... Gözlərin, sifətin çox şey deyir. Çünki onlarda dumduru bir təmizlik var.

- Mən isə elə bil yuxu görürəm.

- Hə, yaxşı ki, yuxudan söz saldın. Sabah bizi növbəti tur gözləyir. Sən yat, mənimsə, yuxum yoxdur. Vaxtı ilə psixoloji cəhətdən problemlər yaşamışam. Əsəbi həyat sürdüyüm dövr də, olub. Həyat tərzi təbii ki, hər şeyə təsir edir. Elə o vaxtlardan yuxum pozulub.

Munir eşitdikləri ilə bağlı sualdolu baxışlarını Vandaya diksə də, o, əlavə heç nə demədi.

Yetərincə yorulmuş Munir bir azdan yuxuya getdi.

... O, səhər tezdən oyananda Vanda otaqda yox idi. Güman etdi ki, sahildədir. O, yanılmamışdı. Vanda dənizin qırağında qumda oturmuşdu. Hava çox gözəl idi. Günəş üfüqdən qalxıb Xəzəri öz nuruna boyamışdı. Xəfif meh əsdikcə, su rəngini dəyişirdi. Günəşin şüaları altında bərq vuran damlalar qeyri-adi görünüş yaratmışdı. Vanda diqqətlə göz oxşayan mənzərəni seyr edirdi. Munirin gəlişini hiss etmədi. Munir lap yaxınlaşan zaman onu gördü. "Ləpələrin pıçıltısını eşidirsən?” - dedi və qalxıb Munirin əlindən tutaraq sahilə tərəf dartdı. Burada gəzişənlərə, idman edənlərə, sentyabr ayına baxmayaraq, hətta çimənlərə də rast gəlinirdi.

- Dünyada heç bir dəniz Xəzərin yerini vermir mənə, - deyə Munir dilləndi. Quma, dalğalara, damlalara bax. Dünyanın harasında belə möcüzə var?! Sanki Xəzər mürgüləyir. Günəşin şüaları da mavi sularda bərq vurur.

- Nə gözəl mənzərə, nə gözəl anlardır. Heç bu dəqiqələrin bitməsini istəmirəm. Özümü burada çox rahat hiss edirəm.

- Sentyabrda payız lövhələri dənizin sahilində çox gözəl olur. Günəşin qaynarlığı da azalır.

Səhər yeməyini otelin qabağında açıq havada yedilər. Burada da hər tərəf göz oxşayırdı. Gözəl gül-çiçək qoxusu ətrafa yayılmışdı. Vanda hərdən durur, əyilib gülləri qoxulayır, ora-bura göz gəzdirir, bir neçə addım ataraq gəzir, sonra gəlib yerində əyləşirdi.

Munir fikirləşirdi ki, bu qız demək olar gecəni yatmayıb, görəsən, növbəti partiyanı necə oynayacaq. Ancaq gözlədiyinin əksinə olaraq Vanda turu qələbə ilə başa vurdu. Munir də nəhayət, ilk qələbəsini qazandı.

Munirin qələbəsini bilən Vanda sevincini yumoruna qatdı:

- İstəyirəm xoşbəxtlikdən ağlayam. Deyəsən, tanqo sənə düşərli oldu. Bu gün gəzinti olmayacaq. İstirahət edib tanqo dərslərinə başlayacağıq. Gör, hələ tanqonu öyrəndikdən sonra nələr olacaq. Turnir ekvator xəttini keçmək üzrədir, xal ehtiyatını artırmaq lazımdır.

- Hə, mən də bu fikirdəyəm. Sən liderlər qrupundasan, hər xalın əhəmiyyəti var. O ki, qaldı, tanqo dərslərinə, səbirsizliklə həmin anları gözləyirəm, - deyə Munir bufetdən bəzi şeyləri almağa getdi.

Oteldə bir qədər istirahətdən sonra Vanda telefonunda olan tanqonun ritmləri altında "birinci məşğələdə” böyük həvəslə hər rəqs hərəkətini Munirə izah etməyə, əyani göstərməyə başladı. Fasilələrlə hərəkətlər təkrarlanır, ardınca da birgə rəqs edirdilər. Munir yorulsa da, üzə vurmurdu.

Daha sonra Vandanın təklifi ilə tanqo melodiyaları altında sürətli şahmat oynadılar. Hər iki oyunda Vanda qalib gəldi.

- Tanqonu necə oynayıramsa, şahmatı da, elə o cür oynayıram, - deyə Munir güldü.

Telefonundakı tanqo ritmləri altında yenə Muniri rəqsə dəvət edən Vanda:

- Gül, sevin, xoş sözlər danış, əhvalını yaxşı saxla, rəqs elə... Bunlar hamısı bizim üçündü...

Rəqs bitən kimi Vanda duş qəbul etməyə getdi. Munir isə ətirli əla növ Azərbaycan çayı dəmlənməsini sifariş etdi.

- Kaprizlərim səni yormur? Tanqo rəqsi ilə səni təngə gətirmirəm? - xeyli müddətdən sonra qayıdan Vanda elə xalatda da özünü Munirə sıxdı və cavabı da gözləmədən sözlərinə davam etdi:

- Bu rəqsdən xüsusi, izaholunmaz bir zövq alıram. Rəqs boyu hər şeyi unuduram. Sanki ani olaraq dəlicəsinə özümü alovu görünməyən oda atmaqdan qorxmuram. Bir sözlə, bu rəqsin vurğunuyam.

... Böyük maraqla Vandanı dinləyən Munir bir qədər sonra şəhərə qayıtdı.

Ənənəvi Novxanı turniri həmişə sentyabr-oktyabr aylarında keçirildiyindən Azərbaycanın meyvə yetişən mövsümünə təsadüf edirdi. Hər dəfə Munirin gətirdiyi qarpız, üzüm, nar, heyva, əncir və digər meyvələr Vandanın hədsiz xoşuna gəlirdi. Vanda yumorla deyirdi ki, il ərzindəki meyvə normasını burada yerinə yetirəcəkdir.

.... Sonrakı dörd turda üç qələbə qazanıb bir görüşü uduzan Vanda liderlər qrupunda möhkəmləndi. Munir isə bir oyunu udub üç, heç-heçə etdi.

Artıq turnirin bitməsinə bir tur qalmışdı. Munir tezdən durub aldığı təzə meyvələrlə özünü Novxanıya yetirdi. Dənizi seyr edən Vanda aralıdan Munirin maşınını görən kimi ona tərəf getdi.

- Nə yaxşı tez gəldin. Ürəyimdə səninlə danışırdım, - deyə Vandanın gözləri güldü.

- Axırıncı tur ərəfəsi yaxşı yatıb, dincəlmək əvəzinə yenə tezdən durmusan. Gecəni necə keçirdin?

- Daha dənizə baxmağa imkan olmayacaq. Turnirin bağlanışı da bu gündür. Sabah səhərdən isə bu gözəl məkanı tərk etməliyəm. O ki qaldı gecəyə. Gecənin çox hissəsini balkondan dənizə baxmışam. Hərdən gecələr Tanrı ilə ürək söhbətləri edirəm. Ondan yaxşı həmsöhbət tapmaq mümkün deyildir. O, bizim hər birimizdən xəbərdardı. Ona görə də ürəyimizi ona açırıq, istəklərimizi çatdırırıq, dualar edirik. Bu müddət ərzində sənin də söhbətlərindən hiss etdim ki, Allaha çox inanırsan.

- Sən super qızsan, Vanda, - deyə Munir mənalı baxışlarını ona yönəltdi.

- Super insanlar olmur. Əlbəttə, yaxşı insanlar var. Əsas yaxşı insan olmaqdır. Məncə, bu kifayətdir. Birinci gündən hiss etdim ki, sən də yaxşı insansan.

- Sən mənim uğur, şans mələyimsən, Vanda. Son turlarda yaxşı oynamağım da bununla bağlıdır. Birlikdə olanda hər şeyi unuduram. Sənin təbəssümünlə gözlərimə, beynimə güc, işıq gəlir. Yaxşı, bu gün tanqo dərsi nə vaxt olacaq?

- İstərdim ki, bağlanışdan sonra şəhər gəzintisinə çıxaq. Bakı ilə vidalaşmağa məcburam. Bilmirəm, tanqo məşqlərinə vaxt qalacaq, ya yox.

- Turnirdəki uğurunu şam yeməyində qeyd edək. Sonrasına baxarıq.

Sonuncu turda hər ikisi görüşlərini qələbə ilə başa vurdular. Vanda mükafatçılar sırasına düşməklə reytinq əmsalını xeyli yüksəltməyə nail oldu. Munir turnirin ortalarında yer alsa da, reytinqini yaxşılaşdıra bildi. Bağlanış mərasimindən sonra Munir Vandanı şəhərin bəzi görməli yerləri ilə tanış etdi. Şam yeməyi televiziya qülləsində oldu. Bakının panoramasını seyr edən Vanda:

- Görmədiyimiz yerlər haqqında fikirlər həmişə maraqlı olur. Turnirlərə, səyahətə gedəndə isə deyildiyi qeyri-adiliyi görmürsən. Ancaq Bakı həqiqətən gözəldir. Bənzərsiz yerlər çoxdur. İnsanlar çox mehribandır. Mətbəxiniz, meyvələr, şirniyyat adamı valeh edir. İçək Bakının şərəfinə!

Qüllədən şəhərin, dənizin mənzərəsi həqiqətən füsunkar görünürdü. Gözünü bu gözəlliklərdən çəkə bilməyən Vanda növbəti tostunu dedi:

- Hərdən mənə elə gəlir ki, sevgi romanının ilk səhifələrini yazmağa başlamışıq. Görəsən, bu münasibətlər həqiqətənmi sevgi romanıdır? Və nə qədər davam edəcək? Bəlkə, elə sabah aeroportda bitəcək? Deyəsən, yenə fəlsəfə açıram. Hər halda münasibətlərimizin şərəfinə içməyə dəyər!

Danışmaq növbəsi Munirə çatdı:

- Sevgi qəflətən də gələ bilər. Çağırılmamış qonaq kimi. Bir də görürsən ki, ürəyinin qapısını döyür. Hətta qapını da özü açıb içəri keçir. Səndən asılı olmur bu. Bu bokalı sənin sağlığına qaldırıram. Tale sənin üzünə gülüb. Özü də hərtərəfli...

Fikirlərə dalan Vanda birdən Munirin gözləmədiyi bir mövzuya keçdi:

- Yox, sən düşündüyün kimi deyil. Tale mənimlə sərt davranıb. Həyat yolum elə də yumşaq, rahat keçməyib. Atam Uraldan olub. Moskva sirkində kloun kimi işə başlayanda 25 yaşı olub. O vaxt Polşa əsilli anam da sirkdə işləyirmiş. Tezliklə ailə qurublar, mən dünyaya gəlmişəm. Uşaqlığım Moskvada keçib. Mənim səkkiz yaşım olanda atam sirkin manejində bədbəxt hadisə nəticəsində dünyasını dəyişib. İki il sonra Praqa sirki Moskvada qastrolda olarkən anam bir çexlə tanış olub. Onların arasında başlanan roman nikahla bitib. Biz Praqaya köçməli olduq. Anam sirkdə işləməklə bərabər mədəniyyət mərkəzinin rəqs dərnəklərində də müəllim kimi çalışmağa başladı. Mən də elə o vaxtlardan rəqsə maraq göstərirdim. Daha çox tanqo ürəyimə yatırdı. Paralel olaraq şahmatla da məşğul olurdum. Bu gün sadəcə peşəkar şahmatçıyam. İxtisasım üzrə heç vaxt işləməmişəm. Səyahət etməyi, turnirlərə getməyi xoşlayıram. Üç il bundan qabaq anam öz təşəbbüsü ilə atalığımdan ayrıldı. O, ABŞ-a köçsə də, bizimlə əlaqə saxlayır. Uşaq hokkey komandasında məşqçi işləyir. Mən bir dəfə ailəli olmuşam. Bir musiqiçini bəyənmişdim. Elə bilirdim ki, məni sevir. Sən demə, sadəcə, gözəlliyimə uyan birisi imiş. Tezliklə münasibətlərimizdəki boşluq, puçluq özünü büruzə verməyə başladı. Ayrıldıq, uşağım yoxdur. Heç vaxt həyatın sənə nə hazırladığını deyə bilməzsən. Bax, belə...

Çaşıb qalan Munir özünə gəlməmiş, Vanda söhbətin məcrasını yenidən dəyişdi:

- Mən evli adamın həyatına daxil ola bilmərəm. Deməli, yalnız dost ola bilərik. Amma yaxşı dostlar... Eh, bu dünyanın çox işləri dolaşıqdı. Ən çox ilişib qalanlar da qadınlardı. Sirrini də kimsə aça bilməz..

Munir bərkdən köksünü ötürdü.

- Baxır, nəyə köks ötürürsən. Bəzən xoşbəxtlik duyğularından da köks ötürə bilərsən, - deyə Vanda söhbəti şən notlarla bitirdi.

... Səhərisi günü Munir Vandanı hava limanına apardı.

- Səbirsizliklə gələn ilin avqustunu gözləyəcəyəm. Axı, söz vermisən ki, ənənəvi Praqa turnirinə gələcəksən. Anamla da səni tanış edərəm. Amma şahmatla yanaşı tanqonu da məşq elə. Gör hələ nə qədər vaxt qalıb avqusta...

- Tanışlığımıza, turniri əla başa vurmağına görə çox şadam. Getməyinə təəssüflənirəm. Moskva turnirində də uğurlar arzulayıram. Tonusunu həmişə yüksək saxla, gözəl simanı qoru. Həyatda problemlər bizimlə yanaşı addımlayır. Bunlar hamısı tale işidir. Tanqo həmişə diqqət mərkəzimdə olacaq. Praqaya isə mütləq gələcəm.

Vanda içəri keçməyə tələsmir, baxışlarını Munirdən ayırmırdı. Söhbətləri də bitmək bilmirdi. Qeydiyyatın sona çatmasına az qalmış ayrıldılar...

Moskva turnirinin gedişində onların telefonda yazışmaları və video söhbətləri davam edirdi. Bu yarışda Vanda yaxşı çıxış edə bilmədi. Sonrakı dövrdə də onların əlaqəsi itmədi.

Ümumiyyətlə, Munir Vandanı tez-tez xatırlayırdı. Elə olurdu ki, sanki səbəbsiz gülümsəyirdi. Hətta tanqonun ritmləri altında hərdən "Vandasayağı” şahmatla da, məşğul olurdu. Belə anlarda xatirələrin qanadında Novxanı günlərinə qayıdırdı. Turnir epizodlarını unuda bilmir, gözləri önündə çox şey canlanırdı. Xatirələrə dalanda da, təkrarolunmaz duyğular uzun müddət onu tərk etmirdi.

Həftələr, aylar ötdü. Zaman daim su kimi axır, deyirlər. Munir də vaxtın necə sürətlə axıb getdiyini hiss etmədi. Avqust gəlib çatdı.

Munir Praqaya çatan kimi birbaşa turnirin keçiriləcəyi "Olympik” otelinə gəldi. Vanda onu burada gözləyirdi. Öpüşüb qucaqlaşdılar. Ani sükutu Vanda pozdu:

- Gedək otağını al, qeydiyyata düşməyə vaxt var. Gözlərindən oxuyuram ki, məndən ötrü darıxmısan.

Vandanın ilk baxışdan yorulmuş, üzgün təsir bağışlamasını Munir onun istirahətinin pozulması, yuxusunun olmaması ilə izah etdi. Vanda söhbətinə Bakıdan başladı:

- Novxanı turniri, Bakıda gördüklərim, sənin bəxş etdiklərin məndə həmişə nostalji hisslər oyadır. Gözəl bulvarınızı xatırlayıram. Dəniz, çimərlik, qum... Ayın işığı altında bərq vuran dəniz ləpələrini yaddan çıxarmaq olar?

Munir özü haqqında qısaca məlumat verərək tanqonu unutmadığını da bildirdi.

- Əsəblərim son dərəcə gərilib. Anam istəmirdi ki, bu turnirdə iştirak edim. Bir təhər yola gətirdim. Şahmatdan ayrılacağam. Səhhətimə pis təsir edir. Bu yarış vida turnirim olacaq, - deyə Vanda gözlərini harasa bir nöqtəyə zillədi.

Munir nəsə soruşmaq istəyirdi ki, Vanda sifətinin ifadəsini dəyişərək onu qucaqladı:

- Səni görməyim münasibəti ilə içmək istəyirəm. Bilirəm ki, mənə Azərbaycan şərabları gətirmisən.

- Həkimlər icazə verirlər?

- Yox, qadağan ediblər.

Munir onun içməyinə mane olmadı. Vanda hətta həddindən çox içdi. Sərxoşluğu hiss olunmasa da, artıq öz aləmi var idi.

- Yəqin, fikirləşirsən ki, içkiyə aludə olmuşam, hə? Son vaxtlar içəndə sanki başqa bir aləmə düşürəm. Hərdən özümə gücüm çatmır. Amma sıxıntılarımı, narahatlıqlarımı gizlədib yalandan gülümsəmək istəmirəm. Nə də qəhqəhələrimi içimdə boğmağı bacarmıram. Gülmək istəyəndə, gülürəm, içmək istəyəndə, içirəm. Özümü nəyəsə məcbur etsəm, bunu işgəncə kimi qiymətləndirirəm.

Söhbətin bu yerində Munir tanqo melodiyalarını səsləndirdi. Təəssüf ki, Vandanın rəqs eləməyə həvəsi olmadı.

Qeydiyyatdan sonra axşam Vanda anasını Munirə belə təqdim etdi: "Tanış ol, anamdır. Yəhudi qadını Esmiralda. Dünyanın ən gözəl qadınlarından biri”.

Həqiqətən incə görkəmli, xoş sifətli, çox yaraşıqlı qadın idi anası.

... Yenə də hər ikisi "B” kateqoriyasında çıxış edirdilər. İlk turda qələbə qazanan Vanda ardıcıl beş turda məğlub oldu. Məğlubiyyətlərin də əsas səbəbi bu idi ki, Vanda bərabər vəziyyətlərdə heç-heçə təklifindən imtina edir və oyunları davam etdirirdi. Nəticədə də risk edir və uduzurdu. Munirin göstəriciləri qənaətbəxş idi.

Bununla yanaşı turnir boyu Vandada qəribə davranışlar da özünü göstərirdi. İştirakçılar Vandanın qəribəliklərinə əhəmiyyət vermir, hər kəsə elə gəlirdi ki, şahmatçı qızın davranışında üzə çıxan qəribəliklər növbəti şıltaqlıqlardı.

Beşinci məğlubiyyətdən sonra heç nə anlamayan Munir Vanda ilə gəmi gəzintisinə çıxdı. Gözlərinin dərinliyinə kədər çökən Vanda çox həvəssiz görünürdü. Sanki üz-gözünün ifadəsi donmuşdu.

Daha sonra Munir Vandanı restorana şam yeməyinə dəvət etdi. Canlı musiqi də var idi. Lakin nə eşitdiyi musiqi, nə də Munirin romantik söhbətləri ona təsir etmədi. Elə bil hissləri daşlaşmışdı. Kədər dalğın baxışlarından çəkilib getmirdi. Onun gözləri sanki sönmüş kimi görünürdü.

- Sənin gözlərin əvvəlki kimi deyil. Dərdini, sirrini bölüş mənimlə. Nəsə bir problem varsa, birlikdə həll edək. Fikirləş, bəlkə yarışdakı iştirakını dayandırasan, - deyə Munir Vandaya diqqət və qulluq göstərməkdə davam edirdi.

Vanda susub heç nə demirdi. Bu zaman Munir Vandanın xəbəri olmadan tanqo sifariş etdi. Gözlərində yaş gilələnən Vanda qalxmalı oldu. Bu, Praqada onların ilk tanqosu idi. Artıq Munir tanqonu ustalıqla ifa edirdi. Bunu sezən Vanda rəqs edə-edə gülümsəyirdi.

Rəqs bitdi, qayıdıb əyləşdilər.

- Şad oldum ki, sevdiyin rəqsə münasibətin dəyişməyib, - deyə Munir Vandanın əlindən öpdü.

- İstərdim, elə tanqo oynadığım yerdə ölüm. Bu, ən gözəl hadisə olardı.

Qısa sükutdan sonra Vanda sözlərinə davam etdi:

- Elə bil bütün arzularımın üstündən xətt çəkilib. Hərdən heç nə haqqında düşünməmək, heç kimi görməmək, eşitməmək istəyi o qədər güclü olur ki, bayıra çıxmaq belə istəmirəm. Bir sözlə, təklik mənə güc gəlir. Ancaq çalışıram ki, özümü təkliyin qucağına atmayım. Nə yaxşı ki, sən gəlib çıxdın.

Onlar restoranı tərk etdikdən sonra Vanda Muniri evə dəvət etdi. Anasını xəbərdar etdiyinə görə şirniyyatlardan ibarət stol hazırlanmışdı. Stola Munirin Bakıdan gətirdiyi nemətlər də qoyulmuşdu.

Təxminən bir saat oturan Munir getmək istədiyini bildirdi. Sifariş olunmuş taksi gələnə qədər Munir Vandanın anası ilə həyətdə bir qədər söhbət etdilər.

- Vandanın səhhətində problemlər erkən başlayıb. Elə gənclik illərinin ilk dövrlərindən. Ərindən ayrıldıqdan sonra isə psixoloji cəhətdən dayanıqlığını itirən kimi oldu. Özünə qapılaraq müəyyən müddət görüşlərdən, ünsiyyətdən qaçmağa başladı. Həkim müdaxiləsindən sonra tədricən hər şey qaydasına düşdü. Moskva turnirindən sonra yenidən səhhəti pisləşməyə doğru getdi. Gündüzlər bir yerdə qərar tuta bilmir, gecələr yatağına od tökülürmüş kimi gözünə yuxu getmir. Yuxuya gedəndə də, qəfil səksənib ayılır. Artıq əsəb xəstəsinə çevrilib. Tez-tez davranışı üzərində nəzarəti itirir, hərdən ən adi şeylərə inanılmaz qızğın reaksiyalar göstərir. Son vaxtlar isə psixoloji durumu daha da gərginləşib, depressiya əlamətləri sürətlə dərinləşib. Əsəblərinin sarsıldığı hiss olunur. İstəmirdim bu yarışda iştirak etsin. Xahiş etdi, hətta yalvardı. Həkimlər qadağan etsələr də, şahmatsız dayana bilmir. Bir də imkan daxilində onu içməyə qoymayın. Bilmirəm, Tanrı qoruyacaqmı...

- Ömür dediyimiz prosesdə yaxşı, pis nə varsa, hamısı birgə yaşanmalıdır. Heç kim bu hala düşməkdən sığortalanmayıb. Axı, onun bu vəziyyətə düşməsi öz istəyi ilə olmayıb. Hər halda acıdır-şirindir, bu, onun taleyidir. Amma çox təəssüflənirəm. Onun qəlbi böyük arzularla, ümidlərlə qanadlanırdı.

Taksinin gəlişi onların söhbətinin bitməsinə səbəb oldu.

Otağına qalxmaq istəməyən Munir otelin qarşısında açıq havada xeyli oturub fikirlərə daldı. Vəziyyət heç də ürəkaçan deyildi. Vandanın gələcəyi nikbin, ümidverici görünmürdü. Elə bu anlarda Munir üzücü hisslər yaşadı. Axı, niyə hərdən dünya adama cansıxıcı gəlir. Keçən il o, düşünürdü ki, tale Vandanın üzünə gülüb. Bəs, niyə bir ildən sonra onun həyatının axarı dəyişdi? Görəsən, onu qarşıda hansı ağrı-acılı, məşəqqətli günlər, sərt sınaqlar gözləyir?

Növbəti tura Vanda gəlib çıxmadı. Telefonu da açmırdı. Munir onun anasına zəng vurdu. Esmiralda bildirdi ki, o, işə gələndə yatmış qızını naharat etmədi. İndi Vanda telefon zənglərinə cavab vermədiyinə görə nigaran qaldığından yoldadır, evə qayıdır.

Axşam Munirə bəlli oldu ki, böyük miqdarda yuxugətirici və sakitləşdirici dərman qəbul edən Vanda evdə halsız, az qala ölüm ayağında aşkar edilib və klinikaya yerləşdirilib. Müəyyən müddət klinikada həkim nəzarəti altında qalması zərurəti yaranıb.

Üç gündən sonra Vandanı palataya köçürdülər. Turnirin bağlanışı bitən kimi Munir klinikaya getdi. Palatanın qarşısında Esmiralda onu qarşıladı və kövrəlmiş halda dedi:

- Vandanı ölümün pəncəsindən güclə xilas etdilər. Heç ümidim yox idi. Düşünürdüm ki, görəsən, bu keşməkeşli taledən gələn sondumu? Hələlik həkimlər yanına heç kimi buraxmırlar. Amma bir neçə dəqiqəliyə girib görüşə bilərsən. İndi mən palata həkimindən xahiş edərəm.

Muniri görən kimi Vanda qalxıb oturdu. Munir də çarpayıda onun yanında əyləşdi. Baxışları bir-birinə dikildi. Birdən Vanda Muniri bərk-bərk qucaqlayıb başını onun köksünə sıxdı. Həyəcandanmı, nədənmi əsən əllərini gizlədə bilmirdi. Vanda, az qala, pıçıltı ilə dedi ki, telefonda tanqonu qoşsun. Tanqoya qulaq asdıqca, Vandanın göz yaşları sifətinə, boğazına axdı. Kədərli anlar dərin qüssə yaratdı. Baxışlar da vidalaşdı. Həkimin gəlişindən sonra Munir palatanı tərk etməli oldu.

Klinikadan çıxanda Munir çox sarsılmışdı. Gördükləri mənzərə təsəvvür etdiyindən də pis idi. Axı, hardan gəldi bu xəstəlik? O, Vandanın sağalması üçün əlindən gələni etməyə hazır idi. Amma necə? Onun müalicəsinə, xəstəlikdən qurtulmasına görə nə edə bilərdi? Fikirləşdikləri nəyisə dəyişə biləcəkmi? O, özünü bir anlığa gücsüz hesab elədi. Deyəsən, Vandanın həyat şamı sönməyə başlamışdı.

Munir haradan biləydi ki, palata onların son görüşü, orada yaşanan acı dəqiqələr isə vida notları olacaq.

Əslində Munir qabaqcadan planlaşdırmışdı ki, yarışdan sonra Vanda ilə qonşu ölkələrin birinə gəzməyə getsin. Ağlına gəlməzdi ki, bir il bundan əvvəl başlanmış sevgi romanı belə tez bitəcək. O, fikirlərin, xəyalların qoynunda ötən çağlara döndü. Yaddaşında unuda bilmədiyi xatirələr dil açmışdı. Xatirələr gözlərinin önündə bir-bir canlanırdı.

Bakıya qayıdış bileti hələ bir həftə sonraya idi. Fikirləşdi ki, bir neçə günlüyə Almaniyanın yaxın şəhərlərinə baş vurub qayıda bilər. Belə də etdi. Vaxt olduğuna görə Düsseldorf və Köln şəhərlərində beş gün qaldı. Bu müddət ərzində bir neçə dəfə Vandanın anasına zəng vurmaq istəsə də, hər dəfə tərəddüd etdi. Bakıya uçuş bileti Praqadan olduğuna görə yenidən qatarla həmin şəhərə qayıtdı. Praqaya çatan kimi dəmiryolu vağzalından Vandanın anasının nömrəsini yığdı.

Telefonda ağlayan Esmiraldanın cavabı çox kədərli oldu:

-Vandanın palatada qalmağına lüzum olmadı. Vəziyyəti elə bir həddə çatdı ki, evə də məsləhət bilmədilər. Onu ruhi xəstələr klinikasına yerləşdirdik. Ömrünü orada nə qədər keçirəcək, deyə bilmərəm. Onsuz da həyatını xaotik formada, əzablar içində sürürdü. Daha olan olub. Gənc yaşında düçar olduğu xəstəlikdən çilik-çilik oldu. Buz bağlamış şüşə qaynar yerə düşəndə necə çiliklənirsə...

O, sözlərini tamamlaya bilmədi. Üzr istəyib telefonu söndürdü.

... Havadan baş açmaq olmurdu. Gah günəş çox da hündür olmayan dağların arxasından boylanır, gah da yağış yağırdı. Xəbər Munirə o qədər təsir etmişdi ki, o, islandığının fərqində deyildi. Vandanın həyatında baş qaldırmış qəfil küləklər fəlakətə çevrilmiş və hər şeyi dağıtmışdı. Vandanın şirin arzuları məhv olmuşdu.

Yağışın altında piyada gedən Munir düşünürdü ki, əbəs yerə demirlər ki, qasırğalar, tufanlar təkcə təbiətdə olmur. Hər ömür də sakit, rəvan getmir. Taleyin elə gözlənilməz dəyişiklikləri baş verir ki, anlamaq mümkün olmur.

Yağışlı havada parkdakı oturacaqların birində əyləşdi. Görəsən, bir daha onu görmək mümkün olacaqmı... ? O, qismən də olsa, sağala biləcəkmi...? Nağıla bənzər gözəlliyin altında yatan acı gerçəkliklərlə dolu bir taleli həyat yaşayan Vanda...

Yağış da dərin düşüncələrə qərq olan Munirin məyusluğunu, narahatlığını yuyub apara bilmədi.

... Munir hava limanında bir daha telefonundakı tanqo melodiyalarını dinləmək istədi. Və qulaqlarına sanki Vandanın ehtiraslı qəhqəhələrinin səsi gəldi. Elə tanqonun ritmləri altında da təyyarəyə doğru addımladı...

Mobil İsmayılov

5361 oxunub

InvestAZ