XƏBƏR LENTİ
17 Noyabr 2019
15 Noyabr 2019
14 Noyabr 2019
13 Noyabr 2019
12 Noyabr 2019
11 Noyabr 2019
10 Noyabr 2019
08 Noyabr 2019
07 Noyabr 2019



Karateçilərimiz Avropa çempionatından 8 medalla qayıdıblar
İdman 11:45 / 05.11.2019

Macarıstanın Monor şəhərində vado-kai karate üzrə 47-ci Avropa çempionatı keçirilib. 16 ölkədən 600-dən çox idmançının iştirak etdiyi yarışda Azərbaycan karateçiləri də mübarizə aparıblar. Qitə çempionatında ölkəmizi "Azərbaycan Vado-Ryu Karate-do” klubunun 10 idmançısı təmsil edib. Avropa Vado-Kai Karate-Do Federasiyasının Azərbaycandakı rəsmi nümayəndəsi, Əməkdar məşqçi Gündüz Mahmudovun rəhbərliyi altında Macarıstana yollanan karateçilərimiz çempionatda uğurla çıxış ediblər. Təmsilçilərimiz müxtəlif yaş kateqoriyaları üzrə fərdi yarışlarda 2 qızıl, 4 gümüş və 1 bürünc medal qazanıblar. 14-15 yaşlı idmançıların mübarizəsində çıxış edən karateçimiz Musa Məmmədov 63 kq çəki dərəcəsində qızıl medala sahib çıxıb. Komandamızın digər üzvü Fərid Ağayev (-76 kq) isə 16-17 yaşlı idmançıların yarışında fəxri kürsünün ən yüksək pilləsində yer alıb.
Yığmamızın digər üzvü Rəsul Abbasov (-57 kq) 14-15 yaşlı idmançılar arasında yalnız finalda uduzaraq ikinci yeri tutub. Komandamıza digər gümüş medalları 16-17 yaşlı idmançılar arasında yarışan Abbas Dadaşov (-68 kq), Adil Quliyev (-76 kq) və 18-21 yaşlı idmançılar arasında çıxış edən Nuri Əliyev (-68 kq) qazandırıb. Digər təmsilçimiz Kənan Babayev (-68 kq) isə 16-17 yaşlı idmançıların mübarizəsində bürünc medala sahib olub.
Karateçilərimiz komanda yarışlarında da uğurla çıxış ediblər. Heyətində Kənan Babayev, Fərid Ağayev, Abbas Dadaşov və İlknur Əlipoladovun yer aldığı komandamız 16-17 yaşınadək idmançılar arasında birinci yeri tutub. Karateçilərimiz ilk görüşdə ev sahibləri olan Macarıstan komandasına qalib gəliblər. Növbəti mərhələlərdə İtaliya və Şotlandiya yığmalarından da üstün olan komandamız finala vəsiqə qazanıb. Həlledici görüşdə güclü Almaniya millisinə də qalib gələn yeniyetmə karateçilərimiz çempionatın komanda yarışlarının qızıl medalına sahib çıxıblar.
Qeyd edək ki, Macarıstana yollanan Azərbaycan yığmasının tərkibində təşkilatın kumite üzrə baş məşqçisi Namiq Pirverdiyev də yer alıb. Komandamızın heyətində yer alan milli dərəcəli hakimimiz Vidadi Mahmudov isə 47-ci Avropa çempionatında ədaləti qoruyub.

529 oxunub

InvestAZ