XƏBƏR LENTİ
23 Yanvar 2026
22 Yanvar 2026
21 Yanvar 2026
19 Yanvar 2026
18 Yanvar 2026
16 Yanvar 2026
14 Yanvar 2026
13 Yanvar 2026
12 Yanvar 2026



MOK-da “Etik və psixoloji bacarıqlara güclü idmançı” layihəsinin təltifetmə mərasimi keçirilib
İdman 13:41 / 23.01.2026
Yanvarın 23-də Milli Olimpiya Komitəsinin (MOK) inzibati binasında "Etik və psixoloji bacarıqlara güclü idmançı” layihəsinə həsr olunmuş təltifetmə mərasimi keçirilib.
Olimpiyadunyasi.com xəbər verir ki, tədbirdə Milli Olimpiya Komitəsinin vitse-prezidentləri Çingiz Hüseynzadə, Zemfira Meftaxetdinova, MOK-un idman idarəsinin müdiri Həsənağa Rzayev, Atletlər Komissiyasının sədri Fəridə Əzizova, Etika Akademiyasının rəhbəri Günel İbrahim, komissiya üzvləri, Olimpiya çempionları və mükafatçıları, eləcə də layihə iştirakçıları iştirak ediblər.
Tədbirdə çıxış edən MOK-un Atletlər Komissiyasının sədri Fəridə Əzizova Etika Akademiyası ilə əməkdaşlıq çərçivəsində həyata keçirilən təlim proqramının uğurla yekunlaşdığını bildirib. O qeyd edib ki, layihə çərçivəsində idmançılar üçün etik davranış qaydaları, psixoloji dayanıqlılığın gücləndirilməsi, nitq qabiliyyətlərinin inkişafı və yarışlardan əvvəl stressə davamlılığın artırılmasına yönəlmiş həm nəzəri, həm də praktiki dərslər keçirilib.
Daha sonra Atletlər Komissiyasının fəaliyyətini əks etdirən videoçarx nümayiş olunub.
Etika Akademiyasının rəhbəri Günel İbrahim çıxışında layihənin əsas məqsədinin idmançılarda dəyərlərə sadiqlik, nitq mədəniyyəti, salamlaşma və protokol qaydalarının formalaşdırılması olduğunu vurğulayıb. O, bu bacarıqların gənc idmançıların həm idman, həm də ictimai fəaliyyətində mühüm rol oynadığını diqqətə çatdırıb.
Atletlər Komissiyasının üzvü Rafiq Hüseynov tədbirin yüksək səviyyədə təşkilinə görə Milli Olimpiya Komitəsinə və Etika Akademiyasına minnətdarlığını bildirib. O, layihənin təşəbbüsünü müsbət qiymətləndirərək, komissiya olaraq gələcəkdə də bu kimi faydalı layihələrin həyata keçirilməsinin planlaşdırıldığını qeyd edib.
Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə layihənin uğurlu nəticələr verdiyini vurğulayıb. O, layihə iştirakçılarının çıxışlarında nitq mədəniyyətinin inkişafının aydın şəkildə hiss olunduğunu bildirib. Çingiz Hüseynzadə gələcəkdə də Etika Akademiyası ilə əməkdaşlığın davam etdiriləcəyini qeyd edib.
Tədbirdə layihə iştirakçıları da çıxış edərək onlara yaradılan imkanlara görə minnətdarlıqlarını bildiriblər.
Sonda layihə iştirakçılarına sertifikatlar təqdim olunub. Layihənin həyata keçirilməsində göstərdiyi dəstəyə görə Etika Akademiyasının rəhbəri Günel İbrahimə Milli Olimpiya Komitəsi tərəfindən təşəkkürnamə təqdim edilib. Tədbir xatirə şəklinin çəkdirilməsi ilə başa çatıb.
Qeyd edək ki, "Etik və psixoloji bacarıqlar ilə güclü idmançı” layihəsi Beynəlxalq Olimpiya Komitəsinin (BOK), Milli Olimpiya Komitəsinin Atletlər Komissiyasının təşəbbüsü və Etika Akademiyasının dəstəyi ilə həyata keçirilib.

435 oxunub

InvestAZ