2027-ci ildə keçiriləcək IV Avropa Oyunları üzrə AOK Koordinasiya Komissiyası, AOK İcraiyyə Komitəsinin üzvü və Rumıniya Milli Olimpiya Komitəsinin Prezidenti Mixay Kovaliunun sədrliyi ilə İstanbulda keçirilən iclas uğurla başa çatıb.
Yanvarın 14-15-də Türkiyənin İstanbul şəhərində keçirilən rəsmi iclasda AOK prezidenti Spiros Kapralos, AOK-un baş katibi Karlo Mornati, Türkiyə Respublikasının gənclər və idman naziri Osman Aşkın Bak, İstanbulun meri vəzifəsini icra edən Nuri Aslan, Türkiyə Milli Olimpiya Komitəsinin prezidenti Ahmet Gülüm, İstanbul 2027 Avropa Oyunları Təşkilat Komitəsinin prezidenti professor doktor Vəli Ozan Çakır və Avropa Oyunlarının təşkili prosesinə töhfə verəcək önəmli nümayəndələr iştirak ediblər.
İclasın ilk günüdə AOK Koordinasiya Komissiyasının üzvlərinə, İstanbulun gələn il Avropanın ən yaxşı idmançılarını qitənin ən böyük çoxnövlü idman tədbirində qəbul etməyə hazırlaşdığı bir vaxtda, hazırlıq işlərinin ümumi vəziyyəti ilə bağlı hesabat təqdim olunub. Həmçinin büdcə, Avropa Oyunlarının baş planı, İstanbulun təqdim etdiyi təsiredici infrastruktur və idmançılara 2028-ci ildə Los-Ancelesdə keçiriləcək Yay Olimpiya Oyunlarına lisenziya qazanmaq imkanı verəcək idman proqramı müzakirə edilib. Bu idman proqramı 2026-cı ilin sonlarında təsdiqlənəcək.
İclasın ikinci günündə İstanbul ətrafındakı idman obyektlərinə və Atletlər Kəndlərinə baxış keçirilib.
AOK Prezidenti Spiros Kapralos uğurlu səfərin təşkilində əməyi olan hər kəsə təşəkkürünü bildirib.
"Bu, böyük idman şəhəri olan İstanbula ruhlandırıcı bir səfər oldu. Gördük ki, İstanbul Krakov–Malopolska 2023 Oyunlarının uğuru üzərində quraraq indiyədək keçirilmiş ən yaxşı Avropa Oyunlarına ev sahibliyi etmək üçün əla mövqedədir,” - deyə o bildirib.
Komissiyanın sədri Mixai Kovaliu da İstanbul səfərini müsbət qiymətləndirib. O bildirib: "Bu, 2027-ci ildə keçiriləcək IV Avropa Oyunlarına hazırlıq prosesində mühüm mərhələ idi və Türkiyədəki tərəfdaşlarımızla artıq yüksək əməkdaşlıq və dostluq mühitinin formalaşmasından məmnunam”.
Türkiyənin gənclər və idman naziri Osman Aşkın Bak İstanbul 2027-nin Avropanı ruhlandırmaq gücünə tam inandığını vurğulayıb.
Nazir Bak deyib: "İnanıram ki, İstanbul Avropa Oyunları idmanın birləşdirici gücünü, Avropanın ortaq dəyərlərini və Olimpiya ideallarını bu möhtəşəm şəhərdə nümayiş etdirəcək. 2027-ci ildə İstanbulda keçiriləcək Avropa Oyunları sadəcə bir idman tədbiri olmayacaq. Bu, Avropa idman hərəkatına yeni dinamika gətirən, idmanı mədəniyyətlə, şəhər həyatını isə Olimpiya dəyərləri ilə birləşdirən nümunəvi bir tədbir olacaq”.
İstanbulun vəzifəsini icra edən meri Nuri Aslan Oyunların idman vasitəsilə ictimai sağlamlığın daha da gücləndirilməsinə töhfə verəcəyini qeyd edib.
Nuri Aslan bildirib: "İstanbul-2027 Avropa Oyunları 2019-cu ildən başlayan və idmanı ictimai hüquq kimi formalaşdırmağı hədəfləyən yolun təbii mərhələsidir. Bu proses şəhərsalma və sosial inklüzivlikdən tutmuş uzunmüddətli irs layihəsinə qədər geniş miqyaslı bir təşəbbüsdür. Şəffaf və çoxşaxəli idarəetmə modeli əsasında həyata keçirilən bu proses İstanbul üçün öz potensialını nümayiş etdirmək baxımından strateji bir mərhələdir”.
Türkiyə Milli Olimpiya Komitəsinin Prezidenti Ahmet Gülüm isə Türkiyənin böyük idman tədbirlərinə ev sahibliyi sahəsindəki təcrübəsini vurğulayıb.
"O, sadəcə Avropa Oyunlarının növbəti buraxılışı olmayacaq. Bu, bütün Avropanın Türkiyənin təşkilati imkanlarını, idman infrastrukturunu və beynəlxalq ən yüksək standartlara uyğun çoxnövlü tədbirləri keçirmək bacarığını açıq şəkildə görəcəyi bir an olacaq,” - deyə A.Gülüm bildirib.
İstanbul-2027 Koordinasiya Komissiyasının tam tərkibi 2025-ci ilin noyabr ayında təsdiqlənib. Komissiyada AOK İcraiyyə Komitəsinin üzvləri, Milli Olimpiya Komitələrinin, Avropa Federasiyalarının, AOK İdmançılar Komissiyasının nümayəndələri və digər ekspertlər yer alır.
AOK həmçinin Türkiyə Respublikasının Gənclər və İdman Nazirliyi ilə Ev Sahibi Ölkə Sazişi imzalayıb ki, bu da Avropa Oyunlarının 4-cü buraxılışının yüksək səviyyədə keçirilməsi üçün bütün tərəflərin tam öhdəliyini təsdiqləyir.
353 oxunub