2025-ci il Azərbaycan idmanı üçün mühüm hadisələr və tarixi uğurlarla yadda qaldı
2025-ci il Azərbaycan idmanı üçün təkcə növbəti təqvim ili deyil, həm də mühüm mərhələnin yekunu oldu. Ötən il Azərbaycan idmanında qazanılan uğurlar, əldə edilən nəticələr və yenilənən statistik göstəricilər ölkə idmanının keyfiyyətcə yeni mərhələyə qədəm qoyduğunu açıq şəkildə nümayiş etdirdi. İlin yekunları göstərdi ki, Azərbaycan idmanı artıq yalnız ayrı-ayrı nailiyyətlərlə deyil, sistemli inkişaf və davamlı nəticələrlə xarakterizə olunur. Əldə olunan uğurlar təkcə medal statistikası ilə ölçülmür - bu nəticələr illərlə aparılan planlı işin, düzgün strategiyanın və güclü idman infrastrukturunun məntiqi nəticəsidir.
Rekordlarla yadda qalan il
2025-ci ilin idman salnaməsinə düşən əsas məqam isə rekord göstəricilər oldu. İl ərzində Azərbaycan idmançıları XVIII Avropa Gənclər Olimpiya Festivalında, VI İslam Həmrəyliyi Oyunlarında, III MDB Oyunlarında, XXXII Ümumdünya Yay Universiadasında, Gimnaziada İdman Oyunlarında, Avropa və dünya çempionatlarında, həmçinin digər beynəlxalq turnirlərdə ümumilikdə 2113 (613 qızıl, 616 gümüş, 884 bürünc) medal qazanaraq indiyədək görünməmiş nəticəyə imza atdılar. Qazanılan mükafatların 1443-ü Olimpiya, 589-u qeyri-Olimpiya, 81-i isə paralimpiya, deflimpiya və xüsusi Olimpiya idman növləri üzrə əldə edildi. Müqayisə üçün qeyd edək ki, Azərbaycan idmançıları 2024-cü ildə 1718 medal qazanmışdılar. İl ərzində Gənclər və İdman Nazirliyi tərəfindən Azərbaycan idmançılarının 266 beynəlxalq yarışda və 103 təlim-məşq toplanışında iştirakı təmin olundu.
Bir sözlə, geridə qalan 12 ay təkcə medal sayı ilə deyil, eyni zamanda idmançılarımızın iradəsi, mübarizliyi və beynəlxalq arenalarda formalaşan qalib ölkə imici ilə tarixə yazıldı.
Azərbaycan beynəlxalq idman təqvimində etibarlı mərkəz kimi mövqeyini möhkəmləndirdi
Son illər idman yarışlarının təşkili sahəsində topladığı zəngin təcrübə 2025-ci ildə Azərbaycanın beynəlxalq idman ailəsindəki yerini daha da möhkəmləndirdi. İl ərzində ölkəmizdə keçirilən nüfuzlu turnirlər təşkilati səviyyəsi, təhlükəsizlik standartları və texniki təminatı ilə diqqət çəkərək Azərbaycanın qlobal idman tədbirləri üçün etibarlı platforma olduğunu bir daha nümayiş etdirdi. Milli Gimnastika Arenasında kişi və qadın gimnastlar arasında keçirilən dünya kuboku mərhələləri, Bakı İdman Sarayında badminton üzrə qarışıq komandalar arasında təşkil olunan Avropa çempionatı, eləcə də cüdo üzrə "Böyük Dəbilqə” turniri yüksək təşkilati səviyyəsi ilə seçildi. 2025-ci ilin diqqətçəkən məqamlarından biri də beynəlxalq yarışların coğrafiyasının genişlənməsi oldu. Gəncə şəhərində ilk dəfə aerobika gimnastikası üzrə Avropa çempionatı keçirildi. İl ərzində ölkəmiz həmçinin minifutbol üzrə dünya çempionatı, UFC döyüş gecəsi, Formula 1 üzrə dünya çempionatı mərhələsi və III MDB Oyunları kimi mötəbər yarışlara yüksək səviyyədə ev sahibliyi etdi. Bütün bunlar Azərbaycanın artıq regional deyil, qlobal idman mərkəzlərindən biri kimi tanındığını təsdiqlədi.
192 kilometrlik birlik və qələbə yolu
Ötən il ölkəmizin idman həyatında mühüm hadisələrdən biri Qəbələ-Xankəndi ultramarafonu oldu. "İdman Paytaxtı” statusuna malik Qəbələ şəhərindən start götürən və Xankəndidə möhtəşəm finişlə başa çatan ultramarafon 192 kilometrlik məsafəni əhatə etdi. Dörd mərhələdən ibarət yarış Qəbələ-Ağdaş, Ağdaş-Bərdə, Bərdə-Ağdam və Ağdam-Xankəndi marşrutları üzrə keçirildi. Ultramarafonda Azərbaycanla yanaşı, Türkiyə, Rusiya, Gürcüstan, Moldova və Ukraynadan 80-dən çox atlet iştirak etdi. Xankəndidə başa çatan ultramarafon əsl bayram ab-havası ilə yadda qaldı. Qaliblər təntənəli şəkildə mükafatlandırıldı, yarış bir daha Azərbaycanın beynəlxalq idman tədbirləri üçün etibarlı və nüfuzlu məkan olduğunu nümayiş etdirdi.
Doğma arenada tarixi zəfər
May-iyun aylarında Bakı daha bir mötəbər idman hadisəsinin mərkəzinə çevrildi. Milli Gimnastika Arenasında təşkil olunan və on gün davam edən minifutbol üzrə dünya çempionatı Azərbaycan millisinin parlaq çıxışı ilə yadda qaldı. Turnirin final qarşılaşmasında Macarıstan yığmasına 4:2 hesabı ilə qalib gələn komandamız tarixində ilk dəfə dünya çempionu adını qazandı.
Beləliklə, Azərbaycan komandası 2022-ci ildə qazandığı Avropa çempionluğundan üç il sonra Bakıda dünyanın ən güclüsü adını da qazanmağa müvəffəq oldu.
Bakı Kristal Zalında UFC gecəsi
2025-ci ilin iyun ayında ölkəmizin idman həyatında daha bir ilk yaşandı. Belə ki, Bakı Kristal Zalda ilk dəfə olaraq UFC (Ultimate Fighting Championship) turniri keçirildi. Bu mötəbər turnirin paytaxtımızda təşkili Azərbaycan MMA tarixində əlamətdar hadisə kimi yadda qaldı. İyunun 21-də təşkil olunan döyüş gecəsi həm yüksək təşkilatçılıq səviyyəsi, həm də gərgin qarşılaşmaları ilə seçildi.
Doğma azarkeşlər önündə çıxış edən Rafael Fiziyev çilili İqnasio Bahamondesi məğlub edərək tribunaları coşdurdu. Nazim Sadıxov isə braziliyalı Nikolas Mottaya qarşı döyüşdə 2-ci raundda nokaut qazanaraq gecənin ən parlaq çıxışlarından birinə imza atdı. Tofiq Musayev UFC-də ilk döyüşünü məhz Bakıda keçirsə də, qırğızıstanlı Mıqtıbek Orolbay qarşısında məğlubiyyətlə üzləşdi.
UFC prezidenti Dana Uayt turniri izləyərək təşkilati məsələlərə yüksək qiymət verdi. Bakıda keçirilən bu döyüş gecəsi Azərbaycanın beynəlxalq döyüş idmanı xəritəsində mövqeyini daha da möhkəmləndirdi və uzun müddət idman ictimaiyyətinin diqqət mərkəzində qalacaq.
Bakı trasında adrenalinin zirvəsi
Paytaxt Bakı sentyabrın 19-21-də növbəti dəfə Formula 1 Azərbaycan Qran-Prisinə ev sahibliyi edərək sürət və həyəcan dolu anlara şahidlik etdi. Şəhər küçələrində qurulan unikal trasda baş tutan yarış gözlənilməz hadisələr, çətin hava şəraiti və dramatik mübarizə ilə yadda qaldı. Güclü külək və ard-arda yaşanan qəzalar pilotların ustalığını maksimum səviyyədə sınağa çəkdi.
Yarışın qalibi "Red Bull” komandasının pilotu Maks Ferstappen oldu. O, Bakıda ikinci qələbəsini qazanaraq şəhər traslarında öz üstünlüyünü bir daha sübut etdi.
Beləliklə, 2016-cı ildən etibarən (2020-ci il istisna olmaqla) müntəzəm şəkildə keçirilən Formula 1 Azərbaycan Qran-Prisi 2025-ci ildə də yüksək təşkilatçılıq səviyyəsi ilə seçildi. Küçə trasında baş tutan bu yarış təkcə idman baxımından deyil, eyni zamanda turizm və ölkənin beynəlxalq imicinin gücləndirilməsi baxımından da Bakıya əhəmiyyətli qazanc gətirdi.
III MDB Oyunları Azərbaycanın təşkilati bacarığını bir daha nümayiş etdirdi
2025-ci ilin idman təqvimində xüsusi yer tutan III MDB Oyunları Azərbaycanın tarixində yeni mərhələ oldu. Ölkəmizin ilk dəfə ev sahibliyi etdiyi bu mötəbər multiidman yarışı təkcə idman nəticələri ilə deyil, coğrafi miqyası və yüksək təşkilatçılığı ilə də diqqət çəkdi. Yarışların ölkəmizin yeddi şəhərini - Gəncə, Yevlax, Mingəçevir, Qəbələ, Şəki, Göygöl və Xankəndini əhatə etməsi Azərbaycanın idman infrastrukturunun genişliyini və regionların prosesə fəal cəlb olunduğunu nümayiş etdirdi. Gəncə stadionunda təşkil edilən açılış və bağlanış mərasimləri Oyunlara xüsusi rəng qatdı. Azərbaycan idmançıları 23 idman növünün hamısında mübarizə apararaq 184 (33 qızıl, 56 gümüş, 95 bürünc) medal qazandı. Ümumi komanda hesabında ikinci yerin tutulması milli idmanın dayanıqlı inkişaf yolunda olduğunu və gənc nəsil idmançıların böyük potensiala malikliyini təsdiqlədi.
Avropa Gənclər Olimpiya Festivalı Azərbaycan üçün uğurlarla yadda qaldı
Şimali Makedoniya və Xorvatiyanın birgə ev sahibliyi etdiyi Skopye-2025 XVIII Avropa Gənclər Olimpiya Festivalı (EYOF) ötən ilin yaddaqalan idman hadisələrindən biri kimi tarixə düşdü. İyulun 20-dən 26-dək Şimali Makedoniyanın Skopye, Kumanovo və Xorvatiyanın Osiek şəhərlərində təşkil olunan festivalda Avropanın 50 ölkəsindən 4 mindən çox idmançı 15 idman növü üzrə mübarizə apardı.
Azərbaycan EYOF-2025-də 10 idman növündə 52 idmançı ilə təmsil olundu və yarışı 10 medalla (3 qızıl, 3 gümüş, 4 bürünc) başa vurdu. Qızıl medalları cüdoçular Gülşən Hüseynova (-44 kq), Rza Xəlilli (-50 kq) və Rəsul Əlizadə (-55 kq) qazandırdılar. Gümüş medallar Nuranə Hacızadə (cüdo, -48 kq), Zeyd Ələsgərov (cüdo, -60 kq) və güllə atıcılığında Leyli Əliyeva - Oleq Kerjankin duetinin aktivinə yazıldı. Bürünc mükafatlara isə cüdoçular Aysun Məmmədova (-52 kq), Məhəmməd Ağakişiyev (-73 kq), Sübhan Axundov (+90 kq) və taekvondoçu Yunis Hüseynov (73 kq) sahib oldular. Bu nəticə ilə Azərbaycan komandası ümumi medal sıralamasında 16-cı pillələrdə yer aldı.
Multiidman yarışlarında uğurlu nəticə
Serbiyada keçirilən Gimnaziya İdman Oyunlarında rekord sayda - 291 idmançı ilə təmsil olunan Azərbaycan komandası 85 medal qazandı. Almaniyada təşkil olunan XXXII Ümumdünya Yay Universiadasında bədii gimnastika qrup komandamız 2 qızıl və 1 gümüş medal əldə edərək uğurlu debüt etdi. Ötən Universiadanın nəticələri ilə müqayisədə komandamız ümumi sıralamada 14 pillə irəliləyərək 24-cü yeri tutdu. Azərbaycan İdman Akademiyasının tələbələri isə universitetlərarası futzal üzrə ilk dəfə Avropa çempionu adını qazandılar.
Səudiyyə Ərəbistanında mövsümün həlledici sınağı
Azərbaycan idmançıları üçün ilin idman təqvimində son və ən nüfuzlu sınaq Səudiyyə Ərəbistanında keçirilən VI İslam Həmrəyliyi Oyunları oldu. Bu mötəbər yarışda ölkəmizi 20 idman növü üzrə 179 nəfərlik geniş nümayəndə heyəti təmsil etdi. Azərbaycan komandası İslamiadanı 9 qızıl, 19 gümüş və 31 bürünc olmaqla, ümumilikdə 59 medalla başa vurdu. Nəticələrə əsasən yığmamız medalların keyfiyyətinə görə 10-cu, ümumi medal sayına görə isə 4-cü pillədə qərarlaşdı.
VI İslam Həmrəyliyi Oyunlarının Azərbaycan idmanı üçün ən yaddaqalan məqamlarından biri qadınlardan ibarət 3x3 basketbol millisinin növbəti tarixi uğuru oldu. Komandamız bu yarışda da bütün rəqiblərini üstələyərək ardıcıl üçüncü dəfə çempionluq tituluna sahib çıxdı. Bu qələbə təkcə növbəti medal deyil, eyni zamanda Azərbaycan basketbolunun salnaməsində xüsusi yer tutan əlamətdar hadisə kimi tarixə yazıldı.
"Qarabağ” Avropa səhnəsində növbəti böyük uğura imza atdı
2025-ci il Azərbaycan futbolu üçün yenə də "Qarabağ” klubunun parlaq uğurları ilə yadda qaldı. Azərbaycan futbolunun yükünü çiynlərində daşıyan Ağdam təmsilçisi UEFA Çempionlar Liqasının liqa mərhələsinə yüksələrək 8 illik fasiləyə son qoydu. Komandamız Liqa mərhələsinin ilk oyununda səfərdə "Benfika” qarşısında 0:2 hesabı ilə geri düşməsinə baxmayaraq, 3:2 hesabı ilə dramatik qələbə qazandı. Daha sonra Bakıda "Kopenhagen”i 2:0 məğlub edən köhlən atlar” İngiltərənin "Çelsi” klubu ilə səfərdə 2:2 oynayaraq özünü Avropanın güclü kollektivləri sırasında təsdiqlədi. Baş məşqçi Qurban Qurbanovun rəhbərliyi altında komandamız indiyə qədər liqa mərhələsində iki qələbə əldə edib və 7 xalla 22-ci pillədə qərarlaşıb. Yanvar ayında "Ayntraxt” və "Liverpul” kimi nəhənglərlə keçiriləcək oyunlar "Qarabağ”ın pley-offa yüksəlmək şansını artırır. Bu uğur göstərir ki, Azərbaycan çempionu artıq Avropanın elit klub səviyyəsində rəqabət apara biləcək potensiala sahibdir.
Fərdi idman növlərində parlaq nəticə
2025-ci il Azərbaycan idmanı üçün fərdi növlərdə əlamətdar uğurlarla yadda qaldı. Güləş, cüdo, karate, boks, taekvondo və ağırlıqqaldırma kimi idman növlərində ölkəmizin istedadlı idmançıları beynəlxalq səviyyədə yüksək nəticələr göstərərək ölkəmizin idman potensialını möhkəmləndirdilər. Bu uğurlar gənc nəsil və təcrübəli idmançıların sintezinin davamlı nəticələr verdiyini təsdiqlədi. Qadın güləşində Ruzanna Məmmədova (62 kq) U-20 Avropa çempionatının qalibi olaraq, həmçinin dünya çempionatında və VI İslam Həmrəyliyi Oyunlarında gümüş medallar qazandı. Jalə Əliyeva (57 kq) Avropa çempionatında bürünc, İslam Həmrəyliyi Oyunlarında isə qızıl medal əldə edərək diqqət çəkdi. Yunan-Roma güləşində Həsrət Cəfərov (67 kq) Avropa çempionu kimi fərqləndi, dünya və İslam Həmrəyliyi Oyunlarında isə gümüş mükafat qazandı. Ülvi Qənizadə (72 kq) isə dünya çempionu titulunu qazanaraq, Avropa üçüncüsü oldu.
Cüdo idman növündə Zelim Kotsoyev (-100 kq) Qran-pri turnirində qələbə qazanmaqla yanaşı, Avropa və İslam Həmrəyliyi Oyunlarında gümüş medala layiq görüldü. Zelim Tçkayev (81 kq) "Böyük Dəbilqə”də qızıl, dünya və Avropa çempionatlarında isə bürünc medallar əldə etdi. Taekvondoda Qaşım Maqomedov (60 kq) dünya və VI İslam Həmrəyliyi Oyunlarında bürünc medallara sahib oldu. Karateçimiz İrina Zaretska (68 kq) III MDB Oyunları və İslam Həmrəyliyi Oyunlarının qızıl medallarını qazandı, dünya çempionatında isə bürünc medala layiq görüldü. 2025-ci ilin dekabrında Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçirilən boks üzrə dünya çempionatında 48 kq çəki dərəcəsində çıxış edən 19 yaşlı Sübhan Məmmədov ölkəmizə böyük qürur yaşatdı. Final görüşündə Rusiyanı təmsil edən erməni əsilli rəqibini məğlub edən gənc boksçu Azərbaycanın ən gənc dünya çempionu kimi idman tariximizə düşdü. Ağırlıqqaldırmada İsa Rüstəmov il ərzində 6 medal qazanaraq, həm Avropa çempionatında, həm də İslam Həmrəyliyi Oyunlarında fərqləndi. 2025-ci ildə fərdi və kollektiv idman növlərində əldə olunan uğurlar Azərbaycan idmanının güclü gələcəyinə inamı artırdı və beynəlxalq səviyyədə ölkəmizin adını daha da yüksəltdi.
Bir ildə iki dəfə "Guinness Rekordlar Kitabı”na düşən azərbaycanlı şahmat mütəxəssisi
2025-ci il Azərbaycan idman tarixində unikal hadisələrlə də yadda qaldı. Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti Faiq Həsənov bir il ərzində iki dəfə dünyanın məşhur "Guinness Rekordlar Kitabı”na düşdü. Apreldə şahmat üzrə ən uzun müddətli kişi hakim kimi xüsusi diploma layiq görülən Faiq Həsənov may ayında da televiziya sahəsində tarixi rekorda imza atdı. "Televiziya Şahmat Klubu” verilişi 1969-cu ilin 27 martından fasiləsiz yayımlanaraq 55 il 277 gün efirdə qaldı və "Guinness Rekordlar Kitabı” tərəfindən ən uzun müddət yayımlanan idman proqramı kimi tanındı. Verilişin müəllifi və aparıcısı olan Faiq Həsənov bu göstərici ilə ikinci dəfə rekordlar kitabına düşərək
Azərbaycan idman sahəsində nadir uğura yiyələndi.
2025-ci ildə onları itirdik
2025-ci il Azərbaycan idmanı üçün təkcə uğurlarla deyil, həm də ağır itkilərlə də yadda qaldı. İl ərzində idman sahəsində bir sıra tanınmış idmançı və idman mütəxəssisləri dünyasını dəyişərək idman ictimaiyyətini kədərləndirdi. Azərbaycan idmanı Abdulbari Gözəli ("Qarabağ” FK-nın fəxri prezidenti), Çingiz İsmayılovu (veteran futbolçu, AFFA-nın keçmiş baş katibi), Yaşar Sultanovu ("Turan Tovuz”un İdarə Heyətinin üzvü, AFFA İK-nın keçmiş üzvü), Faiq Rəcəbovu (Azərbaycan Gimnastika Federasiyasının keçmiş prezidenti, MOK-un keçmiş baş katibi) və Cavanşir Qurbanovu (Azərbaycan Güləş Federasiyasının keçmiş vitse-prezidenti) itirdi. Həmçinin Arif Məmmədovun (Azərbaycan Karate-Do Federasiyasının prezidenti), Mehman Kərimovun (Milli Olimpiya Komitəsinin beynəlxalq proqramlar idarəsinin müdiri), Qasım Həşimovun (Vüqar Həşimov Şahmat Akademiyasının təsisçisi), Məkan Zalovun (beynəlxalq dərəcəli güləş hakimi), Vüqar Atayevin (atletika üzrə məşqçi), Şərafəddin Məmmədovun (veteran futbolçu və məşqçi), eləcə də gənc idmançılar Adil Eyvazovun (taekvondoçu), Balabəy Ağakişiyevin (veteran güləşçi, məşqçi), Mirismayıl Həbibovun (Güllə atıcılığı üzrə Azərbaycan yığmasının üzvü) vəfatı Azərbaycan idmanına böyük itki oldu. Bu adlar Azərbaycan idmanının tarixində xidmətləri ilə daim hörmətlə xatırlanacaqlar.
Beynəlxalq etimadın simvolu
Azərbaycanın idman sahəsindəki yüksəlişi 2025-ci ildə daha bir möhtəşəm hadisə ilə əlamətdar oldu. Monakodan rəsmi olaraq "Dünya İdman Paytaxtı” titulunun Bakıya verilməsi ölkəmizin beynəlxalq idman arenasındakı mövqeyinin gücləndiyini bir daha təsdiqlədi. Bu nüfuzlu status Azərbaycanın artıq yalnız regionda deyil, dünya səviyyəsində də əsas idman mərkəzlərindən biri kimi tanındığını göstərir. Bu nüfuzlu titulun qazanılmasında Bakının müasir idman infrastrukturu, əhalinin sağlam həyat tərzinə olan marağı və geniş kütlələrin idmana cəlb olunması mühüm rol oynadı. Beləliklə, paytaxtımız Madrid, Budapeşt və Marsel kimi nüfuzlu şəhərlərlə bir sırada yer aldı. 2026-cı il boyunca Bakı həm dünya çempionatı və beynəlxalq turnirlərə ev sahibliyi edəcək, həm də minlərlə idman həvəskarını bir araya gətirəcək böyük kütləvi tədbirlərin mərkəzi olacaq. Bu isə ölkəmizə turist axınının artmasına və şəhərin dünya miqyasında tanınmasının yeni mərhələyə keçməsinə səbəb olacaq.
Dünyanın idman paytaxtı Bakı 2026-cı ildə də nüfuzlu yarışlara ev sahibliyi edəcək
2025-ci il qeyd etdiyimiz kimi, Azərbaycan idmanı üçün uğurlu, rekordlarla zəngin və məhsuldar il oldu. Milli komandalarımız və idmançılarımız beynəlxalq arenalarda önəmli nailiyyətlər əldə etdi, ölkəmiz bir sıra mötəbər yarışlara layiqincə ev sahibliyi etdi. Bu uğurlar 2026-cı il üçün böyük ümidlər vəd edir.
Bu il il Azərbaycan idmanı üçün beynəlxalq səviyyədə əlamətdar hadisələrlə yadda qalacaq. Paytaxt Bakı və digər bölgələrimizdə bir sıra mötəbər idman yarışları və tədbirlər keçiriləcək. Belə ki, fevral ayında Bakı şəhəri batut gimnastikası və tamblinq üzrə FIG Dünya Kubokuna ev sahibliyi edəcək. Mart ayı isə Azərbaycanın məşhur "Şahdağ” Turizm Mərkəzində xizək alpinizmi üzrə Avropa çempionatı və Dünya Kuboku yarışları ilə zənginləşəcək. Eyni zamanda, martın əvvəllərində Bakı Gimnastika Arenasında idman gimnastikası üzrə FIG Dünya Kuboku mərhələsi təşkil olunacaq.
Bakı, həmçinin boks üzrə "Böyük İpək Yolu” Beynəlxalq Turnirinə ev sahibliyi edəcək. Aprel ayında bədii gimnastika üzrə beynəlxalq turnirlər və FIG Dünya Kuboku mərhələləri keçiriləcək. Aprelin sonunda isə paytaxtımızda "Baku Open” beynəlxalq şahmat festivalı idmansevərlərin diqqətini cəlb edəcək. Mingəçevir şəhərində isə avarçəkmə üzrə "Prezident Kuboku” beynəlxalq reqatası təşkil olunacaq.
May ayında Bakı SportAccord Dünya İdman və Biznes Sammitinə ev sahibliyi edəcək ki, bu da idman sahəsində beynəlxalq əməkdaşlığın gücləndirilməsi baxımından böyük əhəmiyyət kəsb edir. Yay aylarında Azərbaycan qadınlar arasında Avropa voleybol çempionatına ev sahibliyi edəcək. Sentyabrda ölkəmizdə ilk dəfə olaraq sumo üzrə dünya çempionatı keçiriləcək. Həmin ay paytaxtımızda ənənəvi olaraq keçirilən Formula 1 Azərbaycan Qran-Prisi təşkil olunacaq. Oktyabr ayında isə Bakı şəhərində ikinci dəfə cüdo üzrə dünya çempionatı keçiriləcək ki, bu da ölkəmizin idman həyatında önəmli hadisə kimi qiymətləndirilir.
Bu mötəbər tədbirlər Azərbaycanın beynəlxalq idman arenalarında söz sahibi olduğunu, ölkəmizin idman infrastrukturu və təşkilatçılıq bacarığının yüksək səviyyədə olduğunu bir daha nümayiş etdirəcək. İnanırıq ki, 2026-cı il də Azərbaycan idmanı və idmançıları üçün zəngin tarixi uğurlar və yeni rekordlarla yadda qalacaq.
Azər Əlizadə
262 oxunub