Bakının “Dünya İdman Paytaxtı” seçilməsi Azərbaycanın beynəlxalq aləmdə qazandığı nüfuzun nəticəsidir.
Bakının "Dünya İdman Paytaxtı” seçilməsi Azərbaycanın beynəlxaq aləmdə qazandığı nüfuzun nəticəsidir.
Bakının "Dünya İdman Paytaxtı” seçilməsi prosesinə uzun zaman əvvəl başlanılmışdı.
Qeyd edək ki, 2025-ci ildə "Dünyanın İdman Paytaxtı" Monako şəhəri olub. "Avropa İdman Paytaxtları və Şəhərləri Federasiyasının nümayəndə heyəti Bakıdakı idman infrastrukturunu yüksək qiymətləndirdi. Məhz bundan sonra Avropa İdman Paytaxtları və Şəhərləri Federasiyası Bakını 2026-cı il üçün dünyanın "İdman paytaxtı" seçib.
Azərbaycan dünya idmanında fəal iştirak edir. Prezident İlham Əliyev bildirib ki, bu gün Azərbaycan dünyada idman ölkəsi kimi tanınır: "Bizim idman nəticələrimiz, uğurlarımız, qələbələrimiz, eyni zamanda, idmana dövlət tərəfindən göstərilən dəstək, dövlət proqramlarının icrası, əlbəttə ki, beynəlxalq idman qurumları tərəfindən də yüksək qiymətləndirilir.
Təsadüfi deyil ki, Beynəlxalq Olimpiya Komitəsi, Avropa Olimpiya Komitəsi, beynəlxalq federasiyalar bizim fəaliyyətimizə çox yüksək qiymət verirlər. Ən əsas məsələ ondan ibarətdir ki, Azərbaycanda idmanın kütləviliyi təmin edilir, idmanla məşğul olmaq istəyən gənclərin sayı kəskin artır, biz bunu görürük, izləyirik”.
Bakıya 2026-cı il üçün "Dünyanın İdman Paytaxtı” adı verilməsi, eyni zamanda ictimai sağlamlıq, kütləvi idmanın inkişafı və gənclərin aktiv həyat tərzinə təşviqi baxımından yeni imkanlar açır. Bu status Bakının idman şəhəri kimi turizm, beynəlxalq investisiya mühitinə də müsbət təsir göstərəcək.
Dekabrın 25-də Milli Olimpiya Komitəsində 2019-cu ilin idman yekunlarına həsr olunan mərasimdə Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin Prezidenti İlham Əliyev çıxışında demişdir: "Bu gün Azərbaycan dünyada idman ölkəsi kimi tanınır. Bizim idman nəticələrimiz, uğurlarımız, qələbələrimiz, eyni zamanda, idmana dövlət tərəfindən göstərilən dəstək, dövlət proqramlarının icrası, əlbəttə ki, beynəlxalq idman qurumları tərəfindən də yüksək qiymətləndirilir. Təsadüfi deyil ki, Beynəlxalq Olimpiya Komitəsi, Avropa Olimpiya Komitəsi, beynəlxalq federasiyalar bizim fəaliyyətimizə çox yüksək qiymət verirlər”.
Azərbaycanın bütün sahələrdə olduğu kimi, idman sahəsində də böyük və tarixin səhifələrinə düşən uğurların əldə olunmasına imkan yaradıb. İdmanın maddi-texniki bazasının möhkəmləndirilməsi, idmançıların peşəkar səviyyədə hazırlanmasına göstərilən qayğı öz müsbət nəticəsini verib. Müxtəlif idman növləri, güləş, futbol, intellektual oyunlar, şahmat və s. növlərdə Azərbaycan Avropanın və dünyanın diqqətindədir. İdmana ayrılan diqqətin nümunəsidir ki, mötəbər idman yarışları və tədbirlər ölkəmizdə keçirilir.
İdman sahəsində qazanılan nailiyyətlər həm də dövlətin ümumi inkişaf səviyyəsini, iqtisadi potensialını müəyyənləşdirən vacib meyarlardan biri kimi təbliğati-siyasi məzmun kəsb edir. Bu baxımdan Azərbaycanın dinamik inkişafı idmanda qazanılan uğurlarla bir paralellik təşkil edir. Həm qazandığımız medallar, həm idman komplekslərinin tikintisi, həm də Azərbaycanın beynəlxalq miqyasda idman ölkəsi kimi imicinin möhkəmlənməsi bir vəhdət təşkil edərək idman sahəsindəki uğurlarımızın əsasını təşkil edir.
İdmançılarımızın hər dəfə beynəlxalq arenalarda qazandıqları qalibiyyətlər, bayrağımızı ucaltmaları dövlətimizə şərəf gətirən amillərdir. Ölkəmizə rəhbərlik etdiyi bütün dövrlərdə ulu öndər Heydər Əliyevin idmançılarımızdan gözlədiyi məhz qalib olmaq, dövlətimizin adını ucaltmaq idi.
Azərbaycan Respublikası bu gün öz tarixinin çox şərəfli, böyük irəliləyişlər, inkişaf və tərəqqi dövrünü yaşamaqdadır. Ulu öndərin milli maraqlara əsaslanmaqla həyata keçirdiyi çoxşaxəli siyasət strategiyası bu gün onun layiqli varisi - Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən inamla davam etdirilir. Təbii ki, idman da diqqət və qayğıdan kənarda deyil. Bu qayğı və şəxsən dövlət başçısı cənab İlham Əliyevin diqqəti biz idmançıları yeni qələbələrə səsləyir.
Azərbaycan olduqca böyük, beynəlxalq miqyaslı yarışlara, festivallara, qlobal forumlara, konfranslara - bir sözlə, nüfuzlu tədbirlərə ev sahibliyi edir. Bu miqyaslı tədbirlərin keçirilməsi üçün etimadın göstərilməsi təsadüfi deyil, bu, əlbəttə, Azərbaycanın qazandığı mövqeyin, ölkəmizin beynəlxalq çəkisinin, dünya ictimaiyyəti, beynəlxalq təşkilatlar qarşısında qazandığı reputasiyanın ifadəsidir. Eyni zamanda,belə tədbirlər ölkəmiz, dövlətimiz üçün müəyyən dividendlər gətirir. Bu mənada, həm siyasi, həm də iqtisadi qazancdan danışmaq olar.
Azərbaycan Prezidenti İlham Əliyev Beyləqan rayon gənclərinin və ictimaiyyətinin nümayəndələri ilə görüşündə demişdir: Azərbaycan bu gün dünya miqyasında idman dövləti kimi tanınır. Dövlətimizin başçısı Ümumdünya Şahmat Olimpiadasının keçirildiyini xatırladıb, orada da Azərbaycan idmançılarının ən yüksək yerlərə qalxdığını bildirib. Prezident vurğulayıb ki, həm Ümumdünya Şahmat Olimpiadasında, həm yeniyetmələrin Olimpiya Oyunlarında Azərbaycan Ermənistandan qat-qat yüksək pilləyə qalxmışdır. "Bu, onu göstərir ki, biz həm fiziki, eyni zamanda, intellektual cəhətdən daha güclüyük, üstünük və bu üstünlük hər yerdə özünü büruzə verir”, - deyə dövlətimizin başçısı bildirib.
Prezident İlham Əliyev qeyd edib ki, Olimpiya mərkəzlərinin yaradılması nəticəsində bu gün Azərbaycanda nəinki peşəkar idman sürətlə inkişaf edir, eyni zamanda, gənclər, yeniyetmələr idmana böyük maraq göstərirlər və gözəl nəticələr əldə edirlər.
İdman tarixi uğurlarla dolu olan ölkəmiz artıq dünyada idman ölkəsi kimi tanınır. Dünya idman arenasında öz layiqli yerini tutan Azərbaycan bir çox beynəlxalq yarışların ev sahibi olub. Ölkəmizdə keçirilən bu yarışlar artıq bir növ adət halını alıb. Hər il ölkəmizdə bədii gimnastika, taekvando, güləş, boks, karate, futbol və s. idman növləri üzrə dünya və qitə çempionatları, Olimpiya Oyunlarının lisenziya turnirləri keçirilir. Ümumilikdə son 10 ildə Azərbaycanda 300-dən çox beynəlxalq yarış keçirilib.
2020-ci ildə də idman dünyasının əsas mərkəzlərindən biri yarışlar arasında ən çox diqqət çəkəni futbol üzrə Avropa çempionatı olmuşdur. Paytaxt Bakıda və regionlarda bir sıra beynəlxalq səviyyəli turnirlər keçirilmişdir.
Formula 1 üzrə Azərbaycan Qran-Prisi Bakı treki yarım milyardlıq auditoriyaya malik "Formula 1” üzrə dünya çempionatının təqvimində yer alır.
Azərbaycanı dünyada tanıdan, böyük nüfuza sahib olduğunu sübut edən fəaliyyətlərdən biri də beynəlxalq idman oyunlarına və turnirlərə yüksək səviyyədə ev sahibliyi etməsi olub: "2000-ci ildən sonra ölkədə bir çox beynəlxalq səviyyəli oyunlar, turnirlər keçirilib. Bu oyunlardan ilki 2003-cü ildə keçirilən yeniyetmə cüdoçuların Avropa çempionatı olub. Oyunlar Bakıda, Heydər Əliyev adına İdman - Konsert Kompleksində keçirilib. Yarışda 30 ölkədən 300-dək cüdoçu iştirak edib. Bundan 1 il sonra isə 2004-cü ildə Azərbaycanda bədii gimnastika üzrə dünya kuboku uğrunda yarış keçirilmişdir. Heydər Əliyev adına İdman-Konsert Kompleksində keçirilən yarışda dünyanın 22 ölkəsindən 47 gimnast iştirak edib. 2004-cü ildə keçirilən irimiqyaslı turnirlərdən biri də Taekvondo üzrə Avropa Olimpiya lisenziya turniri olmuşdur ki, bu da Bakı İdman Sarayında keçirilib. Turnirdə Avropanın 39 ölkəsindən 268 idmançı mübarizə aparıb. Bədii gimnastika üzrə 27-ci dünya çempionatı da 2005-ci ildə Azərbaycanda keçirilib. Çempionat Heydər Əliyev adına İdman-Konsert kompleksində keçirilib. 47 ölkəni təmsil edən gimnast qızlar yarışda iştirak ediblər. 2006-cı ildə Respublikada baş tutan digər bir çempionat hərbçilərin güləş üzrə 24-cü dünya çempionatı olub. Heydər Əliyev adına İdman-Konsert Kompleksində keçirilən çempionatda sərbəst güləş və yunan-Roma güləşi üzrə yarışlar baş tutub. Çempionatda 20 ölkənin 200-dən çox pəhləvanı mükafatlar uğrunda mübarizə aparıb. Sərbəst, yunan-Roma güləşi və qadın güləşçilərin dünya çempionatı isə 2007-ci il sentyabr ayında Heydər Əliyev adına İdman-Konsert Kompleksində baş tutub. Sərbəst, yunan-Roma güləşi və qadın güləşçilər dünya çempionatı uğrunda mübarizə aparıblar. Mübarizədə 102 ölkədən 2500-dən çox idmançı iştirak edib. Azərbaycanın paralimpiya hərəkatı tarixində Bakıda keçirilən ilk mötəbər yarış 2007-ci ildə paralimpiyaçı cüdoçular arasında Avropa çempionatı olub. Pekin Yay Paralimpiya Oyunlarına lisenziya qazanmaq xarakteri daşıyan yarışda Fransa, Böyük Britaniya, Finlandiya, İtaliya, Serbiya, Macarıstan, İspaniya, Almaniya, İsveç, Türkiyə, Ukrayna, Bolqarıstan, Rusiya, Latviya, Litva və Yunanıstanı təmsil edən 100-dən çox idmançı iştirak edib.
2009-2012-ci illərdə Respublikamızda keçirilən idman oyunları da ölkəmizin beynəlxalq aləmdə idman ölkəsi kimi tanınmasında böyük rol oynamışdır. 2009-cu ildə Bakıda keçirilən bədii gimnastika üzrə 25-ci Avropa çempionatında dünyanın 32 ölkəsindən 186 gimnast iştirak edib. Elə həmin il ölkədə qaydasız döyüş üzrə Dünya kuboku da keçirilmişdir (Bakı İdman Sarayında). Yarışda Azərbaycan millisi də daxil olmaqla, 25 ölkəni təmsil edən 120-dən çox idmançı mükafat uğrunda mübarizə aparmışdır. 2010-cu ildə ölkəmizdə Heydər Əliyev adına İdman-Konsert Kompleksində daha fərqli bir idman növü üzrə Qılıncoynatma üzrə gənclər və kadetlər arasında yarış keçirilib. Bu yarışlarda dünyanın 87 ölkəsindən 1565 idmançı iştirak etmişdir. 2010-cu il ərzində keçirilən daha bir çempionat bodibildinq üzrə olub ki, burada 64-cü dünya çempionatında 63 ölkənin idmançısı birincilik uğrunda mübarizə aparıb. Mübarizə bodibildinqçilər arasında həyata keçirilib.
2010-cu ildə ölkəmizin paytaxtında keçirilən mötəbər yarışlardan biri də gənclər arasında boks üzrə dünya çempionatı olub və bu oyunlar Bakıda Sərhədçi İdman Mərkəzində təşkil olunub. Çempionatda 96 ölkədən 500 idmançı iştirak edib. Sərbəst, yunan-roma və qadın güləşi üzrə Avropa çempionatı da 2010-cu ildə Bakıda Heydər Əliyev adına İdman-Konsert Kompleksində keçirilib. Bu yarışda Azərbaycan da daxil olmaqla, 36 ölkədən 383 idmançı sərbəst, yunan-Roma güləşi üzrə mübarizə aparıb.
Ölkəmizdə keçirilən daha bir idman yarışı da cüdo üzrə "World Masters" beynəlxalq turniri olub və 2011-ci ildə Bakıda keçirilib. Reytinq xalları verən World Masters seriyasında 42 ölkəni təmsil edən 300-dən çox idmançı mübarizə aparıb. Yarış Sərhədçi İdman Mərkəzində baş tutub. Bu yarışlar 2012-ci il London Yay Olimpiadasına lisenziya xarakteri daşıyıb. Boks üzrə XVI Dünya çempionatı da 2011-ci ilin sentyabrın 26-dan oktyabrın 8-dək Bakıda keçirilib. Çempionatda 113 ölkədən 570 boksçu mübarizə aparıb. Bu, ölkələrin və idmançıların sayına görə rekord göstəricidir.
2012-ci ildə isə yeniyetmələr arasında sərbəst, yunan-Roma, qadın və çimərlik güləşi üzrə dünya çempionatı respublikada keçirilib. 21-27 avqust tarixini əhatə edən yarışda 41 ölkədən 850 idmançı iştirak edib. 22 sentyabr - 13 oktyabr tarixlərində isə 17 yaşlı qızlar arasında futbol üzrə dünya çempionatı baş tutub. 2012-ci ildə keçirilmiş yarışda 16 ölkədən yaşı 17-dən aşağı olan futbolçu qızlar iştirak edib. Bu, Azərbaycanda keçirilən ilk FİFA tədbiri və Avrasiyada baş tutan ilk U-17 qadınlararası dünya çempionatı olub. Bu il ərzində Bakıda ilk keçirilən yarışlardan biri də "GT3 və klassik Formula 1" yarışı olub. Oktyabrın 26-28-də Bakıda ilk dəfə keçirilən yarışların "City Challenge" Bakı avtoparadı keçirilib. Yarışda 10 komanda (hər birində 2 sürücü olmaqla) iştirak edib və 2,1 kilometrlik yarış zolağını qət ediblər. Yarış 300 milyon izləyicini əhatə etmiş, 120 ölkədə televiziya kanalları vasitəsilə yayımlanmışdır".
Azərbaycan idman tarixinin ən şərəfli səhifələrindən biridə Bakı-2015 Avropa Oyunları olmuşdur. Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın rəhbərliyi ilə Bakı-2015 ilk Avropa Oyunları Təşkilat Komitəsi bu irimiqyaslı tədbirə hazırlıq işlərini cəmi iki il yarım müddətdə başa çatdırdı. Azərbaycanın bu məsuliyyətli işin öhdəsindən layiqincə gəldi və çox qısa zaman ərzində Oyunların keçirilməsi üçün hər cür şərait yaradılıb: "Yarışlarda Avropanın 50 ölkəsinin 10000 idmançısı mübarizə aparıb. Yarışlarda Bakının 11, Mingəçevirin isə 1 idman qurğusundan istifadə olunub. 2015 Avropa Oyunlarının təqviminə 30 idman növü daxil edildi. Onlardan 24-ü Olimpiya, 6-sı isə qeyri-Olimpiya idman növüdür. Yarışlarda idmançılar 253 dəst medal uğrunda yarışıb. Avropa Oyunlarının açılış mərasimi 12 iyun tarixində Bakının Olimpiya Stadionunda baş tutub. Açılış mərasimində Avropa Oyunlarını rəsmi olaraq Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev açıq elan edib. Yarışlarda 50 ölkənin 10 000 idmançısı 30 idman növündə mübarizə aparıb. 17 gün davam edən yarışlar 28 iyun tarixində Bakı Olimpiya Stadionunda yekunlaşıb. Yarışlarda qeyri-rəsmi medal cədvəlində ilk sıranı Rusiya Federasiyasının idmançıları tutub. Onlar I Avropa Oyunlarında 79 qızıl, 40 gümüş və 45 bürünc, ümumilikdə 164 medal qazanıb. İkinci sıranı isə ev sahibi Azərbaycan idmançıları tutdu. Yarışlara 289 idmançı ilə qatılan Azərbaycan 21 qızıl, 15 gümüş və 20 bürünc, ümumilikdə 56 medal qazanıb. Üçüncü sıra isə Böyük Britaniya idmançılarına nəsib olub. Onlar 18 qızıl, 10 gümüş və 19 bürünc medal qazandı və I Avropa Oyunlarını 47 medalla başa vurublar”.
2017-ci il 12-22 may tarixində ölkəmiz IV İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi edib. Yarışlarda 21 idman növü üzrə 56 dövlətin 6000-ə yaxın idmançısı mübarizə aparıb. Azərbaycan komandası Oyunlarda 162 (75 qızıl, 50 gümüş, 37 bürünc) medal qazanaraq birinci yeri tutub.
Dünya idman tarixinə öz imzasını atmış və beynəlxalq aləmdə lazımı nüfuzunu qazanmış ölkəmiz 2017-ci ildə ilk dəfə Bakıda qadın voleybolçular arasında Avropa çempionatının final mərhələsinə və digər yarışlara da ev sahibliyi edib.
2018-ci il də respublikamızda Formula 1 Azərbaycan Qran-Prisi, velosiped idmanının BMX növü və cüdo üzrə dünya çempionatları, gimnastika növləri üzrə dünya kubokları, Avropa çempionatı, Beynəlxalq Gimnastika Federasiyasının 82-ci Konqresi, Dünya Antidopinq Agentliyinin Təsisçilər Şurası və İcraiyyə Komitəsinin iclası, Xüsusi Olimpiya Hərəkatı Gənc Liderlərin XX Qlobal Forumu çərçivəsində müxtəlif idman növləri üzrə yarışlar və digər mühüm beynəlxalq turnirlər və tədbirlər yüksək səviyyədə təşkil olunub, şəhərimizə gələn idmansevərlər ölkəmizdən xoş təəssüratlarla ayrılıblar. Azərbaycanın mötəbər idman yarışlarına uğurla ev sahibliyi etməsi, idmançılarımızın beynəlxalq turnirlərdə qazandığı parlaq qələbələr respublikamızın idman ölkəsi olduğunu bir daha təsdiqləyib.
2023-cü ildə ölkəmizdə keçirilən genişmiqyaslı tədbirlər, bir çox idman növləri üzrə dünya və Avropa çempionatları, dünya kuboku və Qran-Pri yarışları yüksək səviyyədə təşkil olundu.
İdman yarışlarının təşkilində böyük təcrübəyə malik olan Azərbaycanda 2023-də keçirilən gimnastikanın dörd növü üzrə Dünya Kuboku, Formula 1 üzrə Azərbaycan Qran-Prisi, yeniyetmə cüdoçular arasında Avropa Kuboku, bədii gimnastika üzrə 39-cu Avropa çempionatı, taekvondo üzrə böyüklər arasında dünya çempionatı, şahmat üzrə kişilər və qadınlar arasında Dünya Kuboku, həndbol üzrə 17 yaşlı qızlar arasında Avropa çempionatı, atıcılıq üzrə dünya çempionatı, IBSA cüdo Qran-Prisi, çövkən üzrə dünya çempionatı, MMA üzrə "Landmark 7” beynəlxalq Rizin, hərbçilər arasında güləş üzrə 36-cı dünya çempionatı kimi nüfuzlu yarışlar ölkəmizin qüsursuz təşkilatçılıq bacarığını bütün dünyaya nümayiş etdirdi. Beynəlxalq yarışlarda qazanılan qələbələr və medallar isə Azərbaycanın bir daha idman ölkəsi olduğunu təsdiqlədi.
"Qarabağ” ilk dəfə UEFA Avropa Liqasında pley-off mərhələsinə vəsiqə qazandı. Komanda bunu dekabrın 14-də avrokubokun qrup mərhələsində "Hekken”le çıxdığı sonuncu görüşündə reallaşdırdı.
2023-cü il qazanılmış nailiyyətlər və ilklərlə Azərbaycan idman tarixində mühüm yer tutdu. Gimnastika sahəsində əldə edilmiş uğurlar isə xüsusilə yadda qaldı. Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya xarakteri daşıyan bədii gimnastika üzrə 40-cı dünya çempionatında üçüncü pilləyə qərarlaşan bədii gimnastımız Zöhrə Ağamirova gimnastika üzrə lisenziya qazanan ilk idmançı oldu.
Boks sahəsində isə yığmamız 22 yaşadək boksçular arasında Avropa çempionatında medal rekordunu yenilədi. Millimiz bunu tarixində ilk dəfə Avropa çempionatında 5 medal qazanmaqla reallaşdırdı.
Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatına yunan-Roma güləşi üzrə Azərbaycan millisi də tarixi uğura imza atanlar sırasındadır. 2 qızıl, 3 gümüş medal qazanan yığma 120 xal toplayaraq ilk dəfə komanda hesabında dünya çempionu oldu.
Şahmatçılarımız da öz növbələrində məhsuldar bir ili geridə qoydular. Monteneqroda şahmat üzrə komandalar arasında Avropa çempionatında qadınlardan ibarət yığmamız 15 xalla tarixdə ilk dəfə bu turnirin gümüş medalına yiyələndi.
2024-cü ildə bir çox əsas idman yarışları keçirilib, ən əsası isə Yay Olimpiya Oyunları (Paris-2024), 34-cü Afrika Millətlər Kuboku (Yanvar-Fevral), Avropa və dünya çempionatları, kuboklar və bir sıra beynəlxalq turnirlər olub. Azərbaycanda da Olimpiya ili çərçivəsində müxtəlif yarışlar təşkil olunub və idmançılar 1718 medal qazanıb.
III MDB Oyunları 2025-ci ildə "Müstəqil Dövlətlər Birliyinin idman paytaxtı" elan edilən Gəncə şəhərində və ölkənin daha 6 şəhərində keçirilib. Sentyabrın 28-dən oktyabrın 8-dək davam edən yarışlar 23 idman növünü əhatə etmişdir. Gəncədə 8, Mingəçevirdə 4, Qəbələdə 4, Şəkidə 3, Göygöldə 2, Yevlaxda 1 və Xankəndidə 1 idman növü üzrə yarışlar təşkil edilmişdir. Oyunlarda MDB ölkələrinin idman heyətləri ilə yanaşı, Azərbaycan Hökumətinin dəvəti əsasında bir sıra digər ölkələrin idmançıları da iştirak etmişdir.
Azərbaycanı dünya idman ailəsində daha güclü mövqedə təmsil etmək üçün əsas hədəflər bunlardır:
- bədən tərbiyəsi və idman hərəkatını genişləndirmək, bədən tərbiyəsi və idmanla məşğul olanların sayını ildən-ilə artırmaq. Bədən tərbiyəsi və idmanın qızlar arasında daha geniş və təsirli inkişafına nail olmaq. Sağlamlıq imkanları məhdud olan insanların (əlillərin) daha çox hissəsini bədən tərbiyəsi və idmanla məşğulluğa cəlb etmək. Bütün regionlarda, xüsusən kənd rayonlarında idmanın inkişafı üçün spesifik əməli tədbirlərin planlaşdırılması və həyata keçirilməsi;
- imkansız ailələrdən olan uşaq və yeniyetmələrin bədən tərbiyəsi və idmanla daha kütləvi, ödənişsiz məşğul olmalarına şəraitin yaradılması, onların idmanda qalmaları və uğur qazanmaları bununla da həyatlarını zənginləşdirə bilmələri üçün konkret tədbirlərin planlaşdırılması və həyata keçirilməsinin təmin edilməsi;
Hər üç səviyyədə-idmanla məşğul olmağa başlamaqda, idmanda qalmaqda və idmanda uğur qazanmaqda insanlara kömək etmək.
Yaşından, etnik mənşəyindən və ya sağlamlıq vəziyyətindən asılı olmayaraq hər kəsin idman fəaliyyəti dairəsinin genişləndirilməsi məsələsini həll etmək, idman və gənclər təşkilatlarının, klubların, məşqçilərin və könüllülərin dinamik şəbəkəsini yaratmaq və formalaşdırmaq, insanların idmanda qalması üçün davamlı infrastruktur yaratmaq;
- bədən tərbiyəsi və idman hərəkatını genişləndirmək, bədən tərbiyəsi və idmanla məşğul olanların sayını ildən-ilə artırmaq. Bədən tərbiyəsi və idmanın qızlar arasında daha geniş və təsirli inkişafına nail olmaq. Sağlamlıq imkanları məhdud olan insanların (əlillərin) daha çox hissəsini bədən tərbiyəsi və idmanla məşğulluğa cəlb etmək. Bütün regionlarda, xüsusən kənd rayonlarında idmanın inkişafı üçün spesifik əməli tədbirlərin planlaşdırılması və həyata keçirilməsi;
- imkansız ailələrdən olan uşaq və yeniyetmələrin bədən tərbiyəsi və idmanla daha kütləvi, ödənişsiz məşğul olmalarına şəraitin yaradılması, onların idmanda qalmaları və uğur qazanmaları bununla da həyatlarını zənginləşdirə bilmələri üçün konkret tədbirlərin planlaşdırılması və həyata keçirilməsinin təmin edilməsi və s..
İdman hərəkatında uğurların əldə edilməsi, beynəlxalq səviyyədə keçirilən yarışlarda Azərbaycan idmançıları tərəfindən dövlət bayrağının ucaldılması, Dövlət Himinin səsləndirilməsi, Azərbaycanın çox mötəbər beynəlxalq idman yarışlarına ev sahibliyi etməsi ölkəmizin dünya idmanı sahəsində yeri olduğunu bir daha sübut edir. İdman ictimaiyyəti əmindir ki, Prezident İlham Əliyevin ölkəmizin inkişafına xidmət edən siyasi xətti idmanımızın daha da inkişafına böyük töhfələr verəcək. Bakı 2026-cı ildə Azərbaycanı dünyada daha güclü idman ölkəsi kimi tanıdacaq.
Dilqəm Quliyev,
"İdmançı” qəzetinin baş redakoru,
pedaqogika üzrə elmlər doktoru,
professor.
304 oxunub