Çingiz HÜSEYNZADƏ
Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin
vitse-prezidenti, filologiya elmləri doktoru, professor
Tarix həmişə tədqiqat və öyrənilmə obyekti olmuş və olacaqdır. Zaman keçdikcə yeni tarix yazılır. Bu il Azərbaycan müstəqilliyinin bərpasının 34 ili tamam oldu. 34 ildə ölkənin həyatında əsaslı dəyişmələr baş vermişdir. Son beş ilin də bu tarixdə öz yeri vardır və həmin dövrün özünün tədqiq edilməsi, yazılması, fikrimcə, xüsusi əhəmiyyət daşıyır. Yeni tariximiz haqqında yazılmış hər bir ciddi elmi araşdırma, şübhəsiz ki hər bir Azərbaycan vətəndaşının diqqətini cəlb edir. Hesab edirəm ki, belə tədqiqat işlərinin qiymətləndirilməsində alimlərimiz fəal mövqe tutmalı, bu cür əsərlərə öz münasibətlərini bildirməlidirlər. Hüquq və İnsan Haqları İnstitutu 2025-ci ildə hüquq elmləri üzrə fəlsəfə doktoru Vəfaddin İbayevin "Suverenliyin zəfər yolu: reallaşan ideyalar, hüquqi əsaslar, siyasi paralellər” kitabını nəşr etdirmişdir. 466 səhifədən ibarət monoqrafiyada Azərbaycan Prezidentinin 44 günlük Vətən müharibəsi zamanı xalqa müraciətləri, müsahibə və çıxışlarında səslənmiş fikirlər tədqiqata cəlb edilmiş və üç fərqli istiqamətdə təhlil aparılmışdır. Həmin istiqamətlərdən biri "reallaşan ideyalar” adlandırılmışdır. Əsərlə tanışlıq göstərir ki, "Reallaşan ideyalar” xalqımızın ümummilli lideri Heydər Əliyevin Azərbaycanın inkişafı strategiyasında müxtəlif istiqamətlərdə həyata keçirilməsi nəzərdə tutan işləri əhatə edir. Ötən əsrin 90-cı illərinə qayıtsaq, görərik ki, bu ideyalar ölkədə sabitlik yaratmaq, atəşkəsə nail olmaq, vahid hərbi sistemə əsaslanan yeni ordu quruculuğuna başlamaq, Azərbaycanı dünyada tanıtdırmaq və onun haqq səsini beynəlxalq ictimaiyyətə çatdırmaq, beynəlxalq münasibətlər sistemində Azərbaycanın mövqeyini möhkəmlətmək, dost, qardaş ölkələrlə ən vacib məsələlərə münasibətdə yekdil rəyə gəlmək, Azərbaycan torpaqlarının işğalı faktlarının beynəlxalq təşkilatların təsdiq etməsinə, bu məsələlərin belə qurumların sənədlərinə daxil edilməsinə müvəffəq olmaq, iqtisadiyyatı inkişaf etdirmək və digər əhəmiyyətli işləri özündə birləşdirmiş doktorina təşkil etmişdir. Bu doktorinanın özəyində duran əsas ideya isə Azərbaycan torpaqlarının azad edilməsi, qaçqın və məcburi köçkünlərin öz daimi yaşayış yerlərinə qayıtmasını təmin etmək durmuşdur. Nəzərdə tutulmuş işlərin, ideyaların əsas hissəsi artıq reallaşmış, bir sıra ideyalar isə hələ də reallaşmaqdadır. Məsələn, böyük qayıdış, ölkənin iqtisadi inkişafı və s. istiqamətdə işlər davam edir. Gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsi də qeyd edilmiş ideyalardan biri olması şübhə doğurmur.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev bu il noyabrın 8-də Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi paraddakı çıxışında demişdir: "Biz gənc nəsli vətənpərvərlik ruhunda, Vətənə sevgi ruhunda tərbiyə etmişik və bizim gənclərimiz 44 gün ərzində öz sinələrini qabağa verərək, güllə altına gedərək tarixi torpaqlarımızı işğalçılardan azad etdilər. Vətənpərvərlik, mənəvi keyfiyyətlərimiz şanlı Zəfərimizin əsas amillərindən biridir”.
Vətən sevgisi, vətənpərvərlik xalqımıza tarixən xas olan mənəvi keyfiyyətlərdən biridir. Lakin Azərbaycanın müstəqilliyi və suverenliyi istər çar Rusiyası, istərsə də Sovet İttifaqı dövründə daim məhdudlaşdırılmışdır. SSRİ-də rus imperiya siyasəti də həmişə davam etmiş, dövrün ideologiyası müttəfiq respublikalarda yaşayan xalqların sovet vətəndaşı kimi yetişdirilməsi, rus dilinin dominantlığının təmin edilməsi, əhalidə ruslara münasibətdə "böyük qardaş” hissi yaradılması, əslində, milli vətənpərvərliyi zəiflətməyə köklənmişdi. Təbii ki başqa səbəblər xalqın vətənpərvərlik ruhuna öz təsirini həmişə göstərmişdir. Ümummilli lider Heydər Əliyev 22.09.1993-cü il tarixdə gənclərin nümayəndələri ilə görüşdə vətənpərvərlik anlayışının mahiyyətini açmış, vətənpərvərlik hissinin o dövrdə zəifləməsinin səbəblərindən də bəhs edərək demişdi: "Bizim məğlubiyyətlərimizin və düşdüyümüz ağır vəziyyətin əsas səbəblərindən biri Azərbaycanda son illər gedən ictimai-siyasi proseslər nəticəsində gənclərimizdə (şübhəsiz ki, bir qismində) vətənpərvərlik hissinin müəyyən qədər itməsi, ümumimilli məfhumlara biganəlik və başqa mənfi keyfiyyətlərin meydana çıxması, bəzən geniş sirayət etməsi ilə əlaqədardır.” Göründüyü kimi, gənclərin vətənpərvər ruhda tərbiyəsi ideyasını Ulu Öndər hələ o illərdə ön plana çəkilmişdi.
Gənc nəsli vətənpərvərlik ruhunda, Vətənə sevgi ruhunda tərbiyə etmək ideyasının həyata keçirilməsində hesab edirəm ki, Olimpiya Hərəkatı və idman sahəsində görülən ardıcıl işlərin xüsusi rolu olmuşdur. Azərbaycanda Olimpiya Hərəkatının və şübhəsiz ki, idmanın sürətli inkişafı isə 1997-ci ildə cənab İlham Əliyevin Milli Olimpiya Komitəsinin prezidenti seçilməsindən sonra başlamış və bu inkişaf ildən ilə güclənmişdir.
Cənab İlham Əliyev hələ 1998-ci ildə gənc idmançılar qarşısındakı çıxışında demişdir: "İdman mübarizədir. ...Sizin hər birinizin mübariz ruhda tərbiyə olunması bizim istəyimizdir. Əminəm ki, bu işdə idman sizə çox şey verəcəkdir. Mübarizə aparmaq, qələbə çalmaq, qarşıya qoyduğunuz məqsədə çatmaq üçün daim çalışmaq sizin əsas vəzifəniz olmalıdır. Vətənə bu cür övladlar lazımdır. Vətən bu cür övladları ilə daim ucalır”.
Milli Olimpiya Komitəsinin prezidenti kimi idman və Olimpiya Hərəkatımıza rəhbərlik edən cənab İlham Əliyev elə 1997-ci ildən mübariz gənc nəslin yetişdirilməsi ideyasını ortaya atmış, bu məqsədə çatmaq vasitələrindən birinin yeniyetmə və gənclərin idmana cəlb edilməsi, onların idman mübarizəsində uğurlar qazanması üçün hər cür əsasların yaradılmasını komitənin fəaliyyətində ön plana çəkmişdi.
"Suverenliyin zəfər yolu” kitabına reallaşan ideyalar prizmasından nəzər saldıqda ötən əsrin 90-cı illərinin ikinci yarısında ölkəmizin idman uğurlarına, onun idman potensialının gücləndirilməsinə, dünyanın ən mötəbər idman yarışlarında Azərbaycan idmançılarının qələbələr qazanmasına xüsusi diqqət verilməsinin səbəblərini bir daha aydın görürük.
Azərbaycan torpaqlarının işğaldan azad edilməsi üçün güclü ordu lazım idi. Ordunu güclü edən mühüm amil yüksək fiziki keyfiyyətlərə malik cəsur, vətənpərvər əsgərlərdir. Əgər ölkəni təmsil edən mötəbər idman arenasındakı mübarizədə qalib gəldiyini sübut edə bilirsə, qalib gəlirsə, birinci olursa, həmin ölkənin başqa mübarizə meydanlarında da qalib və müzəffərliyini təsdiq edirdi. Azərbaycanda idman qələbələrimizə də elə bu mövqedən dəyər verilmişdir.
Ümummilli liderimiz yüksək nailiyyət əldə etmiş idmançılarla 1995-ci ildəki ilk görüşündə demişdi: "Ötən illərdə bizim itkilərimiz çox olmuşdur. Ancaq nailiyyətlərimiz də az deyildir. Bu nailiyyətlər içərisində idman sahəsində, beynəlxalq yarışlarda əldə olunan nəticələr çox qiymətlidir. Onların qiyməti Azərbaycan xalqının təkcə fiziki cəhətdən yüksək keyfiyyətlərə malik olduğunu nümayiş etdirməkdən ibarət deyildir, həm də müstəqil Azərbaycan Respublikasını dünyada tanıtdırmaqdan ibarətdir”.
Sidney Olimpidası ərəfəsində Azərbaycan Milli Olimpiya Komitəsinin prezidenti cənab İlham Əliyev də məsələyə, demək olar ki, eyni mövqedən yanaşmışdı: "2000-ci ildə keçiriləcək Olimpiya Oyunlarında medalların sayı daha da çox olacaqdır. Bizim milli komandamız bu yarışlarda daha geniş tərkibdə çıxış edəcək və biz hamımız arzulayırıq ki, Vətənə medallarla qayıtsınlar, Azərbaycanın idman şöhrətini ucaltsınlar. Sidneydə yarışacaq idmançılarımıza tövsiyəm budur ki, bir anda yaddan çıxarmasınlar ki, onların uğurları, onların əldə edəcəyi medallar təkcə özlərinə yox, həm də bütün Azərbaycan xalqına məxsusdur. Onların uğurları Azərbaycanın uğurlarıdır. Onların qələbəsi Azərbaycanın qələbəsi olacaqdır” (İlham Əliyev 10.05.2000).
İdman yarışında qalib gəlmək təkcə idmançının mübarizlik, vətənpərvərlik ruhunu qaldırmır, bu qələbə bütün xalqın hiss və ovqatına təsir göstərir. I Qarabağ müharibəsindəki uğursuzluqlardan sonra ilk qələbəmiz və qələbələrimiz məhz mötəbər idman yarışlarında olmuşdur. 2000-ci ildə Sidney Olimpiadasında Azərbaycan idmançılarının qazandıqları iki qızıl və bir bürünc medal ölkəmizin qələbələr tarixindəki ilk ən böyük uğuru olmuşdur. Bu qələbəyə bizi cənab İlham Əliyev aparmışdı. Mən 2000-ci ildə idmançılarımızın Sidneydən Vətənə qayıdış gününü yaxşı xatırlayıram. Müstəqilliyini bərpa etdikdən xalqımızın həqiqi sevinci, əgər belə demək olarsa, ilk dəfə həmin gün özünü nümayiş etdirdi. Mən xalqın həmin sevincini, həmin bayram təntənəsini torpaqlarımızı azad edəcək qələbəyə inamın ilk qığılcımı, ilk püskürən vulkanı hesab edirəm. Sonrakı Olimpiadalarda bu qələbələrin, bu qələbə sevinclərinin ardı gəldi.
"Suverenliyin zəfər yolu” kitabında Ali Baş Komandanımızın müsahibələrindən birində qəti şəkildə "Biz işğal olunmuş bütün ərazilərdə Azərbaycan bayrağını qaldıracağıq!” deməsi xüsusi qeyd olunmuşdur. Mən burada reallaşmış ideyalar zəminində gerçəkləşmiş bəzi faktları dilə gətirmək və bu faktların da kitab müəllifinin gətirdiyi siyasi paralellərlə səsləşdiyini nəzərə çatdırmaq istəyirəm. Cənab İlham Əliyev işğal edilmiş bütün Azərbaycan torpaqlarında Azərbaycan bayrağını qaldırmazdan əvvəl onu dünyanın çox ölkəsində qaldırmağa nail oldu. Yalnız 2020-ci ilə qədərki Olimpiya Oyunlarına nəzər salsaq, Sidneydən sonra Afinada, Pekində, Londonda, Rio de-Janeyroda Azərbaycan bayrağı qaldırılmış, Azərbaycan himni səsləndirilmişdi. Cənab İlham Əliyev 44 günlük müharibəyə qədər torpaqlarımızı işğal etmiş və işğal altında saxlayan Ermənistanın paytaxtı Yerevanda da Azərbaycan bayrağının qaldırılmasına, Azərbaycan himninin səsləndirilməsinə nail olmuşdu. Cənab İlham Əliyev 2008-ci ildə Pekində qalib gəlmiş idmançısının boynuna qələbə medalını asmışdı. 2020-ci ildə isə o, Ali Baş Komandan kimi torpaqlarını azad etmiş əsgərlərinin yaxasına Azərbaycan orden və medallarını taxmışdı.Cənab İlham Əliyev elə bir Ali Baş Komandandır ki, hiylə və məkrlə ələ keçirilmiş, azad ediləcəyini əksəriyyətin gözləmədiyi torpaqlarını da işağaldan azad etmiş, Xankəndi şəhərində hərbi parad, "Qarabağ” komandasının qələbəsi ilə başa çatmış futbol oynu keçirmiş, elə Xankəndidə yüksək nailiyyətlər qazanmış idmançılarını orden və medallarla təltif etmişdir. Bu faktları vurğulamaq hesab edirəm ki, vacibdir. İndi 2025-ci ildə dönüb tarixə nəzər salsaq, qeyd edilmiş ideyaları reallaşdırmış bir Ali Baş Komandanı görürük: İlham Əliyev.
İdman insana yalnız dözümlülük, əzmkarlıq, mübarizlik kimi keyfiyyətləri vermir, onun çox sayda başqa keyfiyyətlərin tərbiyə və təlqin olunmasında rolu böyükdür. "Suverenliyin zəfər yolu” kitabında oxuyuruq: " Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 2-də İtaliyanın "LaRepubblica” qəzetinə müsahibəsində "Cənab Prezident, Siz artıq qələbəni dadmısınız?” sualına cavab verərkən bildirdi ki, "Biz ərazi bütövlüyünün bərpasını demək olar ki, 30 il idi gözləyirdik... Biz onu danışıqlar masasında həll etmək istəyirdik. Lakin biz bunu döyüş meydanında etməyə hər zaman hazır idik və bunu da edirik”. Əslində, İlham Əliyev qələbə qazanmağa, xalqa onu dadızdırmağa çoxdan başlamışdı. O, ilk vaxtlar bunu idman meydançalarında sınaqdan keçirdi. İdman yarışları da özünəməxsus döyüş idi. Bunlar sülh yolu ilə həyata keçirilsə də, burada mübarizə, rəqabət, əzmkarlıq, qələbə, dövlət bayrağının dalğalandırması var idi. İdman sahəsində də qələbələri qazanmaq üçün uzunmüddətli hazırlıq, məşqlər, təlimlər vacib idi. İlham Əliyevin idman aləmində sınaqları uğurlu oldu. O, Azərbaycan gənclərində döyüşmək, qalib gəlmək ruhunu bərqərar etdi, o, beynəlxalq arenalarda dövlət bayrağımızı dalğalandırdı, Azərbaycan oğul və qızları onun rəhbərliyi ilə çempion adını qazandı, qələbə çaldı, Azərbaycan himnini səsləndirdi” (İbayev V. Suverenliyin zəfər yolu. Bakı, 2025).
Cənab İlham Əliyev Milli Olimpiya Komitəsinin prezidenti kimi hələ 1998-ci ildən başlayaraq Azərbaycanda Olimpiya və qeyri-Olimpiya növü sayılmasından asılı olmayaraq idmanın bütün növlərinin inkişaf etdirilməsinin vacibliyini vurğulayır, onlar arasında fərq qoymamağı tövsiyə edirdi. MOK bu tövsiyə və tapşırıqları rəhbər tutaraq ölkədə karate, uşu və digər şərq döyüş növləri üzrə müxtəlif səviyyəli beynəlxalq yarışların təşkilinə, yeniyetmə və gənclərin bu idman növləri bölmələrinə cəlb olunmasına xüsusi diqqət yetirirdi.
Azərbaycanda alpnizm və qayayadırmanma idman növləri də inkişaf etdirilirdi. "Sülh Naminə Tərəfdaşlıq” proqramı çərçivəsində ordu idmançılarımız hələ 2008-ci ildə Rumıniyada "Dağa dırmanma təlimatçıları” kurslarında təhsil alıb bilik və bacarıqlarını gənclərə öyrədirdilər. Bu yerdə yenə də "Suverenliyin zəfər yolu” kitabına nəzər salmaq yerinə düşür: "Ordunu müxtəlif yollarla hərbi əməliyyatlara hazırlamaq böyük sərkərdələrin uzaqgörənliyi əlamətidir. Çingizxan ordunu böyük ərazilərdə keçirdiyi ova cəlb etməklə onları hərbi məharətə hazırlayırdı. Aleksandr Melexin yazır ki, "məqsəd ovun özü deyil, daha çox döyüşçüləri vərdiş etdirmək, öyrəşdirmək, ox atmaq və tapşırıqları yerinə yetirməyi onlara mənimsətmək idi”. İlham Əliyevin rəhbərliyi altında yetişən idmançılar Vətən müharibəsi günlərində idmanda qazandıqları vərdişlər hesabına böyük qəhrəmanlıqlar nümayiş etdirərək adlarını xalqın mərd igidləri sırasına yazdılar. İdman sahəsində əldə edilmiş uğurlar İlham Əliyevi bir daha əmin etdi ki, xalqının övladları döyüş meydanlarında da qalib gəlməyə hazırdırlar, sadəcə onlara özü kimi Ali Baş Komandan lazımdır” (İbayev V. Suverenliyin zəfər yolu. Bakı, 2025).
Ali Baş Komandan Azərbaycan torpaqlarını, alınmaz qala olan Şuşanı düşmən tapdağından azad edəcək Vətən oğulları hazırlayırdı. Bu oğullar dünyanı heyrətə salacaq, şücaət göstərəcəkdilər və göstərdilər də.
26 fevral 2021-ci ildə xarici ölkələrin media nümayəndələri üçün mətbuat konfransında İlham Əliyev Ukraynanın "İnter” telekanalı müxbirinin sualını cavablandırarkən deyirdi: "...biz onların bizi haradan gözlədiklərini və nə edəcəklərini təxminən bilirdik. Buna görə də elə yerdən gedirdik ki, onların ağlına belə gəlməzdi. Onlar bizim Şuşaya necə gedib çıxmağımızı hələ də başa düşə bilmirlər. Başa düşə bilmirlər, bir-birindən soruşurlar. Bəzən bu məsələ mətbuata çıxır. Lakin haçansa başa düşəcəklər, bu da Azərbaycanın xüsusi təyinatlılarının və digər xüsusi hərbi birləşmələrinin misilsiz mərdliyi, qəhrəmanlığı, fədakarlığı ilə bağlı ayrıca bir əhvalatdır. Lakin bu gün artıq sirr deyil ki, döyüş əməliyyatlarında sərhəd xidmətinin xüsusi təyinatlı qüvvələri, daxili qoşunlar, təhlükəsizlik xidməti, kəşfiyyat xidməti, Naxçıvan ordusunun xüsusi qüvvələri iştirak edirdilər. Onlardan hər birinin vahid komandanlıq altında öz vəzifəsi var idi.”
İdman həyatın bütün sahələrində insana kömək edir. Peşəkar boksçu olmuş general İvan Yefremovun idman və müharibə haqqında söylədikləri kitabda verilmiş paralellərdən biridir: "Boksçu təkcə yumruqlarından yaxşı istifadə edə bilən insan deyil, o həm də yaranmış vəziyyətdən daha tez baş çıxarmaq qabiliyyətinə adət etmiş şəxsdir. Mən rinqdə - məşqlərdə və döyüşlərdə tez fikirləşməyə öyrəşmişdim. Zərbələrin yağışı altında soyuqqanlılığı saxlamaqla saniyənin onda birində rəqibin mənə doğru uçan zərbəsini necə dəf etməyi və bu zaman özümün necə zərbə endirməyimi hesablayırdım. Bax, müharibədə kritik, ekstremal vəziyyətlərdə düşməni bir saniyənin onda biri hesabına düşüncədə qabaqlamağım mənim daimi üstünlüklərim və yardımçım idi” (İbayev V. Suverenliyin zəfər yolu. Bakı, 2025).
"Suverenliyin zəfər yolu: reallaşan ideyalar, hüquqi əsaslar, siyasi paralellər” kitabında Ali Baş Komandan İlham Əliyevin hərb meydanında, həmçinin diplomatiya, eləcə də başqa cəbhələrdə yaranmış vəziyyətlə bağlı qəbul etdiyi qərarlar, jurnalistlərin qəfil, ikibaşlı, sətiraltı məna daşıyan suallarına bir göz qırpımında verdiyi sərrast cavablar, xalqı ayrı-ayrı sahələrdəki, o cümlədən də idmandakı inkişaf və tərəqqi ilə zəfərə aparmaq bacarıqları dünyanın ən tanınmış tarixi şəxsiyyətlərinin, sərkərdələrin, dövlət başçılarının qərarları ilə paralelləri çoxdur. Əslində, bu gün Tarixi Zəfərdən, 44 günlük müharibədən və ondan sonrakı dövrdən yazarkən, tədqiqat apararkən belə paralelləri aşkara çıxarmaq onlardan danışmaq son dərəcə vacibdir. Çünki bu, bizim tariximizdir. Ümummilli lider Heydər Əliyev və Ali Baş Komandan İlham Əliyev Azərbaycanın dünyaya bəxş etdiyi və dünyanın ən böyük dühaları ilə eyni sırada duran şəxsiyyətlərdir. Onların işi, fəaliyyəti, uzaqgörənliyi, təkcə Azərbaycan üçün deyil, bütün türk dünyası, həmçinin bundan sonra hansı millətdən olmasından asılı olmayaraq öz adını, fərqi yoxdur, dövlət başçısı, sərkərdə, ümumiyyətlə, dahi kimi tarixə yazdırmaq istəyən hər bir kəs üçün örnəkdir.
157 oxunub