XƏBƏR LENTİ
23 Dekabr 2025
22 Dekabr 2025
20 Dekabr 2025
19 Dekabr 2025
18 Dekabr 2025



Taekvondoçular Azərbaycan birinciliyi və çempionatında mübarizə aparacaqlar
İdman 12:03 / 23.12.2025

Dekabrın 24-dən 27-dək Fövqəladə Hallar Nazirliyinin İdman-sağlamlıq klubunda (FHN İSK) taekvondo üzrə gənclər arasında ölkə birinciliyi və böyüklər arasında Azərbaycan çempionatı təşkil olunacaq.

Azərbaycan Taekvondo Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, dörd gün davam edəcək yarışda paytaxt və bölgələri təmsil edən 72 klub və idman cəmiyyətindən ümumilikdə 436 taekvondoçu iştirak edəcək.

Gənclər arasında ölkə birinciliyində ümumilikdə 317 idmançı (202 oğlan, 115 qız), böyüklər arasında Azərbaycan çempionatında isə 119 taekvondoçu (81 kişi, 38 qadın) mübarizə aparacaq.

2026-cı ilin taekvondo üzrə daxili yarışlarının proqramına uyğun olaraq, gənclər arasında ölkə birinciliyində 2009-2011-ci illər, böyüklər arasında isə 2008-ci il təvəllüdlü və daha böyük yaş qruplarına aid idmançılar iştirak edəcəklər.

Gənc oğlanlar 45, 48, 51, 55, 59, 63, 68, 73, 78 və +78, gənc qızlar 42, 44, 46, 49, 52, 55, 59, 63, 68 və +68 kiloqram çəki dərəcələrində yarışacaqlar.

Böyüklər arasında yarışlarda isə kişilər 54, 58, 63, 68, 74, 80, 87 və +87, qadınlar 46, 49, 53, 57, 62, 67, 73 və +73 kiloqramlarda mübarizə aparacaqlar.

Çempionatın ilk üç günündə gənclər arasında ölkə birinciliyinin görüşləri keçiriləcək. Böyüklər arasında Azərbaycan çempionatının qarşılaşmaları isə yarışın son günü - dekabrın 27-də baş tutacaq.

Qeyd edək ki, yarışın açılış mərasimi dekabrın 25-də reallaşacaq.


147 oxunub

InvestAZ