2025-ci il Formula 1 tarixində yadda qalan hadisələrlə əlamətdar olub. Qurumun rəsmi saytında 75 illik yubiley mövsümünün bəzi nəticələri yer alıb. Belə ki, çempionatın qlobal auditoriyası bu il 827 milyon nəfərə çatıb. Bu da 2024-cü illə müqayisədə 12 faiz, 2018-ci ildən bəri isə 63 faiz artım deməkdir. Bundan əlavə, bütün azarkeşlərin 43 faizi hazırda 35 yaşdan kiçikdir ki, bu da illik 51 milyon yüksəlişdir. Yarışlar zamanı tamaşaçıların 42 faizi (2018-ci ildəki 37 faizlə müqayisədə) qadınlardır. Mövsümün bütün mərhələlərində ümumi izləyici sayı rekord həddə - 6,7 milyon nəfərə çatıb. 24 yarış həftəsonundan on doqquzunun biletləri tamamilə satılıb. Fərdi yarışlarda on bir yeni izləyici rekordu qeydə alınıb. Dörd yarış 400 mindən çox tamaşaçı cəlb edib.Hollivud aktyoru Bred Pittin rol aldığı "Formula 1" filmi 630 milyon dollardan çox gəlir əldə edərək bütün zamanların ən çox gəlir gətirən idman filmi olub. Dekabrın 12-də da "Apple TV"də yayımlandıqdan sonra film dərhal platformanın siyahılarında birinci yerə yüksəlib.Formula 1-də 2030-cu illərə qədər yeni müqavilələr bağlanıb. Belə ki, Mayami və Avstriya mərhələləri ilə müqavilələr 2041-ci ilə qədər uzadılıb. Bundan əlavə Portuqaliya Qran-Prisi 2027-2028-ci illərdə Portimao trasına qayıdacaq.
157 oxunub