XƏBƏR LENTİ
27 Noyabr 2025
26 Noyabr 2025
25 Noyabr 2025
24 Noyabr 2025
23 Noyabr 2025
21 Noyabr 2025
20 Noyabr 2025



Azərbaycan İdman Veteranları İctimai Birliyinin üzləri Ağacan Abıyevlə görüşüblər
İdman 12:37 / 27.11.2025
Noyabrın 26-da Azərbaycan İdman Veteranları İctimai Birliyinin bir qrup üzvü ölkə idmanının görkəmli simalarından biri, adı Azərbaycan idman salnaməsinə qızıl hərflərlə yazılmış Ağacan Abıyevlə doğum günü münasibətilə yaşadığı ünvanda görüş keçiriblər.
Olimpiyadunyasi.com xəbər verir ki, səmimi şəraitdə keçən görüş həm Ağacan müəllimin zəngin həyat yoluna hörmətin ifadəsi, həm də Azərbaycan idman tarixinin unudulmaz səhifələrinə bir baxış olub.
Ağacan müəllim 24 noyabr 1937-ci ildə Bakının Bülbülə qəsəbəsində Lenin ordenli neftçi Qulam kişinin ailəsində dünyaya gəlib. Ömrünü Azərbaycan idmanının inkişafına, təhsilin yüksəlişinə və elmi mühitin möhkəmlənməsinə həsr edən Ağacan Abıyev 1987-2015-ci illərdə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasına 28 il rəhbərlik etməklə ali təhsil ocağının tarixində ən uzunmüddətli rektor kimi yadda qalıb. 2005, 2010 və 2015-ci illərin seçkilərində Milli Məclisin 3, 4 və 5-ci çağırışlarının deputatı kimi 15 illik parlament fəaliyyəti ərzində Elm və Təhsil komitəsinin üzvü, həmçinin İntizam Komissiyasının sədri olub.
Onun fəaliyyət dairəsi ölkə idmanının ən yüksək pillələrinə qədər uzanır. Azərbaycan Boks Federasiyasına 25 ildən artıq (1984-2009) prezidenti kimi rəhbərlik edən, sonrakı illərdə federasiyanın I vitse-prezidenti kimi fəaliyyət göstərən Ağacan müəllim həmçinin Milli Olimpiya Komitəsinin Baş katibi, Azərbaycan Olimpiya Akademiyasının Prezidenti, Avropa Həvəskar Boks Assosiasiyasının vitse-prezidenti, Dünya Həvəskar Boks Assosiasiyasının İcraiyyə Komitəsinin üzvü kimi mühüm vəzifələr daşıyıb. SSRİ-nin fəxri idman ustası, Azərbaycanın Əməkdar məşqçisi, ümumittifaq və beynəlxalq dərəcəli hakim olan Ağacan Abıyev "Şöhrət", "Şərəf" və 1-ci dərəcəli "Vətənə xidmətə görə" ordenləri ilə təltif olunub.
Ziyarət zamanı veteran idmançılar Ağacan müəllimi doğum günü münasibətilə təbrik edərək ona sağlam həyat, firavan ömür və davamlı fəaliyyət arzulayıblar. Səmimi söhbətlər, illərin yaddaşında qalan maraqlı əhvalatlar görüşə xüsusi rəng qatıb. Ağacan müəllimin həyat yolunun gənclər üçün əsl örnək olduğu qeyd olunub.
Görüşdə iştirak edən Afina-2004 Yay Olimpiya Oyunlarının bürünc mükafatçısı, "Təhsil” Respublika İdman Mərkəzinin Sumqayıt şəhər 1 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman-Şahmat Məktəbinin direktoru Fuad Aslanov məlumat verib ki, Bakı şəhər Gənclər və İdman İdarəsi ilə Azərbaycan Boks Federasiyasının birgə təşkilatçılığı ilə 15-19 dekabr 2025-ci il tarixlərində Boks Mərkəzində Ağacan Abıyevin şərəfinə yeniyetmələr arasında respublika boks turniri keçiriləcək.
Görüşün sonunda iştirakçılar Ağacan Abıyevlə xatirə şəkli çəkdiriblər.

267 oxunub

InvestAZ