Bu gün Milli Olimpiya Komitəsinin (MOK) inzibati binasında Şimali Kipr Türk Cümhuriyyəti Milli Olimpiya Komitəsinin nümayəndə heyəti ilə rəsmi görüş keçirilib.
Olimpnews.az xəbər verir ki, tədbirdə Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, MOK-un baş katib Azər Əliyev, Şimali Kipr Türk Cümhuriyyəti Milli Olimpiya Komitəsinin prezidenti Orçun Kamalı və Şimali Kipr Türk Cümhuriyyətinin Bakı Təmsilçiliyinin üçüncü katibi Görkem Reis, xarici əlaqələr idarəsinin müdiri Anar Bağırov, mətbuat katibi Murad Fərzəliyev iştirak ediblər.
Görüşdə Şimali Kipr Türk Cümhuriyyəti arasında idman əlaqələrinin genişləndirilməsi, beynəlxalq təlim-məşq toplanışlarının təşkili və beynəlxalq yarışlarda əməkdaşlıq imkanları müzakirə olunub.
MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə qonaqları salamlayaraq Azərbaycan idmançılarının İslam Həmrəyliyi Oyunlarında iştirakı və əldə olunan nəticələrlə bağlı məlumat verib. O, Bakı-2017-dən sonra Azərbaycan idmançılarının ən uğurlu nəticəsini Türkiyənin Konya şəhərində keçirilən İslamiadada olduğunu bildirib. Vitse-prezident həmçinin, Şimali Kiprdə yüksək səviyyəli təlim-məşq bazalarının olduğunu vurğulayıb.
Şimali Kipr Türk Cümhuriyyəti Milli Olimpiya Komitəsinin prezidenti Orçun Kamalı səmimi qəbula görə minnətdarlığını bildirərək rəhbərlik etdiyi qurumun fəaliyyəti haqqında məlumat verib. O, İslam ölkələri arasında keçiriləcək beynəlxalq yarışlarda təmsil olunmaq istədiklərini və bu istiqamətdə Azərbaycan Milli Olimpiya Komitəsinin dəstəyinə ümid etdiklərini qeyd edib.
Çingiz Hüseynzadə görüş zamanı qarşılıqlı idman əlaqələrinin daha da gücləndirilməsi, həmçinin İslam Həmrəyliyi İdman Assosiasiyasının (İSSA) ikinci vitse-prezidenti kimi beynəlxalq əməkdaşlıq və digər istiqamətlərdə MOK-un dəstək göstərməyə hazır olduğunu bildirib.
Sonda tərəflər arasında xatirə hədiyyələri təqdim olunub.
612 oxunub