XƏBƏR LENTİ
13 Noyabr 2025
12 Noyabr 2025
11 Noyabr 2025
10 Noyabr 2025



Heydər Əliyev və müasir Azərbaycan Konstitusiyası
İdman 15:28 / 13.11.2025
"Bu gün hamımız mənəvi rahatlıq hissi keçirə bilərik. Çünki tarixi bir iş görülmüşdür. Tarixi bir sənəd yaradılıbdır. Bu gün biz Azərbaycanın bu günü, gələcəyi üçün çox böyük bir sənəd – siyasi, hüquqi sənəd yaratmışıq. Bizim Konstitusiya layihəsinin ən mühüm əhəmiyyəti ondan ibarətdir ki, xalqımızın, respublikamızın tarixində bu, ilk, tamamilə sərbəst, müstəqil şəkildə yaranmış konstitusiyadır. Konstitusiya layihəsi indiyə qədər olan bütün konstitusiyaların, qanunların hamısından fərqlənir. Ona görə fərqlənir ki, bu, müstəqil Azərbaycan Respublikasının Konstitusiyasıdır”.

Heydər Əliyev,
10 noyabr 1995

Artıq 30 ildir, Azərbaycan noyabrın 12-ni Konstitusiya Günü kimi qeyd edir. Dövlətin əsas qanunu kimi konstitusiyanın anlayışı latın dilində olan «constitucio» sözündən olub hərfi mənası «quruluş», «təsisat», «qurmaq», «təsis etmək» deməkdir. Etimoloji baxımdan konstitusiya terminindən ilk dəfə Qədim Romada imperator hakimiyyətinin ayrı-ayrı aktlarının adlandırılması üçün istifadə olunmuşdur. Orta əsrlərdə Avropada feodalzadəgan imtiyazlarını nəzərdə tutan aktlar da sözün hərfi mənasına uyğun olaraq bu cür adlandırılmışdır. İlk yazılı Konstitusiya (yəni, daxili struktura malik vahid, əsas qanun) kimi 1787-ci ildə qəbul edilmiş və bu günə qədər fəaliyyət göstərən ABŞ-ın Konstitusiyasının adını çəkmək olar. Avropada ilk yazılı konstitusiyalar 1791-ci il Polşa və Fransa Konstitusiyaları olmuşdur.
Azərbaycan dövlətinin konstitusiya statusu Konstitusiya quruluşunun əsasları Azərbaycan Respublikasının Konstitusiyasının I bölməsində təsbit olunmuşdur. Konstitusiya quruluşunun əsasları ayrı-ayrı dövlətlərin konstitusiyalarında müxtəlif adlar altında verilmişdir. Məsələn, İtaliya və Almaniya Federativ Respublikasının Konstitusiyasında «Əsas Prinsiplər», Fransa Respublikası Konstitusiyasında «Suverenlik haqqında», Türkiyə Respublikası Konstitusiyasında «Ümumi Əsaslar» və s. Azərbaycan Respublikası Konstitusiyasında isə cəmiyyətin və dövlətin fundamental əsasları, həyata keçirilməsi ölkəmizdə konstitusion dövlətin bərqərar olunmasına yönələn başlıca prinsiplər isə «Ümumi müddəalar» adı altında təsbit olunmuşdur. Bu bölmədə öz əksini tapan normalar norma-prinsiplər, məqsəd normaları, vəzifə-normaları hesab olunur. Konstitusiya quruluşunun əsaslarının aşağıdakı struktur elementləri vardır: xalq hakimiyyəti; xalq suverenliyi; insan və vətəndaşların hüquq və azadlıqlarının üstünlüyü; Azərbaycan dövlətinin forma və mahiyyəti; hakimiyyət bölgüsü; sosial və iqtisadi əsaslar; dövlət hakimiyyətinin əsasları; yerli özünüidarəetmənin tanınması və təmin olunması, onun müstəqilliyi və dövlət hakimiyyətindən ayrılması.
Konstitusiyaların digər qanunlardan fərqi ondan ibarıtdir ki, konstitusiya: dövlət quruluşunu və dövlət hakimiyyətinin ali orqanlarını müəyyən edir, insan hüquq və azadlıqlarına dövlət tərəfindən zəmanət verir, Ali hüququ qüvvəyə malikdir, digər hüquqi normativlərə nisbətən müəyyən stabilliyə malikdir, qanunvericilik üçün əsas rolunu oynayır, dəyişilməsinin xüsusi qaydalarına malikdir.
Azərbaycan Konstitusiyasının inkişaf mərhələləri Azərbaycan Respublikasının ilk Konstitusiyası 1921-ci il 29 mayda I Ümumazərbaycan Sovetlər Qurultayı tərəfindən qəbul edilmişdir. O, Konstitusiyanın sosialist tipdə inkişafının başlanğıcını qoymuş, Azərbaycanın sonrakı konstitusiyaları SSRİ konstitusiyalarına müvafiq olaraq qəbul edilməklə bu qəbildən olan prinsipləri inkişaf etdirmişdir. 1921-ci il Azərbaycan SSR-in Konstitusiyasından sonra respublikamızda baş verən ictimai siyasi dəyişikliklər nəticə etibarilə 1927, 1937, 1978 və 1995-ci illərdə yeni konstitusiyaların qəbulunu zəruri etmişdir. 1978-ci ildə qəbul edilmiş, 1980-ci illərin ikinci yarısından etibarən çoxsaylı əlavə və dəyişikliklərə məruz qalmış və bunun nəticəsində ilkin redaktəyə nisbətən əhəmiyyətli şəkildə dəyişiklikliyə uğrayan Azərbaycan SSR-in Konstitusiyası, 1995-ci il Azərbaycan Respublikası Əsas Qanunu qəbul edilənədək qüvvədə olmuşdur. Azərbaycan Respublikasının yeni Konstitusiyasının qəbulu ölkədə baş verən köklü ictimai-siyasi və iqtisadi dəyişikliklərin hüquqi cəhətdən təsbit olunması zərurəti ilə şərtlənirdi. 1995-ci ilin yazında Azərbaycan Respublikası Prezidentinin təşəbbüsü ilə Azərbaycan Respublikasının yeni Konstitusiyasının layihəsi hazırlanmışdır. Yeni Konstitusiya 12 noyabr 1995-ci ildə ümumxalq səsverməsi yolu ilə qəbul edilmiş və 27 noyabr 1995-ci ildə ümumxalq səsverməsinin nəticələri nəşr edildiyi andan qüvvəyə minmişdir. Komissiyanın 1995-ci il noyabrın 10-da keçirilmiş iclasında Heydər Əliyev demişdir: "Bu gün hamımız mənəvi rahatlıq hissi keçirə bilərik. Çünki tarixi bir iş görülmüşdür. Tarixi bir sənəd yaradılıbdır. Bu gün biz Azərbaycanın bu günü, gələcəyi üçün çox böyük bir sənəd – siyasi, hüquqi sənəd yaratmışıq. Bizim Konstitusiya layihəsinin ən mühüm əhəmiyyəti ondan ibarətdir ki, xalqımızın, respublikamızın tarixində bu, ilk, tamamilə sərbəst, müstəqil şəkildə yaranmış konstitusiyadır. Konstitusiya layihəsi indiyə qədər olan bütün konstitusiyaların, qanunların hamısından fərqlənir. Ona görə fərqlənir ki, bu, müstəqil Azərbaycan Respublikasının Konstitusiyasıdır”.
2002-ci il avqustun 24-də ümumxalq səsverməsi – referendum yolu ilə Azərbaycan Respublikası Konstitusiyasına mühüm əlavə və dəyişikliklər edilmişdir.
Ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Respublikasında aparılan geniş siyasi, hüquqi və sosial islahatlar uğurla davam etmiş, hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğu yolunda mühüm nailiyyətlər əldə edilmiş, məhkəmə-hüquq islahatları sürətlənmiş, respublikamız bir sıra mühüm beynəlxalq konvensiyalara qoşulmuşdur. Hazırda Ümumdünya Ticarət Təşkilatı və Avropa İttifaqı kimi nüfuzlu beynəlxalq təşkilatlarla aparılan danışıqlarda və bağlanan sazişlərdə respublikamızın üzərinə götürdüyü mühüm öhdəliklərdən biri də milli qanunvericiliyin təkmilləşdirilməsi, onun məzmununun və strukturunun beynəlxalq standartlara uyğunlaşdırmaq təşkil edir.
Azərbaycan Respublikası Avratlantik məkana inteqrasiyasını ilk əvvəl insan hüquqlarının müdafiəsi mexanizmlərinin təkmilləşdirilməsi ilə bağlayır. 27 may 2003-cü ildə Azərbaycan Respublikası parlamenti – Milli Məclisin deputatlarının, Azərbaycan Respublikası Prezidentinin və bələdiyyə seçkilərinin, həmçinin ümumxalq səsverməsi – referendumun təşkili və keçirilməsi qaydalarını müəyyən edən vahid məcəllələşdirilmiş akt – Azərbaycan Respublikasının Seçki Məcəlləsini qəbul edilmişdir.
2006-cı il 28 dekabr tarixində isə ölkə başçısının müvafiq Sərəncamı ilə İnsan hüquqlarının müdafiəsi sahəsində Milli Fəaliyyət Planı təsdiq edilmişdir.
2008-ci il dekabrın 24-də Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumu təklif olunmuş dəyişikliklərə mahiyyəti üzrə baxaraq həmin dəyişikliklərin Azərbaycan Respublikası Konstitusiyasının 155-ci maddəsinin tələblərinə uyğun olması barədə qərar qəbul etmişdir. Konstitusiya Məhkəməsinin qənaətinə əsasən Referendum aktı layihəsində 29 maddədə 41 dəyişiklik təklif olunur. Bu dəyişikliklərdən on yeddisi maddələrə yeni hissələrin və ya bəndlərin əlavə edilməsi, yeddisi maddələrdə sözlərin əvəz edilməsi, yeddisi maddələrdə yeni sözün və ya sözlərin əlavə edilməsi, altısı maddələrə yeni cümlələrin əlavə edilməsi, ikisi maddənin yeni redaksiyada verilməsi, biri maddənin adının dəyişdirilməsi, daha biri isə maddədən sözün çıxarılması ilə bağlıdır.
Azərbaycan Respublikası Milli Məclisinin 26 dekabr 2008-ci il tarixli qərarı ilə Referendum aktı ümumxalq səsverməsinə çıxarılmışdır və referendum 2009-cu il mart ayının 18-ə keçirilmişdir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi məqsədi ilə ümumxalq səsverməsi (referendum) 2016-cı il sentyabrın 26-da keçirilmişdir.

Dilqəm Quliyev,
Prezidentin fərdi təqaüdçüsü,
pedaqogika üzrə elmlər doktoru, professor,
TAİB-nin üzvü






164 oxunub

InvestAZ