Milli Olimpiya Komitəsinin (MOK) dəstəyi, Səhiyyə Nazirliyi Respublika Qan Bankının və Azərbaycan Qan Donorluğunun İnkişafı Mərkəzinin birgə təşkilatçılığı ilə MOK-da kütləvi qanvermə aksiyası təşkil olunub.
"Həmrəy olaq, Qanımızla yaşadaq" adlı qanvermə aksiyasında Milli Olimpiya Komitəsinin vitse-prezidentləri Çingiz Hüseynzadə, Zemfira Meftaxetdinova, Fərid Mansurov, baş katib Azər Əliyev, MOK-un digər əməkdaşları, Olimpiya çempionları və idman ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə qonaqları salamlayaraq, tədbirin əhəmiyyətindən danışıb.
"Bildiyiniz kimi, iyunun 14-ü bütün dünyada qan donorları günüdür. Bundan başqa tarixdə ilk dəfə Azərbaycanda keçirilən I Avropa Oyunlarından düz 10 ili tamam olur. Bu gün təşkil edilən kütləvi qanvermə aksiyasında ölkənin tanınmış idmançıları, Olimpiya mükafatçılarımız iştirak edirlər. Onların arasında Avropa Oyunlarının da qalib və mükafatçıları da yer alıb. Bu, böyük bir rəmzi məna daşıyır. Hesab edirəm ki, bu aksiya bizim övladlarımızın sağlamlığına xidmət edən xeyirxah bir addımdır. Bilirsiniz ki, ölkəmizin sağlam vətəndaşları arasında idmançıların da xüsusi rolu var. İdmanın özü də sağlam həyat tərzinin təbliğinə xidmət edir. Əminəm ki, bu gün idmançılarımızın verdikləri qan nümunələri neçə-neçə uşaq və yeniyetməyə həyat bəxş edəcək. Təklif edərdim ki, ölkəmizdə keçirilən bu cür aksiyalara idmançılarımız da dəvət olunsun. Bu isə öz növbəsində təbliğat işinə müsbət təsir göstərəcək.
Sonra Azərbaycan Qan Donorluğunun İnkişafı Mərkəzinin İdarə Heyətinin sədri Fuad Rəsul çıxış edərək, belə bir tədbirin təşkili üçün Milli Olimpiya Komitəsinin rəhbərliyinə öz minnətdarlığını bildirib. O qeyd edib ki, bu aksiyaya ölkənin ən güclü və tanınmış idmançılarının qoşulması təqdirəlayiq haldır.
Daha sonra Bahadur Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfiziologiya İnstitutunun Mərkəzi Qan Bankının xüsusi tibbi briqadasının həkim-hemotoloqları donorların sağlamlıq vəziyyətini müəyyən etdikdən sonra onlardan qan götürüblər.
Qanvermə aksiyası talassemiya və hemofiliya, eləcə də leykoz xəstəliyindən əziyyət çəkən insanların qanla təminatına yardım məqsədi ilə keçirilib.
560 oxunub