XƏBƏR LENTİ
29 Mart 2024
27 Mart 2024
26 Mart 2024
25 Mart 2024



Azərbaycan Avropanın gənc atletlərini Bakıda salamlamağı səbirsizliklə gözləyir
İdman 17:43 / 09.07.2019

Ümummilli lideri Heydər Əliyevin başladığı və möhtərəm Prezidentimiz İlham Əliyevin uğurla davam etdirdiyi inkişaf strategiyasının məntiqi nəticəsi olaraq ölkəmiz regionun lider dövlətinə çevrilmişdir. Dövlətimizin iqtisadi qüdrətinin ildən-ilə artması bütün sahələr kimi idmanın tərəqqisinə də müsbət təsir göstərmişdir. Azərbaycanın idman ölkəsinə çevrilməsi, beynəlxalq aləmdə tanınması və Olimpiya Hərəkatına qoşulması geniş vüsət aldı. Çox fərəhləndirici haldır ki, bu gün idmana dövlət səviyyəsində qayğı və diqqət göstərilir.
Ulu öndər Heydər Əliyev deyirdi ki, heç bir fəaliyyət ölkəni dünyada idman qədər tanıda bilməz. Bu ideyanı rəhbər tutan ümummilli lideri Heydər Əliyevin layiqli davamçısı Prezident İlham Əliyev ötən müddətdə Azərbaycanı idman ölkəsinə çevirdi. Ölkəmizdə idman inkişaf etdikcə onun maddi-texniki bazası da möhkəmləndirilir, Ölkə Prezidenti İlham Əliyevin diqqət və qayğısı nəticəsində Respublikanın regionlarında 50-yə yaxın Olimpiya İdman Kompleksi tikilib istifadəyə verilmişdir. Habelə, səmərəli məşq üçün hər cür şərait olan, ən müasir beynəlxalq standartlara cavab verən yeni-yeni qurğular istifadəyə verilir. Bu məqsədə çatmaq üçün bütün ölkə ərazisində Olimpiya mərkəzləri, müasir idman infrastrukturu yaradıldı, idmançılara diqqət və qayğı artırıldı. Azərbaycanda Olimpiya hərəkatı görünməmiş vüsət aldı. Nəticələr göz qabağındadır. İlk Avropa Oyunlarının keçirilməsi Azərbaycana həvalə olundu. Azərbaycan 42-ci Dünya Şahmat Olimpiadasına, qadınlar arasında voleybol üzrə Avropa çempionatına, IV İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi etdi. Bakıda üç ildir keçirilən dünyanın ən nüfuzlu idman yarışlarından biri - Formula-1 Avropa Qran-Prisi ilə Azərbaycan bütün dünyanın diqqət mərkəzində oldu.
Azərbaycan Rio Yay Olimpiya Oyunlarında böyük zəfərə imza atdı. Tarixdə ilk dəfə hesabına 18 medal yazan milli komandamız medal sayına görə dünyada 14-cü, Avropa ölkələri arasında 7-ci, MDB respublikaları arasında 2-ci, müsəlman ölkələri arasında isə 1-ci yeri tutdu.
Minsk-2019 II Avropa Oyunlarında Azərbaycan 28 medalla başa vurub. Təmsilçilərimiz 5 qızıl, 10 gümüş və 13 bürünc mükafata yiyələniblər.
Azərbaycan Prezidenti İlham Əliyev idmanın inkişafı üçün bütün imkanlardan maksimum istifadə olunmasını tövsiyyə edərək , xüsusi ilə uşaqların , yeniyetmə və gənclərin idmana cəlb olunmasını çox mühüm vəzifələrdən biri kimi dəyərləndirir. Azərbaycan Prezidenti öz çıxışlarında dəfələrlə qeyd edib ki, ölkəmizdə uşaq, yeniyetmə və gənclərin fiziki inkişafının təminatı məhz idmanla əlaqəlidir. Xalqımızın gələcəyi olan gənc nəslin fiziki sağlamlığı idmana göstərilən yüksək səviyyəli qayğı və diqqət sayəsində mümkün olmuşdur. Respublikamızda uşaq və gənclərin fiziki sağlamlığının təmin edilməsi üçün lazımi şərait mövcuddur. Uşaqların idmana cəlb olunması kütləvi xarakter alıb.
Azərbaycan dövləti təkcə gənc nəslin fiziki sağlamlığını qoruyacaq idman ocaqlarının yaradılması ilə kifayətlənmir. Həmçinin bu idman ocaqlarında məşğul olan yeniyetmə və gənclərin beynəlxalq miqyaslı yarışlarda çıxışlarını təmin edir. Müstəqil Azərbaycanın böyüklərdən ibarət yığma komandaları ilə yanaşı, yeniyetmə idmançılarının yer aldığı milli komandalar da beynəlxalq turnirlərdə mübarizə aparırlar. Yeniyetmə idmançılarımız iştirak etdikləri yarışlardan vətənə hər zaman yüksək nəticələrlə qayıdırlar.
Belə ki, Olimpiya Xartiyasının prinsiplərini rəhbər tutan Avropa Olimpiya Komitəsi (AOK) öz məqsəd və vəzifələrini Beynəlxalq Olimpiya Komitəsi (BOK), Milli Olimpiya Komitələri Assosiasiyası (MOKA) və digər qitə Olimpiya komitələri ilə sıx əməkdaşlıq şəraitində həyata keçirir. Avropa Olimpiya Komitəsinin qarşıya qoyduğu əsas məqsədlərdən biri də Olimpiya ideallarının Avropada yayılması və təbliğ olunması və eləcə də Olimpiya Hərəkatının inkişafına dəstək və yardımın göstərilməsidir. Beynəlxalq Olimpiya Komitəsinin (BOK) himayəsi və Avropa Olimpiya Komitəsinin (AOK) təşkilatçılığı ilə Olimpiya oyunları arasındakı dövr ərzində müxtəlif çoxsaylı beynəlxalq idman tədbirləri keçirilir. Bu yarışlar arasında Avropa yeniyetmələrinin Olimpiya festivalları xüsusi yer tutur. Yeniyetmələr belə yarışlarda iştirak etməklə böyük idmanda təcrübələrini artırır, gələcəkdə Olimpiya oyunlarında çıxış etmələri üçün zəmin yaradırlar. Olimpiya festivalında müxtəlif ölkələrdən minlərlə yeniyetmə idmançı öz həmyaşıdları ilə yaxından tanış olur, potensial güc və bacarıqlarını sağlam və ədalətli idman mübarizəsi şəraitində həyata keçirir.
Festival iki ildə bir dəfə, cüt deyil, tək illərdə qışda və yayda keçirilir. Avropa Gənclər Olimpiya Festivalı Avropa Olimpiya Komitəsinə aiddir və Beynəlxalq Olimpiya Komitəsinin himayəsi ilə Avropa Olimpiya Komitəsi adından təşkil olunur. Festival digər qitələrdə keçirilən Asiya Gənclər Oyunları yaxud Panama Gənclər Oyunlar kimi ənənəni həmçinin Avropada davam etdirmək imkanını yaradır.
Festivala ev sahibliyi edən ölkə bütün yarışlarda əvvəlcədən kvalifikasiya raundu olmadan iştirak etmək hüququnu qazanır. Gənclərə Olimpiya hərəkatını tanıtmaq, Olimpiya dəyərləri və ideallarını öyrətmək məqsədilə 1990-cı ildə Avropa Olimpiya Komitəsinin sabiq prezidenti Jak Roqq tərəfindən Avropa Gənclər Festivalını keçirmək təklifini irəli sürmüşdür. Festival 14-18 yaşlar arasında gənc Avropa atletləri üçün yüksək səviyyəli çox idman növlü tədbirdir. İlk dəfə yeniyetmələrin ilk Olimpiya Günləri 1991-ci il iyulun 18-dən 20- dək Brüsseldə keçirilib. 1993-cü ildən başlayaraq həm yay və həm də qış idman növləri üzrə hər 2 ildən bir keçirilən bu oyunların adı 2001-ci ildə dəyişilərək Avropa Yeniyetmələrinin Olimpiya Festivalı (EYOF) adlandırılıb. Festivalda Avropanın 50 ölkəsindən gələn yeniyetmə idmançılar iştirak edir. Azərbaycan təmsilçiləri Olimpiya festivallarında 1993- cü ildən çıxış etməyə başlayıblar.
Azərbaycanın yeniyetmə idmançıları 1993-cü ildə Hollandiyanın Valkensvard şəhərinfə təşkil olunan yarışda 3 medal -2 qızıl , 1 gümüş qazanıblar. Avropa Yeniyetmələrinin II Olimpiya festivalında 43 ölkənin idmançısı 10 idman növündə mübarizə aparıb. Bu festivalda təmsilçilərimiz atletika və cüdo yarışalarında uğurla çıxış ediblər. Cüdoçularımız Turan Səfərov(60 kq) qızıl, İlham Məmmədov (46 kq) gümüş medal əldə ediblər. Atletimiz Elvira Cabbarova (100 m məsafəyə qaçış)yarışlarının ikincisi olub. Yeniyetmələrdən ibarət komandamız Valkensvardda ümumi hesabda 17-ci yeri tutub.
1999-cu ildə Danimarkanın Eysborq şəhərində keçirilən Yeniyetmələrin V Avropa Olimpiya Festivalında 48 ölkənin idmançısı 11 idman növü üzrə qüvvəsini sınayıb. Yeniyetmə cüdoçularımız Tural Abbasov (50 kq), Kifayət Qasımova (52 kq), Turan Musayev (73 kq) və Nurəddin Səlimov (81kq) festivalın bürünc medalını qazanıblar. Azərbaycanın yeniyetmələrdən ibarət yığması bu festivalda ümumi hesabda 34-cü yerlə kifayətlənib.
Yeniyetmələrin Mursiyada (İspaniya, 2001) təşkil olunan növbəti yarışında 48 ölkənin yeniyetmə atletləri 11 idman növü üzrə qalib adı uğrunda mübarizə aparıblar. Cüdoçularımızdan Rza Əliyev (55 kq), Rəşad Quliyev (60 kq) gümüş, Xəyal Qəhrəmanov (50 kq), Samir Sərkərov (81 kq) isə bürünc medala layiq görülüblər. Yığmamız ümumi hesabda 30-cu yerdə qərarlaşıb.
2003-cü ildə Fransanın paytaxtı Parisdə (48 ölkə, 10 idman növü) keçirilən VII festivalda təmsilçilərimiz Nicat Şıxəlizadə (50 kq), Anar Əliyev (81 kq) gümüş, Elşən Kərimov (60kq), Seymur Rzayev (66 kq) və Teymur Əlixanov (73 kq) isə bürünc medala sahib çıxıblar.
Avropa Yeniyetmələrinin VIII Olimpiya Festivalı 2005-ci ildə İtaliyanın Liqnano şəhərində təşkil edilib. Yarışda 48 ölkənin atleti 11 idman növündə qüvvəsini sınayıb. Bu yarışda cüdoçularımız Zaur Bağırlı (55 kq) və Teymur Bağırlı (55 kq) qızıl, Samir Dadaşzadə (50 kq) və Asəf Əliyevin (73 kq) bürünc medal qazanıblar. Azərbaycan medal əldə edən ölkələrin komandaları sırasında 19-cu pillədə yer alıb.
2007-ci ilin iyul ayında Serbiyanın paytaxtı Belqrad şəhərində keçirilən Avropa Yeniyetmələrinin IX Olimpiya Festivalında idmançılarımız atletika, cüdo, velosiped idmanı, tennis, üzgüçülük, stolüstü tennis növlərində mübarizə aparıblar. Yeniyetmələrimiz bu festivalda uğurla çıxış edərək 7 qızıl (cüdo-4, atletika-3) medal qazanıblar. Cüdoçularımızdan Vüqar Şirinli (50 kq), Elsevər Bağırzadə (55 kq), Sərxan Əhmədov(60 kq) və Şahin Qəhrəmanov (90 kq) fəxri kürsünin ən yüksək pilləsində qərarlaşıblar. Sərxan Əhmədov bu festivalda "Ən yaxşı atlet” adına layiq görülüb.
Atletika yarışlarında Ramil Quliyev 100 və 200 metr məsafələrə qaçışda, Ənvər Zeynalov isə, üçtəkanla tullanma yarışlarında qızıl medal qazanıb. Yığma komandamız 37 dövlət arasında 6-cı olub. Qeyd edək ki, Avropa Yeniyetmələrinin IX Olimpiya Festivalının qızıl medalçısı Ramil Quliyev Pekin-2008 Yay Olimpiya Oyunlarında da iştirak edib.
Yeniyetmələrin IX Olimpiya Festivalı 2009-cu ilin iyul ayında Finlandiyanın Tampere şəhərində təşkil olunub. Festivalda Avropanın 49 ölkəsindən olan yeniyetmə idmançılar 9 idman növü üzrə 109 dəst medal uğrunda mübarizə aparıblar. Azərbaycan komandası Tamperedə uğurla çıxış edərək 2 qızıl, 1 gümüş, 1 bürünc medala sahib çıxıb. Cüdoçularımızdan Kamran Bağırov (50 kq), Cəlil Cəlilov (66 kq) qızıl, Şəfəq Muradzadə (52 kq) gümüş, Mahir Cəfərli (60 kq) isə bürünc medala layiq görülüb.
Avropa Yeniyetmələrinin X Olimpiya Festivalında ümumilikdə 37 ölkə medal əldə edib . Azərbaycan komandası 4 medalla 49 ölkə arasında 19-cu pillədə yer alıb. Cüdo üzrə komandamızın üzvləri ümumi hesabda 2 qızıl, 1 gümüş və 1bürünc medalla II yerdə qərarlaşıb. Rusiya komandası 18 qızıl, 10 gümüş, 8 bürünc medalla 1 –ci , Almaniya 10 qızıl, 8 gümüş,7 bürünc medalla 2-ci, İngiltərə atletləri isə 10 qızıl, 6 gümüş, 9 bürünc medalla 3-cü olublar. Ev sahibi Finlandiya 21-ci pillədə qərarlaşıb. İslandiya, Lüksemburq, Norveç və s. kimi ölkələr medalçılar sırasına düşə bilməyib.
Avropa Yeniyetmələrinin XI Olimpiya Festivalı 2011-ci iyul ayının 24-29-da Türkiyənin Trabzon şəhərində keçirilib. Bu festivalda dünyanın 49 ölkəsindən 4000-ə yaxın 13-18 yaşlı idmançı atletika, basketbol, velospied, gimnastika,həndbol, cüdo, tennis, voleybol və üzgüçülük üzrə yarışlarda iştirak edib. Trabzonda idmançılarımız 6 idman növü üzrə (cüdo, atletika, idman gimnastikası, velosiped, üzgüçülük, tennis) yarışlarda öz qüvvələrini sınayıblar.
Trabzonun ev sahibliyi etdiyi Olimpiya Festivalında ölkəmizi atletika üzrə yarışlarda 10 (7 oğlan, 3qız) , cüdoda 12 (6 oğlan , 6 qız), idman gimnastikasında 2 ( hər ikisi oğlan), velosiped yarışlarında 3 (hər üçü oğlan), üzgüçülükdə 4 (3 oğlan, 1 qız ) və tennisdə 4 (2 oğlan, 2 qız ) idmançı təmsil edib. Avropa Yeniyetmələrinin XI Olimpiya Festivalında Azərbaycan yığma komandası 3 medala (1 qızıl, 2 gümüş) sahib çıxıb. Cüdoçumuz Firudin Dadaşov (73kq) qızıl medala , digər cüdoçularımız Hüseyn Rəhimli (66 kq) və Cəlil Şükürov (90 kq) isə gümüş medallara layiq görülüblər.
2013-cü ildə Hollandiyanın Utrext şəhərində keçirilən Yeniyetmələrin XII Yay Olimpiya Festivalında Avropanın 49 ölkəsindən 3300 idmançı mübarizə aparıb. Yeniyetmələr idmanın 9 növü-basketbol, velosiped (şosse), voleybol, həndbol, cüdo, atletika, üzgüçülük, idman gimnastikası və tennis üzrə qüvvələrini sınayıblar. İdmançılarımız Utrextdə 2 qızıl, 1 bürünc medal qazanıblar. Cüdoçumuz Elnur Abbasov bu yarışda qızıl medala layiq görülüb. Komandamıza ilk qızıl medalı qazandıran Elnur Abbasovdan (50 kq) başqa daha bir cüdoçumuz – Hidayət Heydərov (60 kq) festivalın bürünc medalını əldə edib. Yeniyetmə idmançımız Nazim Babayev isə üçtəkanla tullanma yarışlarında rəqiblərinə heç bir şans verməyərək, festivalın qızıl medalına layiq görülüb. O , üçtəkanla 15.53 sm məsafəyə tullanmaqla bu növ üzrə rekordçu, Belqrad-2007 nin iştirakçısı Ənvər Zeynallıdan cəmi 3 sm geri qalıb.
2015-ci il iyulun 27 –də Gürcüstanın paytaxtı Tbilisidə başlayan Avropa Yeniyetmələrinin XIII Olimpiya Festivalında dünyanın 50 ölkəsindən 2000-dək qonaq, 2500-dək yeniyetmə idmançı iştirak edib. Festivalın təşkilində və keçirilməsində 1500 dən çox könüllü xidmət göstərib. Onlardan da 35-i Azərbaycanlı olub.
Azərbaycandan 35 yeniyetmə idmanın 6 növü-yüngül atletika (10 nəfər), tennis (4), üzgüçülük (5), bədii gimnastika (1), velosiped (3) və cüdo (12) üzrə yarışlarda mübarizə aparıb . İdmançılarımız 2 qızıl, 1 gümüş və 2 bürünc medal qazanıblar. Hasil Cəfərov və Şəfəq Həmidova Tbilisidə qızıl medala layiq görülüblər. Kəramət Hüseynov gümüş medal əldə edib. İsmayıl İbrahimov və İbrahim Bayramlı 3-cü yeri tutublar. Bu göstərici ilə Azərbaycan ümumi turnir cədvəlində 22-ci yerdə qərarlaşıb.
Atletlərimiz indiyədək iştirrak etdiyi festivallarda yüksək nəticələr qazanıblar. Bu yarışlarda uğurlar əsasən cüdo və atletika idman növlərində əldə olunub. Müqayisə üçün bildirək ki, Azərbaycanın yeniyetmə idmançıları bugünədək keçirilmiş Avropa Yeniyetmələrinin 13 olimpiada festivalından 10-unda iştirak edib və ümumilikdə 45 medal (17 qızıl, 10 gümüş, 18 bürünc) qazanıblar. Bu idman yarışlarında əldə olunmuş 45 medaldan 38-i cüdoçularımızın (13 qızıl, 9 gümüş,16 bürünc) , 7- isə atletlərin (4 qızıl,1 gümüş, 2 bürünc) payına düşür.
Avropa Yeniyetmələrinin XIV Olimpiya Festivalına Macarıstanına Gyor şəhəri ev sahibliyi etmişdir. Festivalda qitənin 50 ölkəsindən 3600-ə qədər idmançı medallar uğrunda mübarizə aparıb. Yeniyetmə idmançıları 10 idman növündə (basketbol, velosiped, həndbol, gimnastika, voleybol, cüdo, atletika, üzgüçülük, tennis, avarçəkmə ) yarışıblar. Azərbaycan komandası Festivalda mübarizə aparan 50 ölkə arasında 33-cü yeri tutub. 41 idmançı ilə yarışlara qoşulan yığmamız iki medal əldə edib. Millimizin heyətində yer alan idmançılardan yalnız cüdoçular fərqləniblər. 40 kq çəki dərəcəsində mübarizə aparan Vüsalə Kərimova festivalın gümüş medalına layiq görülüb. Adil Kərimli isə (-90 kq) bürünc medal qazanıb.
Iyulun 20-28-də Bakı XV Avropa Gənclər Olimpiya Festivalına ev sahibliyi edəcək. XV Avropa Gənclər Olimpiya Festivalının keçirilməsinin əsas məqsədi Avropa Olimpiya Komitəsinə üzv ölkələrin gəncləri arasında mədəniyyət və idmanı, həmçinin Olimpiya hərəkatını təşviq etməkdən ibarətdir.
21 iyul 2018-ci ildə Bakı-2019 Avropa Gənclər Olimpiya Festivalının (EYOF) Təşkilat Komitəsi tərəfindən turnirin rəsmi loqosu təqdim edilib. Azərbaycanın gənclər və idman naziri, Bakı-2019 Təşkilat Komitəsinin sədr müavini Azad Rəhimov bildirib: "Təqdim etdiyimiz bu loqo Azərbaycan mədəniyyətinin təzahürü olmaqla yanaşı, Avropa Olimpiya Hərəkatının əsl ruhunu və bütün dünyanı ilhamlandıran, milyonlarla insanı bir araya gətirməyi bacaran idman mübarizəsini əks etdirir. Böyük idman ənənəsi olan, bir çox mötəbər yarışlara yüksək səviyyədə ev sahibliyi edən Azərbaycan Avropanın gənc atletlərini Bakıda salamlamağı səbirsizliklə gözləyir”.
Avropa Gənclər Olimpiya Festivalı Bakı-2019 Əməliyyatlar Komitəsi Cırtdan və Bəbiri bu tədbirin rəsmi talismanları kimi təqdim etməkdən qürur hissi duyur.Memoranduma əsasən, Azərbaycanda bəbirlərin yaşayış şəraitlərinin qiymətləndirilməsi və gələcək nəsillər üçün bu heyvanların qorunması məqsədilə xüsusi monitorinq proqramı tərtib edilmişdir.
Azərbaycan təbiətinin və mədəni irsinin rəmzləri kimi, Avropa Gənclər Olimpiya Festivalının rəsmi talismanları Cırtdan və Bəbir gözəl ölkəmizin şanlı tarixini və zəngin ənənələrini əks etdirir. Onların hər ikisi 28 illik ənənəsi olan yüksək səviyyəli çox idman növlü Avropa Gənclərinin tədbiri zamanı zirvələrə doğru hazır olacaqlar. Avropa Gənclər Olimpiya Festivalı Bakı-2019-un rəsmi şüarı sayılan "Zirvələrə Hazırıq” sözləri bu yay Bakıda beynəlxalq arenada ilk addımlarını atacaq sabahın parlaq idman ulduzlarını hər kəsə tanıdacaq.
Bu ilin aprelin 12-də İtaliyanın paytaxtı Roma şəhərində bizim eranın 9-cu əsrində dostluq və qardaşlıq simvolu olaraq İmperator Auqusto tərəfindən tikilmiş "Ara Pasis” muzeyində Bakıda keçiriləcək Avropa Olimpiya Gənclər Festivalınının məşəlinin yandırılma və Azərbaycana ötürülmə, eyni zamanda, oyunların simvolu olan Zeytun ağacının Azərbaycana təqdim edilmə mərasimləri keçirilmişdir. XV Avropa Gənclər Olimpiya Festivalında 135 mükafatlandırma mərasimi təşkil olunacaq. Yarışlarda idmançılar 298 medal dəsti uğrunda mübarizə aparacaqlar.
XV Avropa Gənclər Olimpiya Festivalında iştirak üçün Bakıya 50 Avropa ölkəsindən 2000 idmançı, 1500-dən artıq nümayəndə heyəti, ümumilikdə 3500-4000 qonağın gələcəyi gözlənilir. İdmançılar 10 idman növündə (əsas 9, ev sahibi olan ölkəyə əlavə 1 idman növü verilir: atletika,basketbol, velosiped, idman gimnastikası, həndbol, cüdo, üzgüçülük, tennis, voleybol, yunan roma- sərbəst güləş ), 12 idman qurğusunda, o cümlədən Milli Gimnastika Arenası, Bakı İdman Sarayı, Bakı Tennis Akademiyası, Bakı Su İdmanı Sarayı, "Sərhədçi" İdman Olimpiya Mərkəzi, Tofiq Bəhramov adına Respublika Stadionu, Bakı Olimpiya İdman Kompleksi və digər qurğularda idmanın on növü üzrə (bədii gimnastika, atletika, basketbol, velosiped, həndbol, cüdo, üzgüçülük, tennis, voleybol, güləş) keçiriləcəkdir.


24959 oxunub

InvestAZ