Fransanın paytaxtı Parisdə təşkil olunacaq XXXIII Yay Olimpiya Oyunlarının başlanmasına 45 gün qalıb. Artıq olimpiadaya lisenziya yarışları da başa çatmaq üzrədir. Azərbaycan Olimpiya komandası hazırkı nəticələrə əsasən Paris-2024-ə rəsmi olaraq 11 idman növü üzrə 29 lisenziya qazanıb.
Atletlərimizin olimpiadalardakı 8-ci cəhdi kimi yadda qalacaq bu Oyunlarda komandamıza böyük ümidlər var.
Bu günlərdə Milli Olimpiya Komitəsinin və Azərbaycan Atıcılıq Federasiyasının vitse-prezidenti, Olimpiya çempionu Zemfira Meftaxetdinova ilə Paris-2024 Yay Olimpiya Oyunlarına qazanılan lisenziyalar və olimpiyaçılarımızın şansları barədə həm söhbət olduq.
- Zemfira xanım, atletlərimiz Paris-2024 Yay Olimpiya Oyunlarına hələ ki, 29 lisenziya qazanıblar. Bu lisenziyaların artmaq ehtimalı gözlənilirmi?
- Artıq lisenziya yarışları sona çatır. Bir neçə idman növü var ki, orada hələ də lisenziya yarışları davam edir. Bunlardan biri də atletikadır. Hələ ki, Azərbaycan komandası Paris-2024 Yay Olimpiya Oyunlarına rəsmi olaraq 11 idman növündə 29 lisenziya qazanıb. Bu siyahıya cüdoçularımızın da qazandığı lisenziyalar yaxın günlərdə əlavə olunacaq. Bildiyiniz kimi, 9 cüdoçumuz Olimpiya Oyunlarına lisenziya qazanıb ki, onların da adlarını Azərbaycan Cüdo Federasiyası bu yaxınlarda açıqlayacaq.
- Paris Olimpiadasında daha çox hansı idman növlərindən medal qazanmaq şansımız var?
- Əsasən yenə də ənənəvi idman növləri olan güləş, cüdo və boksdan medallar gözləyirik. Lakin atıcılıq, gimnastika və atletika növlərini də siyahıdan kənarda qoymaq olmaz. Bundan başqa basketbol 3x3 komandamız da tarixdə ilk dəfə olaraq Olimpiya Oyunlarına lisenziya qazandı. Onlardan da uğurlu çıxışın ardını Parisdə gözləyirik. Biz əslində, olimpiadaya yollanacaq hər bir idmançıya ümid edirik. Bütün idmançılar medal qazanmaq arzusu ilə Olimpiya Oyunlarına yollanır. Bu gün atletlərimizdən tələb olunur ki, Olimpiya Oyunlarında öz potensiallarını ortaya qoyaraq, yaxşı nəticələr göstərsinlər. Hər bir idman növündən medal gözləyə bilərik. Amma bu idmandır. Xüsusən də Olimpiya Oyunları elə bir yarışdır ki, burada hər an sürprizlər ola bilər. Qabaqcadan proqnoz vermək çətindir. Çünki qızıl medal bir ədəd, medala iddialı olan idmançı isə çoxdur. Buna görə də bütün növlərdə lisenziya qazanan idmançılarımıza bu çətin sınaqda layiqli mübarizə və uğurlar arzulayıram.
- Cüdoçularımızın da adını siyahıya əlavə etdiniz. Sizcə Nazim Hüseynovdan və Elnur Məmmədlidən sonra cüdoda növbəti qızıl medal qazanmaq mümkün olacaqmı?
- Bu yaxınlarda Azərbaycan idmanı üçün növbəti tarixi an yaşandı. Bildiyiniz ki, Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə keçirilən cüdo üzrə dünya çempionatının fərdi yarışlarında komandamızın üzvlərindən Hidayət Heydərov və Zelim Kotsoyev qızıl medal qazandılar. Onların hər ikisi yetərincə perspektivli və Olimpiya medalı qazanmağa ümid verən idmançılardır. Hidayət demək olar ki, bir ay fərqlə həm Avropa, həm də dünya çempionluğunu qazandı. İndi isə növbə olimpiadadadır. Zelim də gənc və istəkli idmançıdır. Ümid edirəm ki, cüdoçularımız Paris-2024-də medal qazanacaqlar.
- Paris-2024 atıcımız Ruslan Lunyovun Olimpiya Oyunlarında ikinci cəhdi olacaq. Atıcılıq Federasiyasının vitse-prezidenti və atcılıq idman növündə Olimpiya çempionu olmuş bir şəxs kimi Ruslanın şanslarını necə dəyərləndirirsiniz?
- Ruslan əgər ikinci dəfə belə mötəbər yarışa lisenziya qazanıbsa, bu, onun potensialından xəbər verir. İnanırıq ki, o, Paris Olimpiadasında gözəl nəticə göstərəcək. Son vaxtlar onun stabil çıxışı bunu deməyə əsas verir.
- Zemfira xanım, bu günlərdə doğum gününüzü qeyd etdiniz. Sizin üçün ad günlərində ən dəyərli hədiyyə nədir?
- Budəfəki doğum günümdə də saysız-hesabsız təbriklər qəbul etdim. Ətrafımda çox gözəl dostlarım, iş yoldaşlarım var. Onlardan gözəl sözlər eşitmək mənim üçün xoş oldu. Özümü xoşbəxt insan hesab edirəm ki, belə gözəl dostlara sahibəm. Allaha şükür edirəm ki, bu hörməti, sevgini qazanmışam. Mənim üçün ad günlərimdə ən dəyərli hədiyyə ətrafımdakı insanlardan eşitdiyim xoş sözlərdir. Bütün dostlarıma demək istəyirəm ki var olun, yaxşı ki, varsınız.
- Zemfira xanım, səmimi müsahibəyə görə çox sağ olun. Doğum gününüz münasibəti ilə sizi "Olimpiya dünyası” qəzetinin kollektivi və çoxsaylı oxucularımız adından təbrik edir, cansağlığı və işlərinizdə müvəffəqiyyətlər arzulayırıq.
- Çox sağ olun. Minnətdaram. Sizə də uğurlar arzulayıram.
Azər Əlizadə
9988 oxunub