XƏBƏR LENTİ
20 Aprel 2024
19 Aprel 2024



İdman dünyasını maraqlı edən tarixi faktlar
İdman 17:41 / 13.09.2023

Elə sahələr var ki, əsrlərdən bəri insanlar üçün maraq dairəsində olub. Onlardan biri də idmandır. İdman həm sağlamlıq, həm maraq, həm də həyəcan deməkdir. Lakin hər bir sahədə olduğu kimi idmanın da bilinməyən maraqlı tərəfləri var. "Olimpiya dünyası” qəzeti budəfəki sayında idman sahəsində maraqlı və bilinməyən faktları oxucularına təqdim edir.


Analoqu su
altında olan idman
növləri

Hər bir idman növünün öz tamaşaçı auditoriyası var. Lakin bir çox idman növlərinin su altı analoqu olduğunu yəqin ki, çox adam bilmir. Məsələn, sualtı futbol, sualtı reqbi, sualtı hokkey və s. Amma digər növlərdən fərqli olaraq, sualtı hokkey daha çox məşhurluq qazanıb. Sualtı hokkey idman növündə idmançılar sudan ağır olan top və ya şaybanı rəqibin qapısından keçirməlidir. Bu növün buz üzərində oynanılan hokkeydən fərqi ondadır ki, şayba donmuş hovuz və ya su çənində buzun altı üzrə hərəkət edir. Təbii ki, hokkeyçilərin suyun altında daha uzun müddət nəfəsini saxlaması bu növdə xüsusi əhəmiyyət kəsb edir. Elə məhz buna görə də, hokkey su altı idman növləri arasında ən ekstremalı hesab edilir.



Dünyasını dəyişmiş
idmançının
qələbəsi

Hər bir peşəkar idmançı üçün qələbə qazanmaq sevincli andır. Lakin tarixdə elə anlar da var ki, idmançı qələbəsinə şahid ola bilmir. Belə ki, Fiqaliyadan olan qədim yunan atleti Arrihion pankration üzrə dəfələrlə Olimpiya çempionu olub. Lakin heç kimin ağlına gəlməzdi ki, atlet dünyasını dəyişdikdən sonra da qalib olsun. Final döyüşündə Arrihionun rəqibi onu boğma fəndi ilə zərərsizləşdirdiyi anda, idmançı özünü müdafiə etmək üçün rəqibin ayaq barmağını sındırdı. Dəhşətli ağrıya dözməyən rəqib təslim olsa da, artıq çox gec idi. Belə ki, Arrihion həmin vaxt artıq dünyasını dəyişmişdi. Yarışın hakimi isə buna baxmayaraq, qələbə qazanan atletin cansız bədənini qalib olaraq elan etdi.


Ölümün kandarından
dönən qapıçı

Tarix boyu yarışlarda müxtəlif maraqlı, yaddaqalan və faciəvi hadisələr baş verib. Həmin qorxunc anlardan biri də 1989-cu ildə "Baffalo Seybrz” və "Sent-Luis” hokkey komandalarının qarşılaşmasında baş verib. Belə ki, "Buffalo Seybrz”komandasının qapıçısı Klint Malarcukun təsadüf nəticəsində rəqib oyunçu tərəfindən konkinin ülgücü ilə şax damarı kəsildi. Buzun üzəri elə həmin saniyə idmançının boğazından axan qana büründü. Kanadalı idmançı minlərlə azarkeşin qarşısında az qala həyatla vidalaşacaqdı. Lakin xoşbəxtlik və fizioterapevt Cim Picutellinin peşəkarlığı nəticəsində K.Malarcuk xilas oldu. Hadisə nəticəsində bir litr yarım qan itirən idmançı artıq bir həftə sonra yenidən buz üzərinə çıxdı. Bu hadisədən sonra Milli Hokkey Liqası bütün qapıçılara qoruyucu boğazlıqdan istifadə etməyi vacib bildi.


Ən çox top harada
istehsal olunur?

Dünyada istehsal olunun futbol toplarının təxminən 60 faizi Pakistanın Siyalkot şəhərində istehsal olunur. Bu topların əsas hissəsi uşaq əziyyətinin cəlb olunması bahasına başa gəlir. Lakin son illərdə bu problem yavaş-yavaş öz həllini tapdı.


Olimpiya Oyunlarına 
daxil olan heyvan ovu

Stend atıcılığı yarışlarında idmançının hərəkət edən boşqablara tuş gəlməsi qaydası əvvəllər diri göyərçinləri nişan almaqdan başlayır. Hətta bu növ 1900-cü ildə Parisdə təşkil olunan Olimpiya Oyunlarının proqramına belə daxil edilmişdi. Bu 2000-ci illərə qədər mövcud idi. Lakin zamanla bu, demək olar ki, bütün ölkələrdə qadağan edildi.


Paralimpiyaçıların ləğv
olunan medalları

İdman tarixində yarışlarda qalib gələn idmançıların medallarının müxtəlif səbəblərdən ləğv olunması faktları da az olmayıb. 2000-ci ildə isə belə hadisə Sidneydə keçirilən Paralimpiya Oyunları zamanı qeydə alınıb. Belə ki, zəka pozğunluğu olan basketbolçular arasında final görüşündə İspaniya və Rusiya komandaları üz-üzə gəldi. Bu mübarizədən İspaniya komandası qalib ayrıldı. Lakin maraqlıdır ki, bir neçə ildən sonra qızıl medalın sahibi jurnalist Karlos Ribaqorda hər kəsi şoka salacaq açıqlama verdi. Belə ki, onun sözlərinə görə, komandanın 12 iştirakçısından yalnız 2-si həqiqətən qüsurlu olub. Jurnalistin özü də daxil olmaqla, qalan 10 iştirakçı saxtakarlıq edib. Bu açıqlamadan sonra Beynəlxalq Olimpiya Komitəsi ispanların qələbəsini ləğv edərək, Olimpiya Oyunlarının qızıl medalını Rusiya millisinə təqdim etdi. Daha sonra isə zəka pozğunluğuna sahib olan idmançıların mübarizəsi ümumiyyətlə qadağan edildi. Yalnız 2012-ci ildə Londonda təşkil olunan Paralimpiya oyunları zamanı bu qrup bir neçə idman növü üzrə mübarizə aparmışdı. Saxtakarlığın qarşısını almaq üçün isə BOK tərəfindən nəzarət daha da gücləndi.


İki
qardaş,
iki rəqib şirkət

1924-cü ildə Adolf və Rudolf Dassler qardaşları qısa zamanda bütün dünyada idman geyimləri istehsal edən şirkət təsis etdilər. Lakin ikinci dünya müharibəsindən sonra qardaşlar arasında düşən mübahisə onların şirkəti iki hissəyə bölməsinə gətirib çıxardı. Adolf şirkətini Adidas yəni Adi Dassler adından, Rudolf isə şirkətinin adını Rudi Dassler adından ilhamlanaraq, Ruda deyə elan etdi. Lakin zamanla Rudolf Dassler şirkətinin adını hazırda dünyaca məşhur olan "Puma” adı ilə əvəzlədi.


Qadınların sürət
sınağı

Müasir dövrdə qadınların da kişilərlə bərabər hüquqları var. İstər siyasət, istər mədəniyyət, istərsə də idmanda xanımlar sərbəst şəkildə fikirlərini bildirə və arzuladıqları tədbirdə iştirak edə bilirlər. Dünyanın ən sürətli idman növü hesab olunan Formula 1 yarışlarında da qadın pilotların kişi pilotlar ilə bərabər yarışlarda iştirak etmək hüququ var. Lakin Formula 1 tarixində yarışlarda cəmi beş qadın iştirakçı yer alıb. Onlardan isə yalnız iki pilot təsnifat mərhələsini keçərək, yarışı sona çatdırmağa nail olub. 1975-ci ildə italiyalı Lella Lombardi qran-prilərin birində hətta xal toplamağa nail olmuşdu. Qeyd edək ki, bu uğuru təkrarlamaq heç bir qadın pilota qismət olmadı.


Dünya kubokunu
xilas edən it

1966-cı ildə İngiltərədə keçiriləcək futbol üzrə dünya çempionatından bir müddət əvvəl sərgidən yarışın kuboku oğurlanmışdı. Kubokun axtarışına polislər cəlb olunsa da, o bir həftə sonra London sakininin iti tərəfindən tapıldı. Belə ki, bağda sahibi ilə gəzinti zamanı Piklz adlı it otların arasında axtarışda olan kuboku müəyyən etdi. İngiltərə millisinin dünya kubokunda qələbəsindən sonra futbolçuların şərəfinə təşkil olunan banketə Piklz da dəvət olunmuşdu. Dünya çempionatının əsas mükafatını tapdığı üçün isə Piklza futbolçuların boşqablarını yalamaq imkanı verildi.


Futbolçunun
hiyləgər
reklam planı

Hər bir idman növünün özünəməxsus maddi təlabatları olur. Bunu ödəmək üçün idmançı və ya klublar müxtəlif sahədən olan insanlar və ya şirkətlər tərəfindən maddi dəstək alır. Lakin belə məqamlarda bəzən maraqlı hadisələr də baş verir. Belə ki, 1999-cu ildə Avstraliyanın Celonq şəhərini təmsil edən futbol klubu da ciddi maddi çətinliklə üzləşmişdi. Yaranan çətinlikləri aradan qaldırmağa kömək etmək üçün isə komandanın kapitanı Qarri Hokinq qeyri-adi müqaviləyə imza atdı. Belə ki, o, pişik yemi olan "Viskas”ı reklam etmək üçün adını Viskas adı ilə əvəzlədi. Bununla da, oyunları şərh edən şərhçilər istəmədən belə olsa "Viskas” pişik yemini reklam etmiş olurdular. Müqavilənin müddəti bitdikdən sonra isə futbolçu yenidən Qarri Hokinq adı ilə çıxış etməyə başladı.


Olimpiya çempionunu
təbrik etməyən
prezident

Adolf Hitlerin fikrincə, 1936-cı ildə Berlində keçiriləcək Olimpiya Oyunları almaniyalı atletlərinin üstünlüyünü bütün dünyaya sübut etməli idi. Lakin amerikalı qaradərili atlet Cessi Ouens qaçış və tullanma üzrə dörd qızıl medal qazanaraq, fürerin bu planını puç etdi. A.Hitler həmin Oyunların digər ölkələrdən olan heç bir qalibini əl sıxıb təbrik etmədi. Amma Olimpiya Oyunlarından sonra fürer bütün qaliblərə avtoqrafı olan xatirə məktubu yollamışdı. Lakin A.Hitlerdən fərqli olaraq, ABŞ prezidenti Franklin Delano Rusvelt isə Olimpiya çempionunu nəinki Ağ Evə dəvət edib təbrik etmədi, hətta teleqram ilə belə təbrik çatdırmadı.


Türkay Niftəliyeva

7196 oxunub

InvestAZ