XƏBƏR LENTİ
21 İyul 2024
19 İyul 2024
17 İyul 2024
16 İyul 2024
15 İyul 2024
12 İyul 2024
11 İyul 2024
10 İyul 2024
09 İyul 2024
07 İyul 2024
04 İyul 2024
03 İyul 2024
02 İyul 2024



Çingiz Hüseynzadə: “Ulu öndərlə hər görüş mənim üçün həqiqətən də böyük bir məktəb idi”
Müsahibə 10:07 / 10.05.2023
XX əsr bəşəriyyətə çox görkəmli elm xadimləri, müdrik, təcrübəli və qətiyyətli rəhbərlər, son dərəcə bacarıqlı dövlət başçıları bəxş etmişdir. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev belə dahi şəxsiyyətlərdən biridir. Heydər Əliyevin müdrik rəhbərliyi və uzaqgörən siyasəti sayəsində Azərbaycan iqtisadi, ictimai-siyasi, mənəvi, mədəni və idman sahələrində böyük uğurlar qazanaraq, təkcə keçmiş SSRİ-də deyil, bütün dünyada tanınır.
Həyatının mənasını xalqa xidmət etməkdə görən müasir Azərbaycanın memarı olan Heydər Əliyevin ölkəmizdə idmana və bədən tərbiyəsinə göstərdiyi diqqət və qayğı da hər zaman hiss olunub. Hakimiyyətdə olduğu dövrlərdə ulu öndər Azərbaycan idmanının inkişafında da müstəsna xidmətlər göstərib. Bugünlərdə müasir Azərbaycan dövlətinin qurucusu, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş silsilə tədbirlər keçirilir. Ölkəmizdə və ölkə hüdudlarından kənarda yaşayan tanınmış insanlar ümummilli liderlə bağlı öz xatirələrini bölüşürlər. "Olimpiya dünyası” qəzeti bu sayında Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseyzadənin ümummilli liderdən bəhs edən müsahibəsini çoxsaylı oxucularına təqdim edir.

- Çingiz müəllim, heç kəsə sirr deyil ki, Azərbaycanın ən yeni tarixinin bütöv bir dövrü xalqımızın ümummilli lideri Heydər Əliyevin adı ilə bağlıdır. Bu dövrdə hər bir sahə qısa zaman ərzində dirçəlməyə və inkişaf etməyə başladı. Bu inkişaf idman sahəsindən də yan keçmədi. Bu barədə fikirlərinizi bilmək istərdik.

- Ümummilli lider Heydər Əliyev müstəqilliyimizin bərpasından sonra xalqın təkidi və tələbi ilə 1993-cü ildə yenidən hakimiyyətə qayıtdı. Bu qayıdışdan sonra ölkənin çiçəklənmə dövrü başladı. Bütün sahələrdə böyük dirçəliş və canlanma hiss olundu. Bu tərəqqi və inkişaf idman sahəsindən də yan keçmədi. Heydər Əliyev öz fəaliyyətində idmana hər zaman böyük əhəmiyyət verirdi. Hakimiyyətə qayıtdıqdan sonra ilk görüşlərindən biri idmançılarla olmuşdu. Məhz bu görüşdən sonra Azərbaycanda idmanın intibah dövrü başladı. Ulu öndər idmana çox böyük qiymət verirdi. O yaxşı bilirdi ki, insanların, ölkə vətəndaşlarının sağlamlığı ən vacib məsələdir. Müstəqillik yolunda ilk addımlarını atan bir ölkədə, yaşından asılı olmayaraq, hamı sağlam mühitdə yaşamalıdır. Dahi şəxsiyyət onu da bilirdi ki, gənc nəslin idmanla məşğul olması Azərbaycanda möhkəm və sağlam gələcəyin formalaşmasına səbəb olacaq.
Azərbaycan Prezidenti olduğu dövrdə hər il idmançılarla görüşürdü. İlin yekunlarında idman ictimaiyyətinin nümayəndələrini bir araya toplayırdı. Öz tövsiyələrini verib, onların problemləri ilə yaxından maraqlanırdı. Eyni zamanda olimpiadalarda iştirak edən idmançıların yolasalma və qarşılanma mərasimlərinin əsasını qoymuşdu. 1996-cı ildə ilk dəfə Antlanta Yay Olimpiya Oyunlarında iştirak edəcək idmançılarla və onları müşaiyət edən nümayəndə heyəti ilə yolasalma mərasimində görüşüb, onlara xeyir-duasını vermişdi. Olimpiadadan qayıtdıqdan sonra da onları qəbul etmişdi. Bu hal 2000-ci ildə Sidney Olimpiadası ərəfəsində də baş vermişdi. Budəfəki qəbul tamamilə başqa əhval-ruhiyyə ilə keçmişdi. Ona görə ki, 4 il əvvəl Atlantaya yolasalmada Azərbaycan Milli Olimpiya Komitəsinin rəhbərliyi o qədər də fəal deyildi. Lakin idmançılarımız Sidneyə yollanan dövrdə Milli Olimpiya Komitəsinin rəhbəri cənab İlham Əliyev idi. Avstraliyada təşkil olunan olimpiadaya idmançılarımız daha ciddi hazırlaşmışdılar. Bildiyiniz kimi, "yaşıl qitə”də keçirilən olimpiadada idmançılarımız yüksək nəticələr əldə etdilər. Sərbəst güləşçimiz Namiq Abdullayev və stend atıcımız Zemfira Meftaxetdinova vətənə Olimpiya çempionu kimi qayıtmışdılar. İdmançılarımız Olimpiya oyunlarından qayıtıdıqdan sonra Heydər Əliyev onları qəbul edərkən bildirmişdi ki, Sidneydə əldə olunan yüksək nailiyyətlər Azərbaycanın Olimpiya oyunlarında qazandığı ən böyük uğurdur. Təbii ki, sonradan idmançılarımız olimpiadalarda daha yüksək nailiyyətlər qazandılar. Ümummilli liderin idmana göstərdiyi o dövrki diqqət və qayğı öz bəhrəsini verdi.

- Siz uzun illər Azərbaycan Respublikası Prezidentinin Administrasiyasında çalışmısınız. Bu dövrdə də bir çox idman hadisələrinin şahidi olmusunuz.

- 1993-cü ildə ulu öndər Azərbaycan Respublikasının prezidenti seçildikdən bir neçə ay sonra Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Humanitar Siyasət Şöbəsində məsləhətçi vəzifəsində çalışmağa başladım. Həmin vaxt idman sahəsi də bu şöbəyə daxil idi. Qeyd etdiyim kimi, ulu öndər hər il idmançılarla görüşürdü, idman tədbirlərində iştirak edirdi. Məhz bu görüşlərin təşkilində mənim də müəyyən iştirakım olub. Ulu öndərlə hər görüş mənim üçün həqiqətən də böyük bir məktəb idi. 1993-cü ildən 1997-ci ilə qədər Prezident Administrasiyasında çalışdım. 1994-cü ildə Gənclər və İdman Nazirliyinin təməli qoyuldu. Bu qurumun da yaradılması prosesində də fəal iştirak etmişəm. Bundan başqa 1995-ci il martın 5-də Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin imzaladığı Fərmana əsasən Azərbaycan Prezidenti yanında İdman Fondu yaradıldı. Sağlamlığın qorunması və möhkəmlənməsində, gənclərin fiziki inkişafında, ölkənin idman şərəfinin beynəlxalq aləmdə daha da uca tutulmasında bədən tərbiyəsinin əhəmiyyətini və rolunu nəzərə alan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2005-ci il 4 mart tarixli Sərəncamı ilə hər il martın 5-i Azərbaycan Respublikasında "Bədən Tərbiyəsi və İdman Günü” kimi qeyd olunur.


- Çingiz müəllim, Olimpiya Hərəkatına və idman sahəsinə bağlılığınız Milli Olimpiya Komitəsinin vitse-prezidenti seçildikdən sonra yəqin ki, daha da artdı.

- 1996-cı ildə Azərbaycan Atletika Federasiyasının prezidenti seçildim. 1997-ci ildə Milli Olimpiya Komitəsinin vitse-prezidentliyi mənə həvalə olundu. Həmin dövrdən sonra mənim fəaliyyətim sırf idmanla bağlı oldu. Bu fəaliyyət idmançıların yetişməsi və yarışlarda iştirakı ilə kifayətlənmirdi. Ölkəmizdə Olimpiya Hərəkatının və olimpizmin təbliği ilə bilavasitə ciddi məşğul olmağa başladım. "Olimpiya və mədəniyyət”, "Olimpiya və təhsil” "Olimpiya və ətraf mühit” və digər bu kimi məsələlərin təbliğinə geniş yer ayrıldı. İdmanın və Olimpiya Hərəkatının cəmiyyətdə rolunu müəyyənləşdirdik. Beynəlxalq qurumlara üzv olduq, BOK-un fəal üzvlərindən biri kimi dünya idman ailəsinin nüfuzlu üzvünə çevrildik. Əlbəttə ki, bütün bunlar cənab İlham Əliyev Milli Olimpiya Komitəsinin prezidenti seçiləndən sonra baş verdi.


- Həmin ərəfələrdə idmanın və Olimpiya Hərəkatının inkişafında əsas tələblər nədən ibarət idi?

- Bu dövrdə qarşıya qoyulan ilk vəzifələr Azərbaycan Milli Olimpiya Komitəsinin nüfuzunu beynəlxalq aləmdə yüksəltmək üçün beynəlxalq əlaqələrin qurulması və möhkəmləndirilməsi idi. Digər məqsədlərdən biri də istər idmançıların, istərsə də məşqçilərin sosial şəraitinin yaxşılaşdırılması idi. Qısa zaman ərzində bu istiqamətdə müəyyən əməli işlər görməyə başladıq. Vaxtilə ölkəni tərk edən azərbaycanlı idmançı və məşqçilərin yenidən vətənə qayıtması üçün cənab İlham Əliyevin birbaşa göstərişi ilə bir sıra tədbirlər görüldü. Həmin idmançı və məşqçilər 1997-ci ildən etibarən vətənə döndülər. Azərbaycan idmanının inkişafı üçün başlayan bu proseslər məhz ümummilli lider Heydər Əliyevin nəzarəti altında idi. Ulu öndər öz diqqət və qayğısını Azərbaycan idmanından əsirgəmirdi. Dahi şəxsiyyət Azərbaycanda baş verən bütün idman hadisələrini diqqət mərkəzində saxlayırdı. İlk Olimpiya İdman komplekslərinin tikilişi də Heydər Əliyevin nəzarətində idi. Bu qurğuların açılış mərasimində yaxından iştirak edirdi. Hətta bizim hazırda söhbət etdiyimiz Milli Olimpiya Komitəsinin inzibati binasının açılışında da Heydər Əliyev iştirak etmişdi. Açılış zamanı o, böyük bir nitqlə çıxış etdi və hamını idmana dəstək olmağa çağırdı. O zaman artıq ölkəmizdə iş adamları formalaşmışdı. Ulu öndər onları idmanın inkişafına kömək etməyə dəvət etmişdi. Onlar da bu çağırışa qoşulmuşdular.

- Bir qədər də ümummilli liderlə bağlı xatirələri yada salaq.

- Ümummilli lider Heydər Əliyevlə hər bir görüş yaddaqalan olub. Bu görüşlər mənim həyatımda böyük əhəmiyyət kəsb edib. Milli Olimpiya Komitəsinin inzibati binasının açılışından danışmaq istərdim. Açılış mərasimində Heydər Əliyev iştirak edirdi. O binaya daxil olduqdan sonra bütün mərtəbələri gəzdi. Təəssüratlarını danışdı. Binanın memarı ilə söhbət etdi. Buradakı insanlarla görüşüb, zala keçdi. Zalda Azərbaycan idman ictimaiyyətinin nümayəndələri toplaşmışdı. Biz cənab İlham Əliyevlə ulu öndərin zala girdikdən sonra prosesin necə olacağını razılaşdırmamışdıq. Düşünürdük ki, Heydər Əliyev zala girib, birbaşa səhnəyə qalxacaq. Lakin o zala girib, birinci sırada əyləşdi. Bir neçə saniyəlik sükut yarandı. Cənab İlham Əliyev də onun yanında əyləşdi. Mən Heydər Əliyevə yaxınlaşdım, çıxış barədə soruşmaq istədim. Mənə dedi ki, get sən başla. Mənim zaldan tribunaya dörd addımlıq məsafə qədər vaxtım var idi. Yaxşı bilirdim ki, cənab Prezidentə nitq söyləmək üçün söz verə bilmərəm. Prezident Administrasiyasında işlədiyim vaxtda bu protokol qaydalarını yaxşı bilirdim. Binanın açılışı barəsində nəsə deyə bilməzdim. Bu sözləri ölkə başçısı Heydər Əliyev deməli idi. Dörd addım ərzində beynimə belə bir fikir gəldi. Tribunaya yaxınlaşıb, üzümü ona tərəf tutub, dedim ki, möhtərəm cənab Prezident bizim tədbirimiz başlayır. Bizə ilk növbədə sizin xeyir-duanız lazımdır. O ayağa qalxıb və çıxış üçün tribunaya yaxınlaşdı. Bu hadisə mənim üçün yadda qalan xatirələrdən biridir.


- Dünya tarixinin nadir şəxsiyyətlərindən biri olan bu böyük insan sözün həqiqi mənasında təkcə öz xalqının deyil, ümumən bəşəriyyətin tərəqqisi yönündə böyük xidmətlər göstərən bir dahi idi. Şəxsiyyət amilini bir alim kimi necə xarakterizə edirsiniz?

- Keçmiş Sovet ideologiyasında belə bir tezis var idi ki, tarixdə şəxsiyyətlərin rolu kiçik, xalqın və cəmiyyətin rolu isə böyükdür. Bu ideologiya ilə şəxsiyyətin rolunu bir növ azaltmağa çalışırdılar. Amma zaman göstərdi ki, tarixdə şəxsiyyətin rolu əvəzedilməzdir. Dünyanın bütün tarixini şəxsiyyətlər yazır. Çox fərəhli haldır ki, belə şəxsiyyətlərdən biri də Azərbaycanda yaşayıb. Heydər Əliyev həqiqətən tarixə müsbət təsir edən hadisələrin yaranmasına səbəb olan, cəmiyyətin düzgün istiqamətdə inkişafını təmin edən dünya miqyaslı şəxsiyyətlərdən biri olub. Heydər Əliyevin timsalında mən əminliklə deyə bilərəm ki, dünyanı şəxsiyyətlər idarə edir.
90-cı illərdə ölkədə baş vermis siyasi proseslər ölkəni dağılmaq təhlükəsi ilə üz-üzə qoymuşdu. Məhz Heydər Əliyev xalqın təkidi ilə yenidən ölkəyə qayıtdı, yeni dövlətçilik ənənələrimizin təməlini qoydu. Şəxsiyyətlər hər gün dünyaya gəlmir. Ulu öndər həqiqətən də böyük şəxsiyyət idi.
Mənim bir hadisə yadıma düşdü. Sovet dövründə bir taksiyə oturmuşdum. Yol boyu müxtəlif mövzularda söhbət etdik. Sürücü şeyriyyata, qəzəl janrına vurğun biri idi. O, məndən soruşdu ki, siz necə bilirsiniz, niyə Azərbaycanda şairlər 400 ildən bir yetişir? Verdiyi suala bir qədər də açıqlama verdi. Dedi ki, XII əsrdə Nizami, XVI əsrdə Füzuli, XX əsrdə Əliağa Vahid yetişib. Mən baxıb, düşündüm ki, bunlar dahi şairlərdir. Amma bu o demək deyil ki, bizim başqa şairlərmiz olmayıb. Sadəcə, onlar ədəbiyyatımıza dünya şöhrəti gətiriblər. Həqiqətən də dahi insanlar müxtəlif dövrlərdə yetişirlər. Siyasi xadimlər də belədir. Mən deyərdim ki, Azərbaycanda Heydər Əliyev şəxsiyyətindən sonra İlham Əliyev şəxsiyyəti də formalaşıb. Bu onu sübut edir ki, fasilə olmadan bir xalqın ardıcıl olaraq bir neçə siyasi xadimi, böyük şəxsiyyətləri yetişə bilər. Bunu tarix özü yaradır. Mən ancaq o xalqlara pərəstiş edirəm ki, onların dahi şəxsiyyətləri olub. Həmin şəxsiyyətlər xalqın rifahına öz ömürlərini həsr ediblər. Ümummilli lider Heydər Əliyev də bəşər tarixində belə dahi şəxsiyyətdir.


Aslan Şirəliyev,
Anar Əhmədov


14780 oxunub

InvestAZ