XƏBƏR LENTİ
27 May 2022
25 May 2022
24 May 2022
19 May 2022
17 May 2022
12 May 2022
11 May 2022



Tarixi ilə şərqə bağlı oyun
İdman 13:22 / 16.01.2022


Şahmatı hamı sevir

Şahmat stolüstü zəka oyunu olub, müntəzəm turnirlərin inkişaf etmiş sistemini, milli və beynəlxalq liqaları, şahmat konqreslərini özündə birləşdirir. Peşəkar şahmat idmanının yaranması peşəkar idmançıların, məşqçilərin, jurnalistlərin, funkisionerlərin bütöv bir ordusunu yaratmışdır.
Şahmat oyununun sirlərinə dərindən yiyələnmək üçün onun tarixini bilmək vacibdir. Yox, şahmat oyunu tarix dərsi deyil, riyaziyyat da deyil. Başqa sözlə, bu, zəka oyunu, qarşıya qoyulmuş suallara düzgün cavab tapmaq üçün vacib, lazımlı biliklərin məcmucsudur. Ümumiyyətlə, şahmat elə oyundur ki, ya onu sevir və oynayırlar, ya da oynamır, amma sevməyə bilmirlər.
Şahmatın elmi tərfini belə vermək olar: bu, incəsənət, elm və idman elementlərini özündə birləşdirən və iki rəqib oyunçu arasında 64 damalıq taxta lövhə üzərində xüsusi fiqurlarla oynanılan stolüstü zəka oyunudur. Bu oyun iki nəfər arasında və qrupla yazışma şəklində, on-layn, telefon vasitəsilə şahmat və FİDE-nin turnir qaydalarına görə, aparılır. Başqa qaydalara hörə şahmat variantlardan - milli, klassik (Fişer, qəsdən daşvermə), hibrid (şaşmat, sabel) və deksaqonal şahmatdan (şahmat taxtasının ölçülərinin dəyişməsi) ibarətdir. Şahmat kompozisiyasında tərtibçi taxtanın öçüsünü dəyişdiyi təqdirdə, bura yeni fiqurlar daxil edə və gedişin qaydasını dəyişə bilər.
Şahmatda ağıllı taktika, düzgün mövqe və rəqibin gedişlərini qiymətlənldirmək bacarığı qələbənin əsasıdır. Şahmat oyunu insanlara nə verir? Oyunçu bu və digər halda öz hərəkətlərini düzgün planlaşdırmaq, hərəkət planını müəyyən etmək, nəticələri əvvəlcədən görmək, hadisələrə düzgün qiymət vermək keyfiyyətlərinə yiyələnmiş olur.
Müstəqil ölkəmizin sosial-iqtisadi inkişafının çoxsaylı istiqamətlərindən biri də Azərbaycanda qədim tarixə və ənənəyə malik idmandır. Şahmat oyununun kökləri isə daha qədimdir. Xaqani(XI əsr), Nizami (XII əsr), Nəsimi (XIV əsr), Füzuli (XVI əsr) kimi dahilər öz şeirlərində şahmatı tərənnüm etmiş, onun haqqında çox dərin fikirlər söyləmişlər. Bu da göstərir ki, Azərbaycanda şahmata qədimdən böyük maraq göstərilmişdir. Hələ o dövrlərdə mahir, güclü şahmatçılar oyunları ilə vətənlərini çox-çox uzaqlarda tanıtdıra bilmişlər. Artıq IX əsrdə Azərbaycanın güclü şətrənc ustaları olmuşdur. Qədim Orta Asiyada gözəl oyunu ilə hamını heyran etmiş Cəlaləddin Naxçıvani (IX əsr) Azərbaycan şahmatçılarının ilk görkəmli nümayəndəsidir. Söz ustaları şahmat oyununu həyatla, onun fiqurlarını isə insanlarla əlaqələndirmiş, müharibə taktikası ilə şahmat oyununun bir-birinə bənzədiyini söyləmişlər. Maraqlıdır ki, görkəmli şairələrimiz də yaxşı şahmat oynamışlar. Alman tədqiqatçısı professor Meyer özünün "Gözəl Məhsəti” kitabında şairənin (XII əsr) şahmat oyununda çox səriştəli olmasını qeyd etmişdir. Məşhur fransız yazıçısı Aleksandr Düma Azərbaycanda olarkən Natəvan ilə şahmat oynamış və onun qədim oyunun sirlərini dərindən bilməsinə yüksək qiymət vermişdir. Görkəmli mütəfəkkir M.F.Axundov da bu oyunu çox sevirmiş. O, oğluna yazdığı məktubda şahmatın sirlərinə yiyələnməyi tövsiyə etmişdir. M.F.Axundov şahmata yalnız bir oyun kimi baxmırdı. O, şahmatda insanın tərbiyəsi üçün lazım olan çoxlu amillər görürdü.
XIX əsrdə 20-ci illərin ortalarından başlayaraq şahmat Azərbaycanda müxtəlif klublarda, ali məktəblərdə və müəssisələrdə yaradılmış çoxsaylı şahmat dərnəklərində yenidən inkişaf etməyə başladı. 1926-cı ildə Bakıda ilk şəhər çempionatı keçirildi. Bu çempionatın qalibləri Vladimir və Mixail Makoqonov qardaşları oldular. 1927-ci ildə V.Makoqonov SSRİ çempionatında iştirak edərək, gələcək dünya çempionu Mixail Botvinnik ilə 5-6-cı yerləri bölüşdürmüş, respublikada ilk idman ustası adına layiq görülmüşdür. 1934-cü ildə Azərbaycanın birinci çempionatı keçirilmiş, turnirdə K.Səlimxanov qalib gəlmişdir. 50-ci illərin sonunda istedadlı şahmatçı Sultan Xəlilbəyli SSRİ idman ustası adına layiq görülmüş ilk Azərbaycanlı şahmatçı olmuşdur.
Ötən əsrin 70-ci illərində Azərbaycanda şahmata dövlət səviyyəsində xüsusi qayğı göstərilirdi. Bu da tezliklə bəhrəsini verdi. 70-ci illərin sonunda artıq 60-a yaxın uşaq-gənclər şahmat məktəbi tikilib istifadəyə verildi. Gənclər arasında aparılan iş xeyli gücləndi. V.Bağırov, H.Kasparov, E.Məhərrəmov, A.Hüseynov SSRİ miqyasında və beynəlxalq turnirlərdə bir-birinin ardınca qələbələr qazandılar. Sonralar Aynur Sofiyeva, Firuzə Vəlixanlı, İlahə Qədimova üçlüyü SSRİ, Avropa, dünya çempionatlarında, beynəlxalq turnirlərdə Azərbaycanda güclü şahmat məktəbinin olmasını dəfələrlə sübut etdilər.
1992-ci ildə qızlardan ibarət yığma komandamız Filippinin paytaxtı Manila şəhərində Ümumdünya Şahmat Olimpiadasında ilk dəfə çıxış edərək 67 komanda arasında yüksək 7-ci yeri tutmuşdur. 1993-cü ildə isə həmin komanda Avropa komanda çempionatında (Debretsen, Macarıstan) bürünc medala layiq görülmüşdür. Ondan sonra, demək olar ki, bütün olimpiadalarda qadınlardan və kişilərdən ibarət yığma komandalarımız iştirak edir.
Lakin son 10-15 ildə respublikada əsas uğurlar yeniyetmələrin payına düşür. Bir qrup gənc şahmatçımız müxtəlif dövrlərdə dünya və Avropa çempionatlarının mükafatçısı olmuşdur: İlahə Qədimova- 1992-ci il dünya çempionatı 1-ci yer, 1993-cü il Avropa çempionatı 1-ci yer; Pərvanə İsmayılova- 1992-ci il dünya çempionatı - 1-ci yer, 1993-1994-cü illər Avropa çempionatları - 2-ci yer, 1996-cı il Avropa çempionatı - 3-cü yer, Qədir Hüseynov- 1994-cü il Avropa çempionatı - 1-ci yer, 1997-ci il Avropa çempionatı - 3-cü yer, 1998-ci il dünya çempionatı - 3-cü yer; Teymur Rəcəbov- 1996-cı il Avropa çempionatı - 1-ci yer, dünya çempionatı - 2-ci yer, 1998-ci il Avropa və dünya çempionatları - 1-ci yer, 1999-cu il Avropa çempionatı - 1-ci yer; Vüqar Həşimov- 1996-cı il Avropa və dünya çempionatları - 2-ci yer, 1998-ci il Avropa çempionatı - 2-ci yer, 1999-cu il Avropa çempionatı - 2-ci yer, 2000-ci il Avropa çempionatı - 2-ci yer, 2001-ci il Avropa çempionatı - 3-cü yer; Nicat Məmmədov- 1999-cu il Avropa çempionatı - 1-ci yer; Afaq Xudaverdiyeva- 2000-ci il Avropa çempionatı - 3-cü yer; Zeynəb Məmmədyarova- 2000-ci il dünya çempionatı - 1-ci yer; Şəhriyar Məmmədyarov- 2001-ci il Avropa çempionatı - 2-ci yer, Rauf Məmmədov- 2001-ci il Avropa çempionatı - 3-cü yer.
Ş.Məmmədyarov 2002-ci il Bakıda keçirilən Avropa çempionatında qitə, 2003-cü ildə Naxçıvanda keçirilən dünya çempionatında dünya çempionu adını qazanıb. Sonra o, 2006-cı ilin may ayında Gənclər və İdman Nazirliyi, MOK, AŞF və Şahmat Mərkəzinin birgə təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş "Prezident kuboku”nun qalibi adına layiq görülüb. Qrossmeyster T.Rəcəbov 2005-ci ildə İspaniyada Dos-Ermanas turnirində qalib gələrək, elə həmin il Varşavada keçirilən Avropa Çempionatının gümüş medalına sahib çıxıb. 2006-cı ildə İsveçrənin Bil şəhərində keçirilən beynəlxalq turnirdə ikinci-üçüncü yerləri bölüşdüən şahmatçımız 2008-ci ildə Rusiyanın Elista şəhərində keçirilən Qran-pri yarışlarında uğur qazanıb. Dəgir şahmatçımız Vüqar Həşimov 2002-ci ildə Bakıda keçirilən dünya çempionatında qitə çempionu, 2008-ci ilin aprel-may aylarında Bakıda təşkil olunan XIX kateqoriyalı FİDE-nin Bakı "Qran-prisi”ndə çinli Vanq Yue və norveçli Maqnus Karlsenlə birlikdə Qran-prinin qalibi olub. Qadın şahmatçımız Zeynəb Məmmədyarova 2002-ci il dünya çempionatında fərqlənərək qitə çempionu adını, 2003-cü ildə Naxçıvanda keçirilən gənc şahmatçıların dünya çempionatının bürünc medalını qazanıb.



Beynəlxalq Şahmat
Federasiyası (FİDE)

Beynəlxalq şahmat yarışlarının təşkil edilməsi və aparılması işinə 1924-cü ildə yaradılmış Beynəlxalq Şahmat Federasiyası (FİDE) nəzarət edir. Dünyanın bir çox ölkələrində şahmatçıların milli təşkilatları fəaliyyət göstərir. Şahmat bir idman növü kimi Olimpiya proqramına daxil olmasa da, FİDE Beynəlxalq Olimpiya Komitəsinin (BOK) üzvüdür. Şahmat üzrə ayrıca şahmat olimpiadaları təşkil edilir. Olimpiada iki ildə bir dəfə və komanda şəklində aparılır. Axırıncı şahmat olimpiadası 2008-ci ildə Drezdendə keçirilib.


Peşəkar Şahmat
Assosiasiyası


Peşəkar Şahmat Assosiasiyası (PŞA) 1993-cü ildə Harri Kasparov və Naycel Şortun təşəbbüsü ilə yaradılıb. FİDE-nin siyasəti və qərarları ilə razılaşmayan bütün qrossmeysterlər bu təşkilata daxil idi. PŞA da öz növbəsində şahmat üzrə turnirlər təşkil edirdi. 1996-cı ildə öz fəaliyyətini dayandıran Peşəkar Şahmat Assosiasiyası versiyası üzrə şahmat çempionlarını təşkilat dağıldıqdan sonra klassik şahmat çempionları adlandırmağa başladılar.


Yazışmalar üzrə
Beynəlxalq Şahmat
Federasiyası


Yazışmalar üzrə Beynəlxalq Şahmat Federasiyası 1928-ci ildə yaradılıb. 1951-ci ilə qədər beynəlxalq ittifaq, ondan sonra isə beynəlxalq federasiya adlanıb. Federasiya şahmat yazışmalarına görə dünya çempionatları, turnirlər, milli birinciliklər təşkil edir və qrossmeyster, idman ustası adlarını müəyyən edir. Yazışmalar məktub və elektorn poçt vasitəsilə aparılır.


Şahmat yarışları

XVI əsrdən şahmat klubları yaranmağa başlayır. Burada şahmat həvəskarları və yarımpeşəkarlar pul qoymaqla yarış təşkil edirdilər. Fransada belə klublardan biri "Kafe de lya Rejans” adlanırdı və bu klub 1681-ci ildən XIX əsrə kimi Avropanın şahmat mərkəzi sayılıb.
Sonuncu iki əsrdə şahmatın geniş yayılması əksər Avropa ölkələrində bu idman növü üzrə milli turnirlərin təşkil edilməsi üçün zəmin yaradıb.




"Şahmat novellası”

Alman yazıçısı Stefan Sveyqin şahmat haqqında yazdığı "Şahmat novellası” əsəri nasirin sonuncu və populyar əsərlərindəndir. Əsər 1938-ci və 1941-ci illər arasında Braziliyada qələmə alınıb. Kitabın ilk nəşri 1942-ci il dekabrın 7-də Buenos-Ayresdə məhdud tirajla 300 nüsxə çap olunub.
Avropa oxucuları üçün bu kitabın ilk variantı isə 1943-cü ilin dekabrında Stokholmda Qotfrid Berman Fişerin mühacir nəşriyyatında işıq üzü görüb. "Şahmat novellası”nın ingilis variantı 1944-cü ildə Nyu-York şəhərində nəşr olunub. Almaniyada bu nəşrin cib kitabı kimi çap edilməsi onun 1,2 milyon nüsxəsinin satılmasına səbəb olub.
Mixail Botvinnikin rəyinə görə, əsərdəki şahmatçı Mirko Çentoviç obrazının prototipi məşhur şahmatçı Robert Fişerdir. Botvinnik onların arasında yalnız bir fərq görürdü: Mirko Çentoviç şahmatı darıxdırıcı, Robert Fişer isə maraqlı oynayırdı.


Şahmat və
məşhurlar


Şahmata yüksək qiymət verən Böyük Karlın Sen-Deni abbatlığında bir neçə şahmat taxtası hələ də saxlanılır. Tamerlan gününün çoxunu şahmat oynamaqla keçirirdi və o, bu oyunda bəzi dəyişikliklər edib. Lakin həmin dəyişikliklər onun ölümündən sonra unudulub. İspan kralı II Filip zəka oyununun böyük həvəskarı idi. 1575-ci ildə onun təşəbbüsü və iştirakı ilə kral sarayında 2 italyan və ispan arasında görüş təşkil edilib. Məhz bu görüş tarixə ilk beynəlxalq şahmat turniri kimi düşüb. III Fridrixin məşhur yazıçı Volterlə şahmat yazışmaları haqqında tarixi məlumatlar mövcuddur. XII Karlın şahmatdan başqa əyləncəsi yox idi. Şahmat oyunun strategiyası böyük fransız sərkərdəsi Napolenonun çox xoşuna gəlirdi. Deyirlər, böyük sərkərdə oyuna pis başlasa da, 4-5 gedişdən sonra oyunun qızğın yerində sanki birdən ayılır, görüşün qurtarmasına lap az qalmış ağlını və gücünü toplayaraq gözəl oyun nümayiş etdirirdi. Məşhur alman yazıçısı və filosofu Höte Didronun fikirləri ilə razılaşaraq şahmat oyununu "İnsan beyninin nümunə daşı” kimi xarakterizə edirdi. Bu siyahını kifayət qədər uzatmaq olar. Kimliyindən asılı olmayaraq, kasıb və zəngin, alim və zəhmətkeş, həvəskar və məşhur qrossmeyster bu oyunu çox sevir və ondan zövq alırlar.


Ruslar şahmatda
favoritdirlər


Dünya şahmat tarixində şimal qonşularımızın favoritliyi heç kimə sirr deyil. Zəka və bilik oyununun təmsilçiləri Rusiyanının idman şərəfini layiqincə qorumuşlar. Bunun nəticəsidir ki, Rusiya şahmat məktəbinin yetirmələri dünya şahmat reytinqdə həmişə ilk yerləri tuturlar.

Aleksandr Alyoxin (1892- 1946) - 4-cü dünya çempionu
Mixail Botvinnik (1911-1995) - 6-cı dünya çempionu
Anatoli Karpov (1951) - 12-ci dünya çempionu
Harri Kasparov (1963) - 13-cü dünya çempionu
Viktor Korçnoy (1931) - dünya çempionluğuna namizəd
Vladimir Kramnik (1975) - 14-cü dünya çempionu
Vasili Smıslov (1921) - 7-ci dünya çempionu
Boris Spasski (1937) - 10-cu dünya çempionu
Mixail Tal (1936-1992) - 8-ci dünya çempionu
Mixail Çiqorin (1850 -1908) - dünya çempionluğuna namizəd



Şahmat üzrə rəsmi
dünya çempionları
(1886-1993)


Şahmat üzrə dünya çempionu titulunu ilk dəfə İohann Tsukertortu mat edən ispaniyalı Vilhelm Steynits qazanıb. O vaxtki qaydalara görə, çempionluq matçları sistemisiz aparılırdı: özündən əvvəlki çempionu məğlub edən şahmatçı yeni dünya çempionu elan olunurdu. Mütləq dünya çempionu sonrakı matçın tarixi, yeri və hansı rəqiblə qarşılaşacağı barədə sərbəst olaraq özü qərar verirdi. Bir qayda olaraq, matçın razılaşdırılmasında çempionun matç-revanş hüququ nəzərə alınır və bu zaman qələbə əvvəlki çempiona verilirdi, 1948-ci ilə qədər belə davam etdi.
O dövrün şahmat kralı sayılan Aleksandr Alyoxinin (Rusiya) ölümündən 2 il sonra, yəni 1948-ci ildə FİDE beş güclü qrossmeysterin iştirakı ilə şahmat üzrə ilk rəsmi matç təşkil etdi və şahmatda varis variantı ləğv edildi. İlk şahmat matçının qalibi adına Mixail Botvinnik (Rusiya) layiq görüldü.
FİDE şahmat turniri sistemində çempion titulu uğrunda mübarizə qaydalarında da dəyişiklik edib: seçmə turnirlərin qalibləri zona turnirlərinə qatıılır, zona turnirlərinin qabiləri isə beynəlxalq zona turnirlərində iştirak edirdilər. Son ən yaxşı nəticəsi olanlar namizədlik turnirində güclərini sınayırdılar. Beləliklə, turnirin qalibi həqiqi dünya çempionu ilə mübarizə aparmaq hüququ əldə edirdi. Çempionluq uğrunda matçın formulu bir neçə dəfə dəyişib. İndi zona turnirlərinin qalibləri reytinqə görə dünyanın ən yaxşı oyunçuları ilə bir turnirdə iştirak edirlər. Bu qaydalar 1993-cü ilə kimi davam edib.
1993-cü ildən 2006-cı ilə kimi çempion titulunun kimə aid olması barədə müxtəlif rəylər və fikir ayrılıqları mövcud olub. 2006-cı ildə keçirilən birləşmiş Kpamnik-Topalov matçından sonra fikir ayrılıqlarına son qoyulub və birmənalı olaraq dünya çempionluğu titulu ilə bağlı FİDE-nin qərarları qəbul edilib. Beləliklə, vahid ad uğrunda bu mübarizədə Kramnik (Rusiya) uğur qazanaraq, çempion adına layiq görülüb.
Hazırda şahmat üzrə dünya çempionu Vişanatan Ananddır. O 2007-ci ildə dünya çempionatı turnirində qalib gəlib. 2008-ci ildə Anand və Kramnik arasında revanş matçı təşkil edilib və Anand öz titulunu qoruyub saxlayıb. 2009-cu ilin sonunda və 2010-cu ilin əvvəlində dünya çempionu titulu uğrunda yarış Anand və Veselin Topalov arasında keçiriləcək.


Şahmatda xaos illəri (1993-2006)

Harri Kasparovun çempionluğu qəbul etməsindən sonra SSRİ-nin dağılması şahmatçının imkanlarını genişləndirdi. 1993-cü ildə Harri Kasparov və Naycel Şort FİDE-ni koorupsiyada və qeyri-peşəkarlıqda günahlındıraraq Beynəlxalq Şahmat Federasiyasının tərk etdilər və birlikdə Peşəkarların Şahmat Assosiasiyasını (PŞA) yaratdılar.
FİDE Kasparovu dünya çempionu titulundan məhrum edərək bu titul uğrunda yeni yarış -Anatoli Karpov və Yan Timman qarşılaşmasını təşkil etdi. Birinci öz rəqibini üstələyərək PŞA versiyası üzrə dünya çempionu oldu. Nəticədə, şahmat aləmində iki dünya çempionu -FİDE versiyası üzrə Karpov, PŞA versiyası üzrə isə Kasparov var idi.

Şahmat rekordları
* Şahmat tarixində uzun müddət (21 il) çempionluq titulunu qoruyub saxlayan şahmatçı Emmanuel Laskerdir (1894- 1921).
* Aleksandr Alyoxin yeganə məğlubedilməz şahmatçıdır.
* Dünya çempionluğu titulundan məhrum olan yeganə şahmatçı, həmin ad uğrunda növbəti görüşdən imtina edən Robert Fişerdir. Fişer yarışdan imtina etdiyinə baxmayaraq, özünü məğlubedilməz sayır və 1992-ci ildə keçirilən kommersiya xarakterli revanş matçında Boris Spasskiyə qalib gəldiyinə görə özünü dünya çempionu hesab edirdi.
* Anatoli Karpov FİDE qaydalarına görə yeganə dünya çempionudur ki, bu titul uğrunda özündən əvvəlki çempionla görüş keçirməyib.
* İlk dəfə dünya çempionluğu tituluna layiq görüləndə Vişvanatan Anandın 37 yaşı olub. Hindistanlı şahmatçı bu adı alanlar içərisində yeganə ən yaşlı şahmatçı idi. İlk dünya çempionu Vilhelm Steynits bu adı alanda onun 50 yaşı var idi. Lakin qeyri-rəsmi çempion titulu uğrunda yarışda Adolf Andersenə matçda qalib gələn zaman isə Steyntisin 30 yaşı olub.
* Ən gənc yaşda dünya çempionu adını Ruslan Ponomaryov alıb. Onun bu zaman 18 yaşı olub. Ümumilikdə, rekord nəticə Harri Kasaprova məxsusdur (22 yaş).
* Ən çox dünya çempionu adını qazanan şahmatçı Mixail Botvinnik olub. O, üç dəfə bu ada layiq görülüb.
* Dünya çempionu adı uğrunda ən çox şahmat taxtası arxasında əyləşən Karpov-Kasparov cütlüyü olub. Onlar beş dəfə şahmat tacı uğrunda mübarizəyə qoşulublar. Üç matçda Kasparov qalib gəlib, bir matç heç-heçə qurtarıb, biri isə axıra çatdırılmayıb. Siyahıda onlardan sonra yer alan Botvinnik-Smıslov cütlüyü isə birgə üç matçda iştirak ediblər. Bir matçda Botvinnik udub, digər matçda Smıslov qələbə qazanıb, üçüncü matç isə heç-heçə başa çatıb.


Azər Əlizadə


6105 oxunub

InvestAZ