XƏBƏR LENTİ
19 Aprel 2024
18 Aprel 2024
17 Aprel 2024
16 Aprel 2024



“Ötən günlərimi qaytaraydılar...” - ( Portret cizgiləri)
Mədəniyyət 17:35 / 16.09.2020


Ağalar İdrisoğlu:
" Biz rejissorluq fakültəsinə 25 nəfər qəbul olmuşduq.
Qurtaranda isə cəmi 12 nəfər bitirdik”.


Əməkdar incəsənət xadimi Ağalar İdrisoğlunu hələ orta məktəbdə oxuduğum vaxtdan tanıyıram. 1980-ci illərin əvvəli idi. Məktəbdən bizi Sumqayıt Gənclərinin Xalq Teatrının tamaşalarına aparırdılar. Həmin teatra Ağalar İdrisoğlu rəhbərlik eləyirdi. O, hər tamaşadan əvvəl səhnəyə çıxırdı, dünya və Azərbaycan teatr sənətinin tarixi haqqında məktəblilərə məlumat verir və bu tamaşalardan sonra bizim esse yazmağımızı və bu yazıları sinif rəhbərlərimizə, məktəbimizin direktoruna verməyi xahiş edirdi. Deyirdi ki, ən yaxşı yazıları qəzetlərdə çap etdirəcəyik və tamaşadan əvvəl tamaşaçılara oxuyacağıq. Sonra bir neçə məktəblinin yazılarından parçaları oxuyurdu. Onun bu çıxışları, elə tamaşadan əvvəl maraqlı bir tamaşa olurdu. Çünki onun vasitəsilə teatr sənəti və ümumiyyətlə incəsənət, ədəbiyyatla bağlı çoxlu bilgi əldə edirdik. Bizim 21 nömrəli tam orta məktəbin şagirdlərinin bu teatra marağı bir də onda idi ki, məktəbimizin şagirdi mərhum Əli Abdullayev bu teatrda çox böyük maraqla izlənilən Feyruz Məmmədovun "Anasının gül balası” tamaşasında baş rolda oynayırdı. Tənbəl məktəbli rolunda. Ağalar İdrisoğlunun quruluşunda, yüksək tərbiyəvi əhəmiyyətə malik olan bu tamaşaya Sumqayıt məktəblilərinin marağı çox böyük idi.

1989-cu ildən Ağalar İdrisoğlu Sumqayıt Dövlət Musiqili Dram Teatrına rəhbərlik edəndə artıq mənim jurnalist kimi yazılarım mətbuatda çap olunurdu. Mən teatra gəlib, müsahibələr götürürdüm. Bu teatrın bütün tamaşalarını izləyirdim. O vaxtlar Sumqayıt Dövlət Musiqili Dram Teatrı Sumqayıt ziyalılarının yığışdığı ən müqəddəs yer idi. Bu teatrın o zaman bütün tamaşalarının premyeraları böyük bayramsayağı keçirdi. Baxmayaraq ki, ölkədə vəziyyət heç də yaxşı deyildi, böyük xaos, hərc-mərclik hökm sürürdü, amma Sumqayıt Dövlət Musiqili Dram Teatrında demək olar ki, həftənin bütün günləri tamaşalar oynayırdılar. Burada tamaşaçılar həmişə çox olurdu. Həmin vaxtı Sumqayıt Dövlət Musiqili Dram Teatrı özünün intibah dövrünü yaşayırdı desəm, daha dəqiq olar. Çünki teatra Bakıdan da çoxlu ziyalı tez-tez gəlirdi və Sumqayıt ziyalıları və müəssisə rəhbərlərilə bilikdə "Teatr və tamaşaçı” adlı dialoqlar keçirilirdi. Teatr tamaşalarının açıq müzakirələri olurdu. Bu müzakirələr elə əsl tamaşa idi. Çünki yüksək təfəkkürlü ziyalılar təkcə teatr sənətindən, ədəbiyyatdan deyil, həm də ölkədəki ab-havadan geniş məlumatlar verirdilər. Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsinin tələbəsi kimi bütün bunlar mənim üçün çox maraqlı idi.
Ağalar İdrisoğlunun 70 illik yubileyi ərəfəsində həmin hadisələri yada salmaq və ondan müsahibə hazırlamaq istədim. Ona hətta suallar da göndərdim. Amma Ağalar müəllim Mingəçevir Dövlət Dram Teatrında iki tamaşa hazırladığını və vaxtının olmadığını bildirdi. Üzrxahlıq elədi ki, həm də altı pyesdən ibarət "Şah İsmayıl” adlı kitabını çapa hazırlayır. Sualların cavabını sonraya saxlayaq. Təklif etdi ki, ona köməklik eləyim, həmin
kitaba redaktor olum. Mən Ağalar müəllimin təkcə rejissor kimi yox, həm də yazıçı və jurnalist kimi yaradıcılığını uzun illər izlədiyimə görə onunla razılaşdım, həmin kitabda toplanmış altı pyesini redaktə elədim. Etiraf edim ki, pyesləri çox maraqla oxudum. Bu əsərlərin tezliklə çap olunacağına, həm oxucuların və həm də tamaşaçıların çox xoşuna gələcəyinə hədsiz inanıram.
Nəhayət, mənim sullarıma cavab verməyə də vaxt çatdı. Əməkdar incəsənət xadimi, yazıçı, rejissor, aktyor, publisist, jurnalist Ağalar İdrisoğlu mənə zəng vurub, sualların cavabını göndərdiyini dedi və vurğuladı ki, "ola bilər, cavabları çox uzun və hətta kəskin yazmışam, nə xoşunuza gəlməsə, kəsin.”
Bəli, yazını oxudum. Amma burada kəsiləsi heç nə görmədim və əziz oxucular, müsahibəni olduğu kimi sizin ixtiyarınıza verirəm:


- Ağalar müəllim, gəlin, ömrünüzün naxışlarına nəzər yetirək. Bu naxışların rəngarəngliyi necə olub?

- Deyim ki, ömrüm hamar, dərə-təpəsiz keçib, bu düz olmaz. Çünki həyatda hər şeyi özüm əldə eləmişəm. Böyük zəhmətimin, yuxusuz gecələrimin, sağlamlığımın, əsəb gərginliyimin hesabına. Amma həyatda mənə düzgün yol göstərən ağsaqqallarım olub. Özümdən böyük iki qardaşımın- Balaməmməd və Həzərxanın ağıllı məsləhətlərinə qulaq asmışam. Eləcə də məni başa düşən, həyatını mənim uğurlarımın əldə olunmasına şam kimi əridən həyat yoldaşım Elmira xanım və üç övladım da həmişə mənimlə birlikdə bütün əzablara qatlaşıblar. Onlar uğurlarıma çox sevinib və qarşıma çıxan problemləri həll etməkdə çətinlik çəkəndə isə mənimlə birlikdə kədərləniblər. Açığı deyim ki, 70 illik ömrümdə mənə qarşı çox haqsız hücumlar, dəhşətli pisliklər olub. Amma mən heç kimə pislik etməmişəm. Həmişə mənə pislik eləyənləri hətta bağışlamışam. Bir sözlə, ağlı-qaralı naxışlarla zəngin ömrümdə çatdığım pillədən indi geriyə nəzər yetirib düşünürəm ki, nə xoş mənə, bu ömrü mənasız yaşamadım...

- Siz prezidentimiz İlham Əliyev tərəfindən Əməkdar incəsənət xadimi fəxri adına layiq görülmüsünüz. Bunu biləndə hansı hisslər qəlbinizdən keçdi?


- Bunu mən Respublika Sarayaında həyat yoldaşım Elmira xanımla birlikdə mədəniyyət işçiləri və başqa tamaşaçılarla birlikdə Azərbaycan teatrının 140 illik yubiley toplantısında bildim. Bir qrup incəsənət adamına fəxri adların verilməsi əmri oxunanda və mənim adım çəkiləndə, zalda əyləşən ədəbiyyat, mədəniyyət, incəsənət işçiləri, jurnalistlər və tamaşaçılar məni sürəkli alqışlarla qarşıladılar. Bu alqış onu deyirdi ki, "axır ki, haqq öz yerini tapdı”. Çünki bu ada mən ondan əvvəl dörd dəfə təqdim olunmuşdum, amma kimlərsə mane olub, bunun qarşısını almışdılar. Bu adı mən gec olaraq 2013-cü ildə aldım.


- Bildiyimiz kimi, həyat yolunuz, əmək fəaliyyətiniz Sumqayıtla daha çox bağlıdır. Bu şəhər gözləriniz önündə böyüyüb, inkişaf edib. Sumqayıtın dünəni, bu günü, sabahı barədə düşüncələriniz...

- Mən bu şəhərə 1976-cı ilin fevral ayından gəlmişəm. Mirzəağa Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnsitutunun "dram və kino” aktyorluğu fakültəsini 1975- ci ildə bitirib, tələbə yoldaşlarımla birlikdə Şəki Dövlət Dram Teatrını yaratmağa getmişdik. Amma altı aydan sonra aramızda fikir ayrılığı oldu. Bir qrupumuz oradan işdən çıxıb, Azərbaycanın ayrı-ayrı teatrlarına işləməyə getdik. Mən və dostum, rəhmətlik, çox istedadlı aktyor, rejissor, amma sağlığında öz haqqını, qiymətini ala bilməyən Şahmar Qəribli Sumqayıt Dövlət Dram Teatrına işləməyə gəldik. Burada bizi çox yaxşı qarşıladılar və bizə az bir vaxtda tamaşalarda maraqlı rollar verdilər. Sumqayıta daimi qeydiyyata götürüldük, Sumqayıt "Domna Peçləri” zavodunun yataqxanasında yerləşdik. Bu xeyirxah işə görə o vaxt Sumqayıt Mədəniyyət idarəsinin rəisi olmuş Zərifə xanım Təhməzovaya, Sumqayıt Dövlət Dram Teatrının baş rejissoru, Xalq artisti Vaqif Şərifova təşəkkürümü bildirirəm və teatrın direktoru işləyən dəyərli ziyalı, maraqlı rejissor, mərhum Əbülfəz Həsənova rəhmət diləyirəm. Mənim rejissorluğa həvəsimin olduğunu görən Vaqif Şərifov mənə dayaq oldu. Həm onun quruluş verdiyi və həm də çox istedadlı rejissor, haqqını ala bilməyib, vaxtından tez dünyasını dəyişən Arif Ağayevin hazırladığı tamaşaların rejissor assistenti və ikinci rejissoru oldum. Bu tamaşaların maraqlı alınmasında mən də əlimdən gələni elədim. 1977-ci ildə Sumqayıtda texniki-peşə məktəblilərinin "Ümid” adlı teatr-studiyasını yaratmışam. Az bir vaxtda bu teatr-studiya respublikada tanınıb və 1979- cu ildə o vaxtkı Mədəniyyət naziri, mərhum Zakir Bağırovun əmri ilə Sumqayıt gənclərinin Xalq Teatrı olub. Mən paralel olaraq, həm Sumqayıt Dövlət Dram Teatrının aktyoru və Xalq Teatrının rəhbəri kimi işləmişəm. Sumqayıt şəhərində keçirilən bütün tədbirlərin, teatrlaşdırılmış tamaşaların ssenari müəllifi və quruluşçu rejissoru olmuşam. 1980-ci ildə rəhbərlik elədiyim Sumqayıt Gənclərinin Xalq Teatrının bazasında 60 nəfər sumqayıtlının iştirak etdiyi Feyruz Məmmədovun "Bir bayraq altında” adlı teatrlaşdırılmış tamaşası ilə Moskvada SSRİ Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisinin səhnəsində çıxış etmişik. Bu tamaşa SSRİ-nin 15 respublikaları arasında birinci yerə çıxdığına görə, bizə Qızıl medal verdilər. Bu haqda SSRİ mətbuatında çoxlu yazı çap olundu. Bax, elə həmin vaxtı bu böyük uğurlu işimə görə mənə Əməkdar incəsənət xadimi fəxri adı veriləcəkdi. Adım Mədəniyyət Nazirliyinə də getmişdi. Amma orada bu işi kimlərsə "burdu”. Hətta Sumqayıtdan da buna mane olanlar oldu...
Sumqayıtın dünəni, bu günü, sabahı barədə düşüncələrimə gələndə isə onu vurğulamaq istəyirəm ki, son vaxtlar Sumqayıtda həyata keçirilən bütün uğurlu layihələri alqışlayıram. Zakir Fərəcovun rəhbərliyi ilə Sumqayıtda görülən işlər böyük təqdirə layiqdir. Sumqayıt hazırda quruculuq baxımından özünün intibah dövrünü yaşayır. Bu işdə də İcra hakimiyyətinin başçısı Zakir Fərəcovun gördüyü böyük və maraqlı işlərə kölgə salmaq insafsızlıq olar. Bu kişi Sumqayıtla nəfəs alır, desəm daha düzgün olar.

- Gəlin, bir qədər teatr və jurnalistika sahəsindəki uğurlarınızın Sumqayıtın həyatı ilə bağlılığına toxunaq.

- Mən artıq 44 ildir ki, bu şəhərdə yaşayıram. Burada ailə həyatı qurmuşam. Üç övladım dünyaya gəlib. Deməli, bu şəhər mənim tale şəhərimdi. İnanın ki, bu şəhərlə nəfəs alıram. Sumqayıtda görülən hər yaxşı işə sevinirəm və hər pis iş mənə təsir edir. Bu şəhər və onun insanları ilə bağlı mənim 500-dən artıq məqaləm, oçerkim, portret yazım və üç pyesim var. Təvazökarlıqdan uzaq olsa da, deyim ki, mən bu şəhərin Moskvada təhsil alan ilk peşəkar teatr rejissoruyam. İlk peşəkar dramaturquyam.Teatr sənəti üzrə ilk Əməkdar incəsənt xadimiyəm. Sumqayıt Dövlət Dram Teatrı mənim ideyamla, təşkilatçılığımla Musiqili Dram Teatrı olub. Bu teatrın birinci və sonuncu bədii rəhbəri-direktoru mən işləmişəm.
Hələ teatr sahəsində çalışmamışdan əvvəl,1976-cı ilədək Masallıda jurnalistika ilə məşğul olmuşam. Yazılarım mətbuatda çap olunub. Sumqayıtda yaşamağa başladığım ildən bu şəhərin uğurlarını və problemlərini qələmə almışam. Tənqidi yazılarıma görə hətta Sovetlərin vaxtında məndən küsən zavod rəhbərləri çox olub. Amma sonra görüblər ki, mən düz deyirəm. Sumqayıtın ədəbi, mədəni həyatı, Sumqayıt teatrının keşməkeşli dünyası və Azərbaycan mədəniyyətinə vurulan zərbələrlə bağlı "Sərhədsiz dünyamız” adlı kitab da yazmışam. Amma maliyyə imkanım olmadığına görə hələ çap olunmayıb.

Sumqayıtda işləyən zavod, fabrik direktorlarının və şəhər rəhbərlərinin əksəriyyəti işini yaxşı bilən mütəxəssislər olublar. Onların çoxlu ilə yaxın təmasda olmuşam. Sumqayıt teatrına rəhbərlik etdiyim vaxt həmin müəssisə rəhbərləri teatra xeyli köməklik eləyirdilər. Hətta Sumqayıtın üç İcra Hakimiyyətinin başçısı- Zülfi Hacıyev, Eldar İsmayılov və Şakir Abuşovla çox isti münasibətim var idi. Onlar mənim teatra rəhbərliyim dövründə Sumqayıt teatrına yaxşı dəstək olublar. Hətta rəhmətlik Zülfü Hacıyev məni Sumqayıtın kadrı kimi məcburən Ağdam Dövlət Dram Teatrının rəhbərliyindən, Sumqayıt Teatrına gətirib. Teatrı Musiqili Dram Teatrı eləyən vaxtı və teatra əlavə 80 ştat alanda Eldar İsmayılovun və Şakir Abuşovun əməyi mənim əməyimdən çox olub. Bu uğurlu işə görə və teatrın Musiqili Dram teatrı kimi 1992-ci ilin arpel ayının 16-da oynadığımız ilk musiqili tamaşanın - Üzeyr Hacıbəyovun "Arşın mal alan” tamaşasının premyerasında Eldar İsmayılov və Şakir Abuşov məndən daha artıq sevinirdilər. Çünki tamaşaya baxan Mədəniyyət naziri Polad Bülbüloğluna, nazir müavininə və nazirliyin işçilərinə sübut elədik ki, Sumqayıt Teatrı Musiqili Dram Teatrı olmağa layiqdir. Teatrın aktyorları gözəl səs tembri ilə mahnıları canlı oxuyur, orkestr peşəkar səviyyədə tamaşanı idarə edir və balet truppası özlərinin yüksək peşəkarlığını sübut eləyirdilər. Açığı mən də tamaşaya çox orijinal formada quruluş vermişdim. Həmin vaxt mənim Əməkdar incəsənət xadimi almaq məsələm gündəmə gəldi. O zaman dedim ki, əvvəlcə Vaqif Əliyevə, Afaq Bəşirqızına, Valeh Kərimova, Kamil Məhərrəmova, rəssam Mübariz Əliyevə fəxri ad verin, sonra mən alaram. Vaqif Əliyevə, Afaq Bəşirqızına, Valeh Kərimova Əməkdar artist, Mübariz Əliyevə Əməkdar rəssam adı verdilər. Amma Kamil Məhərrəmova fəxri ad vermədilər. Bu həm mənə və həm də Kamil Məhərrəmova çox pis təsir etdi. Bununla da Kamil spirtli içkiyə qurşandı. Mədəniyyət Nazirliyində Kamil Məhərrəmova fəxri ad veriləsi məsələsini dəfələrləqaldırsam da, ona fəxri ad vermədilər. Kamil Məhərrəmov çox istedadlı aktyor idi. Bununla həm Kamili və həm də məni sındırdılar. Kamil Məhərrəmov bunu özünə böyük dərd elədi və az bir vaxtda dünyasını dəyişdi. Bütün bu haqsızlıqları gördükcə məndə Mədəniyyət Nazirliyinə böyük nifrət yaranırdı və bunu açıq-açığına onlara deyirdim. Ona görə də sevilməyən teatr rəhbəri olmuşdum. Baxmayaraq ki, həmin vaxtlar Sumqayıt Dövlət Musiqili Dram Teatrı respublikanın ən aparıcı teatrlarından biri idi. Rəhbərliyim dövründə dəfələrlə Azərbaycanı keçmiş Sovetlər Birliyində yüksək səviyyədə təmsil etmişdik. Respublikamıza çoxlu mükafatlar gətirmişdik. Amma mənə olan nifrət kollektivə də sirayət etdi. Mədəniyyət Nazirliyinin və şəhərin mədəniyyət işlərinə rəhbərlik eləyən İcra hakimiyyəti başçısının müavinin "bığlarının altından keçməməyimə” görə 4-5 il aramızda böyük konfliktlər oldu və mən axırda dözməyib, ərizə verib, teatrdakı işdən, yəni bəddi rəhbər-direktor vəzifələrimdən çıxdım. Çox təəssüf ki, 1997-ci ildə teatrdan öz ərizəmlə çıxandan sonra teatrın yeni rəhbərliyi musiqili tamaşalar hazırlaya bilmədiyindən 80 ştatı teatrdan aldılar. Bunu eşidəndə çox pis oldum. Yadıma dahi Şəhriyarın bu sözləri düşdü: "Bizdən qabaqdadır avropalılar, işi iş bilənə tapşırır onlar”...
 Beləliklə, qurulu qoyduğum teatrı lazım olan kimi işlədə bilmədilər və axırda 80 ştatı Maliyyə Nazirliyi geri aldı.Teatrın acınacaqlı günləri başladı...

- Siz üç Mədəniyyət naziri ilə ünsiyyətdə olmusuz. Onlardan yalnız Zakir Bağırov haqqında bir neçə yazınızda xoş sözlərinizi vurğulamısınız.

- Mən həmişə həqiqəti demişəm. Nə olur-olsun yenə də həqiqəti deyəcəm. Mənim bir amalım var. Ziyalı- millətin düşünən beyni, görən gözü, danışan dili olmalıdır. Bunları bacarmayan adamı mən ziyalı hesab etmirəm. Mən rəhmətlik, dəyərli ziyalı, fəlsəfə elmləri doktoru Zakir Bağırovla ilk dəfə 1975- ci ildə, ali məktəbi bitirəndə ünsiyyətdə olmuşam. Belə ki, Mirzəağa Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunu bitirənləri, yəni bizi Şəki Dövlət Dram Teatrını yaratmağa göndərirdilər. Baş rejissor yerinə tanınmış bir aktyoru göndərmək istəyirdilər. Biz isə istəyirdik ki, həmin teatrın baş rejissoru Moskvada A.V. Lunaçarski adına Dövlət Teatr Sənəti İnstitutunda rejissorluq təhsili alıb, Azərbaycana qayıtmış və Dövlət Gənc Tamaşaçılar Teatrının rus truppasında Maqsud İbrahimbəyovun "Za vsyo xoroşeqo smert” ( "Hər yaxşı şeyə görə ölüm”) tamaşasını hazırlayan Vaqif Abbasovu Şəkiyə baş rejissor göndərsinlər. Çünki biz- insitutun axırıncı kursunda oxuyan tələbələrdən 8 nəfəri onun Bakıda yaratmaq istədiyi teatr-studiyada quruluş verdiyi Yusif Əzimzadənin "Yadigar” və Karel Çapekin "Ağ ölüm” tamaşalarında məşq edirdik. Vaqif Abbasov çox maraqlı və savadlı rejissor idi. Dövlət Gənc Tamaşaçılar Teatrının rəhbərliyində görürdülər ki, kollektiv Vaqif Abbasovu çox sevir və ola bilər ki, onu məhz bu teatra baş rejissor qoysunlar. Buna görə də onun hazırladığı tamaşaya qarşı əngəllər yaradırdıla diyanın da yaranmasına icazə vermirdilər. Çünki həmin vaxt Bakıda Dövlət səviyyəsində teatr və teatr-studiya yaratmaq müşkül məsələ idi. Bu məsələni müəllimimiz SSRİ Xalq artisti Mehdi Məmmədov da 1974-cü ildə qaldırmışdı. Amma ona da imkan verməmişdilər. Mehdi müəllim də istəyirdi ki, bizim kursla Dövlət Gənclər Teatrı açsın. Lakin istəyinə nail ola bilməmişdi.
25 nəfərlik kurs yoldaşlarımızın adından rəhmətlik Zakir Bağırovun adına kurs yoldaşım, Əməkdar artist Gülşad Baxşıyeva və aktyor, rəhmətlik Ağarəfi Rəhimovla birlikdə məktub apardıq. O bizi çox yaxşı qarşıladı və arzumuzu reallaşdırıb, məhz Vaqif Abbasovu Şəki teatrına baş rejissor göndərdi. Mən Sumqayıtda "Ümid” teatr-studiyasını yaradanda bizim uğurlarımızı görən Zakir müəllim az bir vaxta- 1979-cu ildə bu kollektivə Xalq Teatrı adı verdi. Bizi, 60 nəfərlik kollektivi 1980-ci ildə Moskvaya SSRİ Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisində keçirilən ittifaq teatrları festivalına göndərdi. Sumqayıt Dövlət Dram Teatrını Nəriman Həsənzadənin "Bütün Şərq bilsin” tamaşası ilə Moskvaya göndərdi. 1981-ci ildə mənə gənc aktyor və rejissor kimi bir aylıq Moskvada tamaşalara baxmaq, məşhur "Rossiya” mehmanxanasında qalmaq və gündə üç dəfə pulsuz yemək üçün ezamiyyə verdi. Həmin vaxtı eşidəndə ki, mən Moskvada həm də A. V. Lunaçarski adına Dövlət Teatr Sənəti İnstitutunun rejissorluq fakültəsinə (qiyabi) qəbul olmuşam, o, məni təbrik edib, məndən çox sevindi. Sumqayıt Dövlət Dram teatrında tamaşalar hazırlamağıma incəsənət idarəsinin rəisi, dəyərli ziyalı, çox maraqlı yazıçı- dramaturq Vaqif Əlixanlının təklifilə şərait yaratdı. Məni institutun dördüncü kursunda oxuyan vaxtı Ağdam Dövlət Dram Teatrına quruluşçu rejissor vəzifəsinə göndərdi. Az bir vaxta burada gördüyüm böyük işlər, hazırladığım tamaşalar rayonun birinci katibi, dəyərli ziyalı, yüksək təşkilatçı insan, bir vaxtlar Şəki Dövlət Dram Teatrını da yaratmış Sadıq Murtuzayev başda olmaqla, rayon ictimaiyyətinin çox xoşuna gəldi. Teatr kollektivinin yazılı məktubu, Sadıq Murtuzayevin təkidi ilə rəhmətlik Zakir Bağırov həmin vaxt Ağdam Dövlət Dram Teatrının direktorunu və baş rejissorunu işdən çıxarıb, məni həmin teatrın direktoru və baş rejissoru vəzifələrinə təyin elədi. Onun tərəfindən bütün teatrlara çox yaxşı münasibət vardı. Hər teatra ildə 4-5 tamaşa hazırlamaq üçün quruluş xərcləri verilirdi. Mən tam səmimi deyim ki, o vaxtlar Mədəniyyət Nazirliyində heç kim teatr və konsert birliklərinin rəhbərlərindən təmənna ummurdu. Heç kəs rəhbər vəzifəyə rüşvət verib, gəlmirdi. Fəxri adlar da rüşvətlə verilmirdi. Zakir Bağırovun vaxtında rəhbər vəzifədə işləyənlər deyə bilməz ki, mən Mədəniyyət Nazirliyində kiməsə rüşvət vermişəm. O vaxt pula bir qədər həris nazir müavini rəhmətlik Məmməd Ziyadov idi. O da öz pulunu teatr rəhbərlərindən yox, başqa yollarla qazanırdı. Deməli, mədəniyyət sahəsinə rəhbərlik eləyənlər rüşvət verib vəzifəyə gəlmədiyinə görə heç bir işçidən də pul almırdılar. Hamı öz işini canla-başla görürdü.


- İlləri-illərə calamaq o qədər də hünər deyil, uzun illər bu həyatı həyat kimi yaşamaq hünərdir. Elə deyilmi?


- Elədir. Amma biz çox zaman hədər keçirdiyimiz illərə, aylara, günlərə görə hədsiz heyfslənmirik. Elə bilirik ki, bir daha dünyaya gələcəyik. Mən elə özüm, mənasız keçirdiyim illərimə, aylarıma, günlərimə görə çox böyük peşimanlıq hissləri keçirirəm. Baxmayaraq ki, bu vaxta qədər 140 tamaşa hazırlamışam, 40 rolda çıxış etmişəm, 150 hekayə, 15 pyes, 20 ssenari, 8 povest, 6 roman, 1000- dən çox məqalə, publisist yazılar yazmışam, amma fikirləşirəm ki, bundan da çox işlər görə bilərdim, əgər vaxtımı boş keçirməsəydim, hər günümün qədrini layiqincə bilsəydim. Ona görə də atalarımız deyib ki, "itirilən pulları qaytarmaq olar, amma itirilən vaxtı geri qaytarmaq olmaz”. Ən çox sevdiyim mahnı Akif İslamzadənin oxuduğu "Ötən günlərimi qaytaraydılar, gələn günlərimi qurban verərdim” mahnısıdır. Hər dəfə bu mahnını eşidəndə çox kövrəlirəm...

- Siz Sumqayıtda nüfuz sahiblərindən biri sayılırsınız. Bu hər kəsə nəsib olmur. Bu zirvəyə çatmaq üçün insan nələri qət etməli, hansı yolları keçməlidir?


- İnsan öz istəyinə yalnız bir yolla çata bilər: sevimli işlərilə ciddi məşğul olsa. Və hər gün gərək fikirləşə ki, bu gün mənim son günümdür və bu günü yüksək, səmərəli keçirməliyəm. İnsan həmçinin məqsədyönlü olmalı, həyatın nəbzini düzgün tutmalı və gördüyü işin xalqına necə xeyir verəcəyini düşünməlidir.

- Ailədə övladlarınız, nəvələriniz, sözsüz ki, sizinlə fəxr edirlər. Siz necə onlardan razısınızmı?

- Əlbəttə, çox razıyam. İlk öncə həyat yoldaşımdan çox razıyam. İşlərim çox olduğuna görə üç övladımızın tərbiyəsi, təhsili onun üzərinə düşüb. Çünki ailə qurduğumuz vaxtdan mən paralel iki teatrda- Dövlət Teatrında və Xalq Teatrında işləmişəm. Sonra Ağdam və Sumqayıt teatrlarına rəhbərlik eləmişəm. Eyni zamanda teatrlarda direktor-bədii rəhbər kimi işlərim çox idi, hələ rejissor kimi tamaşalar hazırlayırdım, yazıçı-dramaturq kimi əsərlər yazır, xarici dramaturqların pyeslərini dilimizə tərcümə eləyir və yeri gələndə məqalələr də yazırdım. Azərbaycan Teatrlar Xadimləri İttifaqının katibi və Sumqayıt bölgə şöbəsinin rəhbəri kimi də işləyirdim. Əlbəttə, bu qədər iş bir adamın gücü xaricində idi. Bunları görən həyat yoldaşım Elmira xanım, övladlarımın tərbiyəsi və təhsili ilə özü məşğul olurdu. Hələ üstəlik də Sumqayıt Musiqi Texnikumunda müəllimə işləyirdi. Hər üç övladım yaxşı savadlı, ağıllı və dərrakəlidir. Ən əsası baxmayaraq ki, mən həmişə üzdə olmuşam, 26 il teatrlara rəhbərlik eləmişəm, başqa valideynlərin övladları kimi mənim övladlarım, məndən heç nə tələb eləməyiblər. Tamaşalarımı, bədii yaradıcılığımı maraqla izləyiblər. Onlar sadə həyat tərzini həmişə hər şeydən üstün tutublar. Eləcə dörd nəvəm də mənimlə fəxr eləyirlər. Dərslərini yaxşı oxuyurlar. Böyük nəvəm Aysur Sumqayıtın 70 illiyi münasibətilə Sumqayıt məktəbliləri arasında yazdığı esseyə görə qalib oldu. Bu esseni məktəblilərin şəhər tədbirində yüksək səviyyədə söylədiyinə görə Sumqayıtın İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov ona diplom verdi. Zakir Fərəcov bilməyib ki, Aysur mənim nəvəmdir. Yalnız üç gündən sonra məktəb direktorlarının iclasında Aysurun mənim nəvəm olduğunu bilib. Esseni Aysur özü yazmışdı. Mənim ona heç bir köməkliyim olmamışdı. Çünki həmin vaxt mən Mingəçevir Dövlət Dram Teatrında Qənbər Şəmşiroğlunun "Caninin etirafı” tamaşasını hazırlayırdım. Nəvəm Aysurun qalib olduğunu həyat yoldağım telefonla mənə deyəndə sevincdən kövrəldim... Mən belə fikirləşirəm ki, Aysur gələcəkdə mükəmməl yazıçı ola bilər. Onun mahir bədii qiraətçi olacağını da hiss edirəm. Yaxşı şeirlər söylədiyinə görə Sumqayıt məktəbliləri arasında həmişə seçilir. Çoxlu bədii əsərlər oxuyur. Sumqayıt Uşaq kitabxanasının ən fəal üzvüdür. Nəvələrim Sunayın, Həbibin , Aytəkinin də gələcəyinə inanıram. Çünki dərslərini yaxşı oxuyurlar. Qızlarım Aynurə və Dünyaxanım yaxşı musiqiçidirlər. Aynurə musiqi nəzəriyyəçisi, ali təhsilli müəllimədir. Qızım Dünyaxanım yaxşı, peşəkar drijordur. Hər ikisinin yazıçılığa meyli yüksəkdir. Hərdən yazılar, şeirlər yazır və tərcümələr eləyirlər. Hətta qızım Dünyaxanımın heç kimə bənzəməyən çox gözəl səsi var. Onun oxuduğu mahnıları mütəxəssislər çox yüksək qiymətləndirirlər. Oğlum Elnurun da çox yaxşı səsi vardı, amma texniki sahəni üstün tutdu və bu sahədə çalışır.

- Həyat təcrübənizə əsaslanaraq gənclərə nələri tövsiyə edərdiniz?


- Hər şeydən əvvəl savadlı olsunlar. Gördükləri işi sevsinlər, yüksək mütəxəssis olsunlar. Yalnız özlərinə arxalansınlar. Dahi Nizami deyib: "Kamil bir palançı olsa da insan, yaxşıdır yarımçıq papaqçılıqdan”. Mən bu ifadədən üstün heç nə deyə bilmərəm. Sadəcə onu demək istəyirəm ki, dünya millətləri arasında seçilmək üçün adamlara heç bir "dayı”, pul köməklik eləmir. İnsan yalnız öz savadı, elmi ilə özünə yol aça bilər. Moskvada təhsil aldığım vaxt mən bunun tam şahidi olmuşdum. Çünki biz rejissorluq fakültəsinə 25 nəfər qəbul olmuşduq. Qurtaranda isə cəmi 12 nəfər bitirdik. Hətta xarici ölkələrdən gələn nümayəndələrə belə heç bir güzəşt olmadı... Rejissorluq bacarıqları olmadığına görə institutdan çıxardılar.

- İnsanın ömür payında arzuları bir-birini əvəz edir, heç vaxt tükənmir. Hazırda arzularınızı bilmək istərdik. Bir də bu qədər işlər görən Ağalar İdrisoğlu nələrə heyfislənir?

- Dahi Balzakın təbirincə desəm, cavanlıqdan üç şeyi arzulamışam. Yaxşı ailə. Bir qədər pul və az da olsa şan-şöhrət. Birinciyə elə gənclik illərindən nail olmuşam. Məni başa düşən həyat yoldaşım və övladlarım var. Yaradıcılıqda da az-çox nələrisə etmişəm. Amma teatrda işlədiyim, rəhbərlik elədiyim vaxt qazandığım pulları ailəmə yox, teatrların kollektivinə xərcləmişəm. Özüm üçün heç nə xahiş etməmişəm. Amma teatr kollektivləri, orada işləyən insanlar üçün çox şeyləri xahiş etmişəm. Hətta özümün də evə ehtiyacım olsa da, teatr üçün aldığım evləri kollektiv üzvlərinə vermişəm. Amma özüm 10 nəfərlik ailə üzvümlə hələ də iki otaqlı mənzildəyəm. Bax buna heyfislənirəm ki, dəfələrlə ölkə başçısına, Mədəniyyət Nazirliyinə evlə bağlı müraciət eləsəm də, heç bir müsbət cavab almamışam. Təsəvvür eləyin ki, əgər mən hansısa xarici ölkədə 140 tamaşa hazırlasaydım, 150 hekayə, 8 povest, 6 roman, 15 pyes, 20 ssenari və 1000-dən çox məqalə, publisist yazı yazsaydım, bunlardan gələn qonorarlara bir neçə villa, bağ evi ala bilərdim və bankda da çoxlu pulum olardı. Amma nə etmək olar?!
Bir daha təəssüf eləyirəm ki, Moskvada A. V. Lunaçarski adına Dövlət Teatr Sənəti İnstitutunda (indiki Beynəlxalq Teatr Akademiyasında) təhsil aldığım vaxtı müəllimlərin çox istəyirdilər ki, qalıb Moskvada işləyim. Çünki mən dərslərimi əla qiymətlə oxuyurdum və hazırladığım kurs tamaşalarım rəhbərim, tanınmış rejissor, professor, Rusiyanın Əməkdar incəsənət xadimi Aleksandr Aleksandroviç Barmakın və başqa məşhur rejissorların çox xoşuna gəlirdi. Gərək onların sözünə baxıb, Moskvada qalardım. Bax, buna hədsiz heyfslənirəm...

İlhamə Məhəmmədqızı

50247 oxunub

InvestAZ