XƏBƏR LENTİ
19 Mart 2024
18 Mart 2024
17 Mart 2024
15 Mart 2024
14 Mart 2024



BƏLALI SEVGİ - Hekayə
Maraqlı 13:43 / 10.07.2020

Müharibələrin törətdiyi və insanlığı məhv eləyən dəhşətli faciələrə ithaf eləyirəm.
                                                                                                     Müəllif

Bu gün Nargülün toyu başlamışdı. Bu kəndin adətinə görə toy üç gün olacaqdı. Onu zorla həyat yoldaşının qardaşına ərə verirdilər. Həyat yoldaşı Tərlan, 1941-ci ilin iyul ayının sonunda Böyük Vətən Müharibəsinə getmişdi. İki ay ondan məktub gəlmişdi və sonra məktubları kəsilmişdi. O vaxtdan bu günə qədər ondan xəbər-ətər yox idi. Nə öldüsü, nə qaldısı məlum idi. Artıq Böyük Vətən Müharibəsi də dörd il idi ki, qurtarmışdı. Və bu dörd ildə Nargülü atası, anası, qaynatası və qaynansı məcbur eləmişdilər ki, daha Tərlanı gözləməyin mənası yoxdur. Sən də cəmi iki ayın gəlini olubsan. Bir üzün qız, bir üzün gəlin düz doqquz ildir ki, Tərlanın yolunu gözləyirsən. Artıq sabah da, yəni 1950-ci ilin may ayıdır. Toyunuzun da düz doqquz ili tamam olur...
Nargül iki yol ayrıcında qalmışdı. Çünki onun ürəyində Tərlandan başqa heç kim yer ala bilmirdi. Axı o, Tərlanı düz 15 yaşı olandan sevirdi. Üç il özünün bəlalı sevgisi uğrunda vuruşsa da onu Tərlana vermək istəmədiklərinə görə axırda məcbur olmuşdu ki, ona qoşulub qaçsın. Çünki Nargül lap  uşaq yaşlarından özünün xalası oğluna göbəkkəsmə nişanlanmışdı. Amma onu istəmirdi və 15 yaşında  Nargülün  "sevgi quşu” Tərlana qonmuşdu. O vaxt Tərlanın da 17 yaşı vardı.  Bir toyda onlar birlikdə rəqs eləmişdilər. Onların birlikdə rəqsi özü bir tamaşa olmuşdu. Elə bil onlar bu rəqsi illərlə məşq eləmişdilər. Onların kəndi, Kiçik Qafqaz dağlarının qoynunda, axar-baxarlı yerdə  olan Maqsudlu kəndidi. Bu kənddə toyda  qadınlar və kişilər bir yerdə iştirak eləyirdilər. Özü də bu kənddə toy düz üç gün davam eləyirdi. Həmin üç gündə kənd camaatının xahiş-minnətilə Tərlanla Nargül  həmişə üç gün rəqs eləyirdilər. Hər dəfə də onların rəqsi alqışlarla qarşılanırdı. Doğrudur onların rəqs oynamasına Nargülün atası, kəndin kolxoz sədri Mürşüd kişi, razı deyildi. Eləcə də göbəkkəsmə olduğu oğlan- Barat da yeri-göyü dağıdırdı ki, onlar rəqs eləməsinlər. Amma camaatın istəyinin qarşısını almaq mümkün deyildi. Çünki onsuz da kənd camaatı Mürşüdün sədr olmasından bezmişdi. Onu işdən çıxarmaq istəyirdilər. İndi o, bu rəqsin baş tutmasına icazə verməsəydi yəqin ki, kənd camaatı ondan birdəfəlik üz döndərərdilər...
Tərlanın atası Məhəmməd kişi, kolxozun böyük qoyun sürüsünün baş çobanı idi. İnsafən o, öz işini yaxşı görürdü. Mürşüd də ondan razı idi. Oğlu Tərlan da dərsdən sonra gəlib, atasına köməklik eləyirdi.
Həmin toyda Nargüllə Tərlanın rəqsindən sonra günlərin bir günü Nargülün göbəkkəsmə nişanlısı Barat həmyaşıdlarının onu qızışdırmasından və  o  toydan sonra Nargülün də daha onunla soyuq görüşməsindən çox pərt olmuşdu. Bütün günahı da Tərlanda görürdü. Ona görə də onunla "haqq-hesabı” çürütmək istəyirdi. Bir gün dərsdən sonra Barat, atasının yanına gedən Tərlanın yolunu kəsmiş və həmin dostları ilə birlikdə ona "dərs” vermək istəmişdilər ki, o, bir də daha toylarda Nargüllə oynamasın. Özü kimi 15 yaşlı üç oğlanla Barat, Tərlanı döymək istəsələr də onlar öz istəklərinə nail ola bilməmişdilər. Çünki uca böylu, çox güclü, fəndgir, güləş və döyüş üzrə kəndin çempionu Tərlan onların hamısını xurd-xəşil eləmişdi. Tərlanın onlara daha böyük xəsarətərlər yetirəcəyindən qorxan bu dörd dəliqanlı oğlan, oradan elə qaçmışdılar ki, "asta qaçan namərddi”. Sonra onlar bu hadisəni utandıqlarından daha heç kimin yanında ağartmamış və Tərlanın sonra onları yenə də bu hala salacağından qorxaraq, uşaqların üçü gəlib ondan üzr istəmişdilər və onları Baratın yoldan çıxardığını Tərlana inandırmışdılar. Bax elə həmin vaxtdan Tərlanın da ürəyi Nargülə yatmışdı. Çünki elə bil Nargül onu hər gün qaraba-qara izləyir, o, atası ilə qoyunları kəndə gətirəndə, ya da atasının yanına getdiyi zaman birdən onun qarşısında Nargül "peyda” olurdu. Əvvəlcə ona diqqətlə baxır və sonra başını aşağı salıb, salam veririb, gedirdi. Hətta heç vaxt bulaq başına getməyən Nargül, bulağa da gedirdi. Çünki qoyun sürüsü gələndə hökmən Tərlan və atası həmin sürünü qoşa bulağın suyundan böyük gölməçə yaranan suyun yanında saxlayırdılar. Nargül də guya həmin sürüyə tamaşa eləmək məqsədilə oradan keçir və böyük "məhəbbətlə” Tərlana baxırdı. Bunu onun atası da hiss eləmişdi və oğlunu bu sevdadan "döndərmək” və ümumiyyətlə bu sevdaya düşməməkçün qoyunları otaran vaxt ona belə demişdi:
- Ay oğlum, görürəm Mürşüd kişinin qızı sənə belə qıyğacı baxır. Nəsə onun baxışından və sənin ona baxmağından xoşum gəlmir... Birincisi o qız öz xalası oğluna göbəkkəsmə nişanlıdı. İkinci də biz kim, Mürşüd kişi kim. O, kolxozun sədri, Baratın atası da kolxozun mühasibidi. Deməli, onlar babdılar. Mən isə kolxozun çobanıyam. Bizim eldə belə bir məsəl var: "Oğlan, qız seçəndə gərək hürküdüb, özünə babını, özünə tayını, layiq olanı almalıdır ki, sonra günü ah-vayla keçməsin”. Ağlına heç vaxt gətirmə ki, sən o qızla evlənə bilərsən. Çünki mən də özümə görə kişiyəm. Başqasının göbəkkəsməsi, artığı heç vaxt mənim evimdə gəlin ola bilməz.
- Nə danışırsan ay dədə. Mən evlənmək haqqında heç fikirləşmək belə istəmirəm. Məktəbi bitirəndən sonra Gəncəyə gedib Kənd Təsərrüfatı İnstitutuna qəbul olacam və oranı qurtarandan sonra gəlib, kəndimizdə zootexnik işləyəcəm. Bəlkə elə həmin vaxtı məni kolxoz sədri seçdilər. Çünki kəndimizdə ali təhsilli zootüxnik yoxdur. Bizim kolxoz da maldarlıq, qoyunçuluq kolxozudur.
- Allah ağzından eşitsin ay oğul. Mən bilirəm ki, sən dədənin ağıllı oğlusan. Gedib təhsil alıb gəlsən, mən də bu çobanlığın daşını ataram. Artıq yorulmuşam. 60 yaşım var. Ayağımın biri burda, biri o dünyadadır. Hələ səndən başqa iki qardaşın, üç bacın da var. Mən onları da yerbəyer eləməliyəm...
Onların söhbəti elə belə də qurtardı. Amma bu qız yenə də hər gün Tərlanın qarşısında  "peyda” olduqca, o, özündən asılı olmayaraq, elə bil gedib o dünyanı görüb gəlirdi. Ən pisi də o idi ki, payız vaxtı olduğundan kənddə toyların mövsümü başlamışdı. Çünki bu kənddə adamlar yaz və yayda əsasən yaylaqda olduqlarından və payızda kəndə döndüklərindən, birada qış da çox sərt  keçdiyindən adamlar toyu sentyabr, oktyabr aylarına və ən çox gecikən isə noyabrın ortalarına qədər eləyirdilər. Bu kənd də həmin bölgədə ən böyük kənd idi. Deməli, həftədə ən azından iki-üç toy olurdu. Bu toylarda da bütün adamlar, hətta bəy də, gəlin də Tərlandan və Nargüldən xahiş-minnət eləyirdilər ki, hökmən onların toyunda oynasınlar. Deməli, Tərlan və Nargül istəsələr də-istəməsələr də bu toylarda bədən hərəkətləri, baxışları ilə bir-birilə "danışır”, öz istəklərini, sevgilərini, məhəbbətlərini  "hərəkətləri vasitəsilə” bir-birinə çatdırırdılar... 
Tərlan həm yaxşı saz və həm də yaxşı tütək çalırdı. O, Nargüllə rəsq eləyən vaxt, toya gələn adamların istəyilə həm  saz və həm də tütək çalırıb, bədən hərəkətlərini də saza və tütəyə uyğun elə çevik hərəkət elətdirirdi ki, hamı onun bu hərəkətlərindən mat qalırdı... 
Bu toylar artıq onları bir-birinə tam "isinişdirdi”. Beləcə bir il davam elədi. Artıq bundan bezən Barat, ata-anasını məcbur elədi ki, Mürşüdgilə gedib, göbəkkəsməni ləğ elətdirsinlər. Ata-anasının və Mürşüdün buna razılıq vermədiklərini, həm də tay-tuşlarının ona baməzə formada baxdığını görüb, Tərlanla yenə də dalaşıb, ağız-burnunun əziləcəyindən ehtiyat eləyib,  günlərin bir günü evdə dalaşıb, Gəncəyə getdi. Daha geri qayıtmadı. Elə həmin il, Tərlan da Gəncədə Kənd Təsərrüfatı İnstitutunun zootexnika fakültəsinə qəbul olmuşdu. O, demək olar ki, hər gün Nargülə məktub yazır və hər gün də ondan məktub alırdı. Nargül hər məktubunda ona şeir göndərirdi. Tərlan isə hər məktubunu bu el bayatısı ilə başlayırdı:
-Əzizim incidənsən,
Sədəfdən incidənsən.
Kəsərəm dilim səni,
Bilsəm yar incidənsən.

Məktubun sonunda isə özünün Nargülə həsr elədiyi bu bayatını yazırdı.

Əziziyəm nar gülü,
Bağda açıb nar gülü.
Yarına həsrət qalıb,
Açılan bir nar gülü.

Bu bayatılar Nargülün elə xoşuna gəlirdi ki, hər dəfə məktub alanda əvvəldə və sonda yazılan  bu bayatıları oxuyub, məktubu öpür və sonra məktubda yazılanları oxuyurdu. Əlbəttə, Nargülün Tərlana və Tərlanın Nargülə məktub yazmasından heç kimin xəbəri yox idi. Bunu yalnız Tərlanın  Nargüldən bir yaş böyük olan bacısı Zərnigar bilirdi. Çünki Tərlan bacısına göndərdiyi məktubun içərisinə bir məktub da qoyurdu. Amma üstünə bir göyərçin və nar gülü şəkili çəkirdi. Tərlanın bacısı Zərnigar da bilirdi ki, bu məktub Nargülə çatacaq. Tərlanın otaq yoldaşları və Gəncədə yaşayan tələbə yoldaşları da onun Nargüllə "Leyli-Məcnun” olduğunu bilirdilər və hər dəfə  Nargüldən məktub gələndə, həmin məktubu oxumağı Tərlandan xahiş eləyirdilər...
Tərlan birinci kursu bitirib, Maqsudluya gələndə daha da gözəlləşmiş və çox yaraşıqlı, buylu-buxunlu oğlan olmuşdu. Qara kastyum, ağ köynək, qara ayaqqabılar və qara qalstuk Tərlanı lap ingilislərə oxşadırdı. Artıq bu kənddə ərlik yaşına çatan bütün qızların gözü onda idi. Axı o, toylarda Nargüllə rəqs eləyəndə də həmin qızlar ona böyük məhəbbətlə baxırdılar. Hamısının ürəyindən təkcə bu fikir keçirdi ki, "təki Tərlan onlara ailə qurmağı təklif eləsin”. İndi isə onun daha da yaraşıqlı gənc olduğunu görüb, hamısı "hayıl-mayı” olmuşdular. Nargül isə yerə-göyə sığmırdı. Amma anası ona qəti tapşırmışdı ki, bu gəda oğlanla heç vaxt haqq-salam kəsməsin. Çünki onlar, Baratın ata-anası ilə düşmən olmuşdular. Hər gün də səhər tezdən yuxudan duran və onların qonşuluğunda yaşayan Baratın anası belə qarğış eləyirdi: " Mənim oğlumu bu kənddən didərgin salanların, bütün nəsli didərgin düşsün. Onları tapşırmışam Əbəl Fəzli  Abbasa. Qoy o, onların cəzasını versin”. Bu sözləri hər gün eşidən Nargül və anası çox pis vəziyyətə düşür və Baratın anasına heç nə deyə bilmirdilər. Baratın atası da artıq bu kolxozun baş mühasibliyindən çıxıb, başqa kolxozun baş mühasibi olmuşdu. Və Mürşüdün bütün "zibillərini” də bittə-bittə rayon rəhbərliyinə demişdi. Ona görə də kolxozda da böyük yoxlama gedirdi. Mürşüd də bütün günü cibində ürək dərmanı gəzirdi...
İyun ayından kəndə gələn Tərlanı görə bilməyən Nargül elə bil ki, havalanmışdı. Tərlan da artıq özündə-sözündə deyildi. Düz bir ay beləcə davam elədi. Nargülün anası onu məcburən yaylağa özü ilə aparmışdı. Nargül, evlərindən paltar götürmək bəhanəsilə kəndə gəldi. Amma anası onu tək buraxmadı. Kiçik qardaşı ilə göndərdi. Nargül kəndə gələndə özü ilə Tərlana çatacaq məktub da gətirmişdi. Həmin məktubu o, imkan tapıb Tərlanın bacısı Zərnigara verdi. Və ondan yalvara-yalvara xahiş elədi ki, bu məktubu tez Tərlana çatdırsın. Tərlan da onlara yaxın qonşu yaylaqda atası ilə qoyun otarırdı. Məktubda  Nargül bu sözləri yazmışdı: "Mənim Tərlanım. Səni bu bir ayda görmədiyimçün dəli-divanə olmuşam. Sənə yalvarıram. Sabah sübh tezdən bizim yaylağın yanındakı qoşa çinarın yanına gəl və məni götür qaçır. Pul sarıdan nigaran olma. Atam verdiyi pulları cehiz üçün yığmışdım. Bu pullar həm toyumuza və həm də cehizə çatar. Əgər gəlməsən, and içirəm sənin canına zəhər içib, özümü öldürəcəm. Çünki yüz il də qalsa atam-anam məni sənə verməyəcəklər. Mən isə sənin olmasam, ölərəm”. Öpürəm - sənin Nargülün. O, məktuba bu bayatıları da yazmışdı. Hansı ki, həmin sözləri  həmişə Tərlan, öz məktubunda Nargülə yazırdı:
-Əzizim incidənsən,
Sədəfdən incidənsən.
Kəsərəm dilim səni,
Bilsəm yar incidənsən.

Əziziyəm nar gülü,
Bağda açıb nar gülü.
Yarına həsrət qalıb,
Açılan bir nar gülü.

Hətta bu bayatılara özü də bir bayatı yazmışdı.
Əzizyəm  nar  gülü,
Meşə bütöv nar gülü. 
Baxıram heyran-heyran,
Nə gözəldi nar gülü.

Tərlan deyilən vaxt orada oldu. Nargül demək olar ki, yarım saat idi ki, onun yolunu səbirsizliklə gözləyirdi. Özü də atla gəlmişdi. Həmişə mindiyi və ona sadiq olan Səmənd atı ilə. Tərlan tez atın belinə sıçradı. O, qabaqda oturub, Nargülü də tərginə aldı. Onlar tez atı dördnala çapıb, orada uzaqlaşdılar. Çünki sübh tezdən olduğundan yaylaqdakı adamlar onları görə bilərdi və bütün planları pozulardı...
Maqsudludan Gəncəyə kəsə yol düz 50 kilometr məsafədə idi. Özü də yollar dağlı, dərəli və bəzən keçilməsi çətin olan meşələrdən keçirdi... Onlar axşam hava qaralana gəlib Gəncəyə çatdılar. Tərlan atı tələbə yoldaşı Ağaverdigilin həyətinə sürdü. Taxta darvazanı döydü. Qapıya Ağaverdinin atası Şahverdi çıxdı. O, Tərlanı tanıyırdı. Bir neçə dəfə Ağaverdi ilə onlarda olmuşdu. Şahverdi təəccüblə Tərlana, ata və qıza baxıb dedi:
- Ay oğlum, sən məgər rayonda deyildin?
- Rayondaydım.
- Bu qız, bu at nədi?
- Ağaverdi evdədi Şahverdi əmi?
- Evdədi.
- Xahiş eləyirəm onu çağırın.
- Ağaverdi həyətə düş,- deyə Şahverdi oğlunu çağırdı.
- Nə olub ay Lələ,- deyə Ağaverdi həyətə düşüb, atın yanında dayanan Tərlanı və Nargülü gördü.
-Tərlan. Ayə Lələ, sən kənddə deyildin? Olmaya bu xanım Nargüldü?
- Hə. Nargüldü.
- Deməli, götürüb qaçırıbsan... Sən çox tərs adamsan. Deməli, dediyini elədin...
- Hə. Məcbur oldum.
- Ay bala, qapının ağzında niyə durubsuz? Keçin həyətə.
Tərlan və Nargül həyətə keçdilər. Səmənd atı Şahverdi kişi həyətdəki tövləyə apardı. Onun da atı və arabası vardı. Elə bununla "çak-çuk” eləyirdi. Ağaverdi Tərlanla Nargülü evə apardı. Ağaverdinin anası və bacısı onları çox mehribanlıqla qarşıladılar. Səhəri günü onlar ər-arvad olamaqçün qeydiyyatdan keçdilər. Üç gün sonra xudmani toy oldu. Toyda 20-25 nəfər Tərlanın tələbə yoldaşları iştirak eləyirdi. Tərlan atasıgilə xəbər göndərmişdi ki, Nargülü qaçırıb. Atası oğluna çox qeyzlənmişdi. Mürşid kişi də bu xəbəri eşidəndə Gəncə şəhər Milis idarəsinə şikayət eləmişdi ki, o gədə onun nişanlı qızını zorla qaçırıb. Amma Nargül Milis idarəsində ərizə yazmışdı ki, özü qoşulu Tərlana qaçıb. Hətta əslində o, özü Tərlanı məcbur eləyib ki, onu qaçırsın. Çünki o, Tərlanı sevir, Baratı yox. Milis rəisi də ağsaqqal və həmişə haqqı müdafiə eləyən olduğuna görə bu iki gənci təbrik eləmişdi. Məsələ bununla da bitmişdi...
Həmin ilin iyun ayının 22-də Böyük Vətən Müharibəsi başlamışdı. Həmin vaxtı Tərlan tətildə olduğundan Gəncə Dəmir Yol idarəsində işləyirdi. İyul ayında onu da müharibəyə aparmışdılar. Müharibəyə getməmişdən qabaq atasına məktub yazıb, ondan dönə-dönə xahiş eləmişdi ki, qardaşı Sahib gəlib Nargülü onların evinə aparsın. Həm də məktubda yazdığı bu sözlər atasını mıhkəm sarsıtmışdı: "Əziz dədəm. Bilirsən ki, mən heç vaxt sənin sözündən çıxmamışam. Amma bircə dəfə sənin sözündən çıxıb, bu qələti elədim. Axı anamı da başqa oğlana verirmişlər, sən götürüb qaçırmışdın. İndi çox mehriban yaşayırsız. Bizim kimi övladlar böyüdübsüz. Deməli, bizim hər ikimizin taleyi belə yazılıbmış. Dədə, deməli, alın yazısından qaçmaq olmaz. Allahın köməkliyilə müharibədən qayıdandan sonra, yenə də təhsilimi davam etdirəcəm. Mən, ali təhsilli zootexnik olacam. Sənə layiq oğul olub, arxa-dayaq olmağa çalışacam. Müharibəni də ən çoxu 3-4 aya qurtaracağıq. Çünki haqq biz tərəfdədi. Allah da həmişə haqqı müdafiyə eləyir”. Tərlanın bacısı Zərnigar mənkubu oxuyanda atası Məhəmməd və anası İnci ağlamışdılar. Elə səhəri günü  Sahibi Gəncəyə yola salmışdılar. Sahib, Nargüllə bir sinifdə oxumuşdu. O, Şahverdi kişi gildən Nargülü götürüb, kəndə gətirmişdi. Ağaverdi də Tərlanla birlikdə müharibəyə getmişdi.. 
Cəmi iki ayın gəlini olan  Nargül  artıq  doqquz il idi ki, Tərlandan ayrı düşmüşdü... Ürəyi Tərlan böyüklükdə bir qubar bağlamışdı... O, müharibəyə gedəndən sonra ondan iki ay məktub gəlmişdi. Hər məktubunun əvvəlində və sonunda da həmin iki bayatını yazmışdı. Sonra ondan məktub gəlməmişdi... Müharibə də beş il idi ki, qurtarmışdı, amma Tərlanın nə öldüyündən, nə də sağ qaldığından heç bir xəbər yox idi... 
İndi də 1950-ci ilin may ayı idi... Nargülü məcbur eləyirdilər ki, Sahibə ərə getsin. Sahib də atasının sözündən çıxa bilmədiyinə görə bu izdivaca razılıq vermişdi... 
Artıq bu gün toy başlamışdı. Yenə də toy üç gün davam eləyəcəkdi...
... Toy başlayan gün, Maqsudludan  10 kilometr aralıdakı Söyüdlü kəndinin yanında QAZ-51 markalı köhnə bir maşından ağ saçlı, 40-45 yaşlarında uca boylu bir kişi düşdü. Bu maşın üç rayonun  camaatını Şahsevənli Dəmir yol vazğalından  həmin rayonlara aparırdı. Dəmir yol vağzalından isə bu rayonlara 30-40 kilometr məsafə idi. Həmin dağ rayonlarının camaatı  Bakıdan, Gəncədən Şahsevənli Dəmir yolu vağzalında gəlib düşürdülər və belə QAZ-51 markalı maşınlarda, at-arabada öz rayonlarına qayıdırdılar. Bu yaşlı kişi də Söyüdlü kəndində düşüb, oradan ya at arabasında, ya da piyada Maqsudluya gedəcəkdi. Söyüdlü kəndi ilə Maqsudlu kəndinin camaatı bir-birinə mehriban idi. Çünki yayda yaylaqda qoyun-quzuları, mal-qaraları bir yerdə otlayırdı. Bu kişi kəndin girəcəyəində ilk evdən içməyə su istədi. Ev yiyəsi onu mehribançılıqla qarşıladı. Evə dəvət elədi. Onsuz da maşında 5 saat yol gələn bu kişi çox yorulmuşdu. Ev yiyəsinin onu evinə dəvət eləməsi ürəyincə oldu. Evin yaşlı xanımı bir qismət çörək gətirdi. Ev yiyəsi bu yol adamından kim olduğunu soruşdu. Yol adamı kim olduğunu dəqiq demədi. Sadəcə bu sözləri dedi:
- Maqsudluya gedirəm.
- Maqsudluya xeyir ola. O kəndin adamlarını mən yaxşı tanıyıram.
- Qonağam. Bir tanışım var. Onlara gedirəm.
-Tanışın kimid?
- Məhəmməd kişi.
- Bah, nə yaxşı. Onlarda bu gün toy başlayıb. Böyük oğlu müharibədən qayıtmayıb. Onun arvadını kiçik qardaşına verirlər. O oğlan da deyirlər lay divar imiş. Müharibədə deyirlər itgin düşüb. Nə öldüsü, nə qaldısı məlum olmayıb. Arvadı da deyirlər cəmi iki ayın gəlini olub. Ona görə də məcbur olub, qardaşına ərə verirlər...
Bu sözləri eşidən 40-45  yaşlı kişinin elə bil ki, başına bir qazan qaynar su tökdülər. Bənizi ağardı. Ağzındakı çörəyi güclə uddu. Elə bil birdən-birə nəfəsi qaraldı. Araya bir müddət sükut çökdü.
- Çörəyini ye. Elə yaxşı ki, sən də toya gəlib çıxıbsan. Amma deyirlər toy qanqaraçılıqla keçir. Çünki qız heç cürə ərə getmək istəmir. Qaynayası, qaynatası, öz atası, anası qızı məcbur eləyirlər. Deyirlər müharibədən sonra bu qədər gözlədin daha bəsdi. Deməli, ərin  sağ deyil. Allah kəssin bizim bu adət-ənənəmizi...
- Düz eləyirlər. Əgər sağ olsaydı indiyə qayıdardı...
- Mən də elə fikirləşirəm. Mənim oğlumdan qara kağız gəlmişdi...
- Yaxşı sağ olun. Yəqin rayon mərkəzindən bundan sonra maşınlar yenə də gələ bilər?  Əgər orada toydursa daha mən niyə gedim onlara mane olum.
- Mane niyə olursan ay kişi. Elə yaxşı ki, toya gəlibsən. İstəyirsən sənə bir at verim, bu qədər yolu pay-piyada getsən, heç gedib toya da çata bilməzsən. Görürəm ayağında nasazlıq var...
- Elədi. Ayağımın biri şikəstdi...
- Toydan qayıdanda gətirib mənim atımı verərsən. Bayaqdan görürəm ayağın axsayır, sifətin də xəstəhaldır. Üzündəki böyük çapıqdan da başa düşürəm ki, çox ağır bir həyat keçiribsən. Soruşmaq ayıb olmasın, üzündəki çapıq hardandır?
- Eh... Əmican bu böyük tarixçədi. Qayıdıb gələndə danışaram... Çünki başıma gələnləri sənə danışsam, elə üç gün vaxt keçər...
- Nə deyirəm ki. Gələndə danışarsan.
Kişi tez tövləyə gedib, oradan qara, yaraşıqlı  bir at gətirdi.
- Heç olmasa at minənsən?
- Bəli. At  çox minmişəm. Hətta cıdır yarışlarının da qalibi olmuşam.
- Nə yaxşı. Amma bu at çox da qaçağan deyil. Yorğa getməyi xoşlayır. Əgər üstünə minən xoşuna gəlsə, möhkəm də qaçır. Gəl heç olmasa tanış olaq. Mənim adım Məciddir. Artıq 80 yaşa çatmağıma  az qalıb. Oğlumun  müharibədən  qara kağızı gələndən sonra bu dərd mənim belimi sındırdı...
- Oğlunuzun adı nə idi?
- Səməndər idi.
- Səməndər,- deyə 45 yaşlı kişi Məcid kişiyə təəccüb və maraqla baxdı. Qayıdanda mən hökmən sizin qonağınız olacam, Məcid əmi. Sizinlə söhbət eləyəcəm...
- Sağ ol. Sənin də suyun mənə şirin gəldi.
Bu 45 yaşlı kişi ata minib həyətdən tez çıxdı. Çünki Səməndər adını eşidib, kövrəlmişdi. Axı eloğlusu Səməndər müharibədə onun qucağında can vermişdi. O, ailənin bir oğlu idi. Deyirdi ki, atam Məcid  bu dərdə dözməyib, öləcək... Deməli, Məcid kişi möhkəm adamdı...
 45 yaşlı kişiyə oxaşayan, saçı, saqqalı tam ağarmış, alnında, üzündə çapıq olan, bir ayağı axsayan bu adamTərlan idi. Bəli, bəli Tərlan idi. O, müharibədə əsir düşdüyünə görə onu həbs eləyib, Maqadana sürgünə göndərmişdilər. Oradakı Qızıl mədənlərində işləyirdi. Ağıllı, qoçaq, təşkilatçı adam olduğuna görə onu briqadir qoymuşdular. Tərlanın işlərini yoxlayandan sonra məlim olmuşdu ki, o, əsirlikdən qaçıb, Ukrayna partizanlarına qoşulmuşdu və onlarla birlikdə faşistlərlə vuruşmuşdu... Deməli, Vətən xaini deyildi. Elə bu döyüşlərdə də bir neçə dəfə yaralanmışdı. Yanında partlayan mərmi isə onu belə dəhşətli vəziyyətə salmışdı... Faşistlər onun da öldüyünü bilib, bütün partizan meyidləri ilə bir yerdə çalada basdırmışdılar. İki gün sonra Sovet əsgərləri həmin kəndi faşistlərdən azad eləyəndə, bütün meyidləri çaladan çıxarıb, təntənə ilə hər birini ayrıca dəfn eləyəndə, bir partizanın ağır-ağır nəfəs aldığını görüb, onu təcili Hospitala göndərmişdilər. Bu Tərlan idi. Bir həftə huşsuz vəziyyətə qalan Tərlan ayılmışdı. Bəli. Belə bir mocüzə baş vermişdi. Tərlan orada sağalmışdı. Ayağını, sifətini cərrahiyyə eləmişdilər. Ayağı şikəst qalmış və sifətində də çapıq yeri qalmışdı. Bununla da onun əvvəlki gözəl, yaraşıqlı  siması dəyişmişdi...  Əsir düşdüyünə görə Vətən xaini kimi haqqında cinayət işi qaldırıb, həbs eləmişdilər və Maqadana sürgünə göndərmişdilər.  Bəraət alandan sonra öz Nargülünün ardınca Maqsudluya can atırdı Tərlan. O, bir ay idi ki, Maqadandan yol gəlirdi. Öz Nargülünü görməyə tələsirdi. Bu yolu on beş günə də gələ bilərdi, əgər Həştərxan vağzalında əsgərlik yoldaşı ilə rastlaşmasaydı və onun təkidilə onlara getməsəydi... Bax buna görə özünü yaman danlayırdı Tərlan... Əgər o, on beş gün bundan qabaq gəlsəydi, deməli, bugünkü toy baş tutmayacaqdı... Tərlanla Nargül bir-birinə qovuşacaqdı...
İndi bu gün Nargülü qardaşı Sahibə ərə verirdilər...
...Tərlan, kəndə girəndə artıq günəş qüruba doğru gedirdi. Hava bir az qaralasaqdı. Qara zurnanın səsi hələ kəndə çatmamış eşidilirdi. Qara zurnanın səsindən və kəndlərinə yaxaınlaşmaqdan Tərlan qəribə hisslər keçirirdi... Yuxularında bu kəndi çox görmüşdü...  O, doqquz il idi ki, bu kəndin həsrətindəydi, amma indi bu kənd ona yadlaşmışdı... Axı onun öz həyatı qədər sevdiyi Nargülü qaradşına ərə verirdilər...
Müharibənin, odun, alovun içindən keçən, çoxlu meyidlər görən, şəhidlik zirvəsinə ucalaraq dünyasını dəyişən öz cəbhə dostlarını özü dəfn eləyən Tərlan heç vaxt kövrəlməmişdi. Əslində bu dəhşətləri gördükcə düşmənə qarşı kini, küdurəti daha da artmışdı. Bu yağı düşmənlərdən-faşistlərdən  qisas almağa tələsmişdi. Amma indi kəndə yaxınlaşdıqca və  Nargülün toy günüdə qara zurnanın səsini eşitdikcə kövrəlirdi Tərlan... Onun Nargülü qardaşı Sahibə ərə gedirdi... Bəlkə də düz hərəkət eləyirdi Nargül. Axı belə eynəcər adam artıq Nargül kimi məlakənin tayı deyildi. Nargül onu bu görkəmdə görsə, yəqin ki, qorxub qaçardı... 
Bütün bunları indi daxilində  keçirən Tərlan bəs  onda  Nargülü görmək üçün niyə geri dönmüşdü? Bu qədər əzablı yolları qət eləmişdi? Bəlkə elə Tərlan cəbhəyə gedəndən sonra Nargüllə Sahibin arasında nələrsə olmuşdu və buna görə də onları evləndirirdilər?.. Bəs onda niyə geri, Maqadana qayıtmırdı Tərlan?.. Niyə toya gəlmişdi?.. Bunu özü də başa düşə bilmirdi. Bəlkə o, keçmiş həyat yoldaşı Nargülə və qardaşına xeyir-dua verməkçün gəlmişdi?.. 
Beynində, daxilində onlarla belə suallarla Tərlan həyətlərinə girdi. Bu həyət bir vaxtlar ona necə doğma, əziz idi. Bu həyəti o, gör neçə dəfə yuxularında görmüşdü... 
Atası yemək bişirənlərə göstəriş verirdi. Atasını görən kimi tanıdı Tərlan. Amma bir qədər qocalmışdı. Beli bükülmüşü. Atası isə onu tanımadı... Məhəmməd kişi, həyətə girən qəribə, eybəcər  qonağa baxdı.
-Kim lazımdır sənə ay kişi?
Tərlan gözlərini atasından gizləyib, dedi:
- Qonağam. Yol keçirdim. Musiqi səsi eşidib, gəldim ki, təzə evlənənlərə göz aydınlığı verim.
- Lap əcəb eləyibsən. Mənim oğlumun toyudur. Keç mağara sən də bir qismət çörək kəs. Niyə duruxdun? Keç, keç. Qonaq Allahın qonağıdır.
- Sağ olun. Allah xoşbəxt eləsin.
Tərlan atdan düşüb, onu ağaca bağladı və toy mağarına girdi. Burda yüzə yaxın adam vardı. At belində gəldiyindən ayaqları daha çox ağrıyırdı. Çox çətinliklə lap aşağı başda oturdu. Hamı yeyib-içməkdə olduğundan ona fikir verən yox idi. Toyda yuxarı başda Sahib və ətrafında özünün tay-tuşları ilə oturmuşdu. Nargül yox idi. Aşıq əlindəki sazla mağarda cövlan eləyərək, oxuyurdu... Bu vaxt Tərlanın Nargüllə toylarda oynadığı anlar və onun saz çalaraq oxuması yadına düşdü... 
Elə bil daxili silkələndi... O, döyüşdə kantuziya olduğuna görə belə vaxtda əlləri əsir və dili söz tutmurdu... Beynində elə bil ki, qan dondu...
-A...ay aşıq, o sazı ver mən də bir a...a...ğız oxuyum, bəylə-gəlini təbrik eləyim. Q...o...onağam. Yol keçirdim. Eşitdim ki, burada toy va...ar, dö...öndüm...
Sözünün ardını deyə bilmədi. Dili tam topuq vurdu...  
-Saz çalmağı bacarırsan,- deyə aşıq istehza ilə bu qəribə görkəmli, eybəcər sifətli adama baxdı.
- Ə...ə...vvəllər hərdən ça...almışam...
Aşıq, özü də bir qədər içkili olduğuna görə bu eybəcər adamı utandırmaqçün sazı ona verdi. Tərlan  doqquz il idi ki, əlinə götürmədiyi sazı, sinəsinə basıb, elə çaldı ki, hamı yeməyini saxlayıb, ona diqqətlə qulaq asdı. O, " Zarıncı”, "Məmməd Bağırı”, "İbrahimi” havalarıını bir-birinin ardınca çalırdı. Bəlalı sevgiyə həsr olunan aşıq havalarını bu yerlərdə çox aşıqlar bilmirdilər. Hətta bu toyda oxuyan aşıq da bilmirdi. Ona görə çaşıb qalmışdı. Bu eybəcər adam artıq öz çalğısı ilə onun özünü utandırırdı... Bu havaları bir vaxtlar Tərlan  Nargül üçün çalırdı. Onlar Gəncədə yaşayanda... Bu vaxt Tərlan boğuq, yanıqlı, əzablı səslə "Zarıncı” musiqinin üstündə bu sözləri dedi:
-Əzizim incidənsən,
Sədəfdən incidənsən.
Kəsərəm dilim səni,
Bilsəm yar incidənsən.

Əziziyəm nar gülü,
Bağda açıb nar gülü.
Yarına həsrət qalıb,
Açılan bir nar gülü.

Evdə, otaqda, Tərlanın bacısı Zərnigarla oturan Nargül bu sözləri eşidəndə çaşıb qaldı. Zərnizar da  Sahiblə Nargülün evlənməsinin qəti əlehinə idi. O, üç il idi ki, qonşu kəndə gəlin köçmüşdü. Bu gün də toya gəlmək istəmirdi, amma Nargülün xatirinə bura gəlmişdi. Toy mağarına girməyib, Nargülün yanına gəlmişdi. Nargül, gəlinlik paltarı geyməmişdi və özü də demişdi ki, əgər ona gəlinlik paltarı geyməyə məcbur eləsələr, özünü öldürəcək. O, bu paltarı bir dəfə geymişdi. Həmin vaxtı ki, onların Tərlanla toyları olmuşdu... Bu paltarı Tərlansız bir daha geyməyəcəyinə söz vermişdi. İndi  də qara paltarda oturmuşdu Nargül. Onlar hər ikisi də qəmli oturmuşdular.
-Zəvnigar, bu bayatıları bir vaxtlar mənə Tərlan çalırdı. Bu mahnıları  o, Gəncədə olanda hər gün mənəmçün çalıb oxuyurdu. Get gör bu sözləri deyən, mahnını oxuyan kimdi?
Zərnigar, Nargülün sözünü yerə salmayıb, toy mağarına girdi. Bir yaşlı, eybəcər, axsaya-axsaya gəzən, saç-saqqalı tamam ağarmış kişinin bu mahnını oxuduğunu və bu havaları çaldığını gördü. Sonra geri qayıtdı.
- Bir eybəcər, 45-50 yaşlarında kişidi bu sözləri deyən və sazı çalar, ay Nargül bacım.
- Ola bilməz,- deyə Nargül fəryadla ağladı...
-Tərlanın goru üçün çox yaşlı kişidi. Bir də bunlar el bayatılarıdı. Musiqilər də qədim el musiqiləridi. Məgər Tərlandan başqa bunları heç kim bilə bilməz?..
 Nargül məcbur olub, Zərnigarla razılaşdı. Axı Zərnigar düz deyirdi. Bu bayatılar da, musiqilər də elin yaratdığı incilər idi. Deməli, bunları çox adam bilə bilərdi...
Bu vaxt musiqi kəsildi. Qonaq sazı aşığa verdi. Bəyi təbrik elədi və mağardan çıxdı. O, çox çətinliklə yeriyirdi. Pəncərənin yanında dayanan və bayaqdan bu musiqilərə qulaq asan Nargül də mağardan çox eybəcər, yaşlı bir kişinin çıxdığını gördü. O, çox qəmli baxışlarla həyətə və evə sarı baxırdı. Bu vaxt bir uşaq onun qara atını gətirdi. O, çox çətinliklə ata mindi. Sonra çox mənalı və qəmli baxışlarla hamıya baxdı və həyətdən çıxdı... Bu baxışlardan elə bil ki, Nargül birdən-birə diksindi. Bu baxışları  o, nə vaxtsa görmüşdü...  Yadına düşdü bu baxışlar... Tərlan Müharibəyə gedən vaxtı, Gəncə Dəmir yolu vağzalında onu yola salmağa gələn Nargülə belə baxışlarla baxmışdı. Və qəmli-qəmli gülümsünmüşdü. Nargül, ona doğru qaçıb, fəryad edərək demişdi:
-Yalvarıram, getmə. Məni tək qoyub getmə mənim Tərlanım.
Zülüm-zülüm ağlayan Nargülü qolları arasına sıxan Tərlan, birtəhər özünü ağlamaqdan saxlayaraq, onun qulağına pıçıltı ilə yenə də bu bayatıları demişdi:
-Əzizim incidən,
Sədəfdən incidənsən.
Kəsərəm dilim səni,
Bilsəm yar incidənsən.

Əziziyəm nar gülü,
Bağda açıb nar gülü.
Yarına həsrət qalıb,
Açılan bir nar gülü.

Sonra ondan ayrılıb, artıq yola düşməyə hazırlaşan qatara minmişdi...
Bu baxışlar birdən-birə  Nargülün elə bil ki, daxilini təlatümə gətirdi. Axı bu yaşlı adamda Tərlanın baxışları haradan ola bilərdi?.. Həmin yaşlı, eybəcər sifətli adam çıxıb getmiş, Nargül isə hələ də pəncərənin qarşısında dayanıb, öz daxili ilə danışır, beynindəki suallara cavablar axtarırdı... 
O, bu izdivacın tam əlehinə idi. Bu gün də toyun birinci günü idi. Nargül tam qət eləmişdi ki, özünə qəsd eləyəcək. Bu toyun baş tutmasına imkan verməyəcək. Axı  o, Tərlandan başqa heç kimin olmaq istəmirdi. Tərlanın da nə öldüsü, nə də qaldısı məlum deyildi. Əgər Nargülü belə zorla məcbur eləməsəydilər o, ömrünün sonuna kimi Tərlanı gözləyərdi... Elə öləndə də "Tərlan” deyib, canını tapşırardı...
-Zərnigar, mən həyətə düşmək istəyirəm. İndi gələcəm.
Zərnigar onun hara getdiyini bilirdi. Çünki ayaq yolu həyətdə idi. Amma  Nargül tövləyə girib, özünü asmaq istəyirdi. O, tövləyə yaxınlaşdı. Əvvəlki  Səməndər atından törəmə və elə onun rəngində olan  atı tövlədə idi. At onu yaxşı tanıyırdı. Nargül, axırıncı dəfə atını qucaqladı. Onun uzun, qızılı yallarını sığalladı. At başını onun çiyninə qoydu...
Birdən Nargül elə bil ki, ayıldı. Özlüyündə fikirləşdi: "Axı mən niyə bu yaşlı adamın kim olduğunu öyrənmədim? O, niyə toya sirli gəldi və sirli də getdi? Bəlkə bu adam Tərlan haqqında nə isə bilirdi? Bəlkə bu adam Tərlanı tanıyırdı? Bəlkə bu mahnıları və bayatını ona elə məhz Tərlan öyrədib?” Bütün bu suallara cavab tapa bilməyən Nargül, tez atı tövlədn çıxarıb, evin arxasına keçdi. Artıq hava qaralmışdı. Onu heç kim görmədi. Tez ata minib elə evin arxasından dörnala çapdı. Nargül elə bil ki, fəhmlə fikirləşirdi ki, bayaqkı müəmmalı adam bu yolla getməlidi. Ona görə də atını dördnala həmin yolla çapırdı. Bu yol kəndlər arasında araba yolu idi. O, atını bir qədər sürəndən sonra qarşıdan bir qaraltı gördü. Həmin qaraltı gəlmirdi, gedirdi. Nargül həmin qaraltıya çatdı. Bədirlənmiş ay yolu işıqlandırırdı. Bu, qara atda olan həmin adam idi. Həmin adam da iti sürətlə bir  adanım atı çaparaq ona doğru gəldiyini gördü. Yaxınlaşdıqca bu atlının qadın olduğun gördü. Bu qara geyimdə olan Nargül idi. Tərlan, Nargülü görəndə dəhşətə gəldi, amma heç nə demədi.
- Ay əmi, siz bayaq toyda saz çalan, bayatı oxuyan kişisiz? - deyə Nargül, əlindəki fanarla Tərlanı işıqlandırdı.
- Bəli,- deyə Tərlan altdan-altdan Nargülə baxdı.
- Siz bu musiqiləri, bayatıları haradan bilirsiz?
- A...ay qızım bu musiqilər və həmin ba...ayatılar min illərdir ki, xalqın süzgədindən gəlib keçir və zaman-zaman da insanlar tərəfindən oxunur, ça...alınır.
- Bu manıları bir vaxtlar mənim ömür-gün yoldaşım, can siradşım mənimçün çalıb və bu bayatıları da o, mənə deyib.
- Lap yaxşı. Xalqımızın incilərini biz də qorumalıyıq.
- Yox. Siz mənim dedyimdən yayınırsız. Bu sözləri siz kimdənsə eşidibsiz.
- Mən heç kimdən eşitməmişəm ay qızım. Bir vaxtlar qoca kişilərdən eşitmişdim... Eşitdim ki, Maqsudluda toydur. Yol keçirdim. Gəldim təzə ailə quranları təbrik eləyim.
- Bəs onda niyə toyda axıra qədər qalmadınız? Gördüm ki, sizi məcbur eləyirdilər ki, toyda qalıb, yenə də mahnılar çalasız. Axı siz toydakı aşıqdan yaxşı çalırdız?
- Mən yaşlı kişiyəm. Özüm də yol getməliydim. Yolum da çox uzaqdır,- deyə  o, Nargülə baxdı.
Nargül, fanarın işığında bu baxışların Tərlanın Gəncə Dəmir yolu vağzalından onu yola saldığı vaxt olan baxışlara tam oxşadığını gördü. Deməli, bu, o idi. Tərlan! Nargül diksindi. Heyrətlə bu eybəcər adama baxdı.
-Sən, sən Tərlansan.
-Tərlan kimidi?
- Mənim həyat yoldaşım. Doqquz ildir ki, yolunu səbirsizliklə gözlədiyim, ömür-gün, can sirdaşım. Məni onun qardaşına zorla ərə vermək istəyirdilər. Mən də söz vermişdim ki, heç vaxt Tərlana xəyanət eləmərəm. Sən mahnıları çalandan və bayatıları deyəndən sonra ayaqyoluna getmək bəhanəsilə tövləyə girdim ki, özümü asıb öldürüm. Amma birdən-birə daxilimdən bir səs gəldi ki, həmin müəmmalı adamın kim olduğunu öyrənib, sonra özünü öldürməlisən Nargül. Ona görə da atı dörd nala çapıb, gəlib sənə çatdım. Və qəti əmin oldum ki, sən Tərlansan. Tərlansan! Yalvarıram sənə düzünü de...
Tərlan çox çətinliklə atdan düşdü. Əlini boynuna salıb kiçik, qızıl zəncirdə bir medalyon çıxardı.
-G...gör bu adamları tanıyırsanmı,- deyə medalyonu Nargülə uzatdı.
Nargül  atdan düşüb, medalyonu aldı. Əlindəki fanarı həmin medalyona tuşladı. Bu, Tərlanla Nargülün toy günü çəkdirdikləri şəkil idi. Ürək formasında qızıldan düzəldilmiş medalyon çərçivədə olan şəkil.
-Tərlan. Mənim Tərlanım...
Bu sözlərdən sonra Nargülün ürəyi getdi. Yerə yıxılanda Tərlan onu tez tutdu...
Tərlan böyründə asdığı dəmir qabın suyundan onun üzünə çilədi. Nargül ayıldı.
-Mənim qartal Tərlanım,- deyərək, ağlaya-ağlaya onu düz kimi yaladı...
Onlar elə orada, yaşıl otun üstündə oturb, söhbət elədilər....
Elə bil ay da uzun illər bir-birinə həsrət qalan, bəlalı bir həyat yaşayan, iki sevənin yenidən bir-birinə qovuşduğunu görüb, daha da bədirlənmiş və daha gur işıq saçırdı...
Tərlan başına gələn dəhşətli hadisələri Nargülə danışdı. Nargül də bu doqquz ildə başına gələnləri ona danışdı... 
Sonra Nargül onu məcbur elədi ki, geri qayıdıb, bu şad xəbəri hamıya desinlər.
-Yox, mənim Nargülüm. Biz heç vaxt həmin evə, ocağa qayıda bilmərik. Bu yerlər artıq məniçün yad yerlər oldu. Belə bir yerdə ki, insanın arzulartını adət-ənənələrin qulu edirlərsə həmin yerdə yaşamaq özü cinayətdi. Mən bundan sonra nə öz valideyinlərimi, nə də sənin valideyinlərini bağışlaya bilmərəm...
Biz, yenidən mənim yaşadığım Maqadana gedəcəyik. Çünki orada mənim üzümə həmişə xoş baxırdılar. "Harada ki, insanın üzünə xoş baxırlarsa, elə ora onun Vətənidir”, - deyib atalar....
Onlar yenidən ata mindilər. Gecə yarısı Məcidgilə gəlib çatdılar. Məcid kişi gündüz gedən müəmmalı kişinin bir cavan qadınla gəldiyini görüb, sual dolu baxışlarla ona baxdı. Tərlan, hər şeyi olduğu kimi Məcid kişiyə dedi. Hətta onun oğlu Səməndərin də onun qucağında necə can verdiyini və Ukrayna torpağında onu dəfn elədiyini də dedi. Onlar gecəni dirigözlü açdılar... Tərlan müharibənin insanların başına gətirdiyi dəhşətli hadisələrdən çox danışdı...
Səhər Tərlan Məcid kişidən xahiş elədi ki, Səmənd atı Məhəmməd kişigilə aparsın. Və onlara, onu da deməyi xahiş elədi ki, "toya gələn və saz çalıb mahnılar oxuyan həmin müəmmalı kişi Tərlan idi, öz Nargülü üçün gəlmişdi və onu da götürüb, getdi. Amma hara getdiyini demədi”...
Tərlan Nargüllə yola çıxdı. Onlar yolda QAZ-51 markalı maşına mindilər. Şahsevənli Dəmir yolu vağzalına gəldilər. Qatara minib, getdilər. Maqadana getdilər... Maqadan, onların bəlalı sevgilərinin tale şəhəri oldu. Övladları dünyaya gəldi. Onları böyütdülər. Toylarını elədilər. Və bir daha Maqsudluya qayıtmadılar...

AĞALAR  İDRİSOĞLU
Əməkdar incəsənət xadimi


 Sumqayıt şəhəri,
5- 8 may, 2020-ci il.
Koronavirus dövrü

35634 oxunub

InvestAZ