Sentyabrın 15-də Azərbaycan İdman Akademiyasında (ASA) 2025/2026-cı tədris ilinin başlanması və "Bilik günü” münasibətilə tədbir keçirilib.
Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Daha sonra ilk dəfə səsləndirilən Akademiyanın himni tədbir iştirakçıları tərəfindən böyük maraqla dinlənilib. Üç bənddən ibarət olan akademiyanın himninin sözləri Etibar Dilqəmoğluna, musiqisi isə Sərdar Fərəcova məxsusdur.
Tədbirdə himnin müəllifi, cüdo üzrə idman ustası Etibar Dilqəmoğlu çıxışında bildirib: "Bu gün burda iştirak etməyim məndə həm sevincli, həm də qürürverici hisslər yaşadır. Mən də illər öncə bu akademiyanın məzunu olmuşam. Vurğulamaq istəyirəm ki, İdman Akademiyasının tələbələri və məzunları arasında torpaqlarımızın azadlığı uğrunda böyük əzmkarlıq və hünər göstərərək şəhidlik zirvəsinə ucalan igidlərimiz var. Allah şəhidlərimizə rəhmət eləsin. Qeyd olunduğu kimi, idmana və akademiyaya sevgimi 14 bəndlik şeirdə ifadə etmişdim. Sonradan bəstəkar Sərdar Fərəcovun dəstəyi ilə həmin şeiri himn formasına salaraq 3-4 bənddə bütün məna və məğzini çatdırmağa nail olduq. Fürsətdən istifadə edib, akademiyaya həsr etdiyim himnin təsdiqi üçün akademiyanın rektoru Fuad Hacıyevə və bu işdə zəhməti olan hər kəsə minnətdarlığımı bildirirəm”.
"Bilik günü”ndə çıxış edən Azərbaycan İdman Akadmeiyasının Tədris işləri üzrə prorektoru Ülkər Babayeva, Keyfiyyət təminatı və ömürboyu təhsil üzrə prorektoru Rafail Novruzov müəllim və tələbələri yeni tədris ilinin başlanması münasibətilə təbrik edərək onlara uğurlar arzulayıblar. Prorektorlar Akademiyada görülən işlər, həyata keçirilən islahatlar və qarşıdakı hədəflər barədə ətraflı məlumat veriblər.
Akademiyanın Fiziki tərbiyə fakültəsinin dekanı Qəmbər Cəfərov çıxışında yeni tədris ilində fakültədə tələbələrin peşəkar inkişafı üçün yaradılan imkanları diqqətə çatdırıb.
İdman fakültəsinin dekan müavini Ələkbər Hüseynov tələbələrin akademik və idman fəaliyyətlərində uğurlar qazanması üçün yaradılan şəraitdən danışıb, gəncləri həm təhsildə, həm də idmanda yüksək nəticələr göstərməyə səsləyib.
Çıxış edən Sağlamlıq və menecment fakültəsinin dekan müavini Sevda Qarayeva isə tələbələrə tədris prosesində fəal olmağı, elmi-tədqiqat işlərində iştirak etməyi və biliklərini daim artırmağı tövsiyə edib.
Azərbaycan İdman Akademiyasının Himni
Musiqisi: Sərdar Fərəcov
Sözləri: Etibar Dilqəmoğlu
Müstəqil ölkənin övladı olduq
Peşəkar idmançı adını aldıq
Hər yerdə qələbə zəfəri çaldıq (3)
Tələbə olsaq da hay salmışıq biz
Dünyaya bəllidir, məğrur səsimiz (2)
Ay ulduz üç rəngli bayrağımızda
Ər kimi durmuşuq torpağımızda
Sülh sözü yaşayır dodağımızda (3)
Tələbə olsaq da hay salmışıq biz
Dünyaya bəllidir, məğrur səsimiz
Bağlıyıq Vətənə: haqdır yolumuz
Düşmənə zərbədir milli ordumuz
Şöhrətlə ucalır Odlar Yurdumuz (3)
Tələbə olsaq da hay salmışıq biz
Dünyaya bəllidir, məğrur səsimiz.
200 oxunub