Oktyabrın 18-dən 22-dək Bolqarıstanın Varna şəhərində akrobatika gimnastikası üzrə 31-ci Avropa çempionatı keçirilib. 21 ölkədən 105 böyükyaşlı və 144 gənc gimnastın iştirak etdiyi budəfəki qitə çempionatı Azərbaycan üçün yüksək nəticə və rekord sayda qızıl medalla yadda qalıb. Akrobatika gimnastikası üzrə təmsilçilərimiz Avropa çempionatında 7 qızıl, 2 gümüş medala sahib çıxıblar.
Yarışda ölkəmizi böyüklər arasında Ağasif Rəhimov
və Raziyə Seyidlidən ibarət qarışıq cütlük, Nəzrin Fərmanova, Aynur Yusufova,
Lalə Hüseynovadan ibarət qadın qrupu, Daniel Abbasov və Murad Rəfiyevdən ibarət
kişi cütlüyü, gənclər arasında isə Nəzrin Zeyniyeva, Zəhra Rəşidova, Anahita
Bashiridən ibarət qadın qrupu təmsil edib.
Dünya və Avropa çempionatının gümüş mükafatçıları
olan Ağasif Rəhimov və Raziyə Seyidlidən ibarət qarışıq cütlüyümüz komandamızın
aktivinə Avropa çempionatının 3 qızıl medalını (temp - 28.910 xal, balans
-29.180 və çoxnövçülük-86.620 xal) yazdırmağı bacarıblar.
Qarışıq cütlüyümüz qızıl medala gedən yolda hər üç
proqramın icrasında müvafiq olaraq ikinci və üçüncü pillələrdə qərarlaşan
Ukrayna və Almaniya təmsilçilərini geridə qoyublar.
Dünya çempionatının ikiqat bürünc mükafatçıları, gənclər
arasında Avropa çempionları olan Daniel Abbasov və Murad Rəfiyevdən ibarət kişi
cütlüyümüz Varnada komanda yoldaşlarının uğurunu təkrarlayaraq, üç dəfə fəxri
kürsünün birinci pilləsinə yüksəlməyi bacarıblar. Təmsilçilərimiz temp (27.510
xal), balans (28.230 xal) və çoxnövçülük (82.370 xal) proqramında bütün rəqiblərindən
üstün olublar.
Kişi cütlüyümüz balans hərəkətlərində ikinci yerin
sahibi İspaniya və bürünc medalçılar olan Böyük Britaniya təmsilçilərini, templə
hərəkətlərin icrasında və çoxnövçülük proqramında isə ispaniyalı və
portuqaliyalı rəqiblərini qabaqlayıblar.
Bu nəticə ilə təmsilçilərimiz Azərbaycan
gimnastika tarixində ilk dəfə kişi cütlüyü kateqoriyasında böyüklər arasında
Avropa çempionu titulunu qazanmağa nail olublar.
Gənclər arasında çıxış edən Nəzrin Zeyniyeva, Zəhra
Rəşidova, Anahita Bashiri onlara bəslənilən ümidləri doğruldaraq, 1 qızıl, 2
gümüş medala sahib çıxıblar. Temp hərəkətlərində (27.440 xal) komandamıza ilk
medalı, ikinciliyi qazandıran gimnastlarımız daha sonra bu uğuru çoxnövçülük
proqramında (83.690 xal) təkararladılar. Balans hərəkətlərində gimnastlarımız
28.450 xalla Böyük Britaniya və Hollandiya təmsilçilərini geridə qoyaraq
hamıdan üstün olmağı bacarıblar.
Yeni heyətlə qitə çempionatına yollanan böyüklərdən
ibarət qadın qrupumuz isə mükafatçılar sırasına düşə bilməyib. Təmsilçilərimiz
təsnifat mərhələsində balans hərəkətlərinin icrasında 25.360 xalla 10-cu, temp
hərəkətləri (24.670 xal) və çoxnövçülükdə (72.370 xal) isə 11-ci nəticəni göstərib.