Xəzər İsayevə Belçikada diplom təqdim olunub
İdman 20:18 / 18.09.2025
Sentyabrın 15-17-də Belçikanın Brüssel şəhərində Avropa Ədalətli Oyunlar Hərəkatının (EFPM) İcraiyyə Komitəsinin növbəti toplantısı keçirilib.Olimpnews.az xəbər verir ki, iclasda ölkəmizi Azərbaycan Ədalətli Oyunlar Komissiyasının (AzƏOK) sədri, eyni zamanda EFPM İcraiyyə Komitəsinin üzvü Xəzər İsayev və AzƏOK-un məsul katibi Aysel Sultanova təmsil ediblər. Toplantıda EFPM-in gələcək inkişaf strategiyası, idarəetmə, maliyyə, beynəlxalq əlaqələr və kommunikasiya sahələrində əsas istiqamətlər üzrə müzakirələr aparılıb və 2025–2026-cı illəri əhatə edən fəaliyyət planı qəbul olunub.Sentyabrın 16-da Brüssel Bələdiyyəsinin Qotik zalında keçirilən rəsmi mərasimdə Avropa Ədalətli Oyunlar Hərəkatı tərəfindən idmanda sülh, həmrəylik, hörmət və dözümlülük kimi dəyərlərin təbliğinə verdiyi töhfəyə görə Beynəlxalq Xüsusi Olimpiya təşkilatına 3-cü "Sülh naminə Fair Play” mükafatı təqdim olunub. Tədbir çərçivəsində Xəzər İsayev, idmanda ədalətli oyun prinsiplərinin təşviqi sahəsində uzunillik fəaliyyətinə, gənc nəslin bu dəyərlər ruhunda tərbiyəsinə verdiyi töhfələrə, eləcə də beynəlxalq fair play hərəkatında fəal iştirakı və təşəbbüskar mövqeyinə görə Beynəlxalq Ədalətli Oyunlar Komitəsinin (CIFP) fəxri prezidenti, professor Jeno Kamuti tərəfindən "Ədalətli Oyun Karyerası” nominasiyası üzrə diplomla təltif edilib.
804 oxunub