Çingiz Hüseynzadə: ""Olimpiya Günü" tədbiri Azərbaycanın Olimpiya Hərəkatına sadiqliyini göstərir”
"Bu gün ölkəmizdə ənənəvi olaraq "Olimpiya Günü” tədbiri təşkil olunur. Artıq 30 ildən çoxdur ki, Azərbaycanda bu əlamətdar gün qeyd olunur".
Bu sözləri Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə "Olimpiya Günü" tədbiri çərçivəsində jurnalistlərə müsahibəsində bildirib.
Çingiz Hüseynzadə deyib ki, əslində, "Beynəlxalq Olimpiya Günü" iyul ayında keçirilir:
"Əvvəllər "Olimpiya Günü” tədbiri iyul ayında keçirilirdi, lakin məktəblərin bağlı olması səbəbindən Beynəlxalq Olimpiya Komitəsinin tövsiyəsi ilə tədbirin tarixində dəyişiklik etdik. İlk dərs həftəsində belə bir tədbir keçirilir. Bu gün tədbir çərçivəsində estafet qaçışı və kəndirdartma yarışları təşkil olunacaq və qaliblər mükafatlandırılacaqlar. Bu tədbir Azərbaycanın Olimpiya Hərəkatına sadiqliyini və ölkəmizdə olimpizmin inkişafını göstərir”.
Çingiz Hüseynzadə hazırda qrafikin çox sıx olduğunu bildirib. "Bir neçə gündən sonra Azərbaycanda III MDB Oyunları keçiriləcək və digər beynəlxalq yarışlar təşkil olunacaq. Eyni zamanda, güləş üzrə dünya çempionatı da davam edir. Azərbaycanda Olimpiya Hərəkatının inkişafı üçün nə lazımdırsa, həyata keçirəcəyik”.
816 oxunub