XƏBƏR LENTİ
20 Aprel 2024
19 Aprel 2024
18 Aprel 2024



Olimpiya səmasının ulduzları
İdman 12:41 / 13.01.2022

(əvvəli)


Futbol ulduzları
Yaşin haqqında

1966-cı ildə İngiltərədə futbol üzrə keçirilən dünya çempionatında dünyanın məşhur futbol ulduzu Eysebio Yaşinin oyununa heyranlığını gizlədə bilməmişdi. O vaxt Portuqaliya yığması SSRİ futbol komandası ilə 3-cü yer uğrunda qarşılaşmalı idi. Məşhur futbolçu nə qədər çalışsa da, Yaşinin öhdəsindən gələ bilmirdi. Nəhayət ki, sonda Eysebioya sovet yığmasının qapısına 11 metrlikdən top vurmağa müvəffəq oldu və beləliklə, portuqaliyalılar rəqiblərini 2:1 hesabı ilə məğlubiyyətə uğratdılar. Sonralar məşhur futbolçu jurnalistlərlə müsahibəsində bildirmişdi: "Yaşin XX əsrin ən yaxşı və tayı-bərabəri olmayan qapıçılarındandır".
Dahi futbolçu Pele isə deyirdi: "Mən bu böyük futbol ustasının sənətini yüksək qiymətləndirirəm və onu öz dövrünün ən nümunəvi qapıçılarından hesab edirəm. Yaşin dünya futbolu tarixinə təkcə oyunçu kimi deyil, həm də mürəkkəb qapıçılıq sənətində yeniliklər edən yaradıcı insan kimi daxil olub".


"Qapıçı olmalısan,
vəssalam!"


Lev Yaşin 1929-cu il oktyabrın 22-də fəhlə ailəsində anadan olub. Digər yaşıdları kimi çox erkən yaşlarından futbol oynamağa başlayıb. Lev Kassilin əsəri əsasında ekranlaşdırılmış əfsanəvi "Qapıçı" filmi nümayiş etdiriləndə Yaşinin 7 yaşı olub.
Dünya şöhrətli qapıçının uşaqlıq və gənclik dövrü çətin illərə təsadüf edib. Kiçik Lev valideynləri və çoxsaylı qohumları ilə birgə balaca bir otaqda yaşayırdı. Yaxınları ona futbol topu hədiyyə edəndə uçmağa qanadı olmazdı və həmin gün onun üçün əsil toy-bayrama çevrilərdi. Əksər yaşıdları kimi, Yaşinin də taleyinə uşaqlıq illəri ilə erkən vidalaşmaq qisməti yazılıb. Böyük Vətən Müharibəsinin başlanması bir çoxları kimi, Yaşinin də qayğısız uşaqlıq illərinin üstündən qara xətt çəkib. Müharibə zonasında yaşadığından o, ailəsi ilə birgə Ulyanovsk şəhərinə köçürülüb. Balaca Lev 5-ci sinfi başa vurduqdan sonra hərbi zavodda çilingər şagirdi kimi işə düzəlib. Təhlükə sovuşduqdan sonra 1944-cü ildə ailəsi ilə Moskvaya, öz evlərinə qayıdıb. Ağır, qanlı-qadalı müharibə illərində Moskva ətrafındakı Tuşino zavodunda çilingiər işləyib. Yorulmasına baxmayaraq, növbəsini başa vuran kimi stadiona tələsmək onun, bir növ, adətinə çevrilmişdi. Mərkəz hücumçusu olmağı arzulayan Yaşini ilk məşqçisi N.Larionçikov qapıçı olmaq üçün hazırlaşdırırdı: "Qapıçı olmalısan, vəssalam!".
Ağır zavod həyatından bezən 18 yaşlı Yaşin müəyyən səbəblərdən ailəsini tərk edərək, dostunun evində yaşamağa başlayıb. Gəncin pis yola düşəcəyindən ehtiyat edən xeyirxah adamlar ona orduda qulluq etməyi məsləhət görüblər. Vətən qarşısında əsgəri borcunu ləyaqətlə yerinə yetirib qayıtdıqdan sonra məşqçi Arkadi Çernışev Yaşini öz nəzarəti altına götürüb. O vaxtlar A.Çernışev "Dinamo" klubunun hokkey və futbol komandasını hazırlaşdırırdı. 1950-ci ilin martında "Dinamo" Qaqraya təlim-məşq toplanışına yollananda komandanın tərkibində üçüncü qapıçı ampluasında Yaşin də var idi.
Stalinqradın "Traktor" klubu ilə yoldaşlıq matçında Yaşinin oyunu uğurlu alınmayıb. Futbolçunun ikinci məğlubiyyəti isə ölkə birinciliyi uğrunda "Dinamo"- "Spartak" qarşılaşmasında olub. Matçın son dəqiqələrində Aleksey Xomiçi əvəz edən Lev çox çətin anlar yaşayıb. Həmin matç Yaşinin xatirəsində silinməz izlər buraxıb və onun sonrakı taleyində, demək olar ki, həlledici rol oynayıb. Xatırladaq ki, Yaşin yüksək səviyyəli qapıçı olmağın sirlərinə məhz ingilislərin "pələng" adlandırdıqları "Dinamo"nun qapıçısı Xomiçin sayəsində yiyələnmişdi.


Futbol Olimpinin
zirvəsinə gedən
yol hokkeydən keçib


Hokkeyi seçməsə idi, Yaşinin əvəzedici kimi futbolçu fəaliyyəti hələ çox çəkəcəkdi. O, özü sonralar bu barədə deyirdi: "Çernışevin məsləhəti və dəstəyi ilə 1953-cü ilə kimi hokkey oynadım və bu sahədə uğurlara futbolda olduğundan daha tez nail ola bildim. Elə idman ustası dərəcəsinə də ilk dəfə bu idman növündə yiyələnmişəm. Ölkə çempionatlarında qazandığım gümüş və bürünc medallar da hokkeydə əldə edilib. Həyatımda ilk dəfə SSRİ kubokunun qalibi adına da futbol deyil, məhz hokkey komandasının tərkibində olarkən yiyələnmişəm. Qərar qəbul etməli idim: ya hokkey, ya da futbol. İndi, özü də həmişəlik. Mən futbolu seçməli oldum".


Olimpiya turnirində

1954-cü ildən 1959-cu ilədək Moskva "Dinamo"su dörd dəfə ölkə çempionu adına layiq görülüb. Bu illər ərzində təşkil olunan beş çempionatın hər birində "Dinamo"nun qapıçısı Yaşin qapıdan çox az sayda top buraxmağa nail ola bilib. Futbolçunun SSRİ çempionatında öz klub komandasının heyətində keçirdiyi matçların sayı 326-ya bərabərdir. Məşhur qapıçının medal kolleksiyasını ölkə çempionatının 5 qızıl, 5 gümüş və 1 bürünc medalı bəzəyir. Üç dəfə SSRİ kubokunun sahibi olub. SSRİ Futbol Federasiyası Yaşini 13 dəfə mövsümün ən yaxşı futbolçusu siyahısına daxil edib.
1954-cü il oktyabrın 8-də əsas komandanın heyətində İsveç yığması ilə debütu uğurlu olub - 7:0. Bax beləcə Lev Yaşin düz 13 il ölkənin 1 nömrəli futbolçusu adını qoruyub saxlaya bilib. Onu şöhrətin zirvəsinə qaldıran ən mühüm matç XVI Yay Olimpiya Oyunlarında (1956) qeydə alınıb.
Melburn-1956 Olimpiya Oyunlarında sovet futbolçuları heç də asan olmayan bir neçə matç keçiriblər. Matçların hər birində Yaşin gözəl və yüksək texnikalı oyun nümayiş etdirib. Lakin finalda Yuqoslaviya yığması ilə keçirilən Olimpiya turniri daha yaddaqalan olub.
Melburn Olimpiadasındakı qələbədən sonra yığmanı dünya çempionatları gözləyirdi. Burada da Yaşin beynəlxalq səviyyəli qapıçı olduğunu öz gözəl oyunu ilə bir daha sübuta yetirdi. Dünya şöhrətli Pele onun haqqında belə deyirdi: "Maraqlıdır, SSRİ yığmasının müdafiəçiləri Qarrinça, Didi, Zaqalo kimi mahir futbolçuların qarşısında özlərini itirirdilər. Lakin qapıçınız, sözün həqiqi mənasında, öz bədəni ilə onların hücumlarının qarşısını ustalıqla ala bilirdi. O, bütün matç boyu hərəkətdə idi: sağdan, soldan, yuxarıdan, aşağıdan gələn topları tullanaraq zərərsizləşdirirdi. O, topun ardınca göyə tullanaraq onu uzun əlləri ilə qamarlayır, bəzən hətta torpağı da qucaqlamalı olurdu".


"Yaşinin qiyməti yoxdur"

Lev Yaşin əsas yığmanın heyətində Avropa çempionatının iki mərhələsində iştirak edib. 1960-cı ilin iyulunda sovet yığması Marsel şəhərində güclü Çexoslovakiya komandası (3:0), sonra isə Parisdə final qarşılaşmasında Yuqoslaviya yığması ilə misilsiz oyun nümayiş etdirib. Bu qələbə sovet yığmasının Avropa çempionu olması ilə nəticələnib.
Londonun "Uorker sport" jurnalı yazırdı: "Rus komandasının qələbəsi öz-özlüyündə çox parlaq qələbə idi, ancaq bu qələbəni reallaşdıran komandanın qapıçısı Yaşin və onun yüksək ustalığı, dəmir iradəsi idi".
Cənubi Amerika ölkələrinə ilk turnedən sonra 1961-ci ilin sonlarında Argentina qəzetlərinin birində sovet futbolçuları haqqında belə bir məlumata rast gəlmək olardı: "M.Mesxinin və S.Metrevelinin qiyməti 50 milyon pesodur. L.Yaşinin isə qiyməti yoxdur".
Yaşin Londonun "Uembli" stadionunda FİFA yığmasının tərkibində dünyanın məşhur futbol ulduzları ilə birgə növbəti matçda tamaşaçıları və mütəxəssisləri heyran edən gözəl oyun nümayiş etdirib. Bu görüşdən sonra ingilislərin soyunub-geyinmə otağına girən jurnalistlər eşidəcəkdilər ki, təmkinli və səbirli oyunçu Cimmi Qrivs paltarlarını yerə tullayaraq məşqçiyə deyir: "Bu, inanılmazdır, o, qapısından top keçirmək mümkün olmayan şeytana bənzəyir".
1963-cü ildə L.Yaşin yenidən doğma Moskva "Dinamo"sunun tərkibində daha bir məhsuldar mövsümə imza atıb və onun iştirakıyla keçirilən 27 oyunda cəmi 6 qol buraxıb. Həmin il komanda çempion titulunu yenidən özünə qaytarıb.
1963-cü ildə o, Avropanın "Frans futbol" jurnalı tərəfindən təsis edilən dünyanın ən yaxşı futbolçusu nominasiyası üzrə "Qızıl top" mükafatına layiq görülüb. Jurnalın baş redaktoru M.Yurbini yazırdı: "Mən çox qapıçılar görmüşəm. Bunlara misal Sfivti, Ramaltesi, Zemanı, Jilmarı, Bernarı göstərmək olar. Lakin Lev Yaşin səviyyəcə onları ötüb keçir. Lakin bu, o demək deyil ki, mən babamın pərəstiş etdiyi Şeyrigesin, atamın pərəstiş etdiyi Kombinin üstündən xətt çəkirəm. Yox. Yaşin həm Şeyriges, Kombi, Zamora, Hiden, Vinyal və həm də başqalarıdır. Yaşin böyük qapıçıdır. Yaşin əfsanəvi simadır. Bu, əlcək geyinmiş sehirli əl sahibidir. O, dördüncü müdafiəçidir. Ən nəyahət, meydançaya daxil olması ilə rəqiblərinin gözünün odunu alan, dostlarını isə sevindirən bir insandır".
Fransalı jurnalistin sözlərini Yaşinə tərcümə edəndə o gülərək istehza ilə demişdi: "Anlamıram, niyə bir sehrli əl, bəs o biri əl haradadır? - və qəfildən susaraq, bir az fasilə etdikdən sonra söyləmişdi: - Nə sehirbazlıqdır! Mən, sadəcə, öz işimin öhdəsindən gəlməyi bacarıram". Bu da sadəliyin və təvazökarlığın bir nümunəsi idi.
1964-cü ildə sovet yığması Avropa kubokunda ikinci yeri tutdu. 1966-cı ildə isə Lev Yaşinin İngiltərə çempionatındakı oyunu çox uğurlu oldu. Sanderlend, Liverpul və Londonda (məşhur "Uembli" stadionunda) Yaşin qapıdan cəmi beş top buraxdı. Buraxılan topların heç birində onun günahı yox idi. Xatırladaq ki, bu turnirdə növbəti Meksika birinciliyinin nümayəndələri də iştirak edirdilər. Çempionatın ən yaxşı qapıçısına mükafatı da elə onlar təyin etdilər. Həmin mükafat Lev Yaşinə təqdim olundu.
O, dahi qapıçı olmaqla bərabər, həm də yenilikçi idi. Lev Yaşin gənc nəslə qapıçı olmağın sirlərini öyrədirdi. Onun həyat və karyerası bugünkü və gələcək nəsil üçün bir qəhrəmanlıq məktəbidir. O, əvvəlcə futbol meydançasında qapıçı kimi dururdu, sonra cərimə meydançasında görünmək istədi. Burada da sıxıldığından özünü müdafiə xəttində sınamağı qərara aldı. Sınadı da. Dahi Yaşin arxa mərkəz hücumçusu vəzifəsinin də öhdəsində layiqincə gəlirdi. Gözəl insan, istedadlı qapıçı daim öz üzərində işləməyi xoşlayırdı.
Xatırladaq ki, Yaşin topu ilk dəfə əllə meydana daxil edən novatorlar sırasına daxildir. Yaşinin başqalarından üstünlüyü bir də onda idi ki, o özünü gözə soxmağı bacarmırdı. O daha çox sadəliyi, təvazökarlığı ilə yadda qalıb. Lev Yaşini əfsanəyə çevirən, yaddaşlarda yaşadan onun istedadı və qeyri-adi qapıçılıq məharəti idi.


Zəngin futbol məktəbi yaratdı

1972-ci il mayın 27-də Lujniki stadionunda Lev Yaşinin "Dinamo"nun heyətində dünya yığması ilə vida matçında oyunu pərəstişkarlarının diqqət mərkəzində idi. Meksika çempionatının bombardiri H.Müller çox çalışsa da, "Dinamo"nun qapısından bir top belə keçirə bilmədi. Onun gözəl oyununa heyran qalan Qərbi Almaniya komandasının hüsumçusu deyirdi: "Necə məgər, Lev Yaşin futbolu tərk edir, Yox, inanmıram, bu mümkün deyil, o, əvəzedilməzdir".
O, futbolu krallara layiq tərk etdi, məğlubiyyətsiz, heç kəsə əyilmədən. Amma idmanı birdəfəlik tərk etmədi. Doğma "Dinamo"da idman fəaliyyətini davam etdirdi, bu dəfə qapıçı kimi yox, komandanın rəhbəri kimi.
1985-ci il iyulun 27-də Beynəlxalq Olimpiya Komitəsinin prezidenti X.A.Samaranç Lev Yaşini BOK-un Olimpiya ordeni ilə təltif etdi.

Yaşin ömrünün sonuna qədər fəal həyat tərzini davam etdirdi. Həyat yoldaşının dediyi kimi, o da hamı kimi adi adam idi, şən, ünsiyyətcil idi.
Amansız xəstəlik onu 60 illik yubileyindən sonra haqladı. Dahi futbolçunun görmə qabiliyyəti zəiflədi. Ayağındakı ağrılar ona əziyyət verirdi. 1984-cü ildə keçirilən cərrahiyyə əməliyyatından sonra bir ayağını itirməli oldu. Səhhəti ilə bağlı problemlər onun möhkəm əzm və iradəsini qıra bilmədi. O, son damla nəfəsinə qədər ölkədə, əsasən də, idmanda baş verən dəyişikliklərə biganə qalmadı, pərəstişkarları qarşısında dəfələrlə çıxış etdi.
Lev Yaşin 1990-cı il martın 21-də dünyasını dəyişib.
Həyatdan tez getdi Lev Yaşin. Ağır xəstə olduğu illərdə onun səhhəti ilə bütün futbol dünyası maraqlanırdı. Dünyanın hər yerindən teleqramlar, məktublar axışıb gəlməkdə davam edirdi. Özü həyatdan getsə də, ondan sonra zəngin futbol məktəbi nəsillərə irs qaldı.


Azər Əlizadə


25486 oxunub

InvestAZ