XƏBƏR LENTİ
18 Aprel 2024
17 Aprel 2024
16 Aprel 2024
15 Aprel 2024



Olimpiya səmasının ulduzları
İdman 11:37 / 11.01.2022


Onları saymaqla qurtarmaz

Boris Bekker

Adı: Boris
Soyadı: Bekker
İdman növü: tennis
Boyu: 190 sm
Çəkisi: 85 kq
Doğum tarixi: 1967
Doğulduğu yer: Leyman, Şərqi Almaniya
Olimpiya oyunları: Barselona-1992, qızıl medal
Uğurları: "Böyük dəbilqə" seriyasından Avstraliya açıq çempionatı (1991, 1996), Uimbldon turniri (1985, 1986, 1989), ABŞ açıq çempionatı (1989).


Boris Bekker məşhur alman tennisçisi, dünyanın keçmiş birinci raket ustası, "Böyük dəbilqə" turnirinin 6 qat qalibi, Barselona-1992-nin çempionu, 2003-cü ildən beynəlxalq tennisçilərin "Şöhrət" zalının üzvüdür. Məşhur idmançı Uimbldon turnirinin qalibi adına 17 yaşında (1985) layiq görülüb. İkincə dəfə bu titula sahib olmağı 1989-cu ildə bacarıb. Boris Bekker uzun müddət Almaniya yığma komandasının yeganə lideri kimi tennis kortlarında mübarizə aparıb.
1990-cı illərin ortalarından başlayaraq kişilər arasında tennis "tacı" uğrunda Pit Sampras və Andre Aqassi, Roje Federer və Rafael Nadal kimi "nəhənglər" mübarizə aparırdı. Boris Bekker dünyanın bir nömrəli I raket ustası titulunu məhz həmin dövrlərdə, yəni 1991-ci ildə qazanıb. Tennisçi Barselona-1992 Olimpiadasındakı qələbəsi (7-6, 4-6, 7-6, 6-3) ilə tennis tarixinin yeni səhifəsini yazıb.


"Ural şimşəyi"


Adı: Lidiya
Soyadı: Skoblikova
Ləqəbi: "Ural şimşəyi"
Təvəllüdü: 08.03.1939
İdman növü: atletika
Doğulduğu yer: Zlatoust, Çelyabinsk vilayəti (RSFSR)
Olimpiya oyunları: Roma-1960, Tokio-1964 (6 titul)
Dünya çempionatı: 1963, 1964 (2 titul)

Lidiya Skoblikova fenomen idmançı, sürətli konkisürmə üzrə yeganə altıqat Olimpiya çempionu, dəfələrlə dünya birinciliklərinin qalibi, qadınlar arasında ilk dəfə dünya rekorduna imza atan atletdir. Yerli və xarici KİV nümayəndələri onu "Medallar çariçası", "Ural şimşəyi", "Super-Olimpiya ulduzu" və ya "Fantastik konkilər kraliçası" adlandırırdılar.

Məşhur idmançı uşaqlıq illərini belə xatırlayır: "Xasiyyətimin ciddiliyində məhəllə tərbiyəsinin rolu böyükdür. Evdə tapılmazdım. Demək olar ki, günümü həyətdə keçirirdim. Əlimdən təngə gəlmiş qonşular tez-tez anamın yanına şikayətə gəlirdilər. Hər gün kimi isə döyməli idim. Məhəllə oğlanlarının gözünün odunu almışdım. Həmişə lider olmaq xoşuma gəlirdi. Ailədə oğlan uşağı olmadığından bacılarımı kimsə müdafiə etməli idi, ya yox?".
Lidiya Skoblikova 16 yaşında konkisürmə ilə maraqlananda ağlına belə gətirmirdi ki, məhz bu idman növü onu şöhrətin zirvəsinə qaldıracaq, dünyanın ən məşhur idmançılarından birinə çevirəcək. Maraqlıdır ki, Lidiya bir-birinin ardınca fenomen uğurlara imza atdığı bu idman növünə bir həvəskar kimi gəlmişdi. Gələcək çempionun sözlərinə görə, doğulduğu Zlatoust şəhərində xizək idmanı konkisürmədən daha çox sevildiyindən, o, idmanın bu növünə üstünlük verib. Bir dəfə rəfiqəsi Lida Pepelova ilə təsadüfən musiqi səslərinin gəldiyi və gur işıqlandırılmış konkisürmə meydançasına gəlib çıxıblar. Buradakı bayram əhval-ruhiyyəsi Lidiyada gözəl təəssürat yaradıb və o, elə buradaca konkisürmə ilə məşğul olmağa qərar verib. Tez bir vaxtda Skoblikova konkisürmə üzrə qızlar arasında ölkə rekordçusu olmaqla bərabər, həm də yaşlılar arasında SSRİ birinciliyinin mükafatçısı adını layiq görülüb. O, 1960-cı ildə İsveçdə keçirilən dünya çempionatında üçüncü yeri tutub.
Skvo-Velli-1960 Olimpiadasında SSRİ-ni təmsil edən L.Skoblikova 1500 və 3000 metr məsafəyə yarışlardan vətənə 2 qızıl medalla qayıdıb. 1964-cü ildə keçirilən İnsburq Olimpiadası isə idmançının əsil zəfər olimpiadası olub. İdmançı XII Qış Olimpiya Oyunlarında dörd dəfə fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. 1963-cü ildə Yaponiyanın Kariazave şəhərində keçirilən dünya çempionatında Skoblikova dörd məsafəyə keçirilən yarışların hər birində qalib gələrək idman aləmində daha da məşhurlaşıb. Xatırladaq ki, SSRİ təmsilçisinə qədər dünya çempionatının bütün dörd məsafəsində qalib gəlmək yalnız 1937-ci ildə norveçli L.Şou-Nilsenə nəsib olmuşdu.

"Skoblikova Olimpiadası"

1964-cü ildə keçiriləcək növbəti Qış Olimpiya Oyunları yaxınlaşırdı. Lidiyanın pərəstişkarları bu oyunlarda idmançıdan daha yüksək nailiyyətlər gözləyirdilər. Bütün dünya mətbuatı İnsburq Oyunlarını "Skoblikova olimpiadası" adlandırırdı. 24 yaşlı Ural idmançısı bu olimpiadada çoxlarının arzuladığı, amma heç kəsin çata bilmədiyi zirvəni fəth edərək, inanılmaz nailiyyətlərə imza atmağı bacardı. Dörd dəfə konki ilə qaçış yoluna çıxan idmançının hər cəhdi uğurla nəticələndi və o, bir olimpiadada Olimpiya oyunlarında 4 qızıl medal sahib oldu. İnanılmaz nəticə idi!
Eyni olimpiadada 3 qızıl medala imza atmaq Klas Tunsberq, İvar Ballanqrud, Yalmar Andersen və Ard Sxenk kimi mahir idmançılara nəsib olub. Dünyanın ən möhtəşəm idman bayramında 4 qızıl medal qazanmaq isə idman aləmində əsil sensasiya idi! L.Skoblikovanın 500 metr məsafəyə yarışlarda inanılmaz nəticə (45 saniyə) göstərməsi ona nəinki olimpiadanın qızıl medalını qazandırdı, həm də ona yeni Olimpiya rekorduna sahib olmaq imkanı verdi. 1500 metr məsafəyə yarışlarda "Ural şimşəyi" yenə də birinci oldu - 2.22,6 saniyə və yeni Olimpiya rekordu!
Üçüncü Olimpiya zirvəsi də Ural konkisürənini gözləyirdi. Bu, taleyin hədiyyəsi idi. 1000 metr məsafəyə konki yarışlarında da əvvəlki ənənəsinə sadiq qalan Lidiya 1.33,2 nəticə ilə yeni Olimpiya rekordu əldə etdi. Sonuncu yarışlar 3000 m məsafə üzrə keçirilirdi. Skoblikova o günləri belə xatırlayır: "Uğurlu çıxışlarım məni növbəti dəfə idman tacına yaxınlaşdırırdı. Yadımdadır, startdan qabaq nümayəndə heyətinin rəhbəri Yuri Dmitriyeviç Maşin mənə yaxınlaşaraq dedi: "Lidoçka, əzizim, üç qızıl medal qazanmısınız, bu, böyük uğurdur. Eyni olimpiadada dördüncü Olimpiya medalı isə indiyədək görünməmiş hadisədir". Bu barədə fikirləşməyə dəyərdi. Son iki ildə hər üç məsafədə mənim nailiyyətlərimi təkrar edən olmamışdı. Ancaq bu, Olimpiya oyunları idi axı! Həyatda xoş təsadüflər az olmur".
İnsburq-1964 Qış Olimpiya Oyunlarının dördüncü günü idi və Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Everi Brendc dördüncü Olimpiya qızılını Lidiya Skoblikovaya təqdim edirdi. Bütün stadion bir ağızdan qışqırırdı: "Afərin, afərin". O anlar Skoblikovanın yadında belə qalıb: "Medalları öpdüm və stadiona baş əydim. Tribuna uğultudan titrəyirdi".
Lidiya Skoblikova Olimpiya triumfundan sonra məşqçilik fəaliyyəti ilə məşğul olmağa başlayıb. Bununla paralel, elmi iş müdafiə edərək tarix elmləri namizədi adını alıb. Skoblikova sonunda anlayıb ki, idmanda daim qələbələrə doğru can atmaq, haradasa, ailə həyatına mane olur. Bu haqda idmançı belə deyir: "İstəsən də, istəməsən də, görürsən ki, idman mübarizəsi şəxsi həyatını əhatə edib. Evdə oğluna və həyat yoldaşına səhər yeməyi hazırlamalısan. Ailə qayğıları, problemlər... Dözməlisən, amma hərdən elə olur ki, səbrin qalmır. Daim mübairzə əhval -ruhiyyəsi səni tərk etmir. Özünü sındırmaq isə çox çətindir".
1983-cü ildə Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Xuan Antonio Samaranç Lidiya Skoblikovanı "Olimpiya ideyalarının təbliğində və idmanda böyük nailiyyətlərinə görə" ordeni ilə şəxsən təltif edib.


"XX əsrin ən yaxşı yunan-Roma güləşçisi"

Aleksandr Karelin yunan-Roma güləşi üzrə üçqat Olimpiya, doqquzqat dünya çempionudur. Beynəlxalq Güləş Federasiyası tərəfindən XX əsrin ən yaxşı yunan-Roma güləşçisi elan edilib. Bu idmançının mənalı ömrü, zəngin idman karyerası gənc nəsil üçün bir həyat məktəbidir.

Adı: Aleksandr.
Soyadı: Karelin.
Təvəllüdü: 19.09.1967
Doğulduğu yer: Novosibirsk, Rusiya
İdman növü: yunan-Roma güləşi.
Olimpiya oyunları: 3 qızıl, 1 gümüş (Seul-1988, Barselona-1992, Atlanta-1996, Sidney-2000).
Dünya çempionatları: 9 qızıl (1989, 1990, 1991, 1993, 1994, 1995, 1996, 1997, 1998, 1999).




"Bundan böyük
mükafat təsəvvür
etmirəm"



Aleksandr Karelin müsahibələrinin birində deyib: "Təbii ki, bir idmançı kimi mənim üçün ən böyük mükafat Olimpiya oyunlarının üç qızıl medalına, bir rusiyalı kimi isə, vətənin "Qızıl ulduz" ordeninə layiq görülməkdir. Üç övlad atası üçün bundan böyük mükafat təsəvvür etmirəm. Sergey Mureyko, macar Mixali Dik, ukraynalı Georgi Soldadze, belaruslu Dim Dibelka kimi güclü rəqibləri məğlub etməyi bacarmışam".
Aleksandr Karelin 1967-ci il sentyabrın 19-da Novosibirsk şəhərində dünyaya göz açıb. Saşa uşaqlıqdan atası ilə ova getməyi çox xoşlayır, xizək sürür, üzgüçülüklə məşğul olurdu. Kamilliyin zirvəsinə aparan yolun astanasında dayanan Karelin 13 yaşında yunan-Roma güləşinin məhz onun istədiyi, arzuladığı sahə olduğunu anlayıb. 15 yaşında ikən gənclər arasında keçirilən yarışlarda iştirak edən Aleksandr ayağından ciddi zədələnib. Bundan sonra Karelin klassik güləş növünü seçmək qərarına gəlib. O, gənclər arasında dünya çempionu titulunu yalnız 2001-ci ildə əldə edib və Rusiyanın gənclərdən ibarət əsas yığmasının tərkibinə daxil olub.
Aleksandr Karelinin Seul-1988 Olimpiya Oyunlarında iştirakına çoxları inamsız baxırdılar. O vaxtlar ikiqat dünya çempionu İqor Rastorotski yunan-Roma güləşi üzrə ağır çəki dərəcəsində yığmanın yeganə lider idmançısı sayılırdı. Xatırladaq ki, Aleksandrın birinci rəqibi də elə Rastorotski idi. Komandanın rəhbərliyi SSRİ seçmə çempionatında məğlubiyyətə uğrayan idmançının qarşısında belə bir şərt qoydu: Rusiyanı Seul Olimpiadasında xüsusi turnirdə qalib gələn idmançı təmsil edəcək.
Aleksandr Karelin bu hadisəni taleyin ona verdiyi fürsət kimi qiymətləndirirdi. Bütün bunlar gələcək Olimpiya çempionuna bir həyat həqiqətini anlamağa kömək etdi: "Həyat hamıya şans verir. Ən əsası odur ki, onu qəbul etməyə özün hazır olasan". İdmançı həyatın ona bəxş etdiyi şansdan istifadə etməyi bacardı: sonuncu seçmə turnirində rəqibini məğlubiyyətə uğradaraq idman karyerasının ilk şanlı səhifəsini yazdı: "Mənim üçün yalnız bir kürsü mövcuddur: birinci. İkinci, yaxud da onuncu yer - mənim üçün bunların heç bir fərqi yoxdur. Birincidən başqa, qalan yerləri özüm üçün məğlubiyyət sayıram", - deyə Karelin bildirib. Bu sözlər təsadüfi işlənən sözlər deyildi. Karelin həmişə birinci olmağı bacarıb.
Seul-1988-in finalında Aleksandr Karelin Polşa idmançısına 1 xal fərqi ilə uduzsa da, nəticədə, üstünlüyü qoruyub saxlaya bildi. İlk Olimpiya oyunları və ilk Olimpiya qızılı! Bu, əsil xoşbəxtlik idi!


Olimpiya bayraqdarı

Dörd ildən sonra, Barselona-1992 Olimpiadasında da Aleksandr Karelin yığma komandanın bayraqdarı olmaqdan böyük qürur və şərəf duyurdu (Seul-1988-də də bayraqdar o idi). Bu dəfə o, təmsil etdiyi ölkənin bayrağını yunan-Roma komandasının kapitanı kimi aparırdı.
Bu görüşün dördündə rəqiblərini asanlıqla zərərsizləşdirən Rusiya təmsilçisi, yarım dəqiqə ərzində Kanada idmançısı Endryu Borodounu, iki dəqiqə ərzində isə kubalı Rossel Mesi döyüşdən kənarlaşdırıb. Final mərhələsində isə dünya çempionu, ikiqat İsveç çempionu Tomas Yohansson da onun hücumları qarşısında tab gətirə bilməyib. Finlandiya təmsilçisi Yux Axokasaya xal fərqi ilə qalib gələn Karelin Olimpiya oyunlarının qızıl medalına ikinci dəfə layiq görülüb.
5-ci dəfə dünya çempionu tituluna yiyələnmək ona 1993-cü ildə nəsib olub. Yığma komandanın Stokholmdan Moskvaya qayıtmasından sonra aydın olub ki, Karelin, qabırğasının sınmasına baxmayaraq, mübarizəni dayandırmayıb. Karelinin İsveç idmançısı Yohanssonla qarşılaşması uzun müddət mətbuat səhifələrindən və jurnalistlərin dilindən düşmədi. İsveç güləşçisi yarımfinalda Karelinin zədəli qabırğasından yapışaraq xal qazanmağa müvəffəq olmuşdu (Yohansson onun çoxdankı rəqiblərindən sayılırdı). Həmin anı yaddaşlara köçürən fotoşəkillər Stokholm qəzetlərində dərc olunan fotoreportajda əsas yer tuturdu. Qəzetlər yazırdılar: "Budur həmin an!" Şəkilaltı yazıda: "Bunlar isə bir az sonra baş verəcəkdi" sözləri var idi. Təbii sonrakı şəklə baxmaq və şəkilaltı yazını oxumaq isə isveçlilərin heç ürəyincə deyildi.
Moskvada Karelindən "Zədələndiyinə görə niyə yarışları tərk etmədin?" soruşanda o, təəccüblə: "Axı mən yığmanın kapitanı idim" cavabını vermişdi. Bu bir cümlə ilə hər şey deyilmişdi. İlk dəfə ölkənin hüdudlarından kənarda dünya çempionatına qatılan komandanın məsuliyyəti və İstanbul çempionatında bir-birinin ardınca əldə etdiyi beş qələbə. Hələ bu siyahıya isveçli Yohansson üzərindəki qələbəni də əlavə edəndə, hər şey gün kimi aydın olur.


"Olimpiya oyunları dünyanın bütün
çempionatlarından
yüksəkdə durur"


1996-cı il martın 28-də özünün sayca doqquzuncu Avropa çempionatında (Budapeşt) Karelin son dərəcə ağır zədə alıb: Belarus idmançısı Vasili Dibelko ilə təkbətək döyüşdə onun böyük ürək əzələsi qırılıb. Ağrıkəsici dərmanlar da kömək etmədiyindən yarışı yarımçıq saxlamaq lazım gəlib. Karelin ölümə getməyə hazır idi, amma yarışı tərk etmək istəmirdi. Turniri tərk etməməyinin iki səbəbi var idi. Birinci, yığmanın kapitanı kimi üzərində böyük məsuliyyət hiss edirdi. Digər tərəfdən, həyat yoldaşı Olqa tribunadan onun oyununu izləyirdi.
Yarışlardan sonra həyat yoldaşını təyyarə limanına yola salan Karelin müalicə olunmaq üçün Budapeşt hospitalına üz tutub. Üç saat çəkən ağır cərrahiyyə əməliyyatından sonra macar həkimi, məşhur cərrah İştvan Berkeş xəstənin yaxınlarına Karelinin yalnız 2 aydan sonra məşq edə biləcəyini söyləyib. Atlantada keçiriləcək Olimpiya oyunlarına isə cəmi 3 ay vaxt qalırdı. Ağır cərrahiyyə əməliyyatından sonra A.Karelin idman karyerasını başa çatdırıb-çatdırmamaq barədə çox götür-qoy etməli olub. Buna görə də onu müalicə edən həkimlərdən əməliyyat haqqında məlumatları KİV nümayəndələrindən, heç olmasa, yarım ay gecikdirməyi xahiş edib. Hospitalın tibbi heyəti onun xahişini yerinə yetirib. Atlanta Olimpiadasındakı qələbəsindən sonra onu əməliyyat edən həkimləri Berkeş və Atilla Pavlik Macarıstandan göndərdikləri təbrik teleqramında yazırdılar: "Bütün xəstəxananın işçiləri adından sizi təbrik edir, uğurlar arzulayırıq". Heç kəs bu cür ağır əməliyyat keçirmiş idmançının yenidən xalça üzərinə qayıdacağına, hələ üstəlik Olimpiya çempionu olacağına inanmırdı.
Atlanta-1996 Olimpiya Oyunlarının yunan-Roma güləşi üzrə yarışlarının final mərhələsi son dərəcə gərgin və maraqlı keçirdi. Ağır çəki dərəcəsində yarışa qatılan Karelinin finalda rəqibi İran əsilli Amerika təmsilçisi Met Qaffari oldu. Bütün tribuna "Rokki-4" filminin musiqisinin sədaları altında Qaffarini dəstəkləyir və onun qalib gəlməsi üçün azarkeşlik edirdilər. Zalda yalnız bir nəfər özünü çox sakit aparırdı: Rusiya təmsilçisi, Rusiya Olimpiya yığmasının bayraqdarı Aleksandr Karelin qələbəsinə əmin idi.
Döyüş 1:0 hesabı ilə Karelinin xeyrinə başa çatdı. Hakim onun əlini yuxarı qaldıraraq qələbəsini elan etdi. Karelin meydanın ortasında sakitcə durub baxır, sifətinin bir əzələsi də tərpənmirdi. Tamaşaçılar onun üzündə gülüşdən və qələbə sevincindən əsər-əlamət olmadığına təəccüb edirdilər.
Maraqlıdır ki, Karelin idmanın güləş növünü seçəndə məhz dünya çempionu olmağı arzulayırdı. Bir çox illər sonra, yəni 1996-cı il Atlanta Olimpiya Oyunlarında sonra isə, o, bu sözləri demişdi: "Olimpiya oyunları dünyanın bütün çempionatlarından yüksəkdə durur".


"Ancaq zəiflər belə düşünürlər"

Qarşıda onu Sidney-2000 Olimpiadası gözləyirdi. Bundan əvvəl Karelin Moskvada keçirilən dünya çempionatında uğurla çıxış edərək bir daha çempion adına layiq görülmüşdü. Karelin özünün sayca dördüncü Olimpiya oyunlarında qələbəsinə əminliklə yanaşırdı. Sentyabrın 27-də onlarla, yüzlərlə azarkeş rus pəhləvanının yeni qələbəsini gözləyirdi. Təəssüf ki, idmançını fəxri kürsünün ən yüksək pilləsinə qalxmaqdan yalnız bircə xal məhrum etdi. Əvəzində isə, amerikalı rəqibi Qardner üçqat Olimpiya, doqquzqat dünya çempionu Aleksandr Karelinə qalib gəlməyi ilə öyünürdü. Çoxları bunun səbəbini hakimlərin ədalətsizliyi ilə izah edirdi. Məşhur idmançı isə bununla əlaqədar demişdi: "Mən qalib gələ bilmədim. Deməli, uduzdum. Bəli, Qardner ayağımdan tuturdu, döyüşməyə mane olurdu. Nə olsun? Ona qalsa, elə həyatım boyu mənə mane olublar. Zəiflər, aciz adamlar belə düşünür və danışırlar. Bircə ona təəssüflənirəm ki, niyə məhz özümüzünkülərə yox, Amerika təmsilçisinə uduzdum. Axı mən dünyada güləş idman məktəbinin daha çox inkişaf etdiyi bir ölkənin təmsilçisiyəm".
Karelin ancaq və ancaq 1 yer üçün döyüşməyi və qalib gəlməyi qarşısına məqsəd qoymuşdu. O bunu həmişə bacarmışdı, bu dəfə isə alınmadı.
Aleksandr Karelin Sidney-2000 Olimpiadasından sonra elmi yaradıcılıqla məşğul olmağa qərar verdi. 2002-ci ildə Sankt-Peterburqda Lesqaft adına Bədən Tərbiyəsi İnstitutunda "Yüksək ixtisaslı güləşçilərin idman hazırlığı" mövzusunda dissertasiya müdafiə edərək, pedaqoji elmlər doktoru adını aldı.
Ailəsi ilə birlikdə Novosibirskdə yaşayan Aleksandr Karelin həyat yoldaşı Olqa, oğlanları Denis və İvan, qızı Vasilisa ilə xoşbəxt yaşayır.


XX əsrin ən yaxşı qapıçısı Lev Yaşin

Lev Yaşin dünya futbolunun ən yaxşı qapıçılardan biridir. Bunu dünyanın bütün futbol fanatları, idman jurnalistləri, tanınmış məşqçilər və oyunçular da təsdiq edirlər. Özünəməxsus oyun üslubuna malik olan Lev Yaşin futbol dünyasınin ən populyar və nüfuzlu simalarından biri olub və olaraq qalacaq.
Dünya şöhrətli futbolçu bu mərtəbəyə yalnız qapıçılıq məharəti sayəsində deyil, həm də idmana bağlılığı, bir insan kimi təvazökarldığı, sadəliyi və yaraşığı sayəsində nail olub. Təsadüfi deyil ki, Beynəlxalq Futbol Federasiyası (FİFA) onu XX əsrin ən yaxşı qapıçısı adına layiq görüb.



Adı: Lev
Soyadı: Yaşin
Təvəllüdü: 29.10.1929
Vəfat etdiyi il: 21.03.1990
Doğulduğu yer: Moskva, Rusiya
İdman növü: futbol
Ampulası: qapıçı
Boyu: 185 sm
Çəkisi: 82 kq
İştirak etdiyi Olimpiya oyunları: Melburn-1956


Titulları və uğurları: Beynəlxalq dərəcəli əməkdar idman ustası; 1954, 1955, 1957, 1959, 1967-ci illərdə SSRİ çempionu; 1953, 1967 və 1970-ci illərdə SSRİ Kubokunun və 11 il dalbadal "33 ən yaxşı idmançı" nominasiyası üzrə mükafatın sahibi; Avropa Kubokunun qalibi (1960); Avropa Kubokunun gümüş mükafatçısı (1964); XVI Yay Olimpiya Oyunlarının çempionu (Melburn-1956), "Qızıl top"un sahibi (1963); FİFA yığmasının tərkibində 1963-1968-ci illərdə keçirilən matçların iştirakçısı; BOK tərəfindən təqdim olunan "Olimpiya" ordeninin (1986) və FİFA-nın "Futbolda xidmətlərinə görə qızıl orden" mükafatının sahibi (1988).

Əfsanəvi qapıçı SSRİ yığmasında 79, karyerası boyu isə 812 matç keçirib. Onların 207-də qapısından top buraxmayıb.

(ardı var)



Azər Əlizadə





17711 oxunub

InvestAZ