XƏBƏR LENTİ
12 Noyabr 2024
09 Noyabr 2024
08 Noyabr 2024
07 Noyabr 2024
06 Noyabr 2024
04 Noyabr 2024
01 Noyabr 2024
31 Oktyabr 2024



Fəridə Əzizova: “İnanıram ki, Olimpiya Oyunlarından Vətənə medalla qayıdacağam”
Müsahibə 12:16 / 14.07.2021
İdmansevərlərin çoxdandır gözlədiyi Tokio-2020 Yay Olimpiya Oyunlarının başlamasına artıq sayılı günlər qalıb. Olimpiadanın start vaxtı yaxınlaşdıqca həyəcan da bir o qədər artır. Komandamız dördilliyin zirvə yarışında 13 idman növü üzrə 44 (28 kişi, 16 qadın) idmançı ilə təmsil olunacaq. Hər zaman olduğu kimi, idmançıları daim diqqətdə saxlayan "Olimpiya dünyası” qəzeti bu dəfə Tokio-2020 Yay Olimpiya Oyunlarına lisenziya qazanan olimpiyaçılarımızla müsahibələr hazırlayaraq, oxucularına təqdim edir. Müsahibimiz Tokio-2020 Yay Olimpiya Oyunlarının taekvondo yarışlarında ölkəmizi təmsil edəcək dünya və Avropa çempionatlarının bürünc mükafatçısı, I Avropa Oyunlarının gümüş medalçısı, IV İslam Həmrəyliyi Oyunlarının bürünc mükafatçısı Fəridə Əzizovadır. Təcrübəli idmançımız müsahibə zamanı olimpiadaya hazırlıq prosesindən danışıb.


- Fəridə, Tokioya Olimpiadasına yollanacaq olimpiyaçılarımız arasında sənin də adın var. Üçüncü dəfə bu şərəfə nail oldun. Özünü yarışqabağı necə hiss edirsən?


- Tokioda keçiriləcək XXXII Yay Olimpiya Oyunları karyeram ərzində iştirak edəcəyim üçüncü olimpiada olacaq. Hazırda tam sürətlə məşqlərimizi davam etdiririk. Fiziki hazırlığımı yüksək qiymətləndirirəm. Hesab edirəm ki, Olimpiya Oyunlarında da özümü belə yüksək səviyyədə hiss edəcəyəm.

- Olimpiadadakı rəqiblərini artıq bilirsən. Siyahıdakı hansı rəqibləri sənin üçün arzuolunmaz hesab etmək olar?

- Olimpiya oyunlarındakı rəqiblərimin bir-ikisini çıxmaq şərti ilə demək olar ki, hamısı ilə tanışam. Hətta dəfələrlə yarışlarda üz-üzə gəldiyim idmançılar belə var. Ümumiyyətlə, Olimpiya oyunlarında rəqibləri güclü və ya zəif kateqoriyaya ayırmaq düzgün olmaz. Çünki yarışda iştirak edəcək 16 rəqibin hər biri çox ciddi və güclü rəqibdir. Bu baxımdan hər bir rəqibim güclüdür. Hər bir rəqibimlə olan döyüşə final döyüşüm kimi məsuliyyətli hazırlaşıram. Hazırda məşqlərimiz tam sürətlə Azərbaycan Taekvondo Federasiyasında davam edir.



- Olimpiadaya lisenziyanı son yarışlarda qazandın. Lisenziya görüşləri arasında sənin üçün ən çətin olanı hansı oldu?

- Taekvondo idman növündə lizensiyanı ilk altılığa düşməklə reytinqə uyğun olaraq qazanmaq olur. 2019-cu ildə bəzi yarışlarda iştirak edə bilmədik. Reytinqimiz bu baxımdan bir az zəiflədi. Lakin reytinq üzrə lizensiya qazana bilməyən idmançılar üçün Avropa qitəsində lisenziya qazanmaq şansımız var idi. Sevinirəm ki, bu yarışlarda gücümü tam göstərə bildim və Olimpiya oyunlarına lisenziya qazandım. Lisenziya yarışlarında isə ən çətin rəqibim yarımfinalda ukraynalı Tatyana Teterevyatnikova oldu. Bu qarşılaşmanı ən çətin görüşüm olaraq qiymətləndirərdim. Belə ki, bu döyüşün həm yarımfinal, həm də demək olar ki, lisenziya yarışlarında həlledici qarşılaşma olması onun əhəmiyyətini daha da artırırdı.

- Olimpiadaya yollanan idmançı psixoloji cəhətdən də yarışlara hazırlanmalıdır. Bəs sən özünü pandemiya şəraitində Tokio-2020-yə necə hazırlayırsan?

- Olimpiya oyunları çox çətin bir yarışdır. İdmançılar fiziki hazırlıqla yanaşı, mənəvi cəhətdən də özlərinə güvənməlidirlər ki, istədikləri nəticəni əldə etsinlər. Təbii ki, biz də məşqlərlə yanaşı, psixoloji cəhətdən də özümüzü yarışlara hazılayırıq. Düzdür, pandemiya səbəbi ilə bir il demək olar ki, idmansız qaldıq. Peşəkar idmançı üçün isə bu həqiqətən də çox çətindir. Lakin mən bütün bu yaşadığımız çətinliklərə baxmayaraq, çalışıram ki, yalnız yarışlara köklənim. Çətinliklər hər zaman var. Çalışıram ki, onlara məhəl qoymadan özümü psixoloji cəhətdən ruhlandırım və məqsədimə çatım.

- Tokio Olimpiadasına yollanacaq idmançılar vaksinasiya prosesindən keçirlər. Sən də bildiyimiz qədər vaksin olunmusan. Özünü necə hiss edirsən?

- Tokio Olimpiya Oyunlarının əsas şərti idmançıların vaksinasiya olunmasıdır. Bu ən əsas idmançıların sağlamlığı və özlərini sığortalamaqları üçün tələb olunur. Belə ki, Olimpiadaya müxtəlif ölkələrdən xeyli sayda idmançılar gələcək. Hər kəsin sağlamlğını sığortalamaq və infeksiyanın yayılmasının qarşısını almaq üçün isə vaksinasiya çox vacibdir. Təbii ki, mən də öz növbəmdə vaksinasiya olundum. Vurğulamaq istərdim ki, vaksinasiya olunduqdan sonra səhhətimdə heç bir problem yoxdur.

- Necə düşünürsən səncə, üçüncü cəhdində tilsimi qıra biləcəksən?

- Olimpiya oyunlarında iştirak edən hər bir idmançı kimi mən də Olimpiadanın qızıl medalını qazanmağı arazulayıram. Lakin təbii ki, hər şey qismətdən aslıdır. Düşünürəm ki, ən əsası odur ki, Tokiodan əli boş qayıtmayım. Bunun üçün isə ciddi şəkildə məşq edirəm və gələcəkdə "kaş ki” deməmək üçün əlimdən gələni edirəm. İnanıram ki, bu dəfəki Olimpiya oyunlarından Vətənə medalla qayıdacağam.



- Rüstəm Orucovla birgə komandamızın bayraqdarı olacaqsan. İstərdik ki, son olaraq bu barədə də fikirlərini bildirəsən.


- Bu qərar mənim üçün çox sevindirici oldu. İdmançı üçün bayraqdar seçilmək ilk növbədə, qürur hissi, eyni zamanda böyük məsuliyyətdir. Çalışacağıq ki, bu məsuliyyətin altından layiqincə çıxaq. Biz bayraqdar olaraq, oraya öz bayrağımızı aparacağıq. Bütün Azərbaycanın bizə dəstək olması və arxamızda dayanması yaxşı stimul olacaq.

Azər Əlizadə

44439 oxunub

InvestAZ