XƏBƏR LENTİ
26 Aprel 2024
24 Aprel 2024
23 Aprel 2024
22 Aprel 2024
21 Aprel 2024



Futbola şöhrət gətirən dahilər, yaxud uğuru ilə diqqətçəkən memarlar
İdman 15:41 / 22.03.2019
Əvvələr böyük futbol məşqçilərindən söz düşəndə ilk olaraq gözümüz önündə Fabio Kapello, Karlo Ancelotti, Quus Hiddinq, Aleks Fergüsson, Arsen Venger, Valeri Lobanovski, Dino Zoff, Klaudio Ranyeri, Marselo Lippi, Luçano Spaletti, Luis Felipe Skolari, Visente Del Boske, Dik Advokat, Mirça Luçesku, Rafael Benites, Flip Trusye, Karluş Keyruş, Mario Zaqalo, Eme Jake, Sven Yoran Eriksson, Fatih Terim, Şenol Günəş, Çezari Maldini, Veleri Qazzayev, Oleq Romantsev və başqaları canlanırdı. Adını çəkdiyimiz və çəkmədiyimiz bu mütəxəssislərin dövründə xeyli istedadlı futbolçular yetişib. Dövr dəyişir, insanlar ya irəli gedir, ya da...

 Uğurun kölgəsində
sürünənlər

Bir vaxt yaşlı meydanlarda milyonların sevimlisinə çevrilən futbolçular elə həmin məkanda baş məşqçilik fəaliyyətinə başladılar. Nəticədə, Frenk Raykaard, Xosep Quardiola, Dieqo Simeone, Antonio Konte, Yoahim Löv, Niko Kovaç, Frents Bekkenbauer, Yohan Kruif, Maradona, Yurqen Klinsman, Yurgen Klopp, Karlos Dunqa, Maurisio Poçettino, Luis Enrike, Unai Emeri, Ryan Qiqqz, Georgi Hacı, Roberto Mançini, Gennaro Qattuzo, Andrey Şevçenko, Qurban Qurbanov kimi davamçılar yetişib. Lakin bu siyahıda çox az baş məşqçi var ki, özlərini doğruldublar. Özlərini doğrutmayanların sayı-hesabı yoxdur. Məsələn, Maradona dahi futbol ulduzu olsa da, onun rəhbərlik etdiyi komanda, xüsusilə Argentina millisi heç bir nailiyyət əldə edə bilməyib. Burada Karlos Dunqanı da Maradona ilə yanaşı tutmaq olar. Digər yeni məşqçilər isə hələ özlərini göstərmək üzrədirlər. Hətta onlar üçün hazırda futbol dünyası böyük mübarizə aparır. Aralarında elə məşqçilər də var ki, "bəxtə-bəxt” uğurun kölgəsi ilə sürünürlər. Yəni komandanın güclü futbolçuları bir-birini başa düşür, öz üzərinə düşən məsuliyyəti hiss edirlər. Bir sözlə futbolçular məşqçini öz arxasınca aparır. Məşqçi yalnız yorulmuş futbolçuları əvəzləyir. Bu cür asan yolla məqsədə çatmaq olmaz. Nəticədə həmin mütəxəsisslər komanda zəif nəticə göstərdiyi halda, öz işindən qovulurlar. Bunu "Barselona”nın, "Bavariya”nın timsalında açıq-aşkar görmək olar. Belə komandalar adi bir məşqçi ilə də böyük nəticə əldə edə bilir. Bunu qətiyyətlə demək olar ki, "Barselona”da Frenk Raykaardın qoyduğu təməl üzərində Quardiola böyük bir qala tikib, özündən sonrakılara miras qoydu. Həmin mirasdan bir vaxtlar "Olimpiakos” və "Atletiko”da aşağı nəticə göstərən Ernesto Valverde indi lazımi səviyyədə yararlanır.  Lakin "Real”, "Mançester Yunayted”, "Liverpul”, "Çelsi” "Yuventus” "Valensiya” kimi klublarda bunu etmək mümkün deyil. Həmin klublarda baş məşqçilərin verdiyi qərarlar həlledici olur. Nə qədər futbolçular bir-birini başa düşsə də, məşqçinin müdaxiləsi məsələnin ziyanına olur. "Real”da baş məşqçi amili böyük rol oynayır. Madrid klubu elə futbolçulardan təşkil olunub ki, gərək onlarla ayaqlaşasan, yaxud onlara hökm edə biləsən. Ya da onların yanında sözün keçsin. Bu gün "Real” hazırki mövsüm üçün əksər titullardan məhrum olub. "Kral klubu” La Liqada ən yaxın izləyicisindən 12 xal geridədir. Çempionlar Liqasında öz meydanında "Ayaks”a biabırçı uduzan, "Kopa del Rey”də əzəli rəqibi "Barselona”ya məğlub olaraq mübarizəni dayandıran "Real” heç özünə oxşamır. Mourinyo, Lopeteqi, Solari kimi özündənrazı, səriştəsiz və asan yolla uğur qazanan baş məşqçilər klubu ağır vəziyyətə saldılar. Karyerasını "Real”da bitirmək istəyən futbolçular "özləri bitmədən” Madridi tərk etdilər ki, sonra gec olmasın.


"Şamı söndürüb gedən əlində kibritlə qayıtdı

Yuxarıda adlarını çəkdiyimiz baş məşqçilər və onların davamçıları arasında fikir verdinizsə, Zidanın adını çəkmədik. Əlcəzair əsilli fransalı mütəxəssis də son illərin tapıntısıdır. O, həm futbolçu, həm də məşqçi kimi böyük titullara sahib oldu. Zidan "birinci pərdədə” asan yolla uğura yiyələnən, futbolçuların hesabına özünə gələcək quran baş məşqçi olmadı. Onun "Real”a birinci gəlişi uğurlu alındı. Onun dövründə komanda ardıcıl olaraq Çempionlar Liqasını üç dəfə qalib kimi başa vurdu. Bu uğuru hələ ki, heç bir məşqçi əldə edə bilməmişdi. Bəlkə də, nəticə hələ neçə il təkrarlanmayacaq. Zidan, doğrudan da, böyük məşqçidir, yoxsa? Ancellotinin dövründə idman direktoru kimi həm təcrübə, həm də hörmət qazanan Zidan tezliklə layiq olduğu yerə yüksəldi. "Hörmət” sözünü ona görə işlədirik ki, fransalı mütəxəssis elə "Real”da böyük titullara sahib olub, futbolçu karyerasında qazandığı şöhrətlə doğma klubuna qayıtmışdı. O, böyük bir döyüşün ilk raundunu uğurla başa vurdu. Fransalı baş məşqçinin gəlişindən sonra "Real” 149 matçda (393 qol) 104 qələbə, 29 heç-heçə, 16 məğlubiyyətlə 9 fərqli turnirdə əsas mükafata sahib oldu. Bu fantastik bir nəticədir. "Zizu” ikinci raunda çıxmadı. O, qalib kimi ayrıldı "Real”dan. Florentino Peres onun tələblərini yerinə yetirmədi. Belə vəziyyətdə çıxış yolu komandadan ayrılmaq oldu. Bununla da "Real”ın dünyasına qaranlıq çökdü. Lopeteqi çalışdı nəsə etsin, Solari azacıq közərtisi olan çırağı tamamilə zülmətə təslim etdi. Nəticədə "Real” dilə-dişə düşdü, zəiflərin qurbanı oldu.  Beləcə, 2019-cu il (Klublarası dünya çempionatında qələbə də Zidanın töfhəsi olub. Bundan Santyaqo Solari yararlanıb - A. Ə) uğursuz sayıla bildi.
Artıq "Real”da yeni dövr başlayır. Zidan mübarizənin ikinci raunduna özünü yetirib. Necə deyərlər, "şamı söndürüb gedən əlində kibritlə qayıtdı”. Bu, bir qədər təhlükəlidir. 9 ay əvvəl komandasını uğurla tərk edən fransalının ikinci qayıdışı uğurlu olacaqmı? O, əvvəlki karyerasını yenidən bərpa edə biləcəkmi? Öz oyununu Ronaldo üzərində quran "Real” bu boşluğu hansı futbolçu ilə doldura biləcək. "Yenidənqurma” siyasəti özünü doğruldacaqmı? Zidan hansı futbolçuları istəyir, həmin futbolçular kluba töfhələrini verəcəkmi?
Bütün bu suallar hər bir futbol azarkeşini, idman yazarını çox düşündürür. Bunu isə zaman göstərəcək. Bizə gözləmək qalır.

P.S. Zinədin Zidan "Real”da "Çelsi”dən Eden Hazard, Enqolo Kanteni, "Totenhem”dən Kristian Erikseni, "Liverpul”dan Sadio Maneni, "Mançester Yunayted”ən Pol Poqbanı, PSJ-dən Kilian Mbappeni, "Lion”dan Nabil Fekiri görmək istəyir. Artıq "Zizu” "Portu”da bəyəndiyi Eder Militao ilə ilk transfer arzusunu həyata keçirib.                        
 
Anar Əhmədov

28684 oxunub

InvestAZ