XƏBƏR LENTİ
29 Mart 2024
27 Mart 2024
26 Mart 2024
25 Mart 2024



Mirheydər Sefiyev: “AFFA klubumuza olan dəstəyini və köməyini əsirgəmir”
Müsahibə 13:26 / 10.03.2021

Ölkəmizdə Olimpiya Hərəkatına və idmana dövlət səviyyəsində göstərilən diqqət və qayğı sayəsində bu sahələr böyük sürətlə inkişaf edib. Həm paytaxtımızda, həm də regionlarda idman kütləvi xarakter alıb. Çoxsaylı Olimpiya idman komplekslərində, stadionlarda və digər idman qurğularında uşaqlar, yeniyetmələr və gənclərlə yanaşı, yaşlı insanlar da idmanla məşğul olur. Futbol oyunları isə bütün bölgələrin idman həyatının sanki ana xətti, necə deyərlər, şah damarıdır. Bu səbəbdən də futbolun inkişafı daha çox bölgələrdən başlayır. Xüsusi idman ənənəsi olan İmişlinin futbol həyatı da AFFA tərəfindən də diqqətdən kənarda qalmayıb. Bu məqsədlə "Mil-Muğan” futbol klubunun prezidenti Mirheydər Sefiyevlə müsahibəni çoxsaylı oxucularımızın diqqətinə çatdırırıq.

- Mirheydər müəllim, əvvəlcə özünüz barədə məlumat verərdiniz.

- İxtisasca memar olsam da, lap uşaq vaxtlarımdan, təhsil aldığım dövrlərdə və hərbi xidmətdə olduğum dövrlərdə də idmanın futbol növü ilə məşğul olmuşam. 1980-ci illərdə İmişlinin "Melorator” komandasında oynamışam. Ölkə üzrə keçirilən futbol yarışlarında iştirak etmişəm. Hücumçu olmuşam. Sonradan tale elə gətirdi ki, əmək fəaliyyətimi futbolda davam etdirdim. 2004-cü ildən 2013-cü ilədək "MKT-ARAZ” futbol klubuna, 2013-cü ildən isə "Mil-Muğan” futbol klubuna rəhbərlik edirəm. Futbolda olmağımdan çox məmnunam. Geniş miqyaslı, mürəkkəb və düşündürən sahədir. Qələbələr, məğlubiyyətlər çox sevincli, kədərli hissləri və duyğuları yaşadır insana.

- İmişlidə futbol ənənələrinin böyük tarixi var. Müxtəlif dövrlərdə güclü təmsilçiləri olub. 2004- 2007-ci illərdə "MKT - ARAZ” komandasını xüsusilə qeyd etmək olar. İstərdik ki, İmişli futbolunun tarixi barəsində Sizin fikirlərinizi öyrənək.


- İmişli rayonunda əsasən futbol yarışları 1965-66-cı illərdən başlayıb. "Muğan”, "Məhsul”, "Melorator”, "Energetik”, "Lokomotiv”, "MKT- ARAZ” və "Mil-Muğan” futbol komandaları ilə ölkə çempionatında iştirak ediblər. Güclü, tanınmış futbolçular da olub. Əvvəllər şərait yüksək səviyyədə olmasa da, son dövrlər 2004-cü ildən bəri İmişli rayonunda tikilən müasir stadionda yüksək səviyyədə yarışların keçirilməsi mümkündür. Hətta "MKT-ARAZ” - "Tiraspol” Avropa oyununun keçirilməsinin də şahidi olmuşuq. Ümumiyyətlə, İmişlidə futbola maraq həmişə çox yüksək olub. Bunu futbolçular da, hakimlər də, futbol mütəxəssisləri də təsdiq edə bilərlər. Son dövr hadisələri azarkeşləri futbolsuz qoysa da, bu həsrət həm də öz növbəsində azarkeşlərin futbola istəyini daha da artırıb. İnanıram ki, yarışlara icazə verilsə azarkeşlərin sayının əvvəlki dövrə nisbətən daha da artdığının şahidi olacağıq.


- Azərbaycan Prezidenti İlham Əliyev 2006-cı ildə İmişlidə stadionun açılışında iştirak edib. Həmin dövrləri necə xatırlayırsız?

- Müasir stadionun 2006-cı il mart ayının 23-də açılışı olub. Həm Prezident İlham Əliyev, həm də vitse-prezident xanım Mehriban Əliyeva stadionun açılışında iştirak etmişdilər. Bütün infrastruktur barədə, stadionun Avropa standartlarına uyğun olması və digər məlumatlar Prezidentə təqdim edilmişdi. Ölkə başçısı bütün heyətlə və futbolçularla görüşərək, gələcəkdə İmişlidə daha böyük futbolun olacağına əmin olduğunu bildirmişdi. Bölgələrdə idmanın inkişafına olan diqqət və qayğının göstəricisi olaraq, ölkə başçısının İmişli rayonunda stadionun açılışında iştirak etməsi nəinki futbolçularda, həm də rayon əhalisində futbola olan marağı daha da artırıb.

- Hazırda stadionun vəziyyəti hansı səviyyədədir? Orada futbolla yanaşı digər idman növləri üzrə məşqlər keçirilirmi?

- Stadionun bütün infrastrukturu həmişə olduğu kimi, əla vəziyyətdədir. İki oyun meydançamız var. Onlardan biri süni, biri təbii ot örtüklüdür. Yarışlar üçün tam hazır vəziyyətdədir. Daimi qulluq olunur. Üç məşq meydançamız var. Hal-hazırda azyaşlı qruplarımız məşqlərini davam etdirirlər. Stadionumuz sırf futbol üçün nəzərdə tutulub və bu yönümdə tikilib. Ona görə də stadionda idmanın başqa növləri fəaliyyət göstərmir.

- "Mil-Muğan” futbol klubu hal-hazırda Premyer Liqada və I divizionda iştirak etməsə də, uşaq futbolunda fəaliyyətini davam etdirir. Bu sahədə AFFA ilə qarşılıqlı fəaliyyətinizi hansı sahədə qurmusunuz?

- Koronavirus bütün dünyada, bütün sahələrə öz mənfi təsirini göstərdi. Şükürlər olsun ki, ölkəmizdə vaxtında görülən qabaqlayıcı tədbirlər sayəsində digər ölkələrə nisbətən bu sınaqdan indiyə qədər az itkilərlə çıxdıq. Pandemiya ilə bağlı bütün çətinliklərə baxmayaraq, AFFA klubumuza olan dəstəyini və köməyini əsirgəmir. Ümumiyyətlə, həm məşqçilər, həm də digər işçilər AFFA tərəfindən əmək haqqları ilə vaxtlı-vaxtında təmin olundular. Federasiyanın açıq havada məşqlərin keçirilməsinə icazə verdiyi vaxtdan da azyaşlı qruplar məşqlərini davam etdirirlər. Bir daha demək istərdim ki, AFFA-nın həm pandemiyadan əvvəl, həm də pandemiya dövründə futbolun inkişafı üçün "Mil-Muğan” klubuna etdiyi köməyi sayəsində biz fəaliyyətimizi davam etdiririk.
Fürsətdən istifadə edib həm maddi, həm də mənəvi dəstəyə və köməyə görə AFFA-nın rəhbərliyinə, xüsusilə də icraçı vitse-prezident Elxan Məmmədova dərin minnətdarlığımızı bildiririk.

- Məlumdur ki, bütün dünyada olduğu kimi, ölkəmizdə də koronavirus bütün sahələrə mənfi təsir göstərdi. İdman da böyük problemlərlə üz-üzə qaldı. Məşqlər keçirilmədi, yarışlar təxirə salındı. Bu barədə nə deyə bilərsiniz?

- Hamımız bilirik ki, Azərbaycan futbolunda ən vacib işlərdən biri, bəlkədə birincisi uşaq futbolunun inkişaf etdirilməsidir. AFFA -da bu məsələyə daha ciddi fikir verir. 2004 - ci ildən bu günədək regionlar daxili və regionlararası yarışlarda iştirak edirik. Hətta bizim klubun qızlardan ibarət komandası da var. Respublika çempionatında iştirak edirlər. 2012-2013-cü illər mövsümündə 13 yaşlılar, 2013-2014-cü illər mövsümündə isə 15 yaşlılar arasında ölkə çempionu olmuşlar. Baxmayaraq ki, biz Premyer Liqada və I divizionda maliyyə çətinliyi üzündən təmsil oluna bilmirik, amma azyaşlılar arasında keçirilən ölkə çempionatında bütün yaş qrupları üzrə komandalarımız fəaliyyət göstərir. Təcrübəli məşqçilərimiz Xalıq, Ələmdar, Laçın və Murad müəllim əsasən məktəblərarası keçirilən yarışlara, kəndlərdə uşaqların özfəaliyyət oyunlarına baxaraq, oradan uşaqları seçib, qruplara dəvət edirlər. Onları AFFA-nın köməyi ilə topla, idman geyimləri ilə, nəqliyyatla təmin edirik. Pandemiyaya görə hazırda yarışların keçirilməsi müvəqqəti dayandırılıb. Buna baxmayaraq məşqlər daimi davam edir və çempionat başladıqda yarışlarda iştirakımızı davam etdirəcəyik

- Yetişdirdiyiniz futbolçular arasında hansı məşhur simalar var?

- 20-dən çox futbolçumuz Premyer Liqada və I divizion komandalarında oynayırlar. Xüsusilə Bəhlul Mustafazadəni qeyd etmək istərdim. "Sabah” futbol komandasının, eyni zamanda milli komandamızın üzvüdür. Sadıq Quliyev "Qəbələ”də, Nəbi Məmmədov "Sumqayıt” komandasında oynayırlar. Bəlkə də İmişli yeganə rayondur ki, əgər I divizionda iştirak etsək, bütün futbolçular yerli oyunçulardan ibarət ola bilər.

- Futbol bütün dünyada ən çox sevilən idman növüdür. Burada inkişaf da var, problemlər də. Maraqlıdır, rayonda futbolun gələcək inkişaf perspektivləri barədə nə deyə bilərsiniz?


- Bilirik ki, böyük şəhərlərdən fərqli olaraq, rayon yerlərində az da olsa idmanın bir çox növləri fəaliyyət göstərir. Əsasən maraq isə futboladır. Futbolçuların oyun və məşq meydanları, topla, idman geyimləri ilə, nəqliyyatla təmin olunması futbola marağı daha da artırır və bilirik ki, qeyd etdiyiniz kimi, futbol digər idman növlərindən daha çox seviləndir. Araşdırsanız görərsiniz ki, ən güclü futbolçular daha çox bölgələrdən çıxıb, xüsusilə də iqlimi isti olan bölgələrdən. Çox təəssüf ki, bizim klubda 17 yaşdan sonra futbolçularımız digər klublara getməli olurlar və bəzən də klublara qəbul olunmayanda erkən yaşda futboldan gedirlər. Bu səbəbdən futboldan gedənlər arasında istedadlılar da az deyil. Yəqin ki, AFFA-nın köməyi ilə yaxın gələcəkdə bu məsələ də öz həllini tapacaq. Mən tam inanıram ki, bundan sonra da bizim yetirmələrimiz ölkəmizin ən güclü futbolçularının siyahısında olacaqlar. İnşallah, siz də bunun şahidi olacaqsınız!

Anar Əhmədov

32581 oxunub

InvestAZ