XƏBƏR LENTİ
03 Dekabr 2020
02 Dekabr 2020
01 Dekabr 2020
30 Noyabr 2020
29 Noyabr 2020



Keçən illəri xatırlayarkən
İdman 16:19 / 20.10.2020

Mən, 1974-cü ildə təyinatla keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin Martuni (indiki Xocavənd) rayonuna təyinat aldım. Bir il rayonun Əmirallar kəndində bədən tərbiyəsi müəllimi işlədim. 1975-ci ildə isə Stepanakert (indiki Xankəndi) şəhərində yerləşən Nizami Gəncəvi adına 4 nömrəli orta məktəbə dəyişildim. 3 il orada işləməli oldum. 1975-1976-cı tədris illərində bədən tərbiyəsi müəllimi kimi 10-cu sinifə rəhbər təyin edildim. Həmin vaxt heç kim 10-cu sinifdə sinif rəhbəri işləmək istəmirdi. Ona görə ki, həmin sinifdə intizamsız uşaqlar var idi. Müəllimlərin əksəriyyəti qadınlar idi. Məktəbin direktoru Sabir Əliyev bir cavan kadr kimi məni sinif rəhbəri təyin etdi. Mən də necə lazımdırsa, elə də öz işimi görməyə başladım. Uşaqlarla tez-tez tərbiyəvi söhbətlər aparırdım. Bir qədər vaxt keçəndən sonra mən valideynlər iclası çağırdım. İclasda hər bir şagirdin valideyni ilə ayrı-ayrılıqda fərdi söhbətlər apardım. Zəif oxuyan şagirdlərin yaxşı oxumaları üçün hər cür şəraitin olması haqqında bəzi məlumatları onların diqqətinə çatdırdım.
İndiyə kimi yadımdadır, mən həmin iclasda bunları demişdim: "Bura Azərbaycandır! Burada yaşayan azərbaycanlılar ermənilərlə birlikdə işləyirlər. Gəlin görək onlar nə iş görürlər? Burada yaşayan azərbaycanlıların əksəriyyəti fəhlə işləyirlər və aşağı səviyyələrdə yaşayırlar. Düzdür, məktəblərdə bəzi kişi və qadınlarımız da işləyirlər. Onlara da yuxarıdan aşağı baxırlar. Əl-qol açmağa imkan vermirlər. Ola bilməz ki, bunların təsiri uşaqlarımıza keçməsin. Burada yalnız erməni millətindən olanlar böyük vəzifələrdə işləyirlər. Bu iş əksinə olmalıdır. Azərbaycanlılara biganə yanaşırlar. Bura Azərbaycan torpağıdır. Üstünlük bizə verilməlidir. Mən istərdim ki, bizim uşaqlar yüksək qiymətlərlə oxuyub ali təhsil alsınlar və gəlib öz ixtisasları üzrə burada böyük yaradıcılıq işləri görsünlər”. Bu çıxışdan sonra mən valideynlərə lazımi tapşırıqlar verib, iclası yekunlaşdırdım. Sən demə iclasdakı valideynlərin içərisində erməni millətindən olan qadınlar da var imiş. Yəni həyat yoldaşları azərbaycanlılar idi. Onu da qeyd edim ki, bu valideynlərin hamısı məndən yaşca çox böyük idi. Onda cavan idim, mənim 26 yaşım var idi.
Aradan bir qədər vaxt keçmişdi. Onu da bildirim ki, mən Şuşada yaşayırdım. Hər gün səhər tezdən, saat 6:00-da Şuşa avtovağzalından Tbilisiyə avtobus gedirdi. Mən həmin avtobusla o vaxtki Stepanakert şəhərinə gedirdim. Həmin avtobus düz mən işləyən məktəbin yanından keçirdi. 20 dəqiqəyə Şuşadan Stepanakertə çatırdı. Dərslər saat 8:00-də başlayırdı. Demək olar ki, mən işlədiyim məktəbə hamıdan tez çatırdım. Məktəb 2 növbəli idi. Mən 4-10-cu siniflərə dərs dediyim üçün 17:30-a qədər məktəbdə olurdum. Dərslər başa çatdıqdan sonra Şuşaya qayıdırdım.
Həmin valideyn iclasından bir xeyli vaxt keçmişdi. Axşamtərəfi dərsdən çıxandan sonra evimizə Şuşaya qayıtdım. Evə çatmışdım ki, rəhmətlik atam əsəbi halda əlindəki zərfin içərisində olan çağırış vərəqəsini mənə göstərdi. "Nə iş görmüsən ki, sənə Vilayət Dövlət Təhlükəsizlik Komitəsindən çağırış gəlib?”, - deyə hirsləndi. Bu an mən özümü itirdim. Bilmədim ki, bu nədir. Dedim ata, mən heç bir şey etməmişəm. Görəsən nə olub ki, məni çağırıblar. Atam bir az sakitləşdi. Mən isə nə qədər fikirləşdim, ağlıma bir şey gəlmədi. Həmin gecə yata bilmədim səhərə qədər düşündüm ki, görəsən nə olub? Bir şey yadıma düşmədi.

 
Səhər tezdən həmişəki kimi işlədiyim məktəbə gəldim və dərsim olduğu üçün direktora vəziyyəti danışdım. Oaradan çıxıb, Vilayət Dövlət Təhlükəsizlik Komitəsinə gəldim. Qapıda dayanmış növbətçiyə qəbzi göstərib, içəri keçdim. Bir qədər keçdikdən sonra məni komitənin 1-ci müavini (milliyyətcə rus idi, adı yadımda qalmadı, rütbəsi mayor idi - Ə.N) məni qəbul edib, əyləşmək üçün yer göstərdi. Sonra masanın üstünə bir maqnitafon qoydu. Mikrofonu mənə tərəf uzatdı və dedi: "Mən sənə suallar verəcəyəm, sən isə mənə düzgün cavab verməlisən. Əgər yalan danışsan, sənə cinayət işi qaldıracağam”. Mən isə cavabında dedim ki, axı bilmirəm məni bura niyə çağırmısınız? Mən nə etmişəm, O isə cavabında dedi ki, sən böyük bir səhvə yol vermisən və başladı maqnitafonu işə salmağa, təbii ki, biz rus dilində danışırdıq.
"Sən işlədiyin məktəbdə valideyn iclasında dediyin bu sözlər yadındadırmı, bura Azərbaycan torpağıdır, kişilərimiz fəhləlik edirlər, acınacaqlı vəziyyətdə yaşayırlar. Ermənilər sizə yuxarıdan aşağı baxırlar, bu işlərdən tamamilə qurtarmaq lazımdır. Sən bilirsən ki, belə sözlərlə millətçilik toxumları səpirsən, iki milləti qarşı-qarşıya qoyursan, ədavət salırsan? Bilmirsən ki, bu sənə baha başa gələr. Cavan oğlansan. Özünə yazığın gəlsin. Məhv ola bilərsən. Sənə millətçi damğası vurub, cinayət işi qaldırarlar”, - deyə mayor mənə hədə-qorxu gəldi.
Mən tutuldum, bilmədim nə deyim. Düzünü deyim ki, özümü itirmişdim. Amma, bir neçə saniyədən sonra bir qədər toxtadım, ürəkləndim. Mən vilayət, hətta Respublika səviyyəli idmançı olmuşam. Demək olar ki, bir neçə idman növü üzrə - idman gimnastikası, voleybol, futbol, basketbol, stolüstü tennis, atletika üzrə vilayət yarışlarında müvəffəqiyyətlə çıxış etmişəm. Keçirilən yarışlarda yalnız ermənilərin ikiüzlülüyünü, yaltaqlıqlarını, yalançılıqlarını, xainliklərini, haqsızlıqlarını, millətçiliklərini görmüşəm. Onlar ən alçaq hisslərə malikdirlər. Bunları yadıma salıb, bir az əsəbi halda sözlərimi deyə bildim. Dedim, mən Dağlıq Qarabağın bütün şəhər və rayonlarını həm gəzmişəm, həm də müxtəlif idman növləri üzrə yarışlarda müvəffəqiyyətlə çıxışlar edib, əksər vaxtlarda qalib olmuşam. Qaldığımız mehmanxanalarda, gəzdiyimiz küçələrdə, parklarda çoxlu şüarlar asılıb. O, şüarların biri belə Azərbaycan dilində deyil. Həmin ərazilərdə bir nəfər Azərbaycan şairlərinin, yazıçılarının, azərbaycanlı Sovet İttifaqı Qəhrəmanlarının, o cümlədən Azərbaycanın görkəmli şəxsiyyətlərinin birinin də nə adına, nə də heykəllərinə rast gəlmək olmur. O cümlədən Stepanakert şəhərində Azərbaycan dilində heç bir şüar yazılmayıb. Yazılanların da hamısı əvvəl erməni dilində, sonra isə rus dilində yazılıb. Mən ona görə dedim ki, bura Azərbaycan torpağıdır. Erməni torpağı deyil. Bu sözləri deyəndən sonra həmin mayor tez maqnitafonu bağladı. Mən əməlli-başlı özümdən çıxmışdım. Sanki təhlükəsizlik komitəsində yox, başqa bir yerdə idim. O, məni sakitləşdirmək üçün stolun üstündəki qrafindən stəkana su süzüb, mənə uzatdı. O, özü də bildirdi ki, mən düz deyirəm. Sonra o, mənə dedi ki, hesab et ki, sən bura gəlməmisən, bizim öz aramızda belə söhbətimiz də olmayıb. Gedə bilərsən, deyib stolun üstündəki haqqımda yazılan şikayətləri götürüb cibinə qoydu. Yarı ciddi, yarı mülayim halda dedi ki, lazım gəlsə, səni bir də çağıracağıq.
Mən otaqdan sanki qalib kimi çıxdım. Qapıdan çıxanda atamın binanın qarşısında dayandığını gördüm və daha da ürəkləndim. Sonra mən olan söhbəti atama danışa-danışa, taksiyə əyləşdik və birbaşa Şuşaya gəldik. Səhərisi günü mən yenə əvvəlki kimi öz işimə qayıtdım.
Artıq mən 1978-ci il oktyabr ayının 16-da doğulduğum doğma şəhərim olan Şuşaya dəyişildim. Şuşa rayon Maarif Şöbəsinin nəzdində fəaliyyət göstərən Uşaq-Gənclər İdman Məktəbində məşqçi-müəllim kimi pedaqoji işimi davam etdirməyə başladım.
Aradan 7-8 il keçmişdi. Uşaq-Gənclər İdman Məktəbinin direktoru vəzifəsində işləyirdim. Tez-tez Bakıya, iclaslara və tədbirlərə dəvət alırdım. Bir gün yenə Bakıya gəlirdim. Belə qərara gəldim ki, Xocalıdan Bakı şəhərinə uçan təyyarə ilə gəlim. Saat 15:00-da təyyarə uçmalı idi. Onda "YAK-40” təyyarəsi Xocalı-Bakı istiqamətində uçurdu. Mən təyyarənin 1-ci oturacağında əyləşmişdim. Cəmi 27-nəfərlik oturacağı var idi. Bütün yerlər dolmuşdu. Təkcə mənim yanımdakı yer boş idi. Təyyarə bir neçə dəqiqə ləngiməli oldu. Bir də gördüm ki, təyyarə bələdçisi bir nəfər rus millətindən olan kişiyə yanımda olan boş yeri göstərdi. O, mənim yanımda oturmalı oldu. O dəqiqə onu tanıdım. Həmin Vilayət Dövlət Təhlükəsizlik Komitəsində mənimlə sorğu-sual edən mayor idi. Bir qədər uçduqdan sonra mən ondan soruşdum. Siz məni tanımadınız? O, gülümsəyərək mənə tərəf əyilib dedi, səni tanımamaq olar. Lap yaxşı tanıyıram. Biz Bakıya çatana qədər (45-dəqiqəlik yol idi) mehriban söhbət etdik. Onun yükü çox idi. O, işdən azad olunub, Rusiyaya gedirdi. Ondan ayrılanda o, mənə Azərbaycan dilində dedi: "Sən o vaxt hər şeyi düz deyirdin!” O, elə danışdı ki, sanki azərbaycanlı idi...

Əbülqasım Novruzov,
Şuşa Uşaq Gənclər İdman-Şahmat
Məktəbinin direktoru

1196 oxunub

InvestAZ