XƏBƏR LENTİ
19 Mart 2024
18 Mart 2024
17 Mart 2024
15 Mart 2024
14 Mart 2024



Ənvər Paşa - TARİX
Mədəniyyət 14:25 / 22.07.2020

Çar Rusiyası Türküstan və Azərbaycan kimi türklər yaşayan müstəmləkələrindən əsgər aparmırdı. Bundan əsas məqsəd türk xalqına əsgərlik adətlərini unutdurmaq və inanılmayan bu xalqın əlinə silah verməmək idi. İkinci Rusiya inqilabı hərbi qüvvəsi olmayan azəriləri çətin vəziyyətə salmışdı. Hər şeyi yenidən başlamaq lazım gəlirdi.

Azərbaycanlılara kömək etmək, xalqı qandan-qadadan, daşnak-bolşevik zülmündən xilas etmək, bu bəladan, faciədən qurtarmaq üçün Türkiyə hökumətinin hərbi naziri Ənvər Paşa Qafqaz İslam Ordusu yaradılmasını məsləhət bilir. Odur ki, ilk öncə ögey qardaşı general Nuru Paşanı təlimatlandırır. Bundan sonra o, Qafqaz İslam Ordusunun məqsəd və vəzifələri haqqında məsləkdaşlarına izahat verir. Bu müqəddəs təşəbbüs nazirin məsləkdaşları tərəfindən alqışlanır.
Ənvər Paşanın əsas məqsədi Türkiyə nizami qoşunlarının köməyi ilə Təbrizdən Dağıstana, Tehrandan Türküstana qədər olan bütün əraziləri nəzarət altına almaq, onları yadelli işğalçıların əlindən qoparmaq, imkan daxilində bu yerlərdə Milli hökumətin yaradılması üçün ictimai-siyasi zəminə nail olmaqdan ibarət idi. Odur ki, Nuru Paşa 1918-ci il aprel ayının 8-də öz ordusu ilə Azərbaycana yola düşür və may ayının 25-də Gəncəyə çatır, tezliklə fəaliyyətə başlayır.
1918-ci il iyunun 4-də Batumidə, istiqlaliyyətini yenicə elan edən Azərbaycan hökumətinin nümayəndələri M.Ə.Rəsulzadə, xarici işlər naziri Məmmədhəsən Hacınski və Osmanlı hökuməti tərəfindən ədliyyə naziri Xəlil bəy, 3-cü ordunun komandiri Vəhib paşa arasında imzalanan yardım müqaviləsinə görə, 5-ci Qafqaz diviziyası Gümrü və Qazax istiqamətində Azərbaycana yardım etmək üçün hərəkət etmişdir. Bu qüvvələr iki qrup halında Qazaxa gəlmişdir.
1-ci qrup: Diviziya qərargahı; Onuncu Qafqaz alayı; Doqquzuncu Qafqaz alayına mənsub 26-cı batalyon; Dağ topçu batalyonu; İstehkam bölüyü; Teleqraf vzvodu; Orkestr bölüyü; Cəmi: 147 zabit, 2812 əsgər, 698 heyvan.
2-ci qrup: 13-cü Qafqaz alayı; Güclü dağ topçu batalyonu; Səhiyyə bölüyü; 24-cü səyyar xəstəxana; səyyar mətbəx vzvodu; cəmi: 110 zabit, 2763 əsgər, 668 heyvan.
Osmanlı ordusu Cəlaloğlu, Sadaxlı, Kəmərli, Aslanbəyli, Qazax istiqamətində hərəkət edərək, 11.6.1918-də birinci qrup, 12.6.1918-də isə ikinci qrup Qazaxa gəldi. Qazaxda azərilər türk ordusunu tarixdə görünməmiş bir sevinc və səmimiyyətlə qarşıladı.
1918-ci ildə ölkəmiz ağır və təhlükəli günlərini yaşayırdı. Həmin ilin yanvar ayında Türkiyəyə hərbi yardım üçün gedən Azərbaycan hökumətinin əks-kəşfiyyat idarəsinin rəisi Nağı bəy Şeyxzamanlı Türkiyənin hərbi naziri Ənvər paşa ilə görüşündə demişdir:
"Paşam, Birinci Dünya müharibəsində biz azərilərdən dörd general rus ordusunda ordu komandiri olmuşdur. Yalnız bir gürcü general hərbi korpus komandiri ola bilmişdir. Azərbaycanlı ordu komandiri Səmədbəy Mehmandarov rus-yapon müharibəsində hərbi korpus komandiri olaraq rus ordusunun ən yüksək ordenini almışdır. İkinci general Əliağa Şıxlinskidir. Rus ordusunun topçu baş inspektoru idi. Üçüncü general Hüseyn xan Naxçıvanskidir, dördüncü isə Xan Yirivanskidir”.
1918-ci il iyunun 30-da rus qüvvələrilə birlikdə ermənilər Göyçaya qəfil basqın etdikləri üçün, Azərbaycandakı Osmanlı ordusunu gücləndirmək məqsədilə 38-ci alay aşağıdakı qüvvələrlə Azərbaycana göndərilmişdir: 65 zabit, 2475 əsgər, 701 heyvan, 2092 tüfəng, 16 dəzgahlı pulemyot, 4 güclü dağ topu, 1 güclü dağ batareyası.
Bu qüvvələrdən başqa 3-cü ordunun ehtiyatda olan 350 əsgərinin 9.7.1918-ci ildə Qazaxa gəldiyi və bu ehtiyat hissəsinin Bərgüşad vağzalından diviziyanın əmrinə göndərildiyi ordu komandanlığı tərəfindən bildirildi. Osmanlı ordusu tərəfindən kömək məqsədilə Azərbaycana göndərilən 5-ci qrup Bakıda döyüşlər gedən zaman gəlmişdir. Bundan  başqa  bir  azərbaycanlı korpusu da vardı. Bu ordunun təşkili, kiçik zabitlər və zabitlərin İslam ordusu komandanlığı tərəfindən Gəncədə açılan qısa müddətli hərbi kurslarda təhsil aldıqları məlumdur. Azərbaycan korpusuna azərilərdən ibarət bir neçə nizami alayı, Dağıstan süvari alayı və bunlardan başqa Azərbaycanın hər tərəfindən gələn, arası kəsilməyən könüllülər də daxili meydanından əsla geri çəkilməyərək, «Biz bura ölməyə gəldik, dönməyə yox» deyərək vuruşur və getdikcə döyüş havasına alışırdılar. Azərbaycan korpusunun təşkili tamamlandıqdan sonra ona podpolkovnik Həbib bəy Səlimov komandanlıq edirdi.
Cəsur və döyüş texnikasını gözəl bilən, türk ordusunun yüksək zabitləri tərəfindən layiqincə qiymətləndirilən podpolkovnik Həbib bəy rus ordusunda yetişmiş azırbaycanlı zabitlərdəndir. Bu döyüşlərdə cəbhə iki yerə, cənub və şimal qruplarına ayrılır, cənub qrupuna podpolkovnik Həbib bəy komandir təyin edilir.
Şimal qrupuna isə ştab podpolkovniki Osman bəy təyin edilmişdir.
İlk yaradılanda cənub qrupunun qüvvələri belə idi: 4-cü piyada alayı (azəri alay), 1-ci və 2-ci batalyon, iki süvari bölüyü, azəri süvarilərindən ibarət daha bir bölük, iki qrup dağ və rus səhra topundan ibarət olmuşdur. Bundan başqa ordu alaylarına verilən Azərbaycan səhra topçu vzvodu öküzlə daşındığı üçün şosse yolundan kənara çıxa bilmirdi. Ancaq bu heyvanlar düşmənin zirehli avtomobillərini, zirehli qatarlarını qaçırmaqda və toplarını susdurmaqda çox yararlı olurdular. (151 c). Əsasən toplar, Türkiyə cəbhəsini tərk edərək Rusiyaya dönən əsgərələrdən Azərbaycan partizanları tərəfindən zorla alınmışdı. Bu topların mərmiləri rus alaylarından qənimət olaraq ələ keçirilmiş və olduqca çox idi. Azərbaycan korpusunda olan silahlar Rusiyada istehsal olunmuşdu. Buna görə də mərmi sarıdan çətinlik çəkilmirdi. Amma Osmanlı ordusunda istifadə olunan silahlar üçün mərmi çatışmırdı. Döyüş zamanı Osmanlı ordusunu, Azərbaycan korpusunu Azərbaycan hökuməti və xalqı ərzaqla təmin edirdi.


İslam ordusu komandanlığından 5-ci Qafqaz diviziyası komandanlığına, Bakıya hücum zamanı verilən bir əmrdə aşağıdakı qeydlər çox əhəmiyyətlidir: «Bakıya yaxın olan müsəlman kəndlərnin silahlı yardımla bərabər, sizə ət, su, çörək və digər ərzaqla yardım edəcəkləri də şübhəsizdir. Baxmayaraq ki, indiki vaxtda siz həmin kəndlərdən 70 km aralıdasınız».
Bakıda gedən döyüşlər çox çətin keçdiyindən, Osmanlı ordusundan 15-ci diviziya qərargahı, 56-cı və 106-cı piyada alayları 1200 əsgər ilə Qarakösədən Bakıya göndərilmişdir. Hacıqabul ilə Ələt vağzallarından Bakı istiqamətində hərəkət edən ordu susuzluqdan əziyyət çəkirdi. Buralar məhsul verməyən, şoranlıq bir ərazidir. Tiflisdən Bakıya gedən dəmir yolu buradan keçir. Ələt vağzalı Xəzər dənizinin sahilinə yaxındır. Düşmən bu cəbhədə həm dənizdən, həm də təyyarə ilə havadan ordumuza saysız-hesabsız hücumlar edirdi. Türk ordusu özünə məxsus dözümlülük göstərərək, susuzluğa və itkiyə baxmayaraq, düşmənin hücumlarını dəf edərək Bakıya yaxınlaşmış və Qobu kəndində qərargah qurmuşdu.
Böyük hərbi nüfuza malik İsmət İnönü vaxtilə bəzi xatirələrini yazdığı «Akis» jurnalında, Fəxrəddin Altay isə «Həyat» jurnalında 1918-ci il Birinci dünya müharibəsinin axırında Osmanlı ordusunun Azərbaycana səfərini «macəra» kimi qiymətləndirmişdilər. İstefada olan podpolkovnik Rüştünün «Bakı yollarında» adlı müfəssəl əsərində təfsilatı ilə verdiyi faktlardan görürük ki, Azərbaycana beş qrup halında göndərilən hərbi qüvvələr cəmi 10000 nəfərdən ibarət olmuşdur. Özünü yabançı bir ölkədə hiss etməyən bu ordu Azərbaycan nizami və könüllü dəstələri ilə yan-yana, çiyin-çiyinə vuruşmuşdur. Azərbaycanı azad etməyə gələn və «İslam ordusu» adı altında toplanan Osmanlı ordusunun itkisi podpolkovnik Rüştünün verdiyi məlumata görə 800-dən 1000 nəfərə qədərdir. Azərbaycan hissələrinin hərbi təlim səviyyəsi zəif olduğundan onların itkisi türklərdən üç-beş dəfə çox olmuşdur.
1918-ci il sentyabrın 15-də Osmanlı dövlətinin orduları Azərbaycanın mövcud əsgəri və könüllü dəstələri ilə birlikdə Bakını erməni və rus əsgərlərindən azad etdi. Hərbi səfər nəticəsində Osmanlı dövləti azərbaycanlıları tamamilə məhv olmaqdan qurtardı. Tarixi əhəmiyyətə malik olan bu hadisə Azərbaycan xalqının xatirəsindən heç bir zaman çıxmayacaq və silinməyəcəkdir.
Bakının azad olmasından 39 gün öncə diviziyanın və yardımçı qüvvələrin Bakını düşmənlərdən azad etmək üçün başladıqları hücum məğlubiyyətlə nəticələnmişdi. Türkiyədən əlavə yardım istəyən və Azərbaycan könüllülərini hərbi cəhətdən hazırlayan ordu ikinci qəti hücuma hazırlaşırdı.



54695 oxunub

InvestAZ