XƏBƏR LENTİ
19 Mart 2024
18 Mart 2024
17 Mart 2024
15 Mart 2024
14 Mart 2024
13 Mart 2024



“Dağ Borçalı” dastanları işıq üzü gördü
Mədəniyyət 17:38 / 11.07.2020

  (Professor Novruz Musayevin kitabı haqqında düşüncələrim)

Azərbaycan dastanları  xalq ədəbiyyatımızın ən dəyərli nümunələrindən hesab olunur. Bu dastanların bir çox növləri vardır ki, onların içərisində epik və lirik üslubda yazılmış dastanlar daha çox yayılmışdır. Ümumiyyətlə desək qədim ümumtürk dastanları içərisində epik üslubda və  təhkiyyəçilik ənənəsi əsasında yazılan dastanlar daha çox üstünlük təşkil edirlər. Bu dastanlar içərisində "Alp Ər Tunqa dastanı”, "Oğuz Xaqan dastanı”, "Şu dastanı”, "Ərgənəkon”, "Koç dastanı”, "Qaraoğlu dastanı”, "Kitabi-Dədə Qorqud” dastanları daha çox tədqiq olunub və onların elmi əsasları öyrənilərək ümumiləşdirilmişdir. Azərbaycanda daha çox yayılan "Fərhad və Şirin”, "Xosrov və Şirin”, "Leyli və Məcnun”, "Şah İsmayıl”, "Əsli və Kərəm” dastanları hesab olunur. Ta qədim zamanlardan adı çəkilən dastanları yanşaqlar, daha sonra ozanlar, onlardan sonra isə aşıqlar ifa etmişlər. Məhz ona görə də onların topladıqları və təqdim etdikləri dastanları ədəbiyyata gətirənlər onları aşıq ədəbiyyatı adlandırıblar. Aşıq ədəbiyyatı içərisində Borçalı dastanları xüsusi yer tutur. Borçalı dastanlarının elə növləri var ki, onların bir çoxu yazıya  alınmamışdır. Yazıya alınan Borçalı dastanlarının isə bir çox variantları var ki, həmin variantların heç birisi toplanılaraq çap edilməmişdir. Borçalı dastanları içərisində "Cahangir dastanı”, "Mehdibəy dastanı”, "Zərqəm şah”, "Şəhri-Mehri”, "Mehralı bəy”, "İsmayıl-Qızyetər”, "Səmədağa dastanı”, "İsaxan ağa dastanı”, "Mahmud ağa dastanı”, "Şam Şahzədə” adlı dastanlar bu qəbildən olan dastanlar hesab olunurlar. Çox əfsus ki, uzun illər ərzində Borçalıda toy şənliklərində aşıqlar tərəfindən ifa olunan bu tipli dastanların bir qismi də əfsus ki, yazıya alınmamışdır. Ona görə də acınacaqlı haldır ki, onların bəzilərinin kiçik variantları qalmış, bəziləri isə yaddaşlardan silinmək təhlükəsi ilə üzləşmişdir.  Çox maraqlıdır ki, Borçalı dastanları içərisində "Dağ Borçalı” dastanları xüsusi yer tutur. Dastanların Dağ Borçalı varinatları daha çox təbliğ olunan toy şənliklərində aşıqlar tərəfindən təqdim olunan dastanlar kimi tanınsa da onların yazıya alınması haqqında nikbinliklə danışmaq olmaz. Başqa sözlə desək, XX əsrin ortalarına qədər Dağ Borçalının toy şənliklərində ustad aşıqlar tərəfindən ifa olunan bu dastanların yazıya alınması ilə tədqiqatçıların məşğul olmaması böyük təəccüb doğurur. Lakin Dağ Borçalı əhalisinin qədim dastanlarımıza olan maraqları, istəkləri, sevgisi nəticəsiz qalmamışdır. Nə yaxşı ki, yeniyetmə yaşlarından onları qələmə alan Novruz Musayev uzun illər həmin dastanların üzərində işləmiş və yazıya köçürmüşdür. 

Hazırda Azərbaycan Tibb Universitetinin professoru olan Novruz Musayev həmin dastanların, yəni Azərbaycan dastanlarının Dağ Borçalı variantlarını toplayaraq qələmə almışdır və çap etdirmişdir. Bununla da, profesor Novruz Musyev həmin dastanların Dağ Borçalı variantlarının yaddaşlardan silinməsinin qarşısını almışdır. Novruz  müəllim  Dağ Borçalı dastanlarının variantlarını təxminən yarım əsr boyunca toy şənliklərində, el şənliklərində aşıqlar tərəfindən təqdim olunan variantlarını dinləyərək, böyük xeyirxah iş görərək, onları yazıya köçürmüşdür. O, haqqında danışılan dastanları dinləyərkən əvvəlcə onların ilkin nümunələrini yazıya köçürmüş və sonra onların üzərində yenidən işləyərək, genişləndirmişdir. Novruz müəllim təkrar dinlədiyi dastanları bir qədər təkmilləşdirmiş və onların son variantlarını hazırlamışdır. Beləliklə, 3 cildlik Dağ Borçalı dastanları yazıya alınaraq çap olunması məqəsədəuyğun hesab edilmişdir.
 Dastanların birinci cildinə 5 dastan daxildir. "Novruz ilə Qəndəv”, "Alı xan”, "Əsli Kərəm”, "Aşıq Təhmiraz”, "Tahir Mirzə” adı altında çapa hazırlanan həmin dastanların ilk variantları 1965-ci ildə çap olunan dastanlar kitabına daxil edilmişdir. Həmin kitab Məmmədhüseyn Təhmasibin redaktorluğu ilə çap olunmuşdur. Lakin professor Novruz Musayevin topladığı variantlar 1953- cu ildə qələmə alınmışdır. Həmin dastanları müqayisə edərkən məlum olur ki, Novruz Musayevin topladığı "Novruz ilə Qəndəv”, "Alı xan”, "Əsli Kərəm”, "Aşıq Təhmiraz”, "Tahir Mirzə” adlı dastanlar Dağ Borçalı variantları olmaqla ilk variantlardan çox  fərqlənir. 
Novruz müəllimin birinci cildə daxil etdiyi ilk dastan "Novruz ilə Qəndəv” adlanır. Həmin dastanda nəql olunur ki, Diyarbəkirdə Kərim adlı bir kişinin övladı yox imiş. Nəzir-niyazdan sonra bir oğlu olan Kərim kişi övladına Novruz adını qoyur. Molla məktəbində təhsilini bitirdikdən sonra ona Şah sayağı məclis düzəldir. Kərim kişi oğlu ilə fəxr edir. Novruza yuxuda butə verilir. O butəsinin dalınca Misirə gedir. Novruz öz butəsi Qəndəba (dastanda Qəndəv kimi nəql olunduğu üçün Novruz müəllim Qəndab sözünü aşığın dilindən Qəndəv kimi çıxdığı üçün Qəndəv kimi də saxlamışdır. – F.S)  qovuşmaq üçün bir çox bəlalarla, çətinliklərlə, ziddiyyətlərlə üzləşir, hətta kəllə gözə qalib gəlir və nəhayət öz butəsinə qovuşur. Dastandakı Qəfəz  Əhməd, Gülşən, Şahbaz xanım, Dərviş, Kəllə göz, Dəli çoban, Şəhriyar, Zeynəb kimi obrazların dilindən deyilənlər dastanın məzmununun açılmasına xidmət edir. Dastandakı deyişmələr qəhrəmanın saf məhəbbəti uğrunda mübarizəsinin örnək xarakterini də açmağa xidmət göstərir. Məsələn, Kəllə gözlə qarşılaşan Novruz öz məhəbbətinin gücü ilə ona qalib gəlir. Dastanın bir yerində Kəlləgöz Novruzu qorxudaraq deyir: 
Kəs səsini, ay heyvərə,
Gününü eylərəm qara.
Ellər tamam gəlib zara,
Kəlləgöz qəhrəman əlindən. 
Öz  saf məhəbbəti uğrunda heç nədən qorxmayan, heç kəsdən çəkinməyən Novruz Kəlləgözə belə cavab verir:
Novruz burda qalmaq istər,
Misir qılıncı salmaq istər.
Kor yapalaq almaq istər,
Sonanı tərlan əlindən.
Göründüyü kimi, Novruz butəsinə qovuşmaq üçün Kərəm kimi, Məcnun kimi, Fərhad kimi, Koroğlu kimi niyətindən dönməyərək öz mübarizəsini davam etdirir və əsl məhəbbət uğrunda canından keçməyə hazır olur. 
Dastanda mifoloji təsəvvürlə də qarşılaşırıq. Burada Qədim türk dastanları içərisində daha çox nüfuza malik olan "Dədə  qorqud” dastanlarının iki hadisəsi ilə iki oxşar cəhət diqqəti cəlb edir. Birincisi odur ki, Dədə Qorqud dastanlarının "Dirsə Xan oğlu Buğacın boyu”nda Dirsə  xanın övladı olmur. O da 40 gün, 40 gecə ehsan verdikdən sonra onun bir oğlu dünyaya gəlir və Buğanın boynunu burub qırdığı üçün Dədə Qorqud ona Buğac adını qoyur. "Novruz və Qəndəv” dastanında Kərim kişinin övladı olmadığı üçün nəzir-niyaz verməli olur. Nəzir-niyazdan sonra oğlu Novruz bayramında dünyaya gəldiyi üçün adını Novruz qoyurlar. Dastanın qəhrəmanının Kəlləgözə qalib gəlməsi onun qeyri-adi qəhrəmanlığı hesab olunursa, fikrimizcə, bu qeyri-adi qəhrəmanlıq Buğacın buğaya qalib gələrək qeyri-adi qəhrəmanlıq göstərməsi ilə müqayisə oluna bilər. Dastanda Novruzun Kəlləgözə qalib gəlməsini Dədə Qorqud dastanlarında Basatın Təpəgözə qalib gəlməsi ilə də müqayisə etmək olar. Belə müqayisələr isə yetişən nəslin qoçaqlıq, igidlik, dönməzlik, mübarizə əzmi, mətanətlilik kimi əxlaqi normalarını formalaşdırmaq üçün əsl tərbiyə örnəkləri nümunəsində təqdim oluna bilər. Belə faktları, belə müqayisələri irəli sürməklə bir sıra məziyyətlərinə görə dastanın digər dastanlardan ciddi şəkildə fərqləndiyini sübuta yetirmək mümkündür. Yeri gəlmişkən qeyd etməliyik ki, dastanlarda miflərin personaj kimi seçilməsi tarixi bir o qədər də qədim deyil. Bu dastanların bizə gəlib çatmasının, daha doğrusu onların erkən qaynaqlar kimi tədqiqatlara cəlb edilməsinin də tarixi o qədər də əvvəl deyil. Bunun məlum səbələri də təbii ki, mütxəlifdir. Bundan əlavə, bu dastanların demək olar ki, hamısı bizə müxtəlif  təsvirlərdə, şərh, izah və qeydlərdə gəlib çatmışdır. Amma onların ilk, tam və bütöv mətnləri əldə edilməmişdir. "...Onların həcmi, mənzum, yaxud mənsur formada olması, (ehtimal ki, bunlar mənsur formada olsalar da dastançılıq ənənələrinə görə mənzum parçaları olmuşdur – A.N), dil-üslub xüsusiyyətləri barədə konkret məlumat yoxdur- mənbələrdə həmin əsərlərin, əsasən qısa məzmunu və ya süjeti mühafizə olunmuşdur. Belə məzmun və süjetlərin özü də bir sıra hallarda ya tam deyil, ya da "müasirləşdirilmiş”, müəyyən məqamları təhrifə məruz qalmışdır. Çin və İran mənbələrində mühafizə olunmuş qədim türk dastanlarında (əslində dastan süjetlərində) nəinki bir sıra motivlər, hətta adlar belə dəyişikliyə  məruz qalmış, türk adları  Çin və ya İran adları ilə əvəz edilmişdir. Bütün bunlarla bərabər, qədim türk dastanları qədim ümumtürk eposunu rekonstruksiya etmək üçün hələlik yeganə mühüm mənbələrdir...”  (Azad Nəbiyev. Azərbaycan xalq ədəbiyyatı. Səh, 458). Bu mənbələr içərisində dastanların Azərbaycan variantları üstünlük təşkil edir. Maraqlı orasıdır ki, Azərbaycan dastanlarının hər birinin bölgələr üzrə variantları vardır. Qeyd etdiyimiz kimi həmin variantlardan biri də dastanların "Dağ Borçalı” variantlarıdır. 
Dastanların "Dağ Borçalı” variantlarının birinci cildinə daxil edilən nümunələrindən biri də "Alı xan” dastanıdır. "Alı xan” dastanını da professor Novruz  Musayev yeniyetməlik və gənclik yaşlarından ustad aşıqların dilindən eşitmiş, həmin ifalara dəfələrlə qulaq asmış və dastanın yeni variantını yaratmışdır. Dastanın "Dağ  Borçalı” variantı adlandırılan bu variantı da digər variantlardan fərqlənir. Birincisi, ona görə ki, bu dastan üç ustadnamə ilə başlanır. İkincisi, bu variantda cərəyan edən hadiəslər digər variantlardan da fərqlənir. Üçüncüsü, bu variantı 1953-cu  ilin mart ayında Lokçandar kənd məktəbinin 8-ci sinfində oxuyan Novruz Musayev bir toy şənliyində ustad aşıqdan  eşitdikdən sonra qələmə almaq istəmişdir. Sonra Novruz Musayev evə gedərək gecə saatlarına qədər həmin dastanı yazıya köçürmüşdür. Dastanda göstərilir ki, Bitlisdə Hacı Səyyad adlı bir kişinin Məhəmməd adlı bir oğlu Pəri adlı bir qızı vardı. Bir gün Hacı Səyyad yoldan bir qundaq tapır onu da böyüdür. Yoldan tapıldığı üçün adını Tapdıq qoyurlar. Hacı Səyyad Həcc ziyarətinə gedərkən qızı Pərini Tapdığa tapşırır. Tapdıq isə Pəriyə xəyanət etmək istəyir. Məhz ona görə də onların arasında ixtilaf baş verdi. Hacı Səyyad Məkkədən qayıdandan sonra bu əhvalatı eşidib qızı Pərini öldürmək qərarına gəlir. Ona görə namusunun ləkələnməsini istəməyən Hacı Səyyadın oğlu Pərini meşəyə apararaq öldürmək istəyir. Bu zaman onların arasında belə bir dialoq yaranır: 
Məhəmməd bacısına deyir:

Sənə qurban olsun ömrümün barı,
Sənsiz mən çəkəcəm bil ahu-zarı.
Çuğulluğ elədi Tapdıqnan Qarı,
Bacı karı görmə bu işdə məni.

Pəri qardaşına deyir:

Pəri ətəyindən tutar dadından,
Pərvanəyəm qovulmuşam odunnan.
Gəl öldürmə məni bu pis adnan,
Adın Məhəmmədə bağışla məni.

Bu dialoqdan bir daha məlum olur ki, qardaşı bacısını öldürməyə əli gəlmir və meşədə qoyur, gedir. Alı xan meşəyə öz dəstəsi ilə gəzməyə gələrkən onu görür, vurulur və özü ilə apararaq Pəri ilə evlənir. Dastanda Alı xanın Pəri ilə evlənmə məqamları həm nəsr üslubunda, həm nəzm yolu ilə yaxşı işıqlandırlır. Dastanda Pəri xanımın başına daha bir xoşagəlməz hadisənin gəlməsi dastana maraqlı bir motivin daxil edilməsi hesabına dastanı daha oxunaqlı edir. Dastanda Qara Vəzirin xəyanəti də maraqlı məqamlardan biri kimi şərh olunur. Nəhayət Alı xan bu ziddiyyətlərin hamısını aradan qaldıraraq öz istəklisi Pəri xanıma qovuşur. Dastanda Alı xan və Pəri xanımla yanaşı, Məhəmməd, Alı xan, Budaq çoban, Nəstərən xanım, Vəziryan obrazlarının dili ilə təqdim olunan poetik fikirlər dastanın mahiyyətinin aydınlaşdırılmasına, məzmunun aydın təqdim edilməsinə səbəb olan amillər kimi dəyərləndirilməlidir. Dastanda Azərbaycan xalqına məxsus ismət, namus və əxlaq ənənələrinin qorunması ilə bağlı epizodlar dastanın tərbiyəvi təsir gücünü artırmış olur. 
Dağ Borçalı dastanları silsiləsinə daxil olan dasytanlardan biri də "Əsli Kərəm” dastanıdır. Məlum olduğu kimi bu dastanın da bir çox variantları var. Çünki türkdilli xalqlar içərisində məşhur olan bu dastanın bir çox variantları mövcuddur. Açığını etiraf etmək lazımdır ki, dastanların bu variantlarında əsas motiv Gəncə şəhərində Ziyad xanla keşiş arasında dostluqdan bəhs  olunur. Onlar övladları olacaq təqdirdə qohum olmalarına söz verirlər. Ziyad xanın oğlu Qara keşişin qızı anadan olur, onlar tanış olduqdan sonra sevişirlər. Ziyad xanın oğlu Mahmud  öz adınının Kərəm, Qara keşişin qızı Məryəm isə öz adının Əsli olmasını istəyirlər. Beləliklə, "Əsli və Kərəm” dastanı başlayır. Üzeyir Hacıbəyovun "Əsli və Kərəm” operası da belə başlayır. Xalq yazıçısı Elçinin ssenarisi əsasında çəkilmiş Mahmud və Məryəm filminin motivləri də Mahmud və Məryəmin sevgi macarası əsasında qurulur. Bütün dastanlar eyni sonluq əsasında başa çatır. Yalnız Novruz Musyevin qələmə aldığı "Əsli və Kərəm” dastanının istər forma baxımından, istər məzmun baxımından digərlərindən fərqlənməsinin şahidi oluruq. 
Professor Novruz Musayevin qələmə aldığı "Əsli və Kərəm” dastanını söyləyən Aşıq Cahangir olmuşdur. Aşıq Cahangirin ifasında səslənən və professor Novruz Musayev tərəfindən qələmə alınan "Əsli və Kərəm” dastanının "Dağ Borçalı” variantı belə bitir:
-Əsli anasının gözünün qabağında saçını üzünə töküb süpürgə edib Kərəmin külünü bir yerə yığanda, bir qığılcım atılıb düşdü Əslinin saçına. Əslinin saçından bədəninə od düşdü. Əsli də beləcə yanıb kül oldu. Arvad özünü keşişə yetirib Kərəm ilə Əslinin yanıb kül olduğunu söylədi. Keşiş həmən saat qaçmağa hazırlıq görməkdə olsun, Paşa gördü ki, Kərəm olan otaqdan tüstü çıxır. Tez qapıları sındırıb içəri girən kimi gördülər ki, iki həsrətli yanıb kül  olub. Vəzir dedi:
- Bu hiylə keşişindir. Bu saat qaçacaq, qoymayın. Paşa tez adam göndərib keşişi qaçdığı yerdə tutub gətirdilər divana.
Paşa keşiş ilə Zərkarın təqsirini üzlərinə oxuyandan sonra, hər ikisinin boynunu vurdurdu. Əsli ilə Kərəmin külünü sandığa yığıb dəfn etdirdi.
Onlar bir-birilərinə qovuşmadılarsa da lakin külləri bir-birinə qatıldı. 
Göründüyü kimi, Əsli və Kərəmin ilk variantları əsasında qurulan dastanın sonluğu daha orijinaldır. Belə orijinallılıqları  professor Novruz Musayevin toplayaraq qələmə aldığı bütün dastanlarda görmək olur. Onun dastanların "Dağ Borçalı” variantlarının sırasında qələmə aldığı dördüncü dastan "Aşıq Təhmiraz” adlanır. 
Dastan belə başlayır:
-Maxac şəhərində Zaman adlı sinni, kasib bir kişi var idi. Bu kişinin böyüyü Tərlan,  kiçiyi Təhmiraz adlı iki oğlu vardı. Günlərin bir günündə Zaman kişi bərk naxoşladı. O, ölüm halında oğullarını yanına çağırıb dedi: Oğullarım, bəlkə mən bu yastıqdan qalxmadım, məndən sizə vəsiyyət, bu vilayətdə qalmayın. Başqa vilayətlərə qazanc dalınca gedin. Qabağınıza çıxan nemətə təpik vurub keçməyin. Bu vəsiyyətə oğlanları and içdilər. Çox keçmədi zaman kişi öldü. Oğulları onu el adətincə basdırdılar. Bir gün Tərlan qardaşının yanına gəlib dedi:
- Qardaş, atamızın vəsiyyətini yerinə yetirək. Baş götürüb qeyri məmləkətə gedək. Təhmiraz dedi:
- Qardaşımsan necə desən əməl etməyə borcumdu. 
İki qardaş ata vardatını satıb gün çıxan tərəfə bir müddət yol getdikdən sonra gəlib bir qəbristana çatdılar. Təhmirazı həm aclıq, həm də yorğunluq taqətdən salmışdı. Tərlan qardaşını belə bir halda görüb dedi:
- Qardaş gün çox ertədi. Sən burada məni gözlə, mən bəlkə bu yaxınlardan sənə çörək tapam.
Təhmiraz razı oldu. Tərlanı qoyub çıxıb getdi. Yəmən vilayətinin padşahı vəfat etmişdi. El qaydasına görə camaat meydançaya yığılıb ki, özlərinə bir  padşah seçsinlər. Tərlan qardaşından ayrılıb gəzə-gəzə gəlib bu şəhərə çıxdı, gördü ki, şəhər əhli meydançaya cəm olublar. Tərlan bu camaatın birindən xəbər aldı: 
-Qardaş, burada  nə vaqə olmuşşdur ki, camaat buraya cəm olubdur. Camaatdan biri dedi:
-Bu şəhərin padşahı vəfat edib. Camaat özünə padşah seçmək üçün qızıl quş uçurur. O quş hər kimin başına qonsa o adamı padşah seçəcəklər.
Çörək Tərlanın yadından çıxıb dayandı tamaşaya bir də gördülər ki, dövlət quşu havaya qalxıb Tərlanın başına endi. Camaat çığırıb dedi:
-Biz bu qəribi tanımırıq. Dövlət quşu ağlını itirib.
Dövlət quşunu bir də uçurdular. Quş yenə də Tərlanın başına qondu. Hamı heyrətə gəldi. Tərlanı aparıb qaranlıq dama salıb yenə quşu uçurtdular. Dövlət quşu bacadan girib yenə qondu Tərlanın başına. İşi belə görən camaat Tərlanı özlərinə padşah seçdilər. Təhmiraz gördü ki, Tərlan gəlib çıxmadı, bir tərəfdən hava qaraldı...
Dastanda cərəyan edən sonrakı hadisələr dinləyicini psixoloji cəhətdən haldan hala salır. Çünki qardaşlar ayrılandan sonra qardaşların biri, yəni Tərlan Yəmənin padişahı olur, biri isə, yəni Təhmiraz haldan hala düşür. Nəhayət bir tacir vasitəsilə Dilşaddan ayrılaraq Pəri ilə ailə qurur. Adı tacir olan Şamil Pərini sevdiyi üçün Təhmirazı dərəyə atdırıb öldürmək istəyir. Çətinliklə dəryadan üzə -üzə çıxan Təmiraz qardaşının padşah olduğu Yəmənə gəlir. Hansı ki, həmin şəhərdə Şamil məşhur adam idi. Onu Təhmirazın qardaşı Tərlan padişaha vəzir təyin eləmişdilər. Şamil TəhmirazlaYəməndə rastlaşır və bir qəssaba onu öldürtməyi tapşırır. Çoban Əli onu ölümdən xilas edir. Onlar Şamilin dəstəsiylə vuruşurlar. Lakin dəstənin üzvləri çox olduğu üçün Təhmirazgilin əllərini bağlayıb padişahın hüzüruna aparırlar. Uzun ayrılıqdan sonra qardaşlar qovuşur və dastan sona yetir. 
Göründüyü kimi, dastanda Təhmirazın başına gələn macəralar qəhrəmanı sarsıtmır. O, yaxşı adamların köməyliyi sayəsində qardaşına qovuşur. Çox maraqlı sujet əsasında qurulan dastanın tərbiyəvi əhəmiyyəti böyükdür. Belə dastanlan dərsliklərə, dərs vəsaitlərinə didaktik vasitələr kimi daxil edilməlidir.  Ona görə vaxtilə saz tutub ustad aşıqlar tərəfindən məclislərdə təqdim edilən belə dastanların nəşr olunaraq oxucu kütlələrinə çatdırılması mühüm əhəmiyyət kəsb edir. 
Professor Novruz Musayevin toplayaraq qələmə aldığı və dastanların "Dağ Borçalı” variantları sırasına daxil etdiyi dastan "Tahir Mirzə” adlanır. Dastan belə başlayır:
-Qaramanda iki qardaş vardı. Birinin adı Hətəm Sultan, o birinin adı Əhməd Vəzir idi. Əhməd Vəzir dedi:
- Qardaş, gəl əhd eləyək nə vaxt sənin oğlun mənim qızım olsa sən mənim qızımı oğluna  al, nə vaxt mənim oğlum olub sənin qızın olsa onda sən qızını mənim oğluma verərsən. 
Hətəm Sultan, Əhməd Vəzirin sözünə razı oldu. Bundan xeyli keçdi. Hətəm Sultanın qızı, Əhməd Vəzirin də oğlu oldu. Qızın adını Zöhrə, oğlanın adını Tahir Mirzə qoydular. Özlərini də göbəkkəsmə edib bir-birinə nişanladılar. Uşaqlar böyüdülər. Ataları onları məktəbə qoydu. Məktəbdə Hətəm Sultanın qızı Zöhrəyə mollanın gözü düşdü. Əmi qızı əmi oğlunu bir-birindən ayırmaq istədi. Onları ayrı-ayrı hücrəyə qoydu. Dedi:
- Siz bir yerdə oxumayın. Aşiqana sözlər  söyləyib dərs öyrənə bilməzsiniz.
Əmi qızı əmi oğlu mollanın dediyi kimi ayrı-ayrı hücrədə dərs oxuyub axşam evlərinə gəldilər. Sabah dərsə gələndə Zöhrə əmisi oğlu Tahir Mirzəyə dedi:
- Əmi oğlu bu zalım molla axırda bizi ayrı salacaq. Gəl bir saat burada oturub söhbət edək.
Onlar oturub söhbət edirdilər. Hardansa Molla bunları gördü. Bir başa Hətəm Sultanın yanına gedib o ki var onu qandırdı. Zöhrə  mollanın getdiyini görmüşdü, bildi ki, atasına xəbər çatdırılacaq. Zöhrə ağladı dedi:
- Bu saat bizi bir-birimizdən ayrı salacaqlar.
Onlar Hətəm Sultanın qorxusundan ayrılıb evə getdilər... 
Göründüyü kimi, bu dastan el arasında yayılan Tahir və Zöhrə adlı dastanın orijinal variantında cərəyan edən hadisələrin ustad aşıqlardan biri tərəfindən söylənilən variantıdır. Bu variantda cərəyan edən hadisələr əlbəttə ki, digərlərindən fərqlənir. Çünki, əhdi-peyman edən qardaşlardan birinin oğlu, digərinin qızı olur. Əhdi-peymana görə onlar övladlarını göbəkkəsdi edib evləndirmək istəyirlər. Lakin sonradan vəziyyət dəyişir. Qardaşın birinin qızı Zöhrə, ikincisinin oğlu Tahir ayrı düşürlər. Hətta Tahir ölkədən sürgün olunur. O da digər dastan qəhrəmanları kimi bir çox məhrumiyyətlərlə üzləşməli olur. Zöhrə Tahirdən ayrılmamaq üçün onu sandıqda gizlətməli olur. Bir gün dəryada gizlədilən sandiq Çin sahillərinə gedib çıxır. Çin hökümətinin qızı Banı xanım məsələdən agah olur. Sonra atasından bu məsələni həll etməsini xahiş edir. Çin hökümdarı Qaraman mahalına qoşun yeridir və Zöhrənin atası Hətəm xan öldürülür. Yerinə Tahir Mirzə təyin edilir. Tahirlə Zöhrə bir birinə qovuşurlar. 
Göründüyü kimi, professor Novruz Musayevin topladığı bu variantda cərəyan edən hadisələr digərlərindən köklü sürətdə fərqlənir. Çünki "Tahir və Zöhrə” dastanının türk variantları çoxdur. Xüsusilə Türküstan variantları Özbək folklorşünaslarının toplayaraq nəşr etdirdikləri "Tahir və Zöhrə” dastanı ssenariləşdirilmişdir. Həmin ssenari əsasında çəkilən film uzun illər türkdilli xalqların ölkələrində nümayiş etdirilərək böyük rəğbət qazanmışdır. Fikrimizcə, professor Novruz Musayevin topladığı və  "Tahir Mirzə” adlandırdığı dastanın çap olunaraq geniş xalq kütlələrinin istifadəsinə verilməsi faydalı olardı. Bu dastanın səhnələşdirilməsi, teatr tamaşası hazırlanması, kinofilmə kimi çəkilməsi də həm Azərbaycan folklorunun zənginləşməsinə, həm də Azərbaycan teatr və kino tarixinin inkişafına kömək etmiş olardı. 
Novruz Musayevin topladığı və qələmə aldığı dastanların bir qismi 2-ci cild üçün nəzərdə tutulmuşdur. İkinci cildə 8 dastan daxildir. Bu dastanlar içərisində "Leyli və Məcnun”, "Məsum”, "Aşıq Valeh”, "Aşıq Qərib”, "Əmrah”, "İbrahim”, "Aşıq Valeh”, "Qasım” adlı dastanları Novruz müəllim hələ yeniyetməlik çağlarından etibarən təxminən bir qərinəlik müddətdə el şənnliklərində dinləmiş və tədricən qələmə almışdır. İkinci cildə daxil edilən dastanlar öz papulyarlığı ilə seçilən dastanlardır. Fikrimizcə, həmin dastanlar folklorşünasların toplayaraq dərc etdirdikləri eyniadlı dastanlardan ciddi şəkildə fərqlənmirlər. Məsələn, "Leyli və Məcnun” dastanlarında Leyli, Qeys, onların valideynləri, Salam şahzadə, Nofəl, Zeyd, Sultan Mahmud kimi obrazlar digər variantlarda da vardır. Dastanın məzmununa gəldikdə deməliyik ki, Novruz Musayevin qələbə aldığı "Leyli və Məcnun” dastanının sujeti digər eyniadlı dastanların sujetindən demək olar ki, fərqlənmir. Bir sıra türkdilli və ərəbdilli xalqlarda olduğu kimi Novruz müəllimin qələmə aldığı "Leyli və Məcnun” dastanında da Qeysin  dəli olması, Məcnun kimi dağ dolanması, səhraları gəzməsi, Leylinin İbni Salamla ailə qurması, sonra vəfat etməsi, Məcnunun isə onun məzarını ziyarət etməsi faktları oxşar faktlardır. Hətta Şərqdə ilk operanın banisi olan Üzeyir bəy Hacıbəyov da "Leyli və Məcnun” dastanını opera kimi qələmə alanda Məhəmməd Fizulinin eyniadlı əsərinə müraciət etmişdir. Çünki böyük Füzulinin  "Leyli və Məcnun” dastanında da qeyd etdiyimiz sujet xətti mövcuddur. Lakin 2-ci cildə daxil edilən digər dastanlarda qeyriadilik  daha çox diqqəti cəlb edir. Haqqında danışdığımız ikinci cildə "Aşıq Valeh” adlı iki dastan daxil edilmişdir. Birinci "Aşıq Valeh” adlı dastan digər türk dilli xalqlarda "Valeh və Zərnigar” adı altında da təqdim olunur. Bu dastanda Valeh, Aşıq Valeh, Məsum, Zərnigar kimi obrazlar olduğu halda, ikinci eyniadlı dastanda Qarabağın Abdulgülablı  ( Abdalgülablı)  kəndində  cərəyan edən hadisələrdən bəhs  olunur. Bu dastan iki ustadnamə ilə başlayır. Bu dastan müxtəlif  aşıqlar tərəfindən təqdim olunarkən dinlənilərək  qələmə  alınıb. Əvvəlki variantdan, yəni birinci variantdakı fərqli olaraq bu variant daha qısa, obrazları isə daha az olan dastandır. Bu dastanda Valeh, Aşıq Valeh, Zərnigar, Məsum obrazlarından başqa digər obrazlar yoxdur. Bu cildə daxil edilən "Aşıq Qəni”, "Əmrah”, "İbrahim  və Qasım” adlı dastanlar da maraq doğuran dastanlardır. Çünki Novruz müəllimin qələmə aldığı bu dastanlar digər variantlardan fərqli olduğu üçün belə görünür. Məsələn, "Qasım” adlı dastanda cərəyan edən hadisələr bir neçə Şərq ölkəsini əhatə edir. Herat şahı Fətəli şahın oğlu Qasım bulaq başında Hind padşahının qızı Əsmail Pərini görür. Sən demə Hind şahzadəsi olan Əsmail Pəri dünya səyahətinə çıxıbmış. Səyahət zamanı Qasımın atasının şah olduğu Heratı da gəzmək istəyir. Heratı gəzərkən Qasımı görərək ona vurulur. Dastanda  qamətli, boylu-buxunlu, pəhlivan cüssəsli igid kimi təsvir olunan Qasıma bir çox gözəllərin vurulduğu  öz əksini tapır. Əsmail ona məktub yazaraq onun dalınca gəlməyi xahiş edir. Qasım bir neçə ölkələr keçərək vuruşa-vuruşa, döyüşə-döyüşə Hind şahzadəsi Əsmailin yaşadığı bağçaya daxil olur. Gözəl Əsmaili tərkinə alır ölkədən çıxır. Əsmail Pərinin atası Əhməd şah öz qoşunu ilə onları təqib edir. Nəhayət Əsmail ilə Qasım qoşuna qalib gəlirlər Lakin öz ölkələrinə gələrkən dövlət çevrilişi olduğunu görürlər. Görürlər ki, vəzir Qasımın atası Fətəli şahı taxtdan salaraq zindana atdırıb. Qasım Vəzirin qoşununa qarşı vuruşaraq qalib gəlir. Vəziri öldürür, ana və atasını zindandan xilas edirlər. Toy qurulur  aşıq toyu belə təsvir edir:
-Həzarat, yaxşı baxın,
Qarşıda duran gözələ.
Ay qabaq, lalə yanaq.
Qaşları kaman gözələ.
Ya huridir, ya pəridir,
Behişdə qılman gözələ.
Bu surətdə, bu sifətdə,
Kim deyər insan gözələ.
Tavus kimi culvalanıb,
Çıxıb qabağa yaraşır.
Tər libas tər əndama,
Başdan ayağa yaraşır.
Ağzında mirvari dişi,
Qaymaq dodağa yaraşır.
Zərəfşan xalları var,
Billur buxağa yaraşır.
Çay süzür, padsan düzür,
Verir qonağa yaraşır.
Qulluğu hər sayağı,
Eyvan otağa yaraşır.
Afərin səd afərin,
Alıcı tərlan gözələ.
Dodağı şəraba kövsər,
Behiştin cülalından betər.
Xoş  sözü, xoş kəlməsi,
Təbrizin balından betər.
Şoq salıb ay qabağa,
Həbəşi xalından betər.
Çəkilib qələm qaşı,
Qüdrət hilalından betər.
Kamalını əla gördüm,
Loğman kamalından betər.
Mah camalı şölə verir,
Yusif camalından betər.
Hüseynin xoşuna gəlib,
Bağlayıb dastan gözələ.

Göründüyü kimi, Novruz Musayevin "Qasım” adlı dastanı az təbliğ olunmuş bir dastandır. Lakin bu dastanın məzmunu digər xalq dastanları kimi çox maraqlı olduğu üçün həmin dastanla bağlı tamaşaların hazırlanması, ssenarilərin yazılması, filimlərin çəkilməsi yaxşı olardı. 
Novruz  Musayevin "Dağ Borçalı” dastanları silsiləsindən qələmə aldığı dastanlardan dördüncü cildə daxil edilmişdir. Yəni "Dağ Borçalı” dastanlarının üçüncü cildində  dörd dastan toplanmışdır. Bu dastanlar "Şah İsmayıl”, "Fərhad və Şirin” "Şəmşinin nağılı”, "Səyyad” adlanır. Bu dastanlardan ikisi, yəni "”Şah İsmayıl” və "Fərhad Şirin” məşhur dastanlar hesab olunur. Çünki bu dastanlar haqqında həm tədqiqatlar, həm informasiyalar bolluğu var, həm də onların səhnə və ekran variantları çoxdur. Professor Novruz Musayev isə hər iki dastanın "Dağ Borçalı” variantlarını qələmə almışdır. Fikrimizcə, oxucular bu dastanların "Dağ Borçalı” variantları ilə tanış olduqdan sonra məmnun qalacaqlar. Çünki bu varinatlarda orijinal mamentlər  daha  çoxdur. "Dağ Borçalı” dastanlarının üçüncü cildinə daxil edilən "Şəmşinin nağılı” haqqında ayrıca danışmaq istərdik. Əvvəla onu deyək ki, aşıqlar məclisə girəndə peşrov ilə məclisi açırlar. Peşrovu təqdim edəndən sonra söhbətə başlayırlar. Aşığın söhbəti ya bir dastan olar, ya bir nağıl. Əslində bəzi aşıqlar nağılları da dastan kimi təqdim edirlər. Fikrimizcə, professor Novruz Musayevin üçüncü cildə daxil etdiyi "Şəmşinin nağılı” da bu qəbildən olan folklor nümunəsidir. Amma dastan kimi təqdim edilən bu nağılın sonluğu bitməmiş qalır. Nağılda deyilir ki, Şiraz şahının övladı olmadığı üçün 41-ci arvadı almalı olur. Ondan bir övladı dünyaya gəlir. Onun adını Şəmşi qoyurlar. Şəmşi boya-başa çatdıqdan sonra öz sevgilisinin (yəni Butəsinin) dalınca getməli olur. Nağılın sonunda  o Gümrax şəhərinə gəlib çıxır. Gumrax şəhərinin şahı Qədir şahın qızı Məskən xanım Şəmşiyə vurulur. Bundan sonra Şəmşinin taleyi məlum olmur. Güman edirik ki, Novruz Musayev bu nağılın sonluğuna bir əl gəzdirəcək. 
Üçüncü cildin sonuncu dastanı "Səyyad” adlanır. Bu dastan da sevgi-məhəbbət üzərində qurulan dastandır. Lakin digərlərindən fərqli olaraq bu dastanda Səyyad Sədət adlı sevgilisinə qovuşur. Onlar üçün toy qurulur, məclisə dəvət olunan aşıq onları tərif edir və dastan sona yetir. Bu dastan da necə deyərlər populyarlıq qazanmayan dastanlar sırasındadır. 
Fikrimizcə, sonu nikbin notlarla bitən dastanlar sırasında yer alan belə dastanlar əsl örnək məhəbbət, sevgi nümunəsi kimi təbliğ olunmalıdır. 
Fikrimizi yekunlaşdıraraq deməliyik ki,  Azərbaycan Tibb Universitetinin professoru Novruz Musayevin  dastanların "Dağ Borçalı" variantlarını qələmə almasını təqdirəlayiq hesab edirəm və bu dastanların müxtəlif  toplulara, dastan cildlərinə, dərsliklərə, dərs vəsaitlərinə daxıl edilməsinin  faydalı olduğu hesab edirəm. Bu dastanlar haqqında məlumatların ensiklopedik nəşrlərə daxil edilməsi də çox  faydalı hesab olunur.  Bu dastanları hər bir azərbaycanlının təbliğ etməsi çox müqəddəs iş olar.




51469 oxunub

InvestAZ