XƏBƏR LENTİ
19 Mart 2024
18 Mart 2024
17 Mart 2024
15 Mart 2024
14 Mart 2024



DƏRDLƏRİ DƏ SEVMƏYİ BACARANLAR - İdmandan kənar
Maraqlı 12:12 / 11.07.2020

(Hekayə)
Nail İlyaslı son vaxtlar aldığı intensiv müalicə tədbirlərinə baxmayaraq özünü daha da pis hiss etdiyinə görə xərçəng xəstəliyindən şübhələnməyə başlamışdı. Onkoloji müayinə onun ehtimalını təsdiq etdi.
  ...62 yaşlı Nail İlyaslı ixtisasca həkim idi. Ali təhsilini başa vurduqdan sonra yalnız təcili tibbi yardım məntəqələrində işləmiş, elə həmin sahədə də sıravi terapevtdən baş həkimə qədər yüksəlmişdi. Peşəkar mütəxəssis kimi həmişə işindən zövq almışdı. Ardıcıl keçirdiyi iki tibbi əməliyyat onun pensiyaya çıxmasına səbəb olmuşdu. Altı il əvvəl həyat yoldaşını itirmişdi. Ailəli olan yeganə oğlu ayrı yaşasa da, mütəmadı olaraq atası ilə əlaqə saxlayır, ona xüsusi diqqət yetirir, qayğılarını həll edirdi. Qohumları, dostları ona yenidən ailə qurmağı təklif etsələr də, həkim tək yaşamağa üstünlük vermişdi. 
  İnsanları həmişə vahiməyə salan bu xəstəlik xəbərini sanki gözləyirmiş kimi qarşılayan yaşlı həkim özünü təmkinli, sakit aparmağa çalışırdı. Bu barədə hələlik heç kimə, o cümlədən oğluna da bildirmədi. Düşündü ki, başqalarının ovqatını korlamaqla, kiməsə əziyyət verməklə nə dəyişəcək, bununla nə əldə edəcək. Yəqin ki, xəstəliyin aşkara çıxması da çox çəkməz. Eyni zamanda qərara gəldi ki, dərman vasitələrindən də istifadə etməsin. Ona elə gəlirdi ki, tibbi ləvazimatlarla sağala bilməz. Ən sonuncularıyla belə. Xarici ölkələrin birinə getməyi də əhəmiyyətsiz sayırdı. Sadəcə həyatının sonrakı axarını gözləməyi qət etdi.
  Elə bu arada koronavirus xəbərləri yayılmağa başladı. Bu təhlükəli virus Azərbaycana da gəlib çatmışdı. Daha bir neçə gün keçdi. Ölkədə karantin rejimi qüvvəyə mindi. Yoluxmaların sayı isə artmaqda davam edirdi. Artıq xüsusi təyinatlı ixtisaslaşdırılmış xəstəxanalar yaradılırdı.
  Birdən xəstəliyi ilə bağlı fikirlər tüstü-duman kimi onun başından dağıldı. "Belə bir çətin dövrdə həkimlərə dəstək olmalı, onların yükünü azaltmalıyam. Xəstələrin yanında olmaq lazımdır. Ən ağır xəstələrə yaxınlaşıb onların xilas olunmasına çalışmalıyam. Gecikmək olmaz. Hələ vaxt var. Çatdıra bilərəm. Çox iş görmək olar, yaxşılıqlar etməyə gücüm çatar”, - deyə o, düşüncələrə daldı.
  Elə həmin gün axşam oğlunu yanına çağıraraq söhbətinə belə bir giriş verdi:
 - Oğul, arxada qalan illərimi tez-tez gözümün qabağına gətirirəm. Sevindiyim illər də olub, kədərləndiyim, təəssüfləndiyim illər də. Taleyin zərbələrini də çox görmüşəm. Hər halda mənasız yaşamamışam. Halal bir ömür sürmüşəm. Yaxşı bilirsən ki, baş həkim vəzifəsinə də öz gücümlə yüksəlmişdim. Ən başlıcası isə heç vaxt adamlığımı itirməmişəm.
 - Nə olub ki, ata, keçmişinə görə özünə hesabat verirsən, ya mənə? Dostlarından, tanışlarından sənin yaxşı adam olmağını həmişə eşitmişəm, bu gün də eşidirəm. Deməli, bu həqiqətdir, yoxsa niyə deyərlər? Bir də ki, oğlun kimi mən səni hamıdan yaxşı tanıyıram.
 - Bilirsən, sadəcə illər keçdikcə, insanın eyni şeyə baxışı dəyişir, dərk etməsi kamilləşir. Allah dərgahında bağışlanmayacaq böyük günahlarımın olmadığını güman edirəm. Əlbəttə, kiçik günahlarım olmamış deyil. Bəlkə də yəqin çoxdur. Düzünü Allah bilir. 
 - Sözlü adama oxşayırsan, ata.
  Nail İlyaslı niyyətini oğluna bildirəndə, onun qəti etirazı və ciddi müqaviməti ilə qarşılaşdı.
 - Səni anlaya bilmirəm, ata. Yaşını, səhhətini unutmusan, deyəsən. Çətin əməliyyatlardan çıxmısan, orqanizmin zəifdir, müalicə alırsan hələ. Dərhal virusa yoluxa bilərsən. Axı, niyə öz həyatınla oynayırsan? Heç bizi fikirləşmisən?
 - Hər bir şeydə yaxşı tərəfi görmək lazımdır. Mən də həmişə yaxşılığa meyl etmişəm. Mənim üçün ağır olacağını anlayıram. Amma hamar yolda yeriməyə nə var ki. Daşlı-kəsəkli yolda yeriməyi də bacarmaq lazımdır. İndi vaxt qısadır. Bu yaşımda da xeyirxah işlər görmək istəyirəm. Belə dar günlərdə bu, çox vacibdir. Bir də ki, hələ qocalıb əldən düşməmişəm. Həyatda əsas məsələ özünü yox, başqalarını düşünməkdir.
  Atasını bu qərarından daşındırmağın faydasız olduğunu görən oğlu incik halda çıxıb getdi.
  Oğlunu yola saldıqdan sonra fikirlər onu çulğaladığından yuxusu ərşə çəkildi. "Nə yaxşı ki, oğlu hələ onun axırıncı diaqnozundan xəbərsizdir. Üzə çıxan xəstəliyi ilə yeni virusun baş qaldırması üst-üstə düşüb. Uzaqbaşı xəstəliyi sürətlənəcək. Nə olsun, ümidsiz xəstə nədən qorxmalıdır ki. Ağrı-acılarla ölüb-dirilmək elə uzanmasa, yaxşıdır. Özü əziyyət çəkə bilər. Axı, başqalarını niyə əzablara düçar etməlidir. Qoy gecələr rahat yatsınlar. Koronavirus onun xəstəliyinə münbit şərait yarada bilər, yolun sonunu yaxınlaşdırar, vəssalam. Digər tərəfdən də onun həyat prinsipi həmişə belə olub ki, heç vaxt şikayətlənmə, heç kimdən umub küsmə. Bir sözlə, qəbul etdiyi qərar hər baxımdan düzgündür”, - gecəni oyaq qalaraq öz-özünə pıçıldadığı sözlər idi. 
  Səhərisi günü pandemiyaya qarşı mübarizə ilə əlaqədar yaradılmış operativ qərargaha gedib məqsədini bildirdi. Səlahiyyətli şəxslər Nail İlyaslının yaşına görə əvvəlcə tərəddüd göstərsələr də, könüllü gəlmiş həkimin təkid etməsini görüb onu xəstəxanaların birinə göndərdilər.
  Təsadüfən xəstəxananın baş həkimi ilə tanış çıxdıqlarına görə onların söhbəti də alındı. 
  Baş həkimin maraqdolu baxışlarını hiss edən həmsöhbəti onu intizarda qoymadı. 
 - Mən pul qazanmaq üçün sağlamlığımı qurban verməyə gəlməmişəm. Nə də pula ehtiyacım yoxdur. Məni insanpərvərlik, dövlətçilik düşüncəsi bura gətirib. Bu dövlət bizimdir, onu quranlar da Azərbaycan vətəndaşlarıdır. Buradakı xəstələrin böyük köməyə, qayğıya ehtiyacı var. Mənim hələ işləmək potensialım qalıb. İstəyirəm bu yaşımda da bacardığım qədər siz həkimlərə dəstək olum. Mən bu addımı düşünüb atmışam. Ölümdən də qorxmuram. Ölümü şərəf bilənlərdənəm.
 - Hippokrat andını unutmamısan. Əhsən sənə. Bəzi həkimlər kimi qaçıb gizlənmirsən, kölgəyə çəkilmirsən. Əksinə, bu yaşında fədakarlıq dastanı yazırsan, - deyə baş həkim gülümsədi.
  Sonra onlar koronavirusla bağlı söhbətə keçdilər.
 - Artıq XXI əsrdir. Texniki tərəqqi indi ən yüksək həddə çatıb. İnsanları kosmosdan izləmək mümkündür. Necə olur ki, kainatı az qala tam öyrənən, başqa planetlərə qədəm qoyan, ürəkləri, böyrəkləri dəyişən insan bu virusun əlində aciz qalıb? Bəs, bütün bu kəşflər, elmi nailiyyətlər niyə koronavirusun qarşısında gücsüzdür? – deyə Nail İlyaslı bir qədər təlaş içində soruşdu.
 - Təəssüf ki, heç kim heç nə bilmir. Dünya sanki boğulur. Hərdən fikirləşirəm ki, deyəsən yaşadığımız dünya da daha idarə edilməli durumda deyil. Bəlkə də bu, dünyanın işlərini qarışdıranların apardıqları eksperimentlərin nəticəsidir. Ya da elə sadəcə təhlükəli virusdur. Bir sözlə, dünya başdan-başa sirrdir, - deyə baş həkim cavab verdi.
  Daha sonra Nail İlyaslı reanimasiya şöbəsinə göndərilməsini xahiş etdi.
  Reanimasiya palataları xəstələrlə dolu idi. Müvafiq sənədləşmədən sonra həkim vaxt itirmədən fəaliyyətə başladı. Burada çalışanlar evlərinə gedə bilməzdilər. O da xəstəxananın axırıncı mərtəbəsində ayrıca yataq otağında gecələyirdi.
  Günlərin birində reanimasiya şöbəsinə yeni daxil olmuş bir qadının anket məlumatları onun diqqətini cəlb etdi. Dərhal xəstənin çarpayısına yaxınlaşdı və gözlərinə inanmadı. Həmin qadın orta məktəbdə bir sinifdə oxuduğu Səhər idi. Həkim xüsusi örtülü qeyimdə, tibbi eynəkdə olduğundan qadın onu tanıya bilməzdi. Üstəlik tələbəlik illərindən sonra onlar bir-birini görməmişdilər. Qadının qocalar evindən xəstəxanaya daxil olması həkimdə çaşqınlıq yaratsa da, o, əvvəlcə bu qeydiyyatı tələsik tərtib edilmiş yazı səhvi kimi qiymətləndirdi.
  O, tez-tez xəstəyə baş çəkir, qadının səhhətini nəzarətdə saxlayırdı. Sonradan həkim sinif yoldaşının həqiqətən qocalar evindən bura gətirilməsinə əmin olduqda, heyrətə gəldi.
  …Xatirələr onu uzaq keçmişə apardı. Bir məhəllədə yaşayırdılar. Gözləri qarşısında orta məktəb illərinin geniş üfüqləri açıldı. Hər ikisi yaxşı oxuyurdu. Qız sinifkom idi. Məktəb dövrünün söz-söhbətləri qulaqlarında səsləndi. Gözəl qız vurulmuşdu ona. Orta məktəbi bitirdikdən sonra Səhər pedaqoji universitetin filologiya fakültəsinə daxil  oldu. O, arzusunda olduğu həkimlik peşəsinə yiyələnmək üçün tibb universitetini seçsə də, həmin ili qəbul ola bilmədi. Növbəti ildə tələbə adını daşımaq ona da nəsib oldu. Tələbəlik illərində bir neçə dəfə görüşdülər. Səhər üçüncü kursda oxuyarkən valideynlərinin təkidi ilə bir bank müdirinə ərə getdi. Bundan sonra bir daha Səhəri görmədi. Lakin o, həmişə məktəb yoldaşının xoşbəxt, uğurlu bir ömür yaşamasını düşünmüşdü. Bəs, necə olub ki, qismətinə qocalar evi yazılıb? Dəhşətli burulğanın girdabına necə düşüb? Axı, niyə o, burulğandan yaxa qutara bilməyib? Deməli, tale onun üzünə gülməyib. Doğru deyiblər ki, taledən gələn hökmün qarşısında insan çox acizdir. Bir neçə gün ərzində həkim yalnız bu suallara cavab axtarırdı...
  ...Qadın da görürdü ki, həkimlərdən biri ona qeyri-adi bir maraq, qayğı, fərqli yanaşma göstərir, tibb bacılarına tez-tez tapşırıqlar verir.
  Birdən onun ağlına qəribə bir fikir gəldi. "Bəlkə odur? Yox, yox, ola bilməz. Yenə bu cür axmaq fikirlər haradan gəlib başıma doldu? İndi o, yaşlaşıb, belə yerlərdə nə gəzir”, - deyə gözlərini yumub xəyala getdi. Amma sakit ola bilmir, getdikcə nigarançılıq onu daha da sıxırdı. Nəhayət, o, imkan tapıb tibb bacısından həkimin adını soruşdu. Hissiyyatı onu yanıltmamışdı. Yanaqlarını isladan göz yaşlarını silib iniltili səslə astadan dilləndi: "Aman Allah! Ürəyimi yerindən oynadan bu səhnəni niyə mənə bəxş etdin?!”.
  Amma qadının həkimi tanımasından onun özünün xəbəri yox idi. Həkimin xəstəyə baş çəkdiyi anlarda onların bir-birinə deyə bilmədiklərini gözləri deyirdi.
  Qoruyucu üz ləvazimatları, geyimlər həkimi sıxsa da, dözürdü. Hərdən yorulurdu, başında, sifətində izlər qalırdı, tər aparırdı. Lakin o, bütün bu çətinlklərə əhəmiyyət vermirdi.
  Bir müddət keçdikdən sonra Səhəri elə həmin xəstəxanada palataya köçürdülər. Fərdi palata ayrılmasını Nail İlyaslı baş həkimdən xahiş etmişdi.
  Növbəti gün xüsusi üst geyimsiz palataya daxil olan həkim maskasını aşağı salıb çarpayıya yaxınlaşdı və gülümsəyərək dedi:
 - Həyat ona görə maraqlıdır ki, kimsə qabaqcadan onu irəlidə nələrin gözlədiyini bilmir. Bu virus olmasaydı, bir-birimizə rast gəlməyəcəkdik. Nə gözəldir, uzun müddət görmədiyim doğma bir insanla görüşmək. Adın diqqətimi cəlb elədi, görən kimi tanıdım.
 - Çox keçmədən mən də tanıdım səni. Yoluxmadan  qorxmursan, axı, sənə xəstəlik sala bilərəm? Ölümlə "ilk tanışlığım” baş tutmuşdu. Amma deyəsən, ölüm yanımdan ötüb keçdi bu dəfə. Bilmirəm, bir də nə vaxt qapımı döyəcək. Niyə məni sağaltdınız? – deyə qadın kövrəldi.
  Özü haqqında qısaca məlumat verən həkim könüllü koronavirusa qarşı mübarizə kampaniyasına qoşulduğunu bildirərək qadının ovqatını yaxşılaşdırmağa çalışdı.
 - Bu xəstəlik ötəri bir şeydir, keçib gedəcək. Amma həyat davam edir. Bizim maraqlı keçmişimiz olub. Keçmişi də unutmaq olmur. Sanki hər şey dünən baş verib.
 - Eh, xatırlasaq nə olacaq, xatırlamasaq nə dəyişəcək. Yəqin, həyatımın sonraki mərhələlərini bilmək istərdin. İstəmirəm acı xatirələrlə səni yükləyim, gərgin işinə bir az da ağırlıq gətirim. O qədər dolanbac yollar keçib getmişəm, koronavirus bu müsibətlərin yanında nədir ki.
 - Yadımdadır, orta məktəbdə hay-küylü bir qız idin. Həmişə şən görünərdin, yumoru sevərdin. Müəllimlər həmişə səni tərifləyərdilər. Xüsusən, inşa yazıların çox bəyənilirdi. Yaxşı xatırlayıram, adınla bağlı bir yazı hazırlamışdın. Sübhçağı doğulduğuna görə sənə Səhər adı qoyulması ilə bağlı həmin məqalə qəzetdə dərc edilmişdi. Sinifimizin sevimlisi idin. Düzdür, xırda bir şeydən həyəcanlanardın, adi epizodlar xətrinə dəyərdi, amma qəm-qüssənin nə olduğunu bilməzdin. Xoş baxışların, şirin danışığın var idi.
 - Həyat boz üzünü göstərənə qədər elə də qalmışdım. Sonradan hissiz-həyəcansız oldum. Tədricən yaşadıqlarım mənasız, dadsız görünməyə başladı mənə. İnsanın həyatında elə hadisələr baş verir ki, sonradan nələrəsə işartı da görünmür. Adama elə gəlir ki, ümidsiz, xəyalsız-filansız yaşamaq daha yaxşıdır. Nə isə... Ölüm fırlanırdı yanımda. Mane oldunuz, xilas elədiniz məni...
  Həkim danışığında çox ehtiyatlı idi. Düşünülmədən deyilən bir söz qadının qəlbinə dəyə bilərdi. O, bilirdi ki, ümumiyyətlə, belə hallarda pasiyentlərlə çox həssas davranmaq lazımdır.
  Amma Səhərin ağıllı gözləri, baxımlı görkəmi, təbii məlahəti hələ də qalmışdı.
  "İndi bu qadın çox şeyə möhtacdır. Əsas da diqqətə, qayğıya. Nə çoxdu bu dünyada nakam duyğulu, bədbəxt taleli insanlar. Hələ yarımçıq , faciəli talelərə məruz qalan insanları demirəm. Belələri də əslində hər şeyə möhtacdır”. Həkim bu fikirləri ani olaraq düşünürdü ki, qadın yenidən sözlərinə davam etdi:
 - Ağılagəlməyən rastlaşmağımız yaddaşımı yenidən təzələdi. İllərlə unudulmuş xatirələrim burada kino lenti kimi gözümün qabağından keçməyə başladı. İndi təsəvvür elə, reanimasiya palatasında nostalji hisslər. Çox illərdən sonra ilk dəfə olaraq bu hisslərin əlindən tutub uzaqlara getmək istədim.
 - Mən də jurnalda sənin adına rast gələndən sonra xatirələrin qanadında o illərə yollandım. Heç o günləri, xatirələri yaddan çıxarmaq olar...
  Daha sonra onlar məktəb illərinin ən maraqlı epizodlarını yada salmağa başladılar.
 - Yuxarı sinifdə oxuduğumuz illərdə artıq mən səni sevirdim. Amma hisslərimi necə ifadə edəcəyimi bilmirdim, - deyə həkim ilk dəfə olaraq ucadan güldü.
 - Ürəyində məhəbbət gəzdirən, sənə hər dəfə büruzə verən məktəbli, sonra da tələbə qız daha nə etməliydi ki, sən məni anlayasan. Amma sən zəiflik göstərdin, mənim dərin sevgimə etinasızlıq elədin. Sən mənim gözümü açmaq əvəzinə, ərə getməyimə biganə qaldın. Təhsili bəhanə etdin, evlənmək haqqında fikirləşmədiyini, ailə qurmağa hazır olmadığını dedin. Hətta zarafat edirdin ki, rəqibim var, o, məndən güclüdür. Bax, belə...
  Onların hər ikisini birdən-birə qəmginlik bürüdüyündən söhbətlərinə davam edə bilmədilər. Həkim onunla sağollaşıb palatanı tərk etdi.
  Nail İlyaslının başı öz işinə necə qarışmışdısa, xərçəng xəstəsi olduğunu da unutmuşdu. Ona verilən ilkin diaqnozdan artıq yeddi ay keçmişdi. Özünü də nisbətən yaxşı hiss edirdi. Qərara gəldi ki, bir daha müayinədən keçsin. Xərçəng əlamətlərinin aşkar edilməməsi barədə bu dəfə həkimlərin gəldiyi nəticə az qala onu şoka saldı. Bundan sonra yolboyu düşüncələr onu tərk etmirdi: "Bu heyrətamiz hadisə mat qalmalı işdir. Axı, dəyişiklik bu dərəcədə? Bəlkə, birinci diaqnoz düzgün təyin edilməyib? Ya da ümidsiz vəziyyətdə Allahın mənə köməyidir, yəqin. İndi gəl, Allahın qüdrətinə şübhə elə. Onun bu möcüzəsini heç dərk eləməyə ehtiyac qalmır. Deyəsən, hələlik ölüm mənə bata bilmədi. İndi Səhər haqqında fikirləşməliyəm. Çətin həyat tərzi, əsəbi ömür sürməsi onu psixoloji-mənəvi cəhətdən çox sarsıdıb. Tənhalaşıb, öz içinə sığınıb. Gərək imkan verməyim ki, həyatının sonrakı illəri zülmətdə, məşəqqətdə keçsin. Onun qəlbindəki ağrı-acıya məlhəm olmalıyam. İnsanların könlünü sevindirmək lazımdır. Tale qəzasına uğrayanları həmişə anlamağı özümüzə borc bilməliyik. Hamının alnına xoş həyat, xoşbəxtlik yazılmır.
  Artıq həftəsonu ikiaylıq müqaviləsinin müddəti bitirdi. O, əvvəlcədən planlaşdırdığı kimi birbaşa qarşısına çıxan ilk bank şöbəsinə daxil oldu və xəstəxanadan ona verilən pul vəsaitinin hamısını qocalar evinin hesabına köçürdü.
  Qeyri-adi rahatlıq duyan həkim Səhərə baş çəkməyə gəldi. Sağaldığına görə qadın da bu günlərdə xəstəxananı tərk etməli idi.
  Səhər həmişə olduğu kimi kədərli görünürdü.
  Həkim söhbətinə qadına ürək-dirək verməklə başladı.
 - Koronavirus birdən-birə həyata, insanlara baxışımızı dəyişdi, insanları itirmək qorxusunu bir daha yada saldı. Sən də yenidən özünə qayıtmalısan, sanki özünü kəşf etməlisən. Həyatda büdrəsən də, yıxılmamısan. Vaxtı ilə sinifdəki oğlanların ürəklərini fəth edən, hamını məftun qoyan qızın axırı da yaxşı olmalıdır.
  Qadının susduğunu görən həkim sözlərinə davam etdi:
 - Artıq buraları tərk etməyin vaxtı gəlib yetişib. Bir neçə gün də bizdə qalarsan, səhhətin tam yaxşılaşar, sonra gedərsən. Pandemiya hələ ötüb keçməyib, təhlükə də sovuşmayıb. Hələ deyə bilmərik nələr olacaq bundan sonra.
 - Mənə yazığın gəlir, halıma acıyırsan? Yoxsa, savab iş görmək istəyirsən? Ağrı-acılar yaşaya-yaşaya bərkimişəm. Kədərlərdən, dərdlərdən keçən qadının canı dözümlü olur. Yaralarım çoxdan qaysaq bağlayıb. Son illər mənim yaşantılarım əzabdan başqa bir şey olmayıb. Heç kimə yük olmaq istəmədim. Ona görə də qocalar evini özümə münasib ünvan seçdim. Əvvəl-əvvəl çox ağrıtdı, çox yandırdı məni. Sonra gözümə heç nə görünmədi. Qocalar evindəkilər dərdli olanlardır. Ancaq onlar dərdləri də sevməyə alışırlar. Qaranlıq gecənin səssizliyində özünlə tez-tez söhbət edirsən, özünü sorğu-suala çəkirsən. Beləcə özünə qalib gəlmək məcburiyyətində olursan. Gecələr göz yaşlarını heç kim görmür. Bununla da qəlbini çeynəyən dərdlərdən yaxa qurtarmağa çalışırsan. Hər bir halda insan orada özünü hamı tərəfindən atılmış, unudulmuş hiss edir. İndi də sənə ağırlıq gətirə bilmərəm.
  O, danışdıqca gah kövrəlir, gah da həyəcanlanırdı. Bu dəfə həkim susmaq qərarına gəlib qadına ürəyini boşaltmaq imkanı yaratdı.
 - Başım çox dərdlər çəkib. Həyatı da lap yaxından tanıdım. Amma çəkdiklərimin hamısını sənə danışmaq fikrim yoxdur. Baxışlarından hiss edirəm ki, keçmişimi ətraflı bilmək istəyisən. Ona görə də bəzi həqiqətləri deməyi lazım bilirəm.
  Araya ağır süküt çökdü. Elə sükutu da Səhər pozdu.
 - Bankda xidməti fəaliyyəti ilə bağlı ərimi həbs etdilər. İş gedib məhkəməyə çatmadı. İstintaq təcridxanasında ərim qəflətən vəfat etdi. 38 yaşımda iki uşaqla dul qaldım. Daha sonra da tələbə olan böyük oğlum dənizdə batdı. Valideynlərimi də dalbadal erkən itirdim. Çox keçmədən qardaşım istehsalatda baş vermiş bədbəxt hadisə nəticəsində dünyasını dəyişdi. Mən ikinci oğlumla ərimdən qalmış böyük həyət evində yaşayırdıq. Sonra ərimin doğmaları tərəfindən mal-mülk mübahisələri başladı. İş gedib məhkəmələrə düşdü. Hakimlər pul alıb ədalətsiz qərarlar çıxardılar. Həyət evi satıldı. Sonra oğlum uğursuz bir şəkildə evləndi. Gəlinlə problemlərimiz oldu. Oğlum işsiz olduğundan dili qısa idi. Nə bilim, daha başqa nələr... Sanki hər şey tez uçulub dağıldı, viran qaldı, yerlə-yeksan oldu...
  Qadın arada sözlərinə fasilə verir, gözlərini tavana dikirdi.
 - İnsanlıqdan uzaq adamlarla qarşılaşdım. Soyuq baxışlar, laqeyd münasibətlər, haqsızlıqlar gördüm. Əsəb sarsıntıları keçirdim. Çıxış yolunu qocalar evinə getməkdə gördüm. Bizdə xaricdəki kimi monastrlar yoxdur. Bilmirəm, qocalar evinə düşməyim həyatın eniş-yoxuşunda büdrəməyimin nəticəsidir, yoxsa mənim ömür yolum belədir. Axı, xarici ölkələrdə qocalar evinə münasibət başqadır. Onlarda yaşamağın fəlsəfəsi, insan ömrünün mənası başqadır. Taleyimlə barışıb bu yolu seçdim. Peşman da deyiləm. Eh, insanlar çox dözümlüdür, dağdan-daşdan da. Mən də yoruldum. Başqa çarəm də olmadı. Barışdım hər şeylə. İndi özümü taleyin ixtiyarına buraxmışam. Düşünürəm ki, elə ömrümün qalan hissəsini də orada başa vuracam. Qocalar evində də insan ömrü sürətlə keçir. Onsuz da hamı eyni aqibətə məhkumdur. Mən də adi insanlardan birisiyəm. Hə, sən mənim sözlərimə çox da fikir vermə. Əlbəttə, valideynlərini, ərini, oğlunu, qardaşını, sonra da sağlamlığını, rahat həyatını erkən itirən qadın səncə başqacür necə danışa bilər?
 - Təsəvvür edirəm, nələr çəkmisən,-dərindən köks ötürən həkim qadına təsəlli verməklə onu emosional gərginlikdən çıxarmağa çalışdı.
 - İmtahanların, sınaqların mən düşündüyümdən də çox olub. Amma başımıza hər cür müsibətlər gələ bilər. Ağır xəstəliklərə də düçar olarıq, ən çox sevdiyimiz insanı da itirə bilərik. Əslində, bunları da normal qəbul etmək lazımdır. Belə müsibətlərə qarşı üsyan etməklə heç nə qazana bilmərik. Çətinliklərə, maneələrə dözməli, məşəqqətli, sıxıntılı yolları da keçib getməliyik. Həyat belə tələb edir. Buna iradəmiz çatmalıdır. Deyirlər, iztirab da müəllimdir. İnsanı çox şeyə öyrədir. Bir filosof deyib ki, iztirabla sevinc aydınlıqla qaranlıq kimidir, həmişə bir-birinin arxasınca gəlir. İztirab çəkən adam başqalarını daha yaxşı anlayır, insanların kədərinə ortaq olmaq istəyir. İztirab dünyaya yenidən baxmaqdır. Xahiş edirəm, arxada qalanları unutmağa çalış, həyatına yenidən nəzər yetir. İndi isə istirahət et. Mənim də müqaviləm bitir. Sabah özüm gəlib səni aparacam.
  Növbəti gün onlar xəstəxananı tərk etdilər. Taksi həkimin yaşadığı binanın qarşısına çatanda Səhər: - Sən məni hara gətirdin, - deyə narahatçılığını gizlətmədi.
 - Bir nəfəsimizi dərək. Sənə yaxşı çay dəmləyəcəm, sonra gedərik.
-Yox, bu mümkün deyil. Vaxt itirməyək. Mənzil məni qıcıqlandırar, halım dəyişər. Axı, mən çox şeyi yadırğamışam.
  Taksi sürücüsü də onların söhbətini dinləyib gülümsəyirdi.
  Nəhayət, həkimin israrlı xahişlərindən sonra onlar mənzilə qalxdılar.
  Nail İlyaslı əvvəlcədən hazırlıq görüb yaxşı stol açmışdı. Çay da içdilər, nahar da etdilər. Qadın tez-tez getmək istədiyini bildirir, hər dəfə də həkim onu söhbətə tuturdu.
 - Ağır mənəvi böhran keçirmisən. Bir neçə gün burada qalmağın məsləhətdir. 
 - Sən necə vardınsa, dəyişməmisən. Ürəyin açıq, qəlbin geniş. Qollarını açdın mənə. Yaz günəşi kimi qəlbimi isitdin. Çox sağ ol. Amma mən getməliyəm.
 - Hər halda indi sən tənha deyilsən. Mənim varlığım sənin yaşam stimulun ola bilər. Səni fikrindən daşındırmaq istəyirəm. Başqa bir həyata qaytarmaq istəyirəm səni.
  Qəlbinə ümidsizlik, çarəsizlik çökmüş Səhər üçün qocalar evi çoxdan ən yaxşı məkana çevrilmişdi. Ruhuna hopmuş nə vardısa, hamısını həqiqət, reallıq kimi qəbul etmişdi. Ona görə də bu təkliflərdən çox həyəcanlanan Səhər artıq kövrəlmişdi.
 - Minnətdaram sənə. Necə gözəl hisslər bəxş edirsən mənə bu yaşımda, bu vəziyyətimdə. Hər şeyin əvvəli olduğu kimi sonu da var. Yəqin ömrümə də elə çox qalmayıb. Ölümü də elə orada qarşılayaram.
-Gəl, ölüm barədə düşünməyək. Əlbəttə, biz hamımız gedəcəyik. Amma bizə nə vaxt növbə çatacaq, bilmirik. Vaxtı yalnız Allah bilir. İndi ikimiz də tənhalığa məhkum olmuşuq. Bu tənhalıqdan da birlikdə xilas olacağıq.
  Baxışlarını bir-birinə dikib fikrə getdilər. Qadının gözlərinin yaşardığını görən həkim sözlərinə davam etdi.
 - İnsanın ruhu rahatdırsa, ağrısı da çəkilən olur, kədəri də dözülən, yaşamı da mənalı. Bədəndən çox ruhun rahatlığı daha önəmli, dəyərlidir.
 - Orada yaşamaq da elə mənim ömrümün davamıdır. Bir biçimdə, bir ölçüdə. Ona görə də artıq üzülmürəm. Əcəb ömürdür. İnsan hər şeyə alışır. Çarəsiz insanın təsəllisi olmur. Vaxtı ilə yaşadığım gözəl xatirələr ömrümdən silinib getmişdi. Bəzilərini yenidən qaytardın mənə. Ancaq hər bir halda sənə yük ola bilmərəm. 
 - Səhər, gəl, bir-birimizi tənhalıq əzabından xilas edək. Axı, insanlar yaşa dolduqca bir-birinə daha möhkəm bağlanırlar. Bax, istəyirəm, həmişə belə üzbəüz oturaq, dərdimizə şərik olaq, ovunduraq özümüzü...
  Elə bu vaxt qapının zəngi çalındı. Gələn həkimin oğlu idi. Hər ikisi ilə mehriban görüşüb onların söhbətinə qoşuldu. Səhər başa düşdü ki, həkim onun barəsində oğluna məlumat veribmiş.
 - Koronavirus bizi yenidən görüşdürdü. Hələ ola bilər ki, bizim həyatımızı dəyişdirən hadisələrə də səbəb olsun.
  Söhbətin bu yeri ata-oğulun gülüşünə səbəb oldu. Daha sonra həkim də oğlunu yola salmaq üçün aşağı düşdü. Blokun qabağında onlar xeyli söhbət etdilər. İlk dəfə olaraq xərçəng xəstəliyi ilə bağlı həkimlərin hər iki rəyi barədə məlumatları oğluna danışdı. Həmçinin xəstəxanadan ona çatmış iki aylıq pul məbləğini qocalar evinin hesabına köçürməsini də oğluna bildirdi. Oğlu özünü nə qədər ələ almağa çalışsa da, bacarmadı. Göz yaşları ilə atasını qucaqlayıb bağrına basdı. Və hər ikisi susaraq bu vəziyyətdə xeyli dayandılar. Pəncərəyə yaxınlaşan Səhər də onları qucaqlaşmış halda gördü. Xudafizləşərkən oğlu atasına yalnız bu sözləri dedi: "Ata, bu qadını qoru. Onun kədərini azaltmaq lazımdır. Bacardığın qədər sevindir onu”.
  Evə qayıdan həkim oğluna dediklərini Səhərə də danışdı. Bu dəfə ağlamaq növbəsi qadına çatdı. Nail İlyaslı ona mane olmadı. Çox güman ki, bir həkim kimi yanaşdı...
...Tale onlara yeni həyat bəxş etmişdi sanki. Bu da qadının keşməkeşli taleyindən gələn qismət idi. Hər ikisi bir daha başa düşdü ki, Tanrının yazısına müdaxilə etmək mümkün deyildir.
 Bu dəfə uzun-uzadı bir səssizlik hökm sürdü. Sanki  ikisi də nəsə deməyə ehtiyat edirdilər. Haçandan-haçana Nail İlyaslı yarı zarafat, yarı ciddi halda dilləndi:
 - Səhər, axı, sən filoloqsan. Bax, bizim hər ikimizlə bağlı son aylarda bütün bu baş verənləri qələmə alsaydın, başlığı necə seçərdin?
 - Yaşamağa davam edənlər. Və yaxud, yaz nağılı...


Mobil İsmayılov






44782 oxunub

InvestAZ