XƏBƏR LENTİ
05 İyun 2020
04 İyun 2020
03 İyun 2020
02 İyun 2020



Nazim Babayev: "Məşqlərimin 60-70 faizini bağ şəraitində yerinə yetirə bilirəm"
Müsahibə 17:01 / 26.04.2020


Karantin dövründə olimpiyadunyasi.com və​ olimpnews.az​ saytı ölkəmizi beynəlxalq yarışlarda layiqincə təmsil edən idmançıların müsahibələri ilə davam​ etdirir. Hər gün müxtəlif idman növləri üzrə federasiya rəsmiləri, idmançılar və onların məşqçiləri ilə əlaqə saxlayarıq. Bu dəfə ki, qonağımız üçtəkanla tullanma növü üzrə IV İslam Həmrəyliyi Oyunlarının qalibi, Qış Avropa çempionatının (2019) qızıl medalçısı, Tələbələrin Yay Universiadasının ikiqat qalibi (Taypey-2017, Napoli-2019) Nazim Babayev oldu. Atletika​ üzrə yığma komandamızın üzvü karantin rejimində gördüyü işlərdən və çıxış etməli olduğu yarışlardan danışdı.

- Nazim, karantin rejiminə görə idman zalları bağlanıb. Yəqin ki, sən də digər idmançılarımız kimi, məşqləri evdə keçirsən?

- Bildiyiniz kimi, koronavirusa görə ölkəmizdə idman zalları bağlanıb. Buna görə də formamızı qorumaq üçün məşqlərimizi ev şəraitində davam etdiririk. Ümumiyyətlə zallar bağlandığı gündən ailəmizlə birgə bağa köçmüşük. Azərbaycan Atletika Federasiyasının rəhbərliyindən xahiş etdim ki, bu müddət ərzində məşq etmək üçün məni lazımi idman​ avadanlıqları ilə təmin etsinlər. Xahişimi nəzərə aldığına görə, federasiyaya təşəkkür edirəm. Bu avadanlıqları götürərək bağa gətirdim. Bir sözlə, bağda özüm üçün mini trenajor yaratmışam.

- Bəzi idmançılar evdə qalmağın çətinliklərindən danışırlar. Bəs sən necə, karantin rejiminə uyğunlaşa bilmisən?

- Mən və ailə üzvlərim heyvanları çox sevirik. Bağda it və göyərçin saxlayırıq. Qeyd edim ki, mən uşaqlıqdan itləri sevmişəm. Lakin həmişə məşqlərə və yarışlara görə heyvanlardan və təbiətdən həzz almaq imkanım olmurdu. Günümüz ancaq məşqlərlə keçirdi. Amma indi səhər tezdən yuxudan durub, yeməyimi yedikdən sonra iti gəzdirirəm. Sonra bağda görüləcək işlərlə məşğul oluram. Saat ​11-12 radələrində isə məşq edirəm. Demək olar ki, məşqlərimin 60-70 faizini bağ şəraitində yerinə yetirə bilirəm. Adi vaxtlarda keçdiyimiz məşqlərdə pres və bel əzlələrinə ən sonda fikir verirdik. Məşq qurtardıqdan sonra yorğun olduğumuza görə,​ bu hərəkətlərə o qədər də diqqətlə yanaşmırdıq. Amma ev şəraitində hər bir əzələnin xırdalığına kimi inkişafına çalışıram. Gün ərzində iki üç dəfə, ev şəraitində məşqlərimi davam etdirirəm. Bundan başqa isə boş vaxtlarımda kitab oxuyuram. ​

- Əsasən, hansı kitabları oxuyursan?

- Hazırda Varis Yolçiyevin "Bir ovuc torpaq” romanını oxuyuram. Bu kitabı çox sevirəm. Artıq demək olar ki, üçüncü dəfədir ki, bu romana müraciət edirəm.

- Karantin rejimində özün üçün hansısa bir məşğuliyyət tapmısan?

- Bağımız Pirşağıda yerləşir və kifayət qədər böyükdür. Babam burada yaşayır. Mən isə adi vaxtlarda həftədə iki dəfə bağa gəlirdim. İtimi də bağa qoymuşdum ki, babama keşik çəksin, həyət-bacanı qorusun (gülür). Amma indi isə günüm demək olar ki, bağda keçir. Hər gün həyətə çıxıb ağacları budayır, yer belləyirəm. Həyətdə təmizlik işlərini görürəm. Karantin rejimində demək olar ki, ağac budamağa və digər həyət işlərinə dərindən yiyələnmişəm. Adi vaxtlarda belə işlərlə məşğul olmağa o qədər də həvəsli olmurdum. Amma karantin rejmində bu işlərlə məşğul oluram və görürəm ki, bu, kifayət qədər maraqlı və gözəl məşğuliyyətdir.

- Digər idmançılarımız bir sıra layihələrə qoşularaq, düzgün idman hərəkətləri barədə xalqımıza məlumatlar verirlər. Sən necə, belə layihələrdə iştirak edirsən?

- Gənclər və İdman Nazirliyinin təşəbbüsü ilə yayımlanan televiziya layihəsində iştirak etmişəm. Bu layihə çərçivəsində ev şəraitində necə düzgün məşq etməklə bağlı hərəkətlər göstərmişəm. Fikrimcə, bu hərəkətlər insanların sağlam həyat tərzində qalması üçün çox gözəl vasitədir.

- Atletika üzrə bir sıra mühüm yarışlar təxirə salındı. Bu, sənin ​ üçün nə kimi çətinliklər yaradacaq?

- Mart ayının 13-15-də dünya çempionatı keçirilməli idi. Lakin bu yarışın gələn ilin mart ayına keçirilməsi qərara alındı. Bundan əlavə Tokio-2020 və beynəlxalq turnirlər də pandemiya səbəbi ilə təxirə salındı. Hətta avqust ayında Fransa da keçirilməsi gözlənilən Avropa çempionatının da bu günlərdə təxirə salındığı elan olundu. Görünən odur ki, uzun müddət yarışlardan kənarda qalacağıq. Təbii ki, bu peşəkar idmançılar üçün bir qədər çətindir. Hər bir idmançı çalışır ki, özünü bu yarışlara hazırlasın. Lakin bir anda bütün yarışlar ləğv olunur. İndi il boyu etdiyimiz məşqləri və çəkdiyimiz əziyyətləri yenidən təkrarlamalıyıq. Bu isə həqiqətən də çox çətindir. Çünki il ərzində formanı qorumağın çətinliyini​ idmançılardan başqa heç kim yaxşı başa düşə bilməz.

​ ​ ​ Azər Əlizadə


1254 oxunub

InvestAZ