XƏBƏR LENTİ
05 İyun 2020
04 İyun 2020
03 İyun 2020
02 İyun 2020



İrina Zaretska: “Karantin ailəmlə gözəl vaxt keçirməyimə fürsət yaradıb”
Müsahibə 13:20 / 23.04.2020


Artıq uzun müddətdir ki, koronavirus infeksiyası pandemiyaya çevrilib və milyonlarla insanı qorxu içərisində saxlayır. Koronavirusla mübarizədə ən effektiv vasitə isə sosial izolyasiya tədbirləri hesab olunur. Məlumdur ki, dünyada və Azərbaycanda özünütəcrid bir çox sahə işçiləri kimi idmançılara da təsir edib. Azərbaycan idmançılarının karantin müddətində nə ilə məşğul olduqlarını öyrənmək üçün​ olimpnews.az​ saytı idmançılarla əlaqə saxlayır. Budəfəki müsahibimiz hazırda Ukraynanın Odessa şəhərində olan milliləşdirilmiş karateçimiz İrina Zaretskadır. Birinci Avropa Oyunlarının qızıl mükafatçısı, Avropa çempionatının (2016) və lV İslam Həmrəyliyi Oyunlarının qalibi, 2018-ci ilin dünya çempionatının qızıl mükafatçısı​ ilə maraqlı müsahibəmizi oxucularımıza təqdim edirik.

- İrina, məlumdur ki, bu aralar dövlət tərəfindən​ hər birimizə #evdəqal​ çağrışı ünvanlanıb. Siz necə, bu çağırışa tam riayət edə bilirsiniz?

- Bütün dünyada bu qərar bəşəriyyətin sağlamlığı nəzərdə tutulub. Buna görə də, evdə qalmaq ən etibarlı çıxış yoludur. Bakıda olduğu kimi, Odessada da idman zalları, ticarət mərkəzləri və digər yerlər bağlıdır. İnsanların çox olduğu yerlərə zərurət olmadıqda getməməyə çalışıram.​
Mən idmançıyam, formamı qorumalıyam. Buna görə də, ev şəraitində məşqlərini davam etdirirəm.

- Lakin bəzi insanlar bu rejimə laqeyd yanaşır və karantin qaydalarına riayət etmirlər.

- Karantin rejiminə insanlar müxtəlif reaksiya verir. Düzünü desəm, mən həmin insanları anlayıram. Çünki karantin ilə əlaqədar iş yerləri bağlıdır. Maddi durum əsas meyardır, gəlir olmasa, onlar üçün çətin olacaq. Amma yenə də, verilən qərarın ciddiliyini anlamaq, özümüzü və yaxınlarımızı qorumaq üçün zərurət olmadan evdən bayıra çıxmamaq lazımdır.

- Yarışların və məşqlərin olmadığı bir müddətdə vaxtınızı necə keçirirsiniz?

- Hamı kimi mən də evdəyəm. Ailəmlə belə vəziyyətdə əsla​ darıxmıram. Həyat yoldaşımla birgə evdə yemək hazırlayırıq, rəqs edirik, musiqi dinləyirik, məşq edirik. Bir sözlə, bu müddətdə dincəlib, yarışlar zamanı edə bilmədiklərimi edirəm. Yarışlara görə vaxtımın böyük hissəsini səfərlərdə keçirirdim. İndi isə karantin rejimi ailəmlə gözəl vaxt keçirməyimə fürsət yaradıb.

- Bəzi idmançılar sosial şəbəkədə azarkeşlərinə düzgün idmanetmə qaydalarını izah edir. Bəs siz azarkeşlərinizi necə həvəsləndirirsiniz?

- Buyaxınlarda Azərbaycan Milli Olimpiya Komitəsi mənə maraqlı bir layihədə iştirak etməyi təklif etdi. Belə ki, layihə çərçivəsində mən bir yemək hazırlamalı və qidalanmağım barədə danışmalı idim. Bu, çox maraqlı bir layihə idi. Azərbaycan Milli Olimpiya Komitəsi mənə yenidən bu tərzdə layihədə iştirak etməyimi təklif etsə, böyük məmnuniyyətlə qəbul edərəm. Düşünürəm ki, ailə üzvlərimiz üçün yemək hazırlamaq çox zövqverici bir məşğuliyyətdir. Hesab edirəm ki, ailə üzvləri ilə birgə hazırlanan yemək həm daha dadlı olur, həm də insan bu prosesdən müsbət enerji alır. Düzünü desəm, yarışlar zamanı qida rasionum daha sadədir. Lakin hazırda evdə olduğuma görə həyat yoldaşım və özüm üçün müxtəlif yeməklər hazırlayıram. Həyat yoldaşım mənim dadlı yemək bişirdiyimi deyir. Etiraf edim ki, karantin rejiminə ən çox həyat yoldaşım sevinir. Çünki hər gün dadlı və fərqli yeməklər hazırlayıram (gülür). Onun sözlərinə görə, mənim ən dadlı hazırladığım yemək lazanyadır.​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ Bundan əlavə mən instaqram səhifəmdə bir çellenc başlatmışam (bir ayaq üzərində dayanaraq, digərində su butulkası saxlamaq). Sevdirici haldır ki, karate ilə məşğul olub-olmamasından asılı olmayaraq, həm böyüklər, həm də balacalar bu videoya maraq göstərir. Məsələn bu hərəkəti edərək gözəl bir video əldə etmək üçün mən bir saat vaxt sərf etdim. Düşünürəm ki, belə videolar çəkmək maraqlı olar, bu həm sağlamlıq həm də əyləncəli vaxt keçirmək deməkdir.

- Necə düşünürsünüz, karantin müddəti bitəndən sonra insanların əvvəlki həyat rejiminə qayıtması çətin olmayacaq?

- Hesab edirəm ki, böyüklər üçün bu çətin olmayacaq. Çünki insan hər bir vəziyyətə alışmaq qabiliyyətinə malikdir. Azyaşlı uşaqlar üçün isə bu proses bir qədər çətin ola bilər. Çünki uzun müddət istirahətdə olan uşaqlara yenidən səhər tezdən oyanıb, məktəbə getmək o qədər də asan olmayacaq.

- Oxucularımıza karantini səmərəli keçirmək üçün nə məsləhət görərdiniz?

- İnsanların asudə vaxtlarını necə keçirməsi özlərindən asılıdır. Yəni hesab edirəm ki, bizə verilən bu fürsətdən istifadə etmək lazımdır. Evdə qaldığımız müddətdə özümüzü inkişaf etdirmək olar. Məsələn kitab oxumaq, vaxt məhdudiyyəti səbəbi ilə baxa bilmədiyimiz filmləri izləmək və ya hər hansı bir dili öyrənmək olar. İşlərin və məşqlərin olmamasına baxmayaraq, özlərinə bir rejim qursunlar. Axşam tez yatıb, səhər tez dursunlar. Ev şəraitində də idman etmək, sağlamlığımızın qeydinə qalmaq vacibdir. Karantini kiçik bir məzuniyyət kimi qiymətləndirib, gələcək planlarımız üçün güc toplamaq lazımdır.​
​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ Türkay Niftəliyeva

1798 oxunub

InvestAZ