XƏBƏR LENTİ
02 Aprel 2020
01 Aprel 2020
31 Mart 2020
29 Mart 2020
13 Mart 2020
11 Mart 2020



“Könüllülər ili”nin elan olunması hər bir Azərbaycan gəncinin ürəyincədir
İdman 11:54 / 14.01.2020


Könüllülük öz iradəsi və sərbəst seçimi əsasında heç bir maddi xeyirə əsaslanmayan və cəmiyyətin rifahının daha da yaxşılaşdırılmasını qarşıya məqsəd qoyan sosial fəaliyyət növüdür. Könüllülər ölkəmizdə keçirilən beynəlxalq tədbirlərdə fəal iştirak edir və onların təşkilinə öz töhfələrini verirlər.
Milli Olimpiya Komitəsi könüllülərlə əməkdaşlıq əlaqələrinə 2014-cü ildə başlayıb. Komitə Çinin Nankin şəhərində keçirilən Yeniyetmələrin II Yay Olimpiya Oyunlarına lisenziya verən atletika üzrə "Bakı 2014” Avropa təsnifatı yarışlarında könüllülərlə iş prinsipini təcrübədən keçirib və hazırlıq proqramı zamanı reallaşdırılan bu layihə çərçivəsində 1000-ə yaxın könüllü hazırlanıb. Həmin könüllülər ölkəmizin ev sahibliyi etdiyi I Avropa Oyunlarında da fəal iştirak ediblər.
Bu sözləri Milli Olimpiya Komitəsinin (MOK) Marketinq şöbəsinin əməkdaşı Ruslan Məmmədov deyib.
O bildirib ki, dünya təcrübəsində könüllülərin qüvvəsindən idman da daxil olmaqla, bütün sahələrdə istifadə edilir. XX əsrin ikinci yarısından etibarən könüllülük, həmrəylik, sosial məsuliyyət kimi ali dəyərlər sistemləşdirilərək, dünyada kütləvi bir sosial fəaliyyətə çevrilib.
İndiyədək qurumun həyata keçirdiyi layihələrdə təxminən 1500 nəfər könüllünün xidmətindən istifadə olunduğunu diqqətə çatdıran MOK-un əməkdaşı deyib: "MOK-un "Bir” Tələbə-Könüllü proqramı ilə birgə imzaladığı memorandum gənclərin könüllülük fəaliyyətinə cəlb edilməsi, onların idmana, xüsusilə də Olimpiya Hərəkatına marağının artırılması, gənclərin asudə vaxtlarının səmərəli təşkili üçün əlverişli mühitin yaradılmasına xidmət edir. Milli Olimpiya Komitəsi idmanın və Olimpiya Hərəkatının inkişafı, sağlam həyat tərzinin təbliği istiqamətində həyata keçirdiyi bütün layihələrdə könüllülərin təcrübəsindən istifadə edir. Komitə onların bilik və bacarıqlarının ortaya çıxarılmasına hər cür imkan və şərait yaradıb. Məsələn, MOK-un 25 illik yubiley tədbiri, II Beynəlxalq Həmrəylik Tennis Çempionatı, Olimpiya Hərəkatı Proqramı, "Bakı 2015” Avropa Oyunları, IV İslam Həmrəyliyi Oyunları və Avropa Gənclər Olimpiya Festivalı (EYOF 2019) zamanı MOK-da təşkil edilən "Zəfər günləri”ndə könüllülər fəal iştirak ediblər.
Birinci Avropa Oyunları ilə əlaqədar keçirilən mükafatlandırma mərasimində könüllülərin işinə yüksək qiymət verən Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev deyib: "Könüllülərin fəaliyyətini xüsusilə qeyd etmək istəyirəm. Oyunların keçirilməsinin yükünün böyük hissəsi onların üzərinə düşmüşdür. Könüllülər bir daha onu göstərdi ki, ölkəmizin çox böyük potensialı, insan kapitalı var. Mən 2003-cü ildə Prezident kimi fəaliyyətə təzə başlayanda demişdim ki, bizim əsas vəzifəmiz iqtisadi kapitalı, daha doğrusu, "qara qızıl”ı insan kapitalına çevirməkdir. Bugünkü gənclər müstəqillik dövründə böyümüş, tərbiyə almış gənclər bizim üçün qürur mənbəyidir”.
"Son illərdə ölkəmizin ev sahibliyi etdiyi mötəbər və irimiqyaslı tədbirlərə on minlərlə könüllü cəlb olunması yaxşı ənənənin əsasını qoymuş oldu. Bu tədbirlərin keçirilməsi nəticəsində Azərbaycanın beynəlxalq miqyasa çıxarılacaq böyük potensiala malik, eyni zamanda, təcrübəli könüllü bazası formalaşdı. Prezident İlham Əliyevin Sərəncamı ilə bu ilin "Könüllülər ili” elan olunması mütərəqqi hadisədir və hər bir Azərbaycan gəncinin ürəyincədir. Dövlətimizin başçısının bu Sərəncamı gənclərin böyük potensialını üzə çıxaracaq və onların qüvvəsindən dövlətimizin, xalqımızın rifahı naminə istifadə olunacaq”, - deyə R.Məmmədov vurğulayıb.

1798 oxunub

InvestAZ