XƏBƏR LENTİ
04 İyun 2025
03 İyun 2025
02 İyun 2025
01 İyun 2025
30 May 2025
29 May 2025



Minifutbol üzrə millimiz dünya çempionatının qalibi olub
İdman 11:15 / 02.06.2025
Azərbaycan milli komandası Bakıda keçirilən minifutbol üzrə dünya çempionatının qalibi olub.
Milli Gimnastika Arenasında təşkil olunan final görüşündə Azərbaycan və Macarıstan yığmaları üz-üzə gəlib. Matç komandamızın 4:2 hesablı qələbəsi ilə yekunlaşıb.
Millimizin heyətində qolları Təmkin Xəlilzadə, Məhəmməd Xəlilov və Rəvan Kərimov (2) vurublar.
Bununla da Elşad Quliyevin rəhbərlik etdiyi kollektiv tarixində ilk dəfə dünya çempionatının qalibi olub.
Qeyd edək ki, turnirdə üçüncü yeri Monteneqroya 3:0 hesabı ilə qalib gələn Serbiya millisi tutub.
Final oyunundan sonra dünya çempionatının mükafatlandırılma mərasimi keçirilib.
Tədbirdə Dünya Minifutbol Federasiyasının prezidenti Filip Juda, vitse-prezidenti Peter Kralik, Azərbaycan Minifutbol Federasiyasının prezidenti (AMF) Orxan Məmmədov, vitse-prezident Taleh Nəsibov, gənclər və idman naziri Fərid Qayıbov və digər rəsmi şəxslər iştirak ediblər.
F.Qayıbov yarışın uğurla keçdiyini vurğulayıb: "Bizə inanan və turnirin Azərbaycanda keçirilməsinə şərait yaradan Dünya Minifutbol Federasiyasına təşəkkür edirəm. Ölkəmizdə idman ildən-ilə inkişaf edir. Dövlət tərəfindən ölkə idmanına yüksək səviyyədə qayğı göstərilir".
AMF-in prezidenti Orxan Məmmədov milli komandanı dəstəkləyən hər kəsə minnətdarlığını bildirib: "Milli üzvləri, texniki heyət, digər işçilər, həmçinin də Dünya Minifutbol Federasiyasına minnətdaram. Bizə möhtəşəm şərait yaradan və daim idmançıların yanında olan dövlətimizin başçısı İlham Əliyevə minnətdarlığımı bildirirəm”.
Ardınca mundialın qalibi olan Azərbaycan millisinə kubok və qızıl medallar təqdim edilib. Macarıstan yığması gümüş, Serbiya seçməsi isə bürünc medallarla mükafatlandırılıb.


517 oxunub

InvestAZ