Azərbaycan Karate Federasiyasının (AKF) rəhbərliyi və "KWU-WFKF” birliyinin təşkilatçılığı ilə Bakıda 28 May - Müstəqillik Günü münasibətilə full kontakt karate üzrə ümumrespublika seminarı təşkil olunub.
Azərbaycan Karate Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, tədbirə ölkənin müxtəlif bölgələrindən 400-ə yaxın karateçi iştirak edib.
Seminar Dövlət Himni ilə başlayıb və Vətən uğrunda canını fəda etmiş şəhidləriin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirin açılışında çıxış edən Azərbaycan Karate Federasiyasının vitse-prezidenti Füzuli Musayev iştirakçıları salamlayıb karateçilərə uğurlar arzulayıb. Ardınca çıxış edən AKF-in baş katibi və "KWU-WFKF” birliyinin sədri Qabil Sayadov tədbirin təşkilində göstərilən dəstəyə görə federasiya rəhbərliyinə və iştirakçılara təşəkkürünü bildirib. O, belə seminarların gənc idmançıların inkişafı və beynəlxalq arenada ölkəmizi layiqincə təmsil etmələri baxımından mühüm əhəmiyyət daşıdığını vurğulayıb.
Qazaxıstan karateçilərinin də qatıldığı seminarın praktiki hissəsi təşkilat nümayəndələri Hamlet Əlili, Rza Mustafayev, Vidadi Xəlilov, Rasim Oqniev, Anar Məmmədov və digər təcrübəli mütəxəssislərin rəhbərliyi ilə həyata keçirilib. Məşqlər zamanı iştirakçılara müxtəlif texniki və taktiki elementlər öyrədilib, yeni metodik yanaşmalar tətbiq olunub.
Qeyd edək ki, tədbirin sonunda 100-ə yaxın karateçi müxtəlif kyu dərəcələri üzrə imtahan verərək öz bilik və bacarıqlarını nümayiş etdiriblər. İmtahanlar peşəkar hakim heyəti tərəfindən obyektiv şəkildə qiymətləndirilib. Belə tədbirlərin gələcəkdə də ardıcıl olaraq davam etdiriləcəyi və ölkə üzrə karatenin bütün üslublarının inkişafına hərtərəfli dəstək göstəriləcəyi bildirilib.
295 oxunub